Bütün xəbərlər
"AZƏRBAYCANIN OLİMPİYA ODİSSEYASI SUMQAYITDA"- Zemfira Meftəhəddinova
Tarix: 29-11-2019 03:09 | Bölmə: Sosial
Noyabrın 26-da Sumqayıt şəhərinin Heydər Əliyev Mərkəzində “Azərbaycanın Olimpiya Odisseyası” layihəsi çərçivəsində növbəti görüş keçirilib.
Tədbirdə çıxış edən Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov Azərbaycanda idman sahəsində əldə edilmiş nailiyyətlərdən danışıb. Sumqayıtın 70 illik yubileyi ilə əlaqədar dövlətimizin başçısı İlham Əliyevin şəhərə səfərini Sumqayıta və sumqayıtlılara verilən yüksək dəyərin göstəricisi olduğunu vurğulayan idarə rəisi şəhərin görkəmində və infrastrukturunda baş verən böyük dəyişiklikləri diqqətə çatdırıb.
Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fərman Kazımov siması gündən-günə müasirləşən və gözəlləşən şəhərdə gənclərin asudə vaxtının səmərəli təşkil edilməsi üçün yaradılmış əlverişli şərait barədə tədbir iştirakçılarına məlumat verib.
“Azərbaycan İdmançıları” İctimai Birliyinin baş katibi Fərhad Acalov çıxış edərək Azərbaycanda idmanın inkişafının böyük miqyas alması və dünyada özünəməxsus yer tutması, idmançılarımızın ölkə xaricində əldə etdiyi nailiyyətlərin, respublikamızda keçirilən beynəlxalq idman tədbirlərinin yüksək səviyyədə təşkilinin dövlətimizin müsbət imicinin möhkəmlənməsində xüsusi rolu olduğunu qeyd edib.
“Azərbaycan İdman Könüllüləri” İctimai Birliyinin sədri Miraqil Seyidzadə çıxış edərək “Olimpiya Odisseyası” layihəsi vasitəsilə gənclərdə motivasiyanın yüksəldilməsi, onlara sağlam həyat tərzinin təşviq olunması məsələlərinə toxunub. Qeyd edib ki, Prezident İlham Əliyevin Azərbaycanda idmanın inkişafı ilə bağlı apardığı siyasətin qayəsi gənclərin sağlam mənəvi və mədəni mühitdə böyüməsi ilə yanaşı, sağlam düşüncə tərzinə də malik olmasının təmin edilməsidir.
Sonra “Olimpiya Odisseyası” layihəsinin müəllifi, kinorejissor və prodüser Arzu Qulamov müstəqil Azərbaycanın ilk Olimpiya çempionu Zemfira Meftahətdinova haqqında Gənclər və İdman Nazirliyinin və Milli Olimpiya Komitəsinin dəstəyi ilə ərsəyə gəlmiş filmin çəkilişləri zamanı yaşanmış maraqlı məqamlara toxunub və iştirakçıları bu ekran əsərini izləməyə dəvət edib.
Filmin nümayişindən sonra çıxış edən Olimpiya çempionu Zemfira Meftahətdinova idman karyerası haqqında iştirakçıları maraqlandıran sualları cavablandırıb, gənclərə sağlam həyat tərzi və idmanla bağlı tövsiyələrini verib. Bununla yanaşı Z.Meftahətdinova ümummilli lider Heydər Əliyevlə görüşü ilə bağlı xatirələrini və İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra idmanın inkişafına göstərdiyi dəstəyin prezident seçildikdən sonra dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildiyini diqqətə çatdırıb.
Sabaha-inamla.Az








Baxış sayı: 722


Bölməyə aid digər xəbərlər