Bütün xəbərlər
Elina ZARJITSKAYA-HEKAYƏLƏR
Tarix: 09-12-2018 23:40 | Bölmə: Ədəbiyyat

                                                          YAYIN BAL DADI

    Qəfildən günəş buludların arxasında gizləndi. Hardansa külək əsməyə başladı. Gah o tərəfə, gah bu tərəfə əsə-əsə göydəki yüngül və yumşaq topacıqları günəşin qabağından çəkməyə çalışaraq vıyıldamağa başladı. Buludlar isə geri çəkilmirdi. Onlar şişib qapqara rəng aldılar, onların gombul qarnı lap aşağı sallanıb həyətdə yetişən ağacların yuxarı budaqlarına sürtündü. Onda külək qəzəbli halda çinarların və palıdların arasında vurnuxaraq ağacları silkələməyə başladı. Budaqlar yaşıl barmaqlarını yelləyərək tərpəndi. Bu barmaqlar – yarpaqlar buludların tünd rəngli qarnını qıdıqladı, buludlar diksinib ağlamağa başladı. İsti şəffaf damcılar asfaltın üzərindəki torpağa qarışaraq böyük tünd rəngli ləkələr yaratdı. Damcılardan biri Lesikin başına, digəri qulağına toxundu. -Anam islandığımı görsə, evə aparacaq. Yaxşısı budur, ağacın altında gizlənim, - oğlan bu fikirlə ətirli çiçəklərə bürünmüş qoca cökə ağacına tərəf qaçdı. Qonaqpərvər cökə onu yarpaqlarının sakit xışıltısı və çiçəklərinin dadlı ətri ilə qarşıladı. -Sən nə qədər mehribansan, ay qoca Cökə, məni yağışdan gizlətməyə razı oldun, - oğlan bu sözləri pıçıldayıb ağacın yoğun gövdəsinə söykəndi. Lesikin başı üzərində nə isə acıqlı şəkildə vızıldadı. Oğlan qorxub özünü qorumaq üçün əl-qolu yelləməyə başladı: “Vay, yenə də bu arılar! Lap bezdiriblər!” -Ey, yavaş! Az qala Arımı əzmişdin, - ağacın arxasından çıxan qırmızı sarafan geymiş qarayanız qarasaç qızın səsi eşidildi. Bu arıq, uzun nazik ayaqları və ağıllı qonur gözlü qız geniş ovcunda qanadları islanmış böyük sarı-qara həşərat tutmuşdu. -Əvvəla, mən nə səni, nə də arı görmədim, - Lesik gözlənilməz rastlaşmadan dili topuq vura-vura dilləndi. – İkincisi, mən ağcaqanaddan başqa heç vaxt canlı məxluq öldürmürəm. Ağcaqanadları da yatmağa qoymadıqlarına görə vururam. -Afərin, - qız sevindi və sıyrılmış dizini sürtüşdürdü. – Yoxsa artıq qorxmuşdum ki, bu yazıq Arıcığaz heç vaxt öz pətəyinə gedib çıxa bilməyəcək. Özü də bu arı bu gün bu cökə ağacını tozlandırırdı, dadlı şirə toplayırdı, yağış isə ona mane oldu, qanadlarını islatdı. Budur, indi o uça da bilmir. -Xeyr, arılar şirin şirə yox, bal toplayır, - oğlan qızın sözünə düzəliş verdi. -Yox, məhz şirə toplayır, - qız inadla bildirdi. – Nektar deyilir. Sən başı çıxan adamın sözünə inan: bal sonra pətəkdə alınır, nektardan su buxarlanandan sonra. -Sən bunu hardan bilirsən? Bəlkə atan arıçıdır? – Lesik burnunu büzüşdürdü. -Bu peşə sənin xoşuna gəlmir? – qız diqqətlə onun üzünə baxdı. -Bu nə peşədir ki? – oğlan bir az etinasız şəkildə soruşdu. – İnşaatçı və ya poladəridən, mənim atam kimi, bu başqa söhbət – bunlar əsli kişi sənətidir! İnşaatçı camaat üçün ev tikir, poladəridən çuğun və ya dəmir əridir, onlardan maşın və mexanizmlər düzəldirlər. -Mexanizmlər