14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
Bütün xəbərlər
VƏTƏNƏ SEVGİ, VƏTƏNƏ BAĞLILIQ MOLLANƏSRƏDDİNÇİ MƏMMƏD SƏİD ORDUBADİ YARADICILIĞINDA-KAMAL CAMALOV
Tarix: 29-10-2020 00:33 | Bölmə: Ədəbiyyat

Qüdrətli qələm sahibi, söz ustadı olan Məmməd Səid Ordubadi uşaqlıq və gənclik illərini bu qədim və füsunkar diyarda, dilbər guşə sayılan Ordubadda keçirmiş, ilk əsərlərini də burada ərsəyə çatdırmışdır. Maarifçilik hərəkatında misilsiz xidmətləri olan və bir maarifçi nəsil ərsəyə çatdıran Məhəmməd Tağı Sidqinin şagirdləri kimi tanıdığımız Hüseyn Cavid, Əliqulu Qəmküsar, Bəhruz Kəngərli, Rza Təhmasib, Əli Səbri Qasımov, Əziz Şərif və b. sırasında Məmməd Səid Ordubadinin də adı vardır. Ancaq Məmməd Səid Ordubadi onlardan fərqli olaraq “Məktəbi-Tərbiyə”də yox “Əxtər” (Ulduz) məktəbində təlim və təhsil almışdır. Geniş məlumat və dərin bilik sahibi olan Sidqi Məmməd Səid Ordubadinin müasir dünyəvi elmlərin əsaslarına yiyələnməsində, ədəbi hadisələr, elm və mədəniyyət yenilikləri ilə tanış olmasında, onun maarifçilik ruhunda tərbiyə almasında mühüm rol oynamışdır. Məmməd Səid Ordubadi yeni üsullu “Əxtər” məktəbinin ən fəal şagirdlərindən olmuşdur. Parta arxasında birinci sırada oturduğunu, “imtahanlarda, yaxud məktəbi görməyə gələnlərin yanında oxumaq üçün əvvəlcə” ona söz verildiyini xatırlayan Ordubadi, həmçinin, hökumətin də (Burada hökumət Çar Rusiyası nəzərdə tutulur – K.C.) məktəbə çox diqqət verdiyini belə xatırlayır: “Hökumət məktəbə çox böyük diqqət verirdi. Hər ayda bir neçə dəfə pristav məktəbə tamaşa etmək bəhanəsi ilə gəlib oradakı vəziyyəti öyrənməyə çalışırdı. Xüsusən, mollalar məktəblə çox mübarizə aparırdı... Onlar təzə üsulda açılan və dərsləri türkcə gedən məktəbin mədrəsədə yaramadığını söyləyib, binanı təmizləməyi tələb edirdilər.Məktəbin müəssisi Hüseyn Soltan (Hüseyn Soltan Kəngərlinski – K.C.) isə buna heç də əhəmiyyət vermirdi. O, mollaların hər bir təşəbbüsünü rəddedirdi”. Hökumət də məktəb proqramına daha çox dini dərslərin artırılmasını tələb edirdisə də Ordubadi məktəbin mənfəətverici məktəb olduğunu qeyd edir.Çünki məktəbdə daha çox dünyəvi elmlər “elmi-hesab, coğrafiya, tarix, ədəbiyyat, hüsnxətt” dərsləri birinci yer tuturdu.Məmməd Səid Ordubadi yazır ki, “məktəbdə artqı qalan vaxtlarımı mədrəsədə sərf-nəhv, məntiq dərslərini oxuyub, ərəbcə və farscanı öyrənirdim”.Deməli, “Məmməd Səid Ordubadinin əsil bilik mənbəyi kitablar, əsil darülfünunu həyat olmuşdur”.
Görkəmli tədqiqatçı alim Lətif Hüseynzadə “Görüşlərim” adlı publisist yazısında Məmməd Səid Ordubadi ilə Naxçıvanın dilbər guşəsi sayılan Ordubad şəhərində olan görüşlərini xatırlayaraq yazır ki, “Naxçıvan Muxtar Respulika müəllimlərinin yay kursları çox zaman Ordubad şəhərində keçrilirdi. 1935-36-cı tədris ili idi, yay kursları Ordubadda təşkil olunmuşdu. Xoşbəxtlikdən həmin il sevimli ədibimiz Məmməd Səid Ordubadi də istirahət üçün buraya gəlmişdi. ...Ədiblə görüşdük. O rəngarəng kaşilərlə bəzədilmiş, Şərq – Azərbaycan memarlığı üslubunda tikilmiş bir qədim abidənin qapısı qarşısında dayandı. Dedi: – Baxın memarlarımız nələr yaratmışdır. Bura atamın dərs dediyi və mənim ilk təhsil və tərbiyə aldığım mədrəsədir.
