Bütün xəbərlər
Əlyazma kolleksiyaları oxuculara virtual təqdim olunur
Tarix: 16-10-2023 14:46 | Bölmə: Ədəbiyyat


Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda saxlanılmayan əlyazmaların kolleksiyaları "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi "Dünya yaddaşı - əlyazma kolleksiyalarının virtual təqdimatının təşkili, kataloqların hazırlanması" layihəsi çərçivəsində geniş ictimaiyyətə virtual təqdim olunur. Əvvəlcə Şirvan-Şəki əlyazma kolleksiyası, “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğu əlyazma kolleksiyası, “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu əlyazma kolleksiyası, Ruslan Məmmədovun əlyazma kolleksiyası, Əhməd Cəfərzadənin əlyazma kolleksiyası, Ağsu rayonu Külüllü kəndi Bilal əfəndi məscidi əlyazma kolleksiyası və Kürdəmir rayonu Şahsevən kəndi Ağ günbəz əlyazma kolleksiyası layihəyə cəlb edilib. Onların içərisindən əlli əlyazma seçilərək onlayn kataloq və elyazma.az internet səhifəsi üçün öyrənilib. Virtual təqdimatı təşkil etmək üçün "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi elyazma.az domenini alıb, internet səhifəni və onun məlumat bazasının yaradılmasını həyata keçirib. Elyazma.az səhifəsi IMAGE MMC tərəfindən dizayn olunub və məlumat bazası üçün forma hazırlanıb. Mütəxəssislər öyrəndikləri əlyazmaları vaxtaşırı bazaya yerləşdirirlər. Əsas səhifədə qeyd olunub ki, əlyazmalardan istifadə etmək üçün əvvəlcə [email protected] məktub yazılsın və məktuba istək forması əlavə olunsun. Bu ifadədən məqsəd oxucuların, əlyazma həvəskarlarının, dövlət qurumlarının əlyazmaların pdf. variantını əldə etmək üçün əlçatanlığı təmin etməkdir.
Kolleksiyalar bölməsində elyazma.az səhifəsinə yerləşdirilən əlyazmaların aid olduğu kolleksiyalar haqqında məlumat yerləşdirilib.
Kolleksiyaların kağız nümunələrinin təmizlənməsi, siyahıya alınması və inventarlaşdırılması işi başa çatdırıldıqdan sonra müəyyən olunub ki, tədqiq olunan kitabların əksəriyyəti mədrəsə və ya məktəb fəaliyyəti ilə bağlıdır. Kolleksiyalarda dini kitablardan əlavə dilə, ədəbiyyata, tibbə, coğrafiyaya, astronomiyaya dair əlyazma və çap kitabları da mövcuddur.
Kolleksiyalarda əlyazma, çap, daşbasma, Kazan çapı olan kitablara rast gəlinib. Bəzi əlyazma kitabları qızılı haşiyə ilə bəzənib, bəziləri isə adi boya ilə rənglənib. Əlyazma kitabları Avropa, rus və Şərq filiqranlarına yazılıb. Yazılar sarı, yaşıl və mavi kağızlardadır. Bəzi kağızlar səliqəli, bəziləri isə kobud şəkildə düzəlib. Kitabların əksəriyyətinin cildləri xarab olub, çürüyüb, bəzilərinin cildi isə ümumiyyətlə qalmayıb. Buna səbəb isə kitabların saxlanılma şəraiti olub. Cildi olan əlyazma kitablarının bərpası vacibdir. Tədqiq olunan kitablar arasında çox sayda daşbasma üsulu ilə çap olunmuş böyük və orta boy kitablar mövcuddur. Bundan başqa, Kazan çapı və müasir çap üsulunda böyük, orta və kiçik boyda kitablar da var. Bəzi çap kitabları əlyazma kitabı kimi haşiyələnərək rənglənib. Bəzilərində isə mövzuya aid maraqlı illüstrasiyalar çəkilib.
Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda saxlanılmayan əlyazmaların kolleksiyalarının virtual təqdimatını təşkil etmək üçün "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi "Dünya yaddaşı - əlyazma kolleksiyalarının virtual təqdimatının təşkili, kataloqların hazırlanması" layihəsini davamlı həyata keçirməyi planlaşdırır. Bu məqsədlə əlyazma kolleksiyaları olan muzey, qoruq, ayrı-ayrı şəxslər müəyyən edilir, onların kolleksiyaları elyazma.az internet səhifəsində pasportlaşdırılır. Elyazma.az internet səhifəsinin məlumat bazası zənginləşdikcə dünya yaddaşımız daha da möhkəmlənəcək, alimlər üçün qaynaq rolunu oynayacaqdır.






Baxış sayı: 1 096


Bölməyə aid digər xəbərlər