barədə bir şey bilirsən, amma arılar barədə heç nə bilmirsən! – qız güldü. – Onlar çox faydalıdır. Bu həşəratlar həm bitkiləri tozlandırır ki, onlar inkişaf edib çiçək açsın, bar versin, yoxsa dünyada bircə dənə yaşıl yarpaq qalmaz. Yeri gəlmişkən, bizim udduğumuz oksigeni həmin yarpaqlar istehsal edir. Ağaclar və kollar tozlanmasa, onlar bizə dadlı meyvələr: alma, armud, gavalı, ərik verə bilməz. Üstəlik də arılar bal düzəldir. Sən bal barədə çox eşitmisən? -Hə, eşitmişəm, eşitmişəm, – oğlan çiynini çəkdi. – Şirindi, həm də yapışqandır. -Bu sənin bildiklərinin hamısıdı? – qız qulaqlarına inanmadı. – Sən bilirsən ki, bal sortu şokolad sortundan çoxdu. Otuzdan çox bal çeşidi var. Hansını istəyirsən, ye: çöl, çəmən, çiçək, may, akasiya, qarabaşaq, cökə, palıd, alma, günəbaxan... Hətta iynəyarpaqlı ağaclardan çəkilmə bal növü var. -Hə, nolsun? Konfet ondan da çoxdur, oğlan təslim olmaq istəmirdi. -Sən bircə onu bilirsən ki, qabdan götürüb ağzına qoyasan, - qız qınaqla dedi. Arını gizlətdiyi ovcunu qaldırıb zolaqlı həşərata baxaraq əsəbi şəkildə sözünə davam etdi: - Bal şokoladdan və konfetdən dəfələrlə faydalıdır. Həkimlər balı təkcə soyuq dəymiş adamlara deyil, həm də sağlam adamlara tövsiyə edir. Sən bilirdinmi ki, bal sağlamlığı möhkəmləndirir və qocalmanın qarşısını alır? Oğlan bu darıxdırıcı söhbətdən bezdi və yağışın qurtardığını görüb dedi: -Bəsdi, bu arını gəzdirdin! Yaxşısı budur, gedək, badminton oynayaq, sonra da velosiped sürərik. -Badminton? Sən nə yaxşı oğlansan! - əsmər qız sevindi. – Mən həmişə raketkanı heç olmasa, əlimdə tutmağı arzu etmişəm! Ancaq... – qız qayğılı səslə dilləndi. – Mənim vaxtım azdır. Əvvəlcə gərək bu Arını pətəyinə aparım ki, çoxlu bal versin, sonra almaları, armudların azacıq rəngini dəyişmək lazımdır ki, alyanaq olsunlar; qarpızları bir az şirinləşdirmək; pomidorları şirə ilə doldurmaq... -Anlayıram, oğlan fikrə daldı. – Sən kəndə getməyə, sahədə işləməyə hazırlaşırsan. -Mən təkcə sahədə çalışmıram, - qız hörüklərini yellədi. – Mənim həmişə çoxlu işim var. Hər yerə vaxtında çatmalıyam: sahələri qızıla boyamalıyam, çəmənləri rəngbərəng etməliyəm, meşə sakinlərinə də baş çəkmək lazımdır, axı mən Yayam! Arı hirsli şəkildə vızıldadı. Onun qanadları artıq qurumuşdu, öz yuvasına tərəf uçub getdi. -Uç, uç, zəhmətkeş, - qız onu göyə tərəf buraxdı. – Sən isə bu cökədən bal gözlə, - və qızı əlini Lesikə tərəf uzatdı. -Aaa, deməli, sən Yaysan? – Lesik təəccübdən özünə gələ bilmirdi. Cavab əvəzinə Yay qışqırdı: -Tut məni! – və bayaqdan altında durduqları Cökənin ətrafında qaçmağa başladı. Oğlan onun dalınca qaçdı, amma bir neçə dövrə vurduqdan sonra gördü ki, qız yox olub. - Buna bax bir, əməlli-başlı çalışqandır. – oğlan fikirli-fikirli dedi. – Heç soruşmadım ki, ona bir kömək lazımdı, ya yox. Lesik dodağını yalayıb fikirlə özü-özünə dedi: “Maraqlıdır, görəsən bal gətirməyi söz verəndə o zarafat edirdi, ya yox?”