Mədrəsənin həyətinə daxil olduq.Məmməd Səid Ordubadi xarabəliyə çevrilmiş o gözəl mədrəsənin hücrələrinə, həyətə – səkkiz güşəli hovuza dərin bir həsrətlə baxıb.
– Mənim də “gəncliyim burada mədfundur sanki” – və bir az sonra, – “Bilsəydim ömrüm bele tez gəlib keçəcək, mən onu qənaətlə sərf edərdim” – dedi. Yuxarıdan hücrələri birləşdirən tacın üzərindəki yazını göstərib: “Hübbül – vətən minəliman!” sözlərini oxudu və tərcümə elədi ki, yəni iman vətəni sevmək deməkdir. “Əsil iman vətən sevgisidir” sözlərini də əlavə etdi. Yenə bir az fikirə gedib ağır-ağır dilləndi:
Atamdan sonra burada Sidqi bir müddət bizə dərs dedi. Çox mütərəqqi fikirlli adam idi. Gözəl də müəllim idi. Günorta azanı verilən vaxt hamı Came məscidinə gedib camaat namazına durmalı idi, bəzən bizi də aparırdılar. Lakin Məhəmməd Tağı Sidqi Ordubad qazisindən icazə almışdı ki, biz namazımızı elə mədrəsənin həyətində qılaq.Bu razılıqdan sonra Sidqi həmişə azan vaxtı bizi həyətə çağırıb düzərdi və hamımız birdən “Hübbül-vətən, minəliman” sözlərini bir neçə dəfə ucadan təkrar edərdik. Hətta bizim bu
“namazımız” pəncərələri mədrəsənin həyətinə baxan Ərbabın (Ordubadda ipək zavodu sahibi Rzayevə belə deyərdilər) zavodundakı fəhlələrə də sirayət etmişdi. Fəhlələr də nahar vaxtı bir neçə dəfə “Hübbül-vətən minəliman” deyib səsimizə səs verərdilər.
Bu sözlər bizə o qədər təsir etmişdi ki, “Hübbül-vətən” qafiyəli, rədifli şeirlər yazmaq üçün mədrəsədə müsabiqə keçirirdik…
Bəli, bizim bu “Hübbül-vətən” səsimiz Ordubad ruhanilərini həyəcana gətirdiyi kimi, Ərbabı da qorxuya salmışdı.Sidqi ruhanilərin gözündən düşmüşdü.Sidqinin Naxçıvana köçməsinin səbəblərindən biri də bu oldu.Bu zaman Ərbab məni və bir neçe fəhləni də işdən qovdu”. Məmməd Səid Ordubadi müəllimi Sidqinin məktəbli şagirdlər üçün şərqi də yazdığını bildirmiş və şərqinin bir misrasını aşağıdakı kimi xatırlayır:
Əcəb xoşbəxt olur hər kəs, tuta məva bu məktəbdən,
Bir az vaxtda kamallana, olur dara bu məktəbdə.
Məhəmməd Tağı Sidqidən şeirin dərin incəliklərini öyrənən Ordubadi 1903-cü ildə Sidqinin qəfil və vaxtsız ölümünü həyacansız qarşılamamış, həmçinin maarifçi şairin öz xalqına göstərdiyi ümmansız xidmətlərini “sədaqət kanı”, “dəryayi-hikmət”, “sərvi-mə-rifət”, “məşhuri-vilayət” səviyyəsində ümumiləşdirərək “Şərqi-Rus”da yazırdı:
Pozuldu gülşəni-eyşim, tükəndi, bülbülüm getdi,
İşim ahü fəğan, fikrü xəyalım dərdü möhnətdir.
Əcəb xoş vaxt imiş dünyada Sidqiylə keçən günlər
Necə Sidqi? - Sədaqət kanıdır, dəryayi-hikmətdir.
