Bütün xəbərlər
Deputatlar: “Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması Azərbaycanı xilas etdi”
Tarix: 11-06-2019 14:13 | Bölmə: Manşet

                                        

“Azərbaycanda 15 iyun – Milli Qurtuluş Günü özünü ölkədəki sabitlikdə təzahür edib. Ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra ilk növbədə prioritetləri seçə bildi. Təbii ki, ölkədə problemlər çox idi: qaçqın və məcburi köçkünlərin olması, ərazilərimizin işğalı, özbaşınalığın, xaosun olması, dövlət büdcəsində vəsaitin olmaması, bir sözlə minlərlə problemlər vardı”.
Bunu “Report”a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.
Deputat xatırladıb ki, Heydər Əliyev ilk növbədə qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasını əsas götürüb: “O, dövlət quruculuğu istiqamətində bir sıra addımlar atdı, atəşkəsə nail oldu. Ulu öndərin dövründə neft sazişləri imzalandı, ölkədə maliyyə vəsaiti daxil oldu. Bunlar hamısı Heydər Əliyev şəxsiyyətinin xarizmasının hesabına baş verdi. Heydər Əliyev sona ana qədər sabitliyi qorudu. 2003-cü ildən Heydər Əliyevin dövlət quruculuğu modelini Prezident İlham Əliyev uğurla davam etdirir. Prezident sosial-rifah dövlət quruculuğu uğrunda inamlı addımlar atıb. 2019-cu ilin ilk 5 ayı ərzində imzalanan sərəncam və fərmanlar göstərdi ki, İlham Əliyevin dövlət quruculuğu modelinin təməlində Azərbaycan vətəndaşı dayanır. Dövlət vətəndaşın rifahının yaxşılaşdırılması üçün çalışır. Bu məqsədlərin həyata keçirilməsi üçün büdcədənkənar 2 milyard vəsait ayrıldı. Bununla da 3 milyon insanın sosial durumu yaxşılaşdı. Bu siyasət davam edir. 2019-cu il sosial müdafiə və sosial rifah ilidir. Görülən bütün işlər vətəndaşlar üçündür. Qurtuluş Azərbaycan xalqına bəxş edilən dövlətdir”.

Milli Məclisin deputatı İlham Məmmədov “Report”a açıqlamasınd 15 iyun – Milli Qurtuluş Gününün mühüm tarix olduğunu qeyd edib: “1993-cü il 15 iyun xalqımızın qurtuluşunun təməl nöqtəsi olub. Həmin ilin 4 iyununda baş verən hadisələr ölkəni dünya xəritəsindən silməyə hesablanmışdı. Burada dünya gücləri, ölkədəki AXC-Müsavat cütülüyü, o cümlədən separatçılar rol alırdı. Həmin müddətdə hakimiyyətdə olan bəzilərinin diletant, xəyanətkar mövqe tutması, şəxsi ambisiyalarını irəli çəkməsi ölkəni yox olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Sanki, tarix təkrar olurdu, XX əsrin əvvəllərində yaradılan Azərbaycan Xalq Cümhuriyyəti ətrafında baş verənləri xatırlayırsınız. İlk dövlət qurulmuşdu, bayraq qaldırılmışdı, bir sıra işlər həyata keçirilmişdi. Cümhuriyyət 23 ay ərzində dövlət quruculuğu istiqamətində bir sıra uğurlu addımlar atmışdı. Amma dövlət çox yaşamadı. 1991-ci ildə də yenidən müstəqil olan Azərbaycan yox olmaq təhlükəsi ilə üzləşmişdi. Xalqın ən çətin günündə ulu öndər Heydər Əliyev Bakıya gəldi. Bu, xalqın təkidli tələbi idi. Onun Bakıya qayıdışı Azərbaycanı xilas etdi. Ulu öndər Bakıya dönərkən dedi ki, “vəziyyət düşündüyüm də təhlükəli imiş, nə gücüm, qüvvəm varsa, xalq üçün çalışacağam”. Bilirsiniz ki, ulu öndər Heydər Əliyevin üzərində bir Azərbaycançılıq missiyası var idi, Azərbaycançılıq onun döyünən ürəyi idi. 
Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsində işləyərkən, Kommunist Partiyasının Mərkəzi Komitəsinin I katibi vəzifəsində çalışarkən bütün varlığı ilə Azərbaycan xalqını düşünüb, fəaliyyəti dövründə bir sıra izlər qoymuşdu. Təbii ki, həmin vaxt bilmək olmazdı ki, ölkə müstəqil olacaq. Baxmayaraq ki, nəhəng imperiyanın rəhbərliyində təmsil olunurdu, amma Azərbaycanın gələcəyinə inanırdı. Onun həmin dövrdə kənd təsərrüfatı, infrastruktur, neft sənayesi sahəsində gördüyü işlərdən müstəqil dövründə də istifadə olundu. 15 iyun xalqımızın nicat günüdür. Biz bunu bayram kimi qeyd edirik. Tarixə nəzər salsaq görərik ki, nə qədər çətin yol keçmişik. İndi hiss edirik ki, ulu öndər necə böyük işlər görüb. O, 70 yaşında, yaşının ixtiyar çağında Bakıya döndü. İnsanın nə qədər gücü, qüvvəsi olmalıdır ki, belə ağır yükün altına girə və bacara. Bu gücü ona Azərbaycan sevgisi verirdi.
Onun sözlərinə görə, Heydər Əliyev 15 iyun 1993-cü ildə Azərbaycan Ali Sovetinin sədri seçildiyi gündən vəfat edənə qədər bir dəqiqə, saat, gün belə, yorulmadan çalışıb: "O, istirahət etmədi. Çünki vaxt çox az idi. Azərbaycanda bütün sahələr inkişaf etdirildi, sabitlik bərqərar edildi, ordumuz gücləndi. Ulu öndər Azərbaycanın inkişaf konsepsiyasını işləyib hazırlamışdı. Heydər Əliyev siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla, fenomenal şəkildə davam etdirilir. İlham Əliyev elə müasir Heydər Əliyevdir. O, dünya xəritəsində zərrə qədər görünən Azərbaycanı məhz ulu öndər Heydər Əliyevin ideyaları və konsepsiyaları əsasında dünyanın özü qədər böyütdü. Bu gün Azərbaycan dünyada söz sahibidir, regionun ən nüfuzlu və qüdrətli dövlətidir. 20 faiz torpaqlar işğal altındadır, əminəm ki, Azərbaycan ordusu 1 ay müddətində torpaqlarımızı azad etməyə qadirdir. Çox təssüüf ki, dünyada baş verən siyasi kataklizmlər buna mane olur. Daxildə və xaricdə Azərbaycanın inkişafını gözü götürməyən qüvvələr var. Azərbaycan inkişaf yolunu davam etdirir, təbii ki, bu yol Heydər Əliyev yoludur. Ali Baş Komandan İlham Əliyev Azərbaycanı bundan sonra da inkişaf etdirəcək, işıqlı gələcəyə aparacaq”.

Parlamentin üzvü Sədaqət Vəliyeva isə deyib ki, 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçilik yox olmaq təhlükəsindən xilas edilib: “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır”.


Baxış sayı: 405


Bölməyə aid digər xəbərlər