23:15 / 25-01-2025
Lotereyada milyon qazandı
09:58 / 25-01-2025
Məktəb binası yanıb
Bütün xəbərlər
Zəngəzuru tanıyaq və tanıdaq!-Musa Urud
Tarix: 19-08-2022 12:50 | Bölmə: Cəmiyyət


                  (Birinci məqalə)


Zəngəzur  - adı da, özü də bizə məxsus olan diyar

    Yerin, ərazinin adı onun kimə məxsusluğu haqqında çox şey deyir.
Adları, təbii ki, insanlar verirlər və öz dillərinə, xarakterlərinə, tayfalarına, yaşadıqları yerin təbiətinə uyğun adlar düşünüb tapırlar.  Azərbaycanın ən qədim və ən şöhrətli torpaqlarından biri  olan Zəngəzurun adının mənasını da Azərbaycanın tarixi keçmişində axtarmaq lazımdır. Tarixi Zəngəzur ərazisi ayrı-ayrı dövrlərdə müxtəlif adlarla tanınıb. Bölgənin ən qədim adlarından biri Sünik olmuşdur. Sünik Albaniyanı
n dörd böyük vilayətindən biri idi. Sünik bəzi dövrlərdə müstəqil knyazlığa çevrilsə də, bəzən Atropatenanın, əksər dövrlərdə isə Albaniya dövlətinin tərkibində olmuşdur.
    Qədim dövrü araşdıran bir sıra alimlər Sünik toponimini eradan əvvəl IV minillikdə Çinin indi uyğurlar yaşayan bölgəsindən Qafqaza köç etmiş syun-na, syun-nu tayfalarının adı ilə bağlayırlar. Sünik adını "su ətrafı ərazi" kimi də yozurlar. E.ə. III minilliklərdə regionda türk mənşəli su, (suv) tayfalarının məskunlaşması həmin ərazidə türk (suv) tayfalarının yaşaması ehtimalını gücləndirir.
    Sünik adının fars variantı sayılan Sisakan adına ilk dəfə VI əsr Suriya səlnaməçisi Zaxari Ritorun əsərində rast gəlinir. Müəllif 555-ci il hadisələrini təsvir edərkən Sisakanı Ərməniyyə ilə heç bir əlaqəsi olmayan, Arran və Qurzan (Gürcüstan) kimi müstəqil ölkə kimi xarakterizə etmişdir.
    Alban tarixçisi Musa Kalankatlı "Alban tarixi" əsərində Zəngəzur ərazisini "Sisakan", "Sünik", eləcə də "Sünestan" adlandırmışdır.
Erməni "alimləri" "Zəngəzur" sözünün mənasını iki anlamda izah etməyə
çalışırlar. "Zanqe", yaxud "Zanqa" - "mağara" və "Zur" - "bərk səslənən"
Guya ki, Zəngəzurda çoxlu kahalar və mağaralar vardır və bu mağaralar çox bərk əks-səda verir.
     Əslində bu cür "izah" erməni yalanının əks-sədasından başqa bir şey deyildir. Əvvəla ona görə ki, dünyanın hansı dağlıq ərazisində mağara, yaxud kaha yoxdur, o mağara və kahalar səsə əks-səda vermir? Bəs niyə dünyanın hər hansı bir ölkəsində, eləcə də ermənilər yaşayan başqa yerlərdə böyük bir regiona "bərk səslənən mağara" adı vermirlər?
İkincisi, axı, Zəngəzurda o qədər də çox mağara yoxdur, əksinə, çoxlu sıldırım qayalı, başı qarlı dağlar, dərin dar dərələr, sıx meşələr, kollu yamaclar və çiçəkli alp çəmənlikləri vardır. Erməni alimləri isə yalnız mağaraları görüblər?!
     İzahı çox sadədir: ermənicə nə dağ, nə dərə, nə də çəmən sözləri "Zanqe", yaxud "Zanqa" kimi səslənmir.
Nisbətən abırlı erməni alimləri bir qədər həqiqətə yaxın gələrək "Zəngəzur" sözünü "Zanqe+dzor", yəni "Zəngi dərəsi" anlamında izah etməyə çalışırlar. Bu izahın birinci hissəsi həqiqətə yaxındır. Lakin erməni mənbələrində erməni mənşəli termin ("dzor" - ermənicə "dərə" deməkdir) kimi vurğulamağa cəhd göstərildiyinə baxmayaraq, əslində "Zəngəzur" toponiminin nə ermənilərə, nə də onların "dzor" sözünə heç bir dəxli yoxdur. Ermənilər özləri də heç vaxt "Zəngəzur" sözünü Zanqedzor şəklində işlətməyiblər.