“Hərdəmxəyal”, “Divanə”, “Felyetonçu”, “Məsa”, “S”, “O”, “M.S.” kimi imzalarla tanıdığımız Məmməd Səid Ordubadi onlarca hekayə və roman, pyes və libretto, yüzlərlə felyeton, lirik və satirik şeir, ədəbi-tənqidi, siyasi-publisist məqalə, məktub və xatirələr yazmış, zəngin ədəbi irs qoyub getmişdir. Görkəmli mətnşünas Abbas Zamanov yazır ki, Ordubadinin ədəbi irsi ilə tanış olduqda adam heyrətdən özünü saxlaya bilmir. İnsan nə qədər yazıb yaradarmış! Adamın, mütaliəsi, biliyi nə qədər dərin, nə qədər geniş olarmış! Ordubadinin irsi ilə tanışlıqdan sonra inanırsan ki, əlinə qələm aldığı ilk günlərdən başlayaraq, onun bir günü, bir saatı belə boş keçməmişdir. O, sürgündə olduğu illərdə belə (1913-cü ildə İrəvan, Tiflis, Bakı, Rostov və Novoçerkask, 1914-cü ildə isə Saritsinəsürgünü nəzərdə tuturuq) daim nəyinsə üzərində işləmiş, nəyinsə üzərində düşünmüş, daim axtarışda olmuşdur. Ordubadinin yaradıcılıq üfüqləri əngindir.Janr məhdudluğu - Ordubadi yaradıcılığı üçün yaddır.romançı, Ordubadi – publisist, Ordubadi – tərcüməçi, Ordubadi – opera və operetta librettolarının yaradıcısı, onun bədii yaradıcılığa marağı müxtəlif və rəngarəngdir. Ordubadi – şair, Ordubadi – satirik, Ordubadi – qiymətli, bu gün də təravətini saxlayan çoxlu ədəbi-tənqidi məqalələr müəllifidir.
Böyük demokrat Cəlil Məmmədquluzadə kimi, Məmməd Səid Ordubadi də ilk dəfə mətbuata Məhəmmədağa Şahtaxtlının redaktoru olduğu “Şərqi-Rus” qəzetinin 18 iyun 1903-cü ildə (31-ci nömrə) “Ədəbiyyat” başlığı ilə verilmiş şeiri ilə qədəm qoymuşdur. “Şərqi-Rus” qəzetinin nəşrindən ruhlanaraq yazdığı şeir ədəbiyyat maraqlılarının mühakiməsinə verildi.Milli mətbuatın xalqı qəflət yuxusundan oyadacağına inanan maarifpərvər şair vətən övladlarına, xüsusən sonralar “istiqbal çiçəkləri” adlandırdığı gənclərə üz tutub deyirdi ki, zülmətdən işığa çıxmağın yolu, ancaq elmlədir.Hər bir millət tərəqqiyə öz elmiylə çata bilər. İndi artıq “Şəhnamə” dövrü bitib, dərvişlərin Rüstəm pəhləvanla ağ divin döyüşməsini danışacaq əhvalatı dövrü deyil.
Dolubdur səhfeyi-aləm şüayi “Şərqi-rus” ilə
Qaranlıq könlümün zülmət sərasi zərnigar oldu.
Bu söz məşhurdur etməz tərəqqi elmsiz millət,
Hamı elm əhli rahət, elmsizlər xarü zar oldu.
Atıb “Şəhnamə”ni həryerdə ruznamələrdən dəm vurur,
Bu lazımdır sənə, onlar tamamən xaksar oldu.
Səida, hər qədər vardır qələm yaz bu məqalah,
Sənə bu “Şərqi-Rusun” nömrəsi bir etibar oldu.
Qeyd etdiyimiz kimi, şair işıq üzü görən bu qəzeti buludlardan sıyrılıb çıxan maarif günəşinin doğması, nur saçması kimi qiymətləndirirdi.
M.S.Ordubadinin fəaliyyətə başladığı dövrdə gənc nəslin təlim və tərbiyəsi ağır vəziyyətdə idi.Uşaq və gənclərin təlim və tərbiyəsinə fikir verilmir, fanatizm, nadanlıq hökm sürürdü.Öz dövrünün tərbiyə sisteminə yaxından bələd olan Məmməd Səid xalqın tərəqqi etməsi üçün yolunu təlim-tərbiyə sisteminə qarşı mübarizə aparmaqda görürdü.
