Bütün xəbərlər
HEYDƏR ƏLİYEV – MÜSTƏQİL AZƏRBAYCAN VƏ GÜCLÜ İQTİSADİYYAT
Tarix: 03-10-2018 19:45 | Bölmə: Sosial
3 oktyabr 1993-cü il müasir müstəqillik tarixinin qürurverici səhifəsidir. Məhz həmin gündən ölkəmizin yeni iqtisadi və siyasi şərait üçün zəruri əhəmiyyətə malik həm xilaskarlıq, həm də inkişaf dövrü başlandı. Ulu öndər böyük Heydər Əliyev bu tarixdə müstəqil Azərbaycan Respublikasının prezidenti seçildi.
Ulu Tanrının xalqımıza bəxş etdiyi böyük xoşbəxtliklərdən biri də ulu öndər Heydər Əliyevin ölkəmizdə siyasi fəaliyyət göstərməsi və uğurlu strateji xəttin başladılması ilə ifadə oluna bilər. Ən mühüm iqtisadi layihələrin gerçəkləşdirilməsi, iqtisadi potensialın artırılması, müttəfiq ölkələr arasında respublikamızın ön cərgələrdə təmsil olunması, iqtisadi qüdrətin böyük göstəricilər və gerçəkliklər əsasında təminatı və digər nailiyyətlər məhz Heydər Əliyev siyasətinin İttifaq dövründə belə, dövlətimizə qazandırdığı dəyərlərdən sadəcə bir hissədir. 
Milli iqtisadi quruculuq prosesləri fonunda xalq təsərrüfatının bütün sahələrində davamlı yüksəlişin əldə olunması, bütün cəhətlərlə yanaşı sanki, ölkəmizin hazırkı müstəqillik dövrü üçün də tam hazırlanmasına hesablanmışdır. Elə təsadüfi deyil ki, bu gün dillər əzbərinə çevrilən “Ulu öndər ölkəmizin müstəqil dövlətə çevrilməsini elə keçmiş İttifaq dövründən təmin etmişdir” deyimi özünün böyük təsdiqini tapmaqdadır. Buna çoxlu əsaslarımız da var. Belə ki, dahi rəhbərin ölkəmizə başçılıq etdiyi 1969-1982-ci illərdə yüzlərlə zavod, fabrik, istehsalat sahələri yaradılmış, 213 iri sənaye müəssisəsi işə salınmışdır. Bununla da bir çox mühüm istehsal sahələrinə görə Azərbaycan keçmiş Sovet İttifaqında aparıcı yerlərdən birini tutmuşdur. Respublikamızda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. Bu illərdə istehsal olunan sənaye məhsulları öz həcminə görə əvvəlki 50 ilin iqtisadi inkişafına bərabər idi.
Dahi rəhbərin ölkəmizə başçılıq etdiyi həmin dövrlərdə nəhəng iqtisadi layihələr gerçəkləşdirilərək inkişaf edən bütün sahələrdə özünə kök saldı. Bu, çox çətin və əhəmiyyətli bir məsələ idi. Çünki həmin dövrdə bunları təmin etmək üçün keçmiş SSRİ rəhbərliyi ilə münasibətlər yüksək səviyyədə olmalı idi. Məhz bu idarəetmə mexanizmi yalnız Heydər Əliyev böyüklüyündə var idi. On beş müttəfiq respublika içərisində təkcə Azərbaycanın bu cür yüksək intibah dövrünü yaşaması bunu təsdiq edir. Məsələn, 1969-1982-ci illərdən ibarət uğurlu zaman kəsiyində ölkə iqtisadiyyatının mühüm aparıcı və böyük potensiala malik sahəsi olan sənayedə də, digər sahələrdə olduğu kimi yüksək nailiyyətlər əldə edilmişdir. Bu dövrdə sənaye məhsulları istehsalının real həcmi 2,7 dəfə artmışdır. Respublikanın sənayesi keçmiş İttifaqın bütün respublikaları arasında orta illik 7,9 faizlik artım göstəricisi ilə daha yüksək sürətlə inkişaf edirdi. 
