Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli saytımıza bildirib ki, Konstitusiya Qanununun, “Dil haqqında qanun”nun tələbindən irəli gələrək, KİV nümayəndələri arasında dil barəsində düzgün bilik və təsəvvür formalaşdırmaq, mediada davamlı yol verilən qüsurları aradan qaldırmaq, ölkədə dilin saflığına məsul qurumlarla birgə önləyici, təbliğati və maarifləndirci tədbirlərin təşkili layihənin əsas məqsədidir: “Layihənin əsas mahiyyəti hazırda Azərbaycan ədəbi dilinin tətbiqi zamanı mediada yol verilən qüsurlara diqqətin artırılması və qarşısının alınmasıdır. Buna görə mediada Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması üçün mütəmadi olaraq bu sahədə çalışanlarla maariflənmə işi aparılmalıdır. Azərbaycan dilinin dövlət dili kimi inkişafında və dilin təmizliyinin qorunmasında, eləcə də ədəbi dilin normalarına əməl olunmamasının, KİV-də Azərbaycan dilinin leksik və qrammatik qaydalarının pozulmasının qarşısının alınmasında ictimaiyyətin iştirakı təmin edilməlidir. Həmçinin KİV-də Azərbaycan ədəbi dili təbliğ edilməli, gənc jurnalistlərə Azərbaycan dilinin tədrisi genişləndirilməlidir”.
3 ay müddətində həyata keçiriləcək layihə çərçivəsində tələbələrə maarifləndirici dərs, eləcə də jurnalistlər üçün dəyirmi masa keçiriləcək. Bu tədbirlərdə jurnalistlərə tövsiyələr veriləcək, praktiki iş rejimində yazılarda ədəbi dil normalarına əməl olunması qaydaları haqqında danışılacaq. Bununla yanaşı, KİV-də məqalə, video və radio müsahibələrlə də təbliğati və maarifləndirici çıxışlar ediləcək.