Elmin, maarifin təbliğatçısı olan Ordubadi məktəblərdə kiçik yaşlı uşaqlara hələ mənasını tam anlamadıqları “Quran”ın əvəzinə müasir elmlərdən dərs keçməyə, dərviş nağılına qulaq asmaq əvəzinə elm, mərifət və sənət dalınca getməyə, qədim əfsanələrə “qafilanə” inanmaq yerinə müasir elm və texnikanın ecazkar nailiyyətləri ilə tanış olmağa dəvət edir, şairləri aşiqanə macəraları dönə-dönə təkrarlamaqdansa, xalqa fayda verəcək mövzularda yazmağa çağırırdı. Şair inkişafda olan başqa xalqlar kimi, hürriyyətin zəruriliyini yalnız, qeyd etdiyimiz kimi, tərəqqidə, maarifdə görürdü və buna çatmağın yolunu isə ancaq və ancaq qəflətdən oyanmaqda axtararaq iyirmi iki misradan ibarət olan “Xabi-qəflət” adlı şeirində yazırdı:
Dur, ey qafil yatan könlüm, oyan bu xabi-qəflətdən,
Sənə yoxdur səmər hərgiz bu bica istirahətdən!
Gözün var isə hürriyyət ziyasından götür hissə,
Yaşa insanca, insanlartək azad ol əsarətdən!
Hər bir işimiz getdi, qalıb qəlbdə həsrət,
Avara qoyan bizləri qəflətdi, bu qəflət!
Məmməd Səid Ordubadi xalqın tarixini dərindən bilən və yetərincə də dəyər verən yazıçılardan olmuşdur.Həmçinin, Ordubadi tarixi əsərlərə meylli olanlara isə xalqımızın mənəvi irsini şəffaf, olduğu kimi göstərməyi məsləhət bilirdi. O, bir sıra dırnaqarası ziyalıların, tarixçilərin tarixi saxtalaşdırmasına, azadlıq toxumu səpən şəhidlərimizi, qəhrəmanlarımızı qaçaq, quldur kimi qələmə verməyə çalışan, rəhbərə, şəxsiyyətə qulluq edənlərə nifrətini belə bildirirdi: “Azərbaycan xalqının tarixi irsini üzə çıxarmaq lazımdır. Çünki yeni nəslə özünün kim olduğunu göstərməklə onun vətənpərvərlik duyğularını inkişaf etdirmək mümkün olacaqdır. Bizə öz keçmişini unutduran, qəhrəmanları öz xalqından gizlədən, bəzən xalqın namuslu oğullarını bir quldur və bir qaçaq kimi göstərən, bir xalqın qəhrəmanlıq tarixini şübhələr altında qoymaq üçün qəhrəmanların qəbir daşlarını sındıran xain əllər, gündə birinin vicdanına satılan qələmlər və bir tərəfli yazılan tənqidlər, baxın, Azərbaycan xalqına qarşı nə kimi haqsızlığı rəva görmüşdür?”.
Məmməd Səid Ordubadi “Həyatım və mühitim” əsərində rusların apardığı amansız siyasəti daha gözəl canlandıraraq yazır: “Biz Qafqazlılar rus millətinin qapazları və zülm-sitəm boyunduruğunun altında yaşayıb, kefləri istədiyi qədər əllərindən və dillərindən gələni bizlərə edirlər. Bizlərə çox zülm və insafsızlıq etmişlər. Bizlərin insan hüququnu payimal və istibdad təpikləri altına alaraq, bizim həqiqi və məxsusi həyatımızı əlimizdən çıxarmışlar!”.
Dünya mədəniyyətinin qızıl fonduna daxil olan “Molla Nəsrəddin” məktəbini Cəlil Məmmədquluzadə yalnız öz qələminin məhsulu adlandırmırdı.Böyük dramaturq yazırdı ki, “Molla Nəsrəddin” bir nəfərin qələminin məhsulu deyildi.Mənim bir neçə hörmətli həmkarımın qələminin məhsulu idi ki, mən də onların ağsaqqal yoldaşıyam”.“Molla Nəsrəddin” jurnalına Məmməd Səid Ordubadi “Hərdəmxəyal” satirik adı ilə gəlmiş, mənzum və mənsur felyetonlarını nəşr etdirmişdir.Xatirələrində Ordubadi qeyd edir ki, “Əsərlərim artdıqca, xüsusən, “Molla Nəsrəddin” məcmuəsindəki iştirakım sıxlaşdıqca düşmənlərim də artırdı”. Tiflisdə Ordubadini daha yaxından tanıyan Mirzə Cəlil bir daha “Hərdəmxəyal” adlı maraqlı imzaya belə qiymət vermişdir: “Hərdəmxəyal imzası həddindən artıq xoşuma gəldi. Doğrudan da xalqımızın içərisində hərdəmxəyal adamlar az deyil”.