Böyük Heydər Əliyev elə böyük bir zirvə idi. Və rəhbərliyinə aid olan bütün zamanlarda respublikamızı da həmin zirvəyə qaldırmışdır. İttifaq rəhbərliyinin Azərbaycana hədsiz diqqətini təmin edən bu dahi rəhbər özünün siyasi çevikliyi, böyük idarəetmə bacarığı, yüksək təşkilatçılıq qabiliyyəti ilə hər addımda əvəzolunmaz nailiyyətlər ərmağan edirdi. Siyasi uğurların iqtisadi tərəqqiyə çevrilməsi Onun siyasətinin ən mühüm ünsürü idi. Bu da təbii ki, iqtisadiyyatın bütün sahələrində bərabər, tarazlı, müqavimətli, müvazinətli, davamlı və dayanıqlı inkişafın əsaslarını bərqərar etməklə, Azərbaycanın iqtisadi qüdrətinin yüksək dinamika ilə artımını təmin edirdi.
Bu bir həqiqətdir ki, respublikamızı böyük Heydər Əliyevin tikdirdiyi binaları, nəqliyyat infrastrukturunu, təmin etdiyi su potensialını, ümumiyyətlə, gerçəkləşdirdiyi iri layihələrin nəticələrini təsəvvür etmədən düşünsək, onda quru bir səhra nəzərimizdə canlanmış olar. Həmin dövrlərdə məhz uzaq gələcək üçün hesablanmış tədbirlərə start verilərək respublikanın iqtisadi potensialına çox mühüm və strateji dəstək olunurdu. İnşaat sektorunun davamlı inkişafı nəhəng tikinti meydançasını təqdim etməkdə idi. Məhsuldar qüvvələrin səmərəli bölüşdürülməsi, onlardan faydalı istifadənin təmin olunması bu sahədə də uğurlu nəticələr qazandırmaqda idi. 
Hazırkı dövrdə də Prezident cənab İlham Əliyev tərəfindən çox zəruri və mühüm amil kimi önəm verilən insan amilinə qayğı da məhz 1969-1982-ci illərdən öz başlanğıcını götürmüşdür. Hər bir azərbaycanlının təhsil alması, sağlam olması, elmi səviyyəsinin, mədəni yüksəlişinin, intellektual qabiliyyətinin inkişafı, xalq, millət, dövlət üçün yararlılıq keyfiyyətlərinin daim diqqətdə saxlanılması, milli ruhun üstün tutularaq milli maraqlara xidmət olunması Heydər Əliyev siyasətinin ən vacib tərkib hissələrindəndir. Bu baxımdan da həmin illərdə tikilən 483,4 min şagird yerlik ümumtəhsil məktəbləri, 68,1 min yerlik məktəbəqədər uşaq müəssisələri, 13,5 min çarpayılıq xəstəxana, növbədə 13,7 min nəfər qəbul edən ambulatoriya-poliklinika müəssisələri iqtisadi potensialın ən yüksək zirvəsini təmin edirdi. 1982-ci ildə istifadəyə verilmiş xəstəxana çarpayılarının sayı 1969-cu illə müqayisədə 42,2 faiz, məktəbəqədər uşaq müəssisələrində yerlərin sayı isə 16,1 faiz artmışdır. Bütün bunlar isə söz yox ki, Heydər Əliyev siyasətinin, uzaqgörənliyinin xalqla, dövlətlə qırılmaz tellərlə bağlılığını bir daha təsdiq edirdi. 

Ulu öndərimizin uğurlu iqtisadi siyasətinin əsaslarından biri kimi istinad etdiyimiz insan potensialının inkişafı, təkmilləşdirilməsi və səmərəli istifadəsi meyarlarının hazırlanmasından ibarət olan siyasət hər addımda özünün uğurlu nəticələrini göstərməkdə idi. Kadr potensialının gücləndirilməsi ilə müşayiət olunan bu proses 1969-1982-ci illərdə də diqqət mərkəzində saxlanılan ən zəruri məsələ, amil idi. Həmin illərdə iqtisadiyyatın sürətli və hərtərəfli inkişafına uyğun olaraq respublikanın ali və orta ixtisas təhsili sistemi xeyli gücləndirilmişdir. Keçmiş SSRİ-nin 170 qabaqcıl ali məktəbinə 3500 azərbaycanlı gənc göndərilirdi. Bu proses çox uğurlu istiqamətdə davam edərək, hər il təhsil almaq üçün Azərbaycandan kənara 800 tələbənin yola salınması təmin edilirdi. 
