Bütün xəbərlər
“Dünyadakı 265 at növündən 2-si Azərbaycandadır”
Tarix: 12-07-2019 16:06 | Bölmə: Sosial
               

"Dünyada 265 at növü var, onun 2-si Azərbaycandadır. Bunlardan biri Qarabağ atı, digəri isə Dilbaz atıdır".
 Modern.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin jurnalistlər üçün təşkil etdiyi media-turda Qarabağ Atcılıq Kompleksinin direktoru Maarif Hüseynov deyib.
Kompleksin Ağdamın Eyvazxanlı kəndində atcılıq zavodunun əsasında yaradıldığını bildirən direktor hazırda burada 245 baş Qarabağ cinsindən olan at saxlanıldığını qeyd edib:
"Bunlardan 6 başı törədici ayğır, 60 başı damazlıq ana madyan , 61 başı 2019-cu ildə alınan balalardır. Qalanları isə cavan və orta yaşda olan atlardır".
M.Hüseynov ermənilərin Qarabağ atlarını ələ keçirmək üçün hücum etdiklərini xatırladıb:
"Hələ o zamanlardan ermənilər çalışırdı ki, Qarabağ atını özününküləşdirsinlər. Silahlı şəkildə bir neçə dəfə Qarabağ atını gəlib aparmaq istəyiblər. Atları Ağdamın Üçoğlan kəndində quşçuluq fermasından gizlətmişik və gəlib tapa bilməyiblər. Qarabağ atını ermənilərə verməmişik".
Kompleks direktoru onu da vurğulayıb ki, burada atlar yüksək səviyyədə saxlanılır.
"Atlarımız sərgidə iştirak etmək, cıdır düzündə çapmaq qabiliyyətinə malikdir. Atlar dünya bazarına çıxacaq səviyyədə saxlanılır".
 M.Hüseynov bildirib ki, atların qiyməti 2 min manatdan başlayaraq 10 min manata qədər artır.
"İldə 25 baş atın satışı nəzərdə tutulur. İldə 50 baş artım olur. Atlar təbii cütlüklə artırılır".
 M.Hüseynov Qarabağ atının necə seçildiyini də açıqlayıb. O bildirib ki, Qarabağ atının rəngi qızılı kürən olur, alnında qaşqası var. Qarabağ atı vəfalıdır.
"Sovetlər Birliyi zamanında atlar Moskvaya göndərilir, oradan xarici ölkələrə satılırdı. Hazırda Almaniya, İngiltərə, Fransaya at satışı nəzərdə tutulur".


Baxış sayı: 470


Bölməyə aid digər xəbərlər