Mollanəsrəddinçi şairlər ruhaniləri onların öz sözləri ilə ifşa edir, bəd əməllərini öz dilləri ilə açıb göstərir.Bu üsul onların satiralarının bədii təsir və inandırıcılıq qüvvəsini qat-qat artırır.Üzeyir Hacıbəyov mollanəsrəddinçi dostu Məmməd Səid Ordubadini Bakıya çağırdığı bir məktubunda qeyd edir ki, “qoçular da, mollalar özləri də satirada özlərinin gülünc hədəfinə çevrilməsini gülə-gülə oxuyurlar.Ancaq bizim satira yazmaqda əsas məqsədimiz oxucuları yalnız güldürməyə fikir vermək yox, düşündürməyə çalışmalıyıq” (Kursiv bizimdir – K.C.).
Məmməd Səid Ordubadi 1908-ci ildə dərc etdirdiyi bir xatirəsində uşaqların təlim və tərbiyəsi ilə maraqlanmayan, məktəblər açmaq işinə yardım göstərməyən sərvətlilərə qarşı kəskin hücuma keçirdi. O, ötən illəri, Ordubadda Məhəmməd Tağı Sidqinin təşəbbüsü ilə açılan “Əxtər” məktəbi, sonra müəllimlərin vəbadan vəfat etməsini, görkəmli pedaqoq-alim Sidqinin Naxçıvana köçməsini, beləliklə də məktəbin qapanmasını xatırlayır, məktəb bağlanan gün şagirdlərin necə pərişan olduğunu, pəncərədən boylanıb yazı taxtasına baxa-baxa göz yaşı axıtdığını, köhnəpərəstlərin isə həmin günü bayram kimiqeyd etdiyini ürək yandıran ifadələrlə təsvir edirdi. Xatirədə deyilirdi ki, “Şərqi-Rus” qəzeti çıxandan bəri məktəb açmaq barədə bir çox məqalə dərc olunmuş, məktəbsiz uşaqlar dəfələrlə öz dərdlərini yazıb “İrşad” və “Həyat” qəzetlərinə göndərmişlər, ancaq bu təşəbbüslərin heç biri fayda verməmişdir. Görkəmli maarifçi “Məktəb xatirəsi” adlı publisist yazısında dövlətliləri məktəb açmaq üçün vəsaiti əsirgəməməyə çağırır, bütün həmvətənlərinə üz tutaraq deyirdi: “Qardaşlar! Günü günə, saatı saata satmaq əbəsdir.Məktəb bu gün açılsa, sabahdan nə qədər nəfli olduğunu cümləmiz düşünürük”.
Xalq maarifinin ehtiyacları üçün kifayət qədər vəsaitin ayrılmaması, gənc nəslin təhsil və tərbiyəsinin acınacaqlı vəziyyətə düşməsi qabaqcıl ziyalıları qəzəbləndirsə də zülmət səltənətindən çıxış yolu görünmürdü.Doğrudur, Azərbaycanda hökumət hesabına müəyyən qədər ümumtəhsil məktəbi açılmışdı, amma bunlar zəhmətkeş balalarının ən cüzi hissəsini qəbul edə bilərdi.Belə bir şəraitdə məktəb təhsilinin kütləviliyindən danışmağa dəyməzdi.
Keçmiş sovet hakimiyyəti qələbə çaldıqda sonra xalq maarifi yeni inkişaf və tərəqqi yoluna qədəm qoydu.Bu yolda inamla addımlamaqdan ötrü ciddi səylər göstərilməli, əsaslı tədbirlər hazırlanıb həyata keçirilməli idi.Odur ki, mətbuat səhifələrində çıxış edən mollanəsrəddinçi publisistlər, pedaqoqlar və digər maarif xadimləri qarşıda duran vəzifələrə diqqət yetirməyi başlıca vəzifə sayırdılar. M.S.Ordubadi “Maarif dünyamızda” sərlövhəli məqaləsində yazırdı: “Tərəqqimiz yolunda olunan təşəbbüslər ciddi, maarifimiz uğrunda atılan qədəmlər qətidir. Elm-maarifin nəşrinə dair Maarif Komissarlığı əlindən gəldiyi qədər çalışır, sənəlik, altı aylıq, bəlkə üç aylıq kurslar və mütəəddid ibtidai və edadi məktəblər də açır”.