Tərəddüd etmədən qeyd edə bilərik ki, hər bir ölkə özünün siyasi nailiyyətlərini yüksələn xəttlə davam etdirmək üçün iqtisadi inkişafının təminatını ana məqsədlərdən biri kimi nəzarətdə saxlayır. Yəni iqtisadi potensialın artmasını siyasi möhkəmlilik gətirən çox zəruri amillər içərisində qəbul edir. İqtisadiyyatın müxtəlif sahələrində sağlam mühitin kök salması, iqtisadi subyektlərin səmərəli fəaliyyətinin təmin olunması, etibarlı, dayanıqlı və müqavimətli proseslərə düzgün istiqamət verilərək milli iqtisadi inkişaf üçün yönləndirilməsi 1969-1982-ci illərdə on beş müttəfiq respublika içərisində Azərbaycanın etibarını daha da möhkəmlətmiş və təbii ki, bu da Heydər Əliyev siyasətinin müdrikliyinə böyük əsaslar gətirmişdir. Şübhəsiz ki, inkişaf yolu ilə gedən heç bir ölkənin iqtisadiyyatı təksahəli ola bilməz. Bu baxımdan da iqtisadiyyatının tərəqqi, yüksəliş, intibah dövrünü yaşayan Azərbaycan dahi rəhbərin siyasi fəaliyyətinin birinci mərhələsində, yəni 1969-1982-ci illərdə iqtisadiyyatın bütün sahələrində əsrə bərabər uğurlar əldə etmişdir. Məlumdur ki, Azərbaycan iqtisadiyyatında kənd təsərrüfatı mühüm yer tutur. 1969-1982-ci illərdə xalq təsərrüfatının bu aparıcı sahəsində sözün həqiqi mənasında misli görünməmiş yüksək nailiyyətlər əldə edilmişdir. Həmin illərin sosial-iqtisadi inkişaf xronikasına diqqət edərkən bunu açıq şəkildə görə bilərik. 1982-ci ildə kənd təsərrüfatının ümumi məhsulu 1969-cu illə müqayisədə 2,5 dəfə artmışdır. 1982-ci ildə 1211,3 min ton taxıl, 558,9 min ton pambıq, 1815,6 min ton üzüm, 916,7 min ton tərəvəz, 57,0 min ton tütün, 345,0 min ton meyvə və giləmeyvə istehsal olunmuşdur. 
Bu günkü Azərbaycan öz dayaqlarını, gücünü, qüdrətini, inkişaf istiqamətlərini, yüksəliş meyarlarını, tərəqqi potensialını, intibah gerçəkliyinin məğzini məhz ulu öndərimizin siyasi fəaliyyətinin 1969-1982-ci illərdəki dövründən almaqdadır. Onun ideya və siyasi xəttindən götürməkdədir. Təbii ki, bu bizə böyük stimul verir. Dövlətimizin qazandığı hər bir uğur, cənab Prezidentin həmin siyasətə olduğu qədər sadiqliyindən və dahi rəhbərimizin görmək istədiyi miqyasdakı tətbiqindən qaynaqlanır. Heydər Əliyev siyasəti hər birimizin sevinc, iftixar rəmzimizdir. Son iyirmi ildə ölkəmizin qazandığı genişmiqyaslı, bütün sahələri əhatə edən, gələcək üçün böyük ümidlər doğuran, hər kəsin gündəlik həyatında özünü göstərməklə, dövlətimizin güc və qüdrətinə çevrilən nailiyyətlər məhz dahi şəxsiyyətin uzaqgörən siyasi fəaliyyətinin bazası əsasında mümkün olmuşdur. 
