Bütün xəbərlər
Tramp Avropadan ABŞ-a girişi qadağan etdi
Tarix: 12-03-2020 10:59 | Bölmə: Dünya

                 Tramp Avropadan ABŞ-a girişi qadağan etdi

ABŞ Prezidenti Donald Tramp ölkədə koronavirusun yayılmasının qarşısını almaq məqsədilə İngiltərədən başqa bütün Avropa ölkələrindən ABŞ-a girişi qadağan edib.
“Qafqazinfo”nun məlumatına görə, məhdudiyyətlər barədə fərman 13 mart gecə yarısında qüvvəyə minəcək.
İstisnalar lazımi yoxlamalardan keçən amerikalılara şamil ediləcək.
“Bu qadağalar yalnız əhəmiyyətli ticarət həcmlərinə və yüklərə deyil, bir sıra digər şeylərə də təsir edəcək... ABŞ-dan Avropaya daxil olan hər şeyi müzakirə edəcəyik”, -deyə Tramp Ağ Evdən xalqa müraciətində bildirib.
Daha sonra o, öz tvitter mikrobloqunda “Avropadan 30 günlük səyahət məhdudiyyəti heç bir şəkildə ticarətə təsir etməyəcək” qeydini paylaşıb.
“Qadağa malları deyil, insanları dayandırır”, - deyə Amerika lideri vurğulayıb. 
Onun sözlərinə görə, Avropa Birliyi ABŞ-dan fərqli olaraq Çin ilə vaxtında əlaqəni dayandırmadığına görə epidemiyanın qarşısının alınması öhdəsindən gələ bilməyib: “Biz əvvəllər Çinə qarşı xilasetmə tədbirləri görmüşdük, indi Avropa ilə eyni tədbirləri görməyə borcluyuq. Biz gecikmədən hərəkət edəcəyik və vətəndaşlarımızın sağlamlığının və təhlükəsizliyinin lazımi səviyyədə qorunması üçün bütün lazımi addımları atacağıq”.
Bununla yanaşı, ABŞ-ın Çin və Cənubi Koreyadakı vəziyyəti izlədiyini qeyd edərək, bu ölkələrdə koronavirusun yayılması ilə bağlı vəziyyət yaxşılaşdıqca Vaşinqtonun mövcud məhdudiyyətləri nəzərdən keçirəcəyini bildirib.
Bundan əlavə, Tramp kiçik müəssisələrə və həssas əhali qruplarına maliyyə dəstəyi, həmçinin koronavirusun ölkə daxilində yayılması ilə əlaqədar vergi güzəştləri elan edib: “Mən kiçik müəssisələrin fəaliyyətinə cavabdeh olan orqanlara, öz imkanları daxilində, koronavirusdan təsirlənən şirkətlər üçün kapital və likvidliyin təmin edilməsi üçün təlimatlar verdim”.
O, vətəndaşları zərərçəkmiş ştatların şirkətlərinə virusun yaratdığı müvəqqəti iqtisadi çətinlikləri aradan qaldırmaq üçün səlahiyyətlilərin aşağı faizli kreditlər verəcəyinə əmin edib: “Konqresdən xahiş edirəm ki, bu proqram üçün maliyyəni əlavə 50 milyard dollar artırsın”.
ABŞ Prezidenti əlavə edib ki, Federal Xəzinədarlığa müəyyən vətəndaş qruplarından və özəl müəssisələrdən sonrakı cəzalar almadan vergi yığımını dayandırmaq barədə göstəriş verəcək: “Bu qərar nəticəsində iqtisadiyyatın likvidliyi 200 milyard dollar məbləğində artacaq”.
Qeyd edək ki, son məlumatlara görə, ABŞ-da 1200-dən çox insan koronavirusa yoluxub, onlardan 37-si vəfat edib. 


Baxış sayı: 441


Bölməyə aid digər xəbərlər