Bununla belə, Maarif Komissarlığına təklif olunurdu ki, qısa müddətli müəllimlik və musiqi kurslarının işinin yaxşılaşdırsın, proqramların təkmilləşdirilməsi qayğısına qalsın.
Ordubadi öz yazılarında məktəblərin vəziyyətinə toxunaraq sinifdən və məktəbdənkənar işlərin canlandırılması, məktəblərin bacarıqlı kadrlarla möhkəmləndirilməsi, lazımi avadanlıq və cihazlarla təchiz edilməsi, qəzalarda yeni məktəblər açılması, mükəmməl tədris proqramlarının tətbiqi üçün təkliflər irəli sürürdü. Qəzetlərdə dərc olunan “Sinif xətt-hərəkətimiz lazımmıdır?!”, “Tam vaxtıdır”, “Maarif xadimlərinin müşavirəsi”sərlövhəli baş məqalələrində, “Yeni iqtisadi siyasət və maarifimiz” sərlövhəli məqaləsində və digər yazılarında bu barədə ətraflı danışılır.
Heç bir şeydən korluq çəkməyən, bütünlüklə təchiz və təmin edilmiş məktəblər yaratmaq fikrini dönə-dönə nəzərə çatdıran pedaqoq şagirdlərə əmək təlimi verilməsini, kənd məktəblərində təcrübə məşğələlərindən ötrü torpaq sahəsi ayrılmasını, fənn kabinetləri və laboratoriyalar açılmasını zəruri hesab edirdi. O, yerli maarif orqanlarını müəllimlərə həssaslıqla yanaşmağa, bu nəcib tərbiyəçilərin ehtiyaclarını təxirsiz ödəməyə çağırır, müəllimlərin hörmət və nüfuzunu artırmaq, səmərəli fəaliyyətini təmin etmək üçün görülməli olan tədbirlərdən söz açırdı.
Böyük maarifpərvər xalqın gələcəyi və ümidi sayılan uşaqların qayğısız və şən böyüməsini, hamılıqla təhsilə cəlb olunmasını arzulayır, bu istiqamətdə görülən işlərin müvəffəqiyyətlə nəticələnməsinə çalışırdı.“Məktəb və cocuqlara yardım!” məqaləsində yazırdı ki, hakimiyyət var qüvvəsini sərf edərək zəhmətkeş xalqı işıqlı gələcəyə aparmaq istəyir, bundan ötrü isə “məktəb və məktəblərin içində qiymətli üzük qaşları kimi parlayan cocuqlar lazımdır”. Hökumət onları mühafizə etmək üçün heç nəyi əsirgəməmiş, bütün müəssisələrin ehtiyac içində olduğu vaxtlarda belə “istiqlal və mədəniyyətimizin yeni əkilmiş toxumlarını” qayğı ilə göyərtmişdir, indi işə daha çox can yandırmaq tələb olunur, çünki “məktəblərə yardım məsələsinin bir saat təxirə salınması gələcəkdə bizi bir il geri ata bilər”.
Yardım həftəsinin başlanğıcında, 1921-ci il dekabrın 23-də “Kommunist” qəzetində dərc olunan “Bu gün” məqaləsində və iki gün sonra çıxan “İctimai düşüncələr”də pedaqoq həmin fikri inkişaf etdirir, bütün vətəndaşları ictimai düşüncə ilə hərəkət etməyə, “istiqbal çiçəkləri olan balaları hifz eləməyə” səsləyirdi.
Bir müddət sonra, 1923-cü ilin fevralında qışın soyuğu və aclığın çəngəsində qalmış uşaqlara növbəti yardım həftəsi münasibəti ilə dərc olunan “Sahibsiz balalara yardım həftəsi” məqaləsində yenə Ordubadinin ürək çırpıntıları və həyəcanlı səsi eşidilirdi. Ondan beş il əvvəl ümidsizliklə dövlətlilərə ağız açıb onları insafa gətirmək istəyən maarif dostu indi ölkənin əsil sahiblərini, ən çox etibar etdiyi doğma adamları yardıma haraylayırdı: “...bu bədbəxt balaları köhnə dünya öz xaraba hasarlarının altında bizə irs buraxıb getmişdir. Bu gün özünü yeni dünya və yeni bir məişət içində hiss edən Azərbaycan xalqı əski xarabalığı təmirə başladığı vaxt gərək əvvəlcə onun pərişanlıqları altında çapalayan ac balaların səsini eşitsin, anlara atalıq və hamilik yardımı versin”.
