Bütün xəbərlər
Heydər Əliyev heyrətləndirməyi bacaran şəxsiyyət idi
Tarix: 11-06-2019 19:32 | Bölmə: Siyasət


                                              Heydər Əliyev heyrətləndirməyi bacaran şəxsiyyət idi

İbad Hüseynli: “Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və Milli Qurtuluş Gününü yüksək əhval-ruhiyyə ilə qeyd edir” 

1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır. Biz  də bu günlər ərəfəsində  hər zaman "Mən  Heydər  Əliyevin  əsgəriyəm”  deyən Türk dünyasının qəhrəmanı İbad  Hüseynlidən müsahibə  aldıq.
 - İbad  müəllim,  Heydər  Əliyev Sizin  üçün  kimdir? - Bilirsiniz Heydər  Əliyev  mənim  üçün  deyil, Azərbaycan xalqı   üçün kimdir, soruşsanız  daha  doğru olardı. Çünki o insanın  uzaqgörənliyi, siyasi biliyi millətimiz üçün  tapıntı idi. Ulu  öndər  memar idi,  rəssam idi, sənət  adamı idi, məmur idi, əsl siyasətçi , əsl insan və əsl  lider  idi. Hər  sahənin mütəxəssisi ilə mütəxəssis  olaraq  danışırdı. Həssaslığı, diqqəti, qayğısı ilə insanları heyrətləndirməyi bacaran bir şəxsiyyət idi. Heydər Əliyev haqqında hər zaman deyiləcək, yazılacaq, amma inanın ki, yenə  də sözlər  aciz qalacaq. Onun   haqqında  söz demək üçün  düşünməyə gərək qalmır, sözlər öz-özünə yaranır.Heydər Əliyev uzun illər ərzində ölkənin bütün həyatına dərindən nüfuz etmiş və Azərbaycanın tarixində əbədi yer tutmuş böyük dövlət xadimi idi. Onun adı ölkənin müstəqilliyinin bərqərar olmasında qazandığı tarixi nailiyyətlərlə daim bağlı olacaqdır.
Mən siyasətçi deyiləm, qələm adamı deyiləm, döyüşçü, hərbçi olaraq deyirəm ki, 1990-cı illər uzaq tarix deyil ki, baş verən hadisələr bu gün hər kəsin xatirindədir. Özbaşınalıq, mənəm-mənəmlik, vəzifə  düşkünlərinin  məsuliyyətsizliyi və itirdiyimiz  Qarabağ torpaqları. Mən qısaca deyim ki, həm daxili, həm xarici  özbaşınalığın dayanma nöqtəsi oldu Heydər  Əliyev. 
Heydər  Əliyevin gözəl bir sözü var, deyirdi ki, "Müstəqilliyi    əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq ondan da  çətindir”. Bu  gün gənc və müstəqil Azərbaycan artıq  dünyamiqyaslı inkişaf etmiş dövlətlər sırasındadır. Bu, kimin  əməyinin nəticəsidir, təbii ki, Heydər Əliyevin uzaqgörən siyasətini   və onun layiqli davamçısı İlham Əliyev cənablarının fəaliyyətini qeyd etməliyik. Biz hələ 1992-ci  illərdən deyirdik  ki, ölkədəki özbaşınalığın qarşısını yalnız Heydər Əliyev siyasəti ala bilər. Əslində elə  də oldu. Biz  özümüzü  Heydər  Əliyevin əsgərləri adlandırırdıq. Bu gün də İlham Əliyevin əsgərləriyik.
 - Qurtuluş günü ərəfəsindəyik. Bu tarixi günlə bağlı  düşüncələriniz necədir? 
- Biz  ailəlikcə Heydər  Əliyevi  sevmişik. Hətta 1992-ci illərdə   video kadrlar var, hərdən baxırıq, rəhmətlik anamla,  atam danışır,  söhbət edirlər, orda  anam "Allah mənim ömrümdən kəsib  Heydər Əliyevin ömrünə calasın, gəlsəydi bu xalqı bir  tərəfə çıxarardı”  deyir. Yəni bu sözü kənddə  yaşamış, zəhmətkeş bir ana deyirdi, özü də 1992-ci illərdə. Bu illər hər kəsin  xatirindədir. 
Heydər  Əliyevin hakimiyyətə qayıdışına bir  çox daxili qüvvələr kimi, xarici qüvvələr də mane olmağa çalışırdı. Xüsusilə də   ermənilər. Ermənilərin  böyük bir  planı vardı, Kür  çayına  qədər  gəlmək. Onlar yaxşı bilirdilər ki, Heydər Əliyev kimdir. 1993-cü ildə bu gün dillər əzbərinə çevrilmiş  "Monte” əməliyyatı baş  tutdu.  Monte Melkonyan Ermənistan üçün kim olduğunu  bilirsiniz. Çünki  Qarabağın işğal edilməsində onun xüsusi rolu  var idi. Onun əsas arzularından biri də Heydər Əliyevin  hakimiyyətə qayıdışına mane olmaq idi. Amma görünür Montenin   məhvi mənim taleyimə yazıldı. Mən onu 1993-cü ildə - iyun   ayının 12-də məhv etdim. Ağdam rayonunda MTN rəisi və köməkçisi ilə əlaqələrimiz, danışıqlarımız olurdu. Həmin terrorçu  məhv ediləndən sonra nazirliyin nümayəndəsi mənimlə görüşdü   və təbrik etdi. Çünki böyük bir təhlükə aradan götürülmüşdü... Mənim üçün iyunun 15-i unudulmayan tarixdir.
1993-cü  il iyunun 15-də Heydər  Əliyev ikinci  dəfə hakimiyyətə   qayıdışı ilə  Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi. Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ildən etibarən rəsmi bayram kimi qeyd olunur.
 