Ümumiyyətlə, ulu öndər Heydər Əliyevin siyasi fəaliyyəti ölkəmizin hərtərəfli yüksəlişinə bir neçə istiqamətdə təkan olmuşdur. Məhz 1969-1982-ci illərdən başlanan həmin dəstək sonralar müstəqillik illərini də əhatə etməklə, Onun siyasi fəaliyyətinin Naxçıvan Muxtar Respublikası dövrünü və 1993-cü ildən ölkəmiz miqyasında davamından ibarətdir. Sanki, Ulu Tanrı xalqımızı ən çətin anlardan xilas etmək üçün bu tarixi şəxsiyyəti xilaskar kimi göndərmişdir. Müstəqilliyimizin ilk illərində ölkəmizin yaşadığı ağrılı-acılı günlər yalnız Heydər Əliyev siyasətinin nəticəsində sona yetdi. Uçurumun bir addımlığından qayıdaraq davamlı yüksəliş yollarında inamlı addımlarla parlaq gələcəyə doğru irəlilədi. 
Qeyd edək ki, hər bir insan öz ömrünün mənasını elinə, obasına, xalqına, dövlətinə və millətinə xidmət göstərməklə, bircə an belə sadiq olaraq xidmət etməkdə görə bilər. Böyük Heydər Əliyevin yaşadığı şərəfli ömrün mənası isə daha böyük, daha yüksək və daha qürurludur. Çünki, O, öz ömrünün nəinki bir anını, bir, on, iyirmi ilini, hətta yarım əsrə bərabər hissəsini Azərbaycan adlı dövlətimizin mövcudluğu, yaşaması və qüdrətlənməsi işinə sərf etdi. 
Danılmaz faktdır ki, ölkəmzidə siyasi sabitliyin, sağlam iqtisadiyyatın, sosial ədalətin bərqərar edilməsi yüksək milli ruhun formalaşmasına münbit zəminlər yaratmış və hər kəsin firavan həyat sürməsinə geniş imkanlar yaratmışdır. Böyük Heydər Əliyev uzaqgörən siyasi xadim idi. Bu mənada da Onun həyata keçirdiyi siyasətin xalqımıza və dövlətimizə bəxş etdiyi töhvələr illər üçün deyil, əsr üçün davam etməkdədir. Müasir dövrdə yeni iqtisadi siyasətin yüksələn dinamika ilə müəyyənləşdirilməsi 1994-cü ilin “Əsrin Müqavilə”sindən başlanmaqla, 2014-2018-ci illəri əhatə edən “Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na qədər hər bir iqtisadi uğuru özündə birləşdirmişdir. Təbii ki, bura müstəqil Azərbaycanın hərətərfli inkişafının təməl daşları kimi çıxış edəcək istənilən addım, həyata keçirilən hər cür tədbir, sosial-iqtisadi və hüquqi bazanın mövcudluğu və təkmilləşdirilməsi aiddir, daxildir. 
Ölkə başçısı cənab İlham Əliyev ümummilli liderin siyasi fəaliyyətinin birinci mərhələsini- “1993-2003-cü illər Azərbaycan üçün həlledici illər olub”, deyə şərh edir: “Məhz o illərdə dövlətçiliyimizin möhkəm təməli qoyulub. O illərdə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətlə bağlı strateji xətti müəyyən edilib. O illərdə Azərbaycan dünya birliyinə qovuşub, özünü tanıtdıra bilib. Çox ciddi islahatlar aparılıb. Bazar iqtisadiyyatı prinsipləri üstünlük təşkil edib. Azərbaycana böyük həcmdə investisiyaların cəlb olunması, məhz o illərə təsadüf edir. Müstəqil dövlətin Konstitusiyası qəbul edilib. Siyasi sistem möhkəmləndirilib, ölkəmizin uğurlu inkişafı üçün möhkəm zəmin yaradılıb”.
Beləliklə, 3 oktyabr hər birimizin şəxsi və ictimai fəaliyyətimizdə çox böyük qürurverici mahiyyət daşıyan gündür. Bu gün dünyada gedən proseslər, hadisələr və gərginliklər 3 oktyabr tarixinin qədrini bilməyimiz üçün əsasdır.
Cavadxan QASIMOV,
İqtisad üzrə fəlsəfə doktoru, dosent


Baxış sayı: 835


Bölməyə aid digər xəbərlər