Məktəblərdə dərslərin üç növbədə keçirilməsindən, şagirdlərə sinifdənxaric işlər üçün imkan verilməməsindən bəhs edən “Məktəb həyatından” sərlövhəli səmimi məqaləsində görkəmli pedaqoq dərsə gedən uşaqları “zəhmət gününün ilk xəbərçiləri” adlandırırdı.
Sovet hakimiyyəti illərində də təhsilə göstərilən ögey münasibət Ordubadinin gözündən yayınmamışdır.Ancaq bütün bunlara rəğmən o, gələcəyə ümidlə, nikbin, optimist baxışla baxırdı.Göstərirdi ki, uzaq qəzalarda və qaranlıq kəndlərdə yoxdan yaradılmış məktəbləri ən çətin şəraitdə belə yaşatmağa və maliyyə cəhətdən təmin etməyi istəsə bacara bilən Kommunist Partiyası bütün ölkədə savadsızlığı ləğv etmək vəzifəsinin öhdəsindən bacarıqla gələcəkdir.
Nəzərdən keçirdiyimiz məqalələrdən göründüyü kimi, Məmməd Səid Ordubadi məktəb və maarifin tərəqqisini ləngidən çətinliklər üzərindən sükutla keçmir, təhsilə göstərilən ögey münasibəti obyektivliklə qələmə alırdı.Əvvələn, həmin çıxışların müəllifi inqilabdan qabaqkı dövrdə maarif asimanını çulğamış sıx dumanlar arasında işıq ucu görməyən, görmədiyi üçün də haqlı etirazlarını mətbuat vasitəsilə ictimaiyyətə çatdırmaqla kifayətlənməli olan üsyankar mollanəsrəddinçi Ordubadi deyildi.İkincisi, Ordubadi irəliyə doğru hərəkətdə, nöqsanların aradan qaldırılmasında obyektiv tənqidin mühüm amil olduğunu gözəl bilirdi. O, kənddə mədəni-maarif işlərinin vəziyyətinə həsr olunmuş M.S. imzası ilə yazdığı “Kağız üzərindəkini işə keçirməlisiz” adlı bir məqaləsində Kommunist Partiyasının tənqid edərək yazırdı: “Bolşeviklərin xoşagəlməz təbiətlərindən biri odur ki, onlar öz nöqsanlarını pərdələmək istəyir. Bu təbiət bizi daim tərəqqi və inkişafa doğru sövq edə bilməz.Nöqsanları görüb söyləmək, onların ləğvinə çalışmaq üçündür ki, biz heç vaxt başladığımız işlərdə müvəffəqiyyətsiz qayıtmayacağıq”.
Məmməd Səid Ordubadi bolşeviklərin məhz bu könül açmayan keyfiyyətini rəhbər tutaraq Ali Siyasi Maarif İdarəsindən kənddə maarif və mədəniyyətin inkişafı ilə yaxından, canla-başla məşğul olmağı, “mərkəzdəki kitab mağazalarının geniş və zəngin anbarlarından qaranlıq qiraət komalarına pəncərələr” açmağı tələb edir, “Yeni yol” qəzetində çıxan bir sıra digər məqaləsində isə şəhər və kəndin əlaqələrini genişləndirmək, “Kəndə doğru” şüarını sözdə deyil, işdə həyata keçirmək, kəndə hamilik komissiyalarının fəaliyyətini yenidən qurmaq üçün dəyərli tənqidi mülahizələr söyləyirdi.