     Zəngəzur sözünün ermənicəyə dəxli olmadığını daha bir fakt da sübut edir. Hazırkı Ermənistanın inzibati ərazi bölgüsündə Zəngəzur adlı ərazi yoxdur. Bu bölgəni Ermənistanda Sünik mərzi adlndırırlar.  Sovet hakimiyyəti illərində Zəngəzurun özü kimi adına da iddia edən ermənilər hazırda faktiki olaraq Zəngəzur terminindən imtina etmişlər.
     Bu toponimin "Səngi-Sur" formasında izahı da,  hər hansı bir elmi əsasa malik olmasa da, maraq doğurur. Belə ki, fars dilində "səng" - daş, qaya, ərəbcə isə "sur" sözü silsilə divar, qala mənasındadır.
Zəngəzur sözü bu anlamda başdan-başa, daşlı, qayalı yer, daşların qala divarları kimi düzüldüyü ölkə mənasını verir.
Fikrimizcə, "Zəngəzur" toponimi bu ərazilərdə yaşayan, öz igidliyi və cəngavərliyi ilə seçilən Zəngi tayfalarının adı və ərəblərin bu ərazilərə gəlişi ilə bağlıdır.
     Ərəbcə "sur" daş-divar, qala, bürc deməkdir. Bu Bölgənin çox döyüşkən və azadlıq sevən əhalisi ərəblərə qarşı axıradək mübarizə aparmış, şübhəsiz ki, bu illərdə onlarca qalalar, istehkamlar tikərək, eləcə də, bu yerlərə xas olan təbii istehkamlardan düşmənə qarşı mübarizə vasitəsi kimi istifadə etmişlər.
     Ömrünün sonunadək ərəb xilafətinə qarşı ardıcıl, amansız mübarizə aparmış Babəkin Bəzz qalası yeniləndən sonra Darvazatəpə dağında yerləşən Şəki qalasına gəlməsi və məhz Zəngəzurdakı Şəki qalasının hakimi Saklı Sumbat tərəfindən tutularaq ərəblərə təslim olunması epizodu da bu ərazilərin o dövrdə geniş döyüş meydanı olduğunu və Zəngəzurun ən sonda, həm də Sumbat kimilərin xəyanəti nəticəsində yenildiyini təsdiq edən tarixi faktlardır.
     Məlum olduğu kimi, Zəngi tayfaları tarixdə görkəmli qoşun başçıları və dövlət xadimləri ilə məşhur olan bir türk boyudur. Zəngi tayfalarının ən qədim yaşayış məskənlərindən biri Cənubi Azərbaycandakı Zəncan şəhəridir. Bu şəhərin adını farslar "Zənqən" ("ən" farsca çoxluq bildirən şəkilçidir.) kimi tələffüz edirlər. Ərəblərin bu ərazilərə gəlişi ilə bağlı "q" səsinin "c" səsi ilə əvəzlənməsi nəticəsində yazılı mənbələrdə şəhərin adı Zəncan kimi qeyd olunmağa başladı.
    Zəngi tayfalarının ana vətəni Orta Asiya, daha konkret desək, indiki Özbəkistan əraziləridir. Zəngi tirəsi hal-hazırda da Özbəkistanda yaşayır və burada zəngi adı ilə bağlı çoxlu toponimlər indi də qalmaqdadır (Zəngi, Zəngitəpə, Zəngərik və s.).
     Zəngilər bizim eranın əvvəllərində daha geniş areala səpələnməyə başladılar. Qazaxıstana, Əfqanıstana, İrana və Qafqaza gələn zəngilər məskunlaşdıqları yerlərdə öz adları ilə bağlı şəhərlər, kəndlər salmağa, öz adlarını çaylara, dağlara, dərələrə verməyə başladılar.
     Zəncan və Zəngəzur adından savayı, zəngilərlə bağlı onlarca toponim saymaq olar: Türkiyədə - Ərzincan, Gürcüstanda - Zəngişamlı, Zəngənə, Azərbaycanda - Zəngilan, Zəngəran (Yardımlı rayonu), Zəngənə
(Sabirabad rayonu), Zəngişalı (Ağdam rayonu), Zəngidərə çayı (Qobustan rayonu), Zəngi çayı (Ismayıllı rayonu), Irəvan mahalında - Zəngibasar, Zəngilər, Zəngili, Zəngi çayı kimi "zəngi" komponenti ilə bağlı toponimlərin olması bu toponimin məhz geniş arealda yaşamış, bir yerdən başqa yerə köçmüş böyük və qüdrətli bir tayfanın adı ilə bağlılığından xəbər verir.
Tarixdən məlumdur ki, Zəngi tayfaları orta əsr Azərbaycan Atabəylər dövlətində yuxarı zümrədə təmsil olunmuş, sonra isə Səfəvilər dövlətinin yaranmasında və inkişafında yaxından iştirak etmişlər. Məhz zəngilərin indiki Zəngəzur ərazilərinə köçü də Atabəylər dövründə başlamış, Səfəvilərin hərbi yürüşlərində isə daha da güclənmişdir.