- Bu gün xarici ölkələrdə "qara” qüvvələr var ki,  dövlətə-dövlətçiliyə irad  tutur, narazılıq edirlər. Bununla bağlı nə deyə bilərsiniz?
 - Mən sosial şəbəkələrdə görürəm, oxuyuram  və təəccüb  etmirəm. Bilirsiniz niyə  təəccüb etmirəm? Belə bir atalar misalı  var - "bar verən  ağac daşlanar”. Dövlətimizi-dövlətçiliyimizi  özümlə müqayisə edim. Siz şahidsiniz ki, bir neçə il davamlı olaraq mənim haqqımda "qara piar” aparıldı. Müharibədən  xəbərsiz olanlar, hansı ki, müharibə vaxtı meyit dəyişməklə  məşğul olub, vəsait əldə edənlər, döyüş  zamanı daxildə ruh düşkünlüyü yaradan, torpaqların işğalında "xüsusi  xidmətləri”  olanlar mənim döyüş yoluma, etdiyim əməliyyatlara kölgə  salmağa, məni gözdən salmağa çalışdılar. Mən hələ o zamanlar  deyirdim ki, belə naxələflərin qarşısı alınmasa, daha da  genişlənəcəklər. Amma mənə kim idi ki, qulaq asan. Hətta bir  çoxları onların şərəfsiz təbliğatına uydular, inandılar. Qarayaxma  kampaniyası ardıcıl olaraq  davam  etdi. Belələri bütün tanınmış şəxsləri gözdən salmağa  çalışırlar. Həmin insanları  sevməyənlər  üçün də bu, bir fürsətə çevrilir. - Siz  qəhrəmansınız, tanınırsınız , sevilirsiniz. Bir  çoxları Sizə  hətta  irad  tutur ki, torpaqları işğal olunmuş dövlətin qəhrəmanı olmaz. Bu  deyimə münasibətiniz  necədir? - O  sözü deyənlərə nəzər salın görün kimlərdir, torpağı qoyub  qaçanlar və müharibədə döyüşdən başqa hər işlə  məşğul olanlar.   Hələ biri yazmışdı ki, müharibəni uduzmuş dövlətin  qəhrəmanı olmaz. Deməli, o, həyatını puç edənlərdəndir, özünü  uduzmuş sayır, çünki qaçıb, gizlənib, sözü və fəaliyyəti olmayıb. Bu gün özünü tanıtmaq üçün hər yola əl  atır. Amma  mən qaçmamışam, gizlənməmişəm, uğurlu əməliyyatlarım olub, döyüşüm olub, insanlara, torpaga xeyrim dəyib. Mən niyə  susmalıyam ki? Mən özümü qalib hesab edirəm, çünki 1990-cı  ildən 1994-cü ilə qədər müharibədə dayanmadan  fəaliyyətim olub. Düşmən arxasında texnika-silah  qoymamışdım  qala. Gətirdiyimi  gətirmişdim, gətirə bilmədiyimi yararsız hala  salırdım. Erməni mənim əlimdən qan ağlayıb. Bunu general-mayor  Yaşar Aydəmirov yaxşı bilirdi, görürdü, çünki o vaxtlar o ərazidə  korpus komandiri olmuşdu. Mən özümü hər zaman qalib olaraq  gördüm və addımladım. Çox şey yazdılar,  amma mən qələm  adamı, siyasət adamı olmadığım üçün lazımı cavablar verə bilmədim. Sadəcə təəccüb etdim və düşündüm ki, gədəlik, alçaqlıq   belə olurmuş. Cavab verə biləcək yaxınlarımın, siyasəti və  qələmi olanların da "kreslosu” daha  şirin oldu, özlərini düşündülər. Mən  Qarabağda kişi kimi döyüşdüm. Mənim qanım bahasına   saxladığım səngərlərdə bu gün Azərbaycan bayrağı dalğalanır, Azərbaycan əsgərləri keşik  çəkir. 