Məmməd Səid Ordubadinin pedaqoji fikirləri içərisində vətənpərvərlik, humanizm, nikbinlik, sadəlik, səmimilik, mərhəmətlilik, təvazökarlıq, mehribanlıq və s. kimi əxlaqi-mənəvi keyfiyyətlər mühüm yer tutur. “Molla Nəsrəddin” jurnalı xalqın dilini, dilin saflığını onun varlığının mühüm şərtlərindən biri hesab edirdi.Bu mənada Ordubadi də felyeton və publisist yazılarında ana dilini xarici dillərin təsirindən qoruyub saxlayanlardan biri idi. O, ana dilinə həqarətlə və bəlağətlə baxanları, Azərbaycan dilinin guya elmi, bədii və fəlsəfi fikirləri ifadə etmək üçün yaramadığını söyləyənləri “Ana dilində məktub”, “Ana dili”, “Millətpərvər intellegent” və s. felyetonunda istehza ilə tənqid atəşinə tuturdu.
1907-ci ildə “Molla Nəsrəddin” jurnalının 7-ci sayında işıqlandırılan “Ana dili” felyetonunda yazırdı: “Mən universitet, yəni darülfünundan təzə qurtarıb vətənimizə gələn günü şəhərimizin qazısı axund molla Səbzəli gəldi bizim evə, mənim görüşümə. Evimizdə heç kəs yox idi anamdan savayı.Bu övrət də çıxdı o biri otağa və qazı ilə biz başladıq söhbətə.Deməyinən yazıq anam da qapının dalında durub qulaq asır.
Qazı içəri girən kimi mən qabağa yeridim və dedim: salam malik. Cənab qazı mənə cavab verdi:
- Ay əssəlam əleyküm, ay xudahafiz, əhvali-şərif, ənasiri-lətif, maşallah-maşallah, əxəvizadə neçə müddətdi müntəziri-vücud zicudiniz və müştaqi-didarınız idim, inşaallah zati-alinizin məzaci-mübarəkləri salimdir.
Mən bir şey başa düşməyib dedim:
- Da.
Cənab qazı bir qədər baxdı mənim üzümə və yenə başladı:
- Əxəvizadə, təhsili-fünuninizi əncamə yetiribsiz, ya dübarə təkmili-nöqsan üçün darülmüəllimə övdət etməlisiniz?
Mən yenə bir şey başa düşməyib dedim ki:
- Cənab axund
Axund soruşdu:
- Necə?
Mən dedim:
- Çto?
Söhbətimiz elə bu cür qutardı və axund başmaqlarını geyib çıxdı getdi. Anam girdi içəri və mənə dedi:
- Balam, mollaynan nə dil danışırdınız ki, mən heç başa düşmədim?
Dedim:
- Ana, mollaynan biz ana dili danışırdıq.
Anam başını saldı aşağa və bir qədər fikrə gedib dedi:
- Yazıq ana dili!”.
Məmməd Səid Ordubadi hər bir əsərində gəncləri Azərbaycan dilini sevməyə və onu inkişaf etdirməyə səsləyirdi. Abdulla Şaiq Ordubadinin “Molla Nəsrəddin” jurnalındakı fəaliyyətinə böyük önəm verərək qeyd edir ki, “mən də başqa vətəndaşlar kimi Məmməd Səid yoldaşı Sabir və “Molla Nəsrəddin” məktəbinin ən irəlidə gedən nümayəndələrindən olan bir şair kimi tanıyırdım”. Həqiqətən, Məmməd Səid Ordubadi bir şair kimi, zamanla birgə addımlamış, həmişə zamanın çağırışlarına qoşulmuş, zamanın carçısı olmuşdur.“Bu Ordubadinin təxminən 50 il davam edən publisistik fəaliyyətini səciyyələndirən xüsusiyyətdir”.
Yekun olaraq qeyd edək ki, “insan qılıncının kəskinliyi ilə qəhrəman ola bilməz, ağlın kəskin olması lazımdır” – deyən Məmməd Səid Ordubadi hələ öz sağlığında ədəbi şöhrət zirvəsinə qalxmışdır. Onun yüksək ideyaları və parlaq istedadı həmişə oxucuların ürəyinə yol tapacaqdır.Gənc oxucular həmişə onun yaradıcılığından ilham alacaq, Vətəni sevməyi, Vətənə bağlılığı və həyat müdrikliyini Məmməd Səid Ordubadi yaradıcılığından öyrənəcəkdir.
KAMAL CAMALOV,
Pedaqogika üzrə fəlsəfə doktoru, dosent
Azərbaycan Respublikasının Əməkdar müəllimi
Azərbaycan Yazıçılar Birliyinin üzvü



Baxış sayı: 1 942


Bölməyə aid digər xəbərlər