“Putinlə Ərdoğanın danışıqları çətin olacaq” - Rəsmi Moskva
Tarix: 22-10-2019 14:59 | Bölmə: Dünya

                 “Putinlə Ərdoğanın danışıqları çətin olacaq”


“Rusiya və Türkiyə Prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında bu gün keçiriləcək danışıqlar uzun və çətin olacaq”.
“Qafqazinfo”nun “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidentinin Mətbuat katibi Dmitri Peskov bildirib. 
O, KİV nümayəndələrinin “fikrinizcə, danışıqlar nə qədər davam edəcək?” sualına cavabında “Aydındır ki, qısa olmayacaq” deyə bildirib.
Peskovun sözlərinə görə, hər iki ölkənin liderləri bir çox mövzunu müzakirə edəcəklər.
Kremlin nümayəndəsi Putin və Ərdoğanın xüsusilə ABŞ və Türkiyə arasında səsləndirilmiş çox sərt açıqlamaları müzakirə edəcəyini söyləyib.
Rusiya tərəfinin qarşıdakı danışıqları gözlədiyini söyləyən sözçü deyib: “Rusiya Suriyanın şimal-şərqindəki vəziyyəti müzakirə etmək, nəyin baş verdiyini daha yaxşı başa düşmək, Türkiyənin planları haqqında məlumat əldə etmək, bu məlumatları Suriya Ərəb Respublikasında siyasi tənzimləmə qurmaq üçün ümumi planlarla müqayisə etmək istəyir”.
O, Rusiyanın Suriyanın şimal-şərqində təhlükəsizlik zonanı yaratmaq üçün Türkiyə ilə necə razılığa gələ biləcəyinə dair suala cavab olaraq, Rusiyanın kifayət qədər tutarlı bir mövqeyə sahib olduğunu, bunun da hamıya yaxşı məlum olduğunu qeyd edib.
Putinin sözçüsü Ərdoğanın səfərinin əhəmiyyətli olduğunu və iki prezidentin görüşünün əsas mövzusunun Suriyadakı vəziyyət olacağına baxmayaraq, liderlərin ikitərəfli gündəliyə də diqqət ayıracağını vurğulayıb: “Bilirsiniz ki, bizi Türkiyə ilə ticarət və iqtisadi münasibətlərin bütün kompleksi birləşdirir”.


Baxış sayı: 62


Bölməyə aid digər xəbərlər