Kim ki, döyüşməyib, kimlər ki, qorxub qaçıblar  onlar deyər  o  sözü.  Qəhrəmanlıq  necə  olmalıdır ki? Heydər Əliyevin gəldiyi  ilk bölgə  də, səngər də bizim ərazilər oldu. Mənim qiymətimi  də   o kişi verdi. Mən hər dəfə müsahibələrdə bunu deyirəm  və hər  zaman da deyəcəyəm. Heydər Əliyev məni  səngərdə, əsgərlərin   qarşısında  "Milli  Qəhrəman " elan  etdi. Amma o zamankı  Müdafiə Nazirliyinin  aparatında məndən "yanıqlı” olan biriləri  o adın  mənə rəsmən verilməsinə mane  oldu. Təbii  ki, biz  o zaman  ad  üçün, yaxud  nə üçünsə döyüşmürdük, o  üzdən  də narazılıq da  etmədik. Bizim düşüncəmiz sağlam, saf idi. Biz  torpaq   qoruyurduq. Mənim ən böyük  qazancım , istəyim də saxladığım  torpaqlar oldu.
 - Özbək şairi ŞÖVKƏT  RƏHMANIN gözəl bir şeiri var, Şahməmməd Dağlaroğlu onu məhz Sizə görə Azərbaycan dilinə tərcümə edib. Şeir  mənim çox  xoşuma  gəldi. Sanki  Sizin  üçün yazılıb. Sizi də gözdən salmağa  çalışdılar. - Onların bəziləri  heç mənim sağ olduğumu bilmirdilər. Yəni yanlış insanların yanlış  düşüncələrinin qurbanına çevrilmişdilər. Əsl kişi, əsl döyüşçü, müharibə yaşamış  insan, başqa bir döyüşçü  haqqında aşağılayıcı fikir söyləməz. Onlar  sadəcə, bədbəxt  insanlar idi. Mənə görə  özlərini  tanıtdılar. Kişidə gərək kişi sifəti olsun! Özünə hörmət edən kişi özünü alçaq addımlarla tanıtmaz. Bu, bir oyun idi, qurma idi, kiməsə lazım idi deyə etdilər. Xalqın  gözü tərəzidir. Mən Qarabağ  döyüşçüsü, Qarabağ əlili idim. Tanınmağım, diqqət mərkəzində olmağım, cəmiyyət tərəfindən sevilməyim kimlərisə narahat etdi, qorxuzdu. Böyük oyun idi, özlərinə yaraşan şəkildə də oynadılar. Oyunçuları  tanıdıq,  amma  oynadanları  tanıya  bilmədik. Çünki onlar tək mənimlə bağlı deyil ki,  müxtəlif insanların taleyində oyun qururlar.Dövlətə - dövlətçiliyə xidmət  edən tanınmış simalar bu ölkənin, bu dövlətin  simalarıdır. Onları qorumaq, müdafiə etmək lazımdır. Yeni Azərbaycanın banisi, qurucusu dediyimiz şəxsiyyət, tarixin süzgəcindən  keçmiş  insan Heydər Əliyev  haqqında  bu gün  də     elə insanlar hərdən  elə  şey deyir, yazır ki, adam baxanda sadəcə  təəssüf edir. Nə etmək olar, dünya naqislərdən xali deyil. Amma  biz qədirbilən xalqıq, millətik. Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir və  edəcək.
Kaspi.az


Baxış sayı: 709


Bölməyə aid digər xəbərlər