14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
Bütün xəbərlər
“Naxçıvan” Universitetində “Rəsul Rza-110” mövzusunda elmi-praktik konfrans keçirilib
Tarix: 30-10-2020 02:06 | Bölmə: Ədəbiyyat


“Naxçıvan” Universitetində Azərbaycan dili və ədəbiyyat kafedrasının təşkilatçılığı ilə keçirilən “Rəsul Rza-110” mövzusunda elmi-praktik konfransda Xalq şairinin yaradıcılığı barədə elmi məruzələr dinlənilib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, əvvəlcə ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan döyüşlərdə şəhid olmuş qəhrəman Vətən oğullarının və erməni faşistlərinin şəhərlərimizə, kəndlərimizə endirdikləri raket zərbələri nəticəsində qətlə yetirilmiş dinc sakinlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda çıxış edən təhsil ocağının rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva bildirib ki, XX əsr Azərbaycan şeirinin ən görkəmli nümayəndələrindən biri, Xalq şairi Rəsul Rza 1910-cu ildə Göyçayda anadan olub. 1927-1937-ci illərdə Zaqafqaziya Kommunist Universitetində, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda, Moskva Millətlər İnstitutunda və Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alıb. Rəsul Rzanın lirik-epik səpkidə yazılmış “Qızılgül olmayaydı” poeması Azərbaycan ədəbiyyatında repressiya qurbanları mövzusunda yazılmış ən dəyərli əsərlərdən biri sayılır. Poemanın mövzusu Müşfiqin həyatı və taleyindən götürülüb.
Sonra Azərbaycan dili və ədəbiyyat kafedrasının müəllimləri, professor Sədaqət Həsənovanın “Rəsul Rza və ədəbi dilimiz”, dosent Əli Həşimovun “Rəsul Rza: ömür və sənət yolu”, Zamin Babazadənin “Rəsul Rzanın yaradıcılığı tədqiqatlarda” mövzusunda çıxışları dinlənilib.
Bildirilib ki, Rəsul Rza ədəbiyyatımızın inkişafına əhəmiyyətli təsir göstərən novator şair, dilimizin dövlət dili olmasına çalışan, müstəqilliyimiz uğrunda mübarizə aparan ictimai xadim kimi səciyyələndirilir. 60-cı illərdə Rəsul Rza yaradıcılığının mövzu dairəsi əhəmiyyətli dərəcədə genişlənib, poeziyasında intellektual mənbə, analitik bədii idrak, müasir həyat hadisələrinə fəlsəfi yanaşma meyilləri xeyli güclənib. Məsələn, “Rənglər” silsiləsində XX əsr insanının mənəvi aləmi rənglərin doğurduğu assosiasiyalar vasitəsilə açılır. Müasirlik Rəsul Rzanın 70-ci illər yaradıcılığının da (“Dünən, bu gün, sabah”, “Güneylər, quzeylər”, “Üzü küləyə” kitabları) əsas mövzu olub.
Sonda Rəsul Rzanın həyat və yaradıcılığını özündə əks etdirən slayd nümayiş olunub.
 




Baxış sayı: 504


Bölməyə aid digər xəbərlər