10:53 / 16-07-2019
Nazir əmr imzaladı
02:49 / 16-07-2019
Prezident onu da təltif etdi
Deputat: Şəki şəhərinin tarixi hissəsinin Ümumdünya İrs Siyahısına salınması Azərbaycanın beynəlxalq aləmdə əldə etdiyi növbəti uğurdur
Tarix: 08-07-2019 12:29 | Bölmə: Manşet

Son ilər Azərbaycanın mədəni irsinin dünya səviyyəsində tanınması və qorunması istiqamətində çoxsaylı layihələr həyata keçirilib. Bu layihələr beynəlxalq təşkilatlarla, xüsusən də dünya mədəniyyətinə, təhsil və elminə məsul olan UNESKO ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilib. Bu əməkdaşlığın belə bir yüksək səviyyəyə çatmasında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın rolu misilsizdir.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Rauf Əliyev deyib.
Deputat Xan sarayı ilə birgə Şəki şəhərinin tarixi hissəsinin UNESKO-nun Dünya İrs Siyahısına salınması münasibətlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan xalqına təbrikini xatırladıb: "Təbrikdə qeyd edilib ki, Azərbaycanın ən qədim şəhərlərindən biri olan Şəkinin tarixi hissəsi yüzillər boyu ölkəmizin mədəniyyət mərkəzlərindən biri kimi tanınıb. Unikal abidələrlə zəngin olan Şəki şəhərinin tarixi hissəsinin mühafizəsi və inkişafı daim dövlətin diqqətində saxlanılıb. Şəkinin tarixi mərkəzində keçmişimizi özündə təcəssüm etdirən Şəki Xan sarayı, karvansaraylar, məscid və minarələr, qədim körpülər, sənətkarlıq emalatxanaları və yaşayış evləri bu gündən etibarən təkcə xalqımızın deyil, bəşəriyyətin mədəni irsi hesab edilir”.
R.Əliyev bildirib ki, buna qədər Azərbaycandan bu siyahıya Bakı şəhərinin tarixi incisi olan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, Şirvanşahlar Sarayı Kompleksi, Qız Qalası və Qobustan Milli Tarix-Bədii Qoruğu daxil edilib. Bundan əlavə, müvəqqəti siyahıya Azərbaycandan ümumilikdə 22, o cümlədən 5 təbii və 17 mədəni abidə daxil edilib: "Bütün bunlar Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə verdiyi töhfələrin beynəlxalq miqyasda bir daha etirafıdır. Bu, Azərbaycanın beynəlxalq aləmdə əldə etdiyi növbəti uğurdur. Azərbaycanla UNESKO arasındakı əməkdaşlığın müxtəlif istiqamətlərdə inkişaf edərək belə yüksək səviyyəyə çatdırılması və bu əməkdaşlığın davam etdirilməsi imkan verəcək ki, xalqımıza məxsus, böyük əhəmiyyət daşıyan digər tarixi, maddi və mədəniyyət abidələrinin də UNESKO-nun Dünya Mədəniyyət Mirasları Siyahısına salınması məqsədi ilə aparılan işlər uğurla nəticələnsin".
Qeyd edək ki, Bakı Konqres Mərkəzində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının ötən gün keçirilən iclasında Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi Dünya İrs Siyahısına daxil edilib.


Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər
14-07-2019, 15:26 22 il əvvəl... - VİDEO