                                     ​​​​                      PAYIZ YARPAQLARI TOPLAYIR

    Külək var qüvvəsi ilə ağaclardan saralmış yarpaqları qoparırdı. Bir yarpaq, iki, üç... Yarpaqlar tökülür, torpağı qalın örtüyə bürüyürdü, hətta gölməçələrdə də çoxlu qızılı gəmiciklər üzür, bir-biri ilə toqquşaraq batırdılar. Yarpaqlar cığırlarda xışıldayırdı, külək isə onları götürüb qaldırır, ora – bura çırparaq geri, ağacın budağındakı yerlərinə qaytarmağa can atırdı. Ağaclar həyəcanla cırıldayaraq qurumuş yarpaqları kənara itələyir və küləyə yalvarırdılar ki, sakitləşsin. Kəpənəyə oxşayan bu titrəşən varlıqları tutmaq Lesikin xoşuna gəlmişdi. O bir ağacın yanından digərinə tərəf qaçır və bərkdən gülürdü. Külək sakitləşəndə oğlan ayaqqabısı yarpaqları komalamağa başladı. -Böyük koma düzəldib girəcəm içinə, guya ayıyam, - deyə qərara gəldi. Amma sonra fikirləşdi ki, gərək yarpaqlar təmiz olsun, çünki onlar çirkli olsa, üstü-başı batacaq. Üstü-başı bulaşsa, onda anası hirslənəcək və sabah gəzməyə icazə verməyəcək. Ona görə də o ehtiyatla yarpaqları toplayıb təpəciyə, şam ağacının yanına yığmağa başladı. Axırıncı dəstəni də tökmüşdü ki, xışıltı eşitdi. -Bəlkə orda, komanın içində siçan var? – oğlan fikirləşdi. O baxmaq istədi, əyildi və dərhal qorxusundan qışqırdı: yarpaq komasının içindən gülməli kürən bir qız çıxdı. -Sən kimsən? – Lesik diqqətlə ona baxdı. – Nə vaxt orda gizləndin? -Mən gizlənməmişdim, - qız gülümsədi. – Mən orda oturmuşdum. Oturdum, oturdum, sonra darıxdım və çıxıb səninlə oynamaq istədim. -Bilməmişdim, qızla oynayım, üstəlik səni kimi çilli qızla, - oğlan üz-gözünü qırışdırdı. Qızın dodaqları əsdi, gözlərində yaş parıldadı. -Sə pissən, - titrəyən səslə qız cavab verdi və burnunu büzdü. -Yaxşı, ağlama, Lesik xəbərdarlıq etdi. – Mən ağlağan qızlarla oynamıram. -Bəs ağlamasam? – qız burnunu sürtüşdürərək soruşdu. -Onda başqa söhbət... – oğlan başını qaşıdı. – Yaxşı, gəl oynayaq. -Gəl, yarpaq yığıb çələng toxuyaq, - qız təklif etdi. – Mənim çələng taxıb gəzməkdən xoşum gəlir. -Söz danışdın da! – Lesik donquldandı. – Belə şey ancaq qızların ağlına gələr. Oğlan fikrə getdi və nə vaxt gölməyəçəyə girib ayağını islatdığından xəbəri də olmadı. -Yavaş! Xəstələnərsən! – Qı özünü ona tərəf atdı. -Fikir vermə, - balaca qorxmaz əlini yellədi. – Yaxşısı budu... Hə! Mən bildim, nə edəcəyik! Biz bu gölməçəni yarpaqla dolduracağıq. Onda heç kimin ayağı islanmayacaq. -Əla fikirləşdin! Mən də sənə kömək edəcəm! – qız razılaşdı. Qız diqqətlə yarpaqları toplayıb ayrı-ayrı yığmağa başladı. -Bunlar palıd yarpağıdı, bunlar – ağcaqayın, bunlar da şabalıd yarpağıdı, - qız asta – asta danışırdı, - bu balacalar isə söyüd yarpağıdı, bunlar bizə lazım deyil. -Sən hansı yarpağın hansı ağacdan olduğunu bilirsən? -Qəribə odu ki, sən bunu bilmirsən, - qız dedi. – Mən indi sənə göstərərəm. Bu, nəhəng quş pəncəsinə oxşayan iri yarpaqlar şabalıd yarpağıdı, bu ucu kəsik iti yarpaqlar isə ağcaqayın yarpağıdır. -Palıd yarpaqları isə üçüncü mərtəbəsi olan səkkiz rəqəminə oxşayır, - Lesik davam etdi. Qız güldü. -Yaxşı fikirləşdin! Üstəlik, ağacın altında çoxlu qoza tapmaq olar. Onlardan maraqlı adam və heyvan forması düzəltmək olur. Onlar söhbət edə- edə gölməçəni qalın yarpaq qatı ilə doldurdular. -Afərin bizə, - oğlan əlini çırpa-çırpa dedi. İndi... -Mən getməliyəm, - qız onun sözünü kəsdi. – Məni gözləyirlər. -Sabah görüşərik? – Lesik soruşdu. – Sən, ümumiyyətlə bizim məhlədə yaşayırsan? Adın nədir sənin? -Mənim adım nədir? – qız suala sualla cavab verdi. – Yəni heç ağlına gəlmədi, mən kiməm? Mən payızam, - və o, hardansa əlinsə peyda olmuş yarpaqları göyə qovzadı. Külək vıyıldayıb yarpaqları göydə tutdu, fırladıb oğlanın sifətinə vurdu. Oğlan tez əlləri ilə gözünü yumdu. Gözünü açanda isə qız artıq orda yox idi. -Hardasan? – o qışqırdı. Quru yarpaqlar xışıldadı. Külək onları götürüb qaldırır, ora – bura çırparaq geri, ağacın budağındakı yerlərinə qaytarmağa can atırdı. Ağaclar cırıldayırdı və bu cırıltıda bu səs eşidilirdi: -Salamat qal, dostum! Görüşərik!
Elina ZARJITSKAYA Ukrayna, Dnepr şəhəri
Tərcümə edəni ƏMİR PƏHLƏVAN


Baxış sayı: 891


Bölməyə aid digər xəbərlər