     Şah İsmayıl Xətainin yaratdığı qüdrətli Səfəvilər səltənətinin təkamülündə və güclənməsində qayı oğuzların bir boyu olan, igidliyi və cəsurluğu ilə seçilən zəngi tayfalarının böyük rolu olmuşdur.
     Orta əsr tarixi mənbələrinin ("Kitabi-Dədə Qorqud" (VII əsr) Mahmud Qaşğari (Divani Lüğəti-it-Türk (XI əsr)), Rəşid əd Din (Oğuznamə (XIV əsr), Əbdülqazi (Şəcəreyi-Tərakimə (XVII əsr) şəhadətinə görə oğuzlar 24 tayfaya bölünür ki, onların da ən məşhurlarından biri qayı (kayıq) boyudur.
     Qayı türklərinin məşhur qəbilələri bunlardır: Qacar, avşar, zülqədər, zəngənə, çoban, baharlı, padar, ustaclı, lək, xəlilli, sorsor, şəfəq və s. Bu qəbilələrin bir çoxu Səfəvilər dövlətinin yaranmasında yaxından iştirak etmiş, qəbilə başçıları isə qızılbaşların hərbi və inzibati rəhbərliyində geniş təmsil olunmuşlar.
     A.A.Bakıxanov zəngənə, xəlilli, ustaclı, qacar, kəngərli, xələc, qaramanlı, çıraqlı, təkəli, şamlı tayfalannın adlarını çəkmiş, onların türk tayfaları olduğunu və Azərbaycanın müxtəlif bölgələrində məskunlaşdığını göstərmişdir.
     Məhz Azərbaycan Atabəylər dövlətinin və daha sonra Səfəvilər xanədanının dövründə İrəvan, Çuxursəd, Ərzincan, Sisakan ərazilərində zəngənə oğuzlarının ictimai-siyasi fəallığının yüksəlməsi müşahidə edilməyə başladı. Bu dövrdən etibarən "zəngi(ə)" kökü ilə bağlı müxtəlif toponimlər və oronimlər bu arealda yayılmağa başladı.
     Babək Xürrəmdinin ərəb xilafəti ilə mübarizəsi illərindən ərəblərə yaxşı tanış olan Sisakan mahalı, bu ərazinin dağlıq, qayalıq, təbii qala, divarı xatırladan silsilə daşlardan ibarət landşaftı ərəb səyyahlarının və alimlərinin diqqətində müdafiə istehkamı-qala kimi qalmışdır.
Eyni zamanda yaşayış məntəqələrinin demək olar ki, hamısı qalalar şəklində tikildiyindən zəngi tayfalarının geniş arealda yayıldıqları bu dağlıq ərazini ərəb səyyahları Zəngisur - zəngilərin qalası adlandırmaqda tamamilə haqlı idilər. Sur, sür sözü (eləcə də sürü, sürəkli, sürüşmək sözlərinin kökündəki "sür") ərəb dilində silsilə divar, daş hasar, qala mənasını daşıyır.
     Kiçik Qafqaz sıra dağlarının davamı və ən hündür dağ silsiləsi sayılan, daş zəncir kimi ta Qarabağ yaylasına qədər uzanan, dar dərələri, keçilməz yamacları, qorxunc sıldırımları, sərt qayaları ilə təbii bir istehkamı, qala divarlarını xatırladan, Zəngi türklərinin at oynatdığı bu dağlıq mahalın Zəngəzur adlandırılması həm tarixi-coğrafi, həm etnoqrafik, həm də məntiqi mənada tamamilə doğrudur.
     Məlum olduğu kimi, "Zəngəzur" termini bir toponim kimi yazılı mənbələrdə XIV əsrdən məlumdur. Bu dövrdə isə təkcə Zəngəzurda deyil, eləcə də bütün Qafqazda qüdrətli türk-müsəlman ruhu hakim idi.
Zəngəzur ərazisində xeyli sayda sur (zür) topomorfantı ilə bitən digər toponimlərin də olması və bu kəndlərin demək olar ki, hamısının dağlarda və sıldırım qayalıqlarda yerləşməsi (Təkəzür, Ərcəzür, Gecəzür, Dərməzür, Astazur, Əynəzur, Goranzur və s.) faktı da Zəngəzur adının məhz dərə ilə deyil, dağla, divarla, qala ilə bağlılığını bir daha sübut edir.
     Bütün tarixi mübarizələrlə, yerli və gəlmə hakimlərin ağalıq iddialarından yaranan irili-xırdalı döyüş səhnələri ilə zəngin olan dağlıq bir ərazidə yaşayış məntəqələrinin dərədə deyil, dağlarda, özü də təbii istehkamlara yaxın yerlərdə salınması məqsədə uyğun idi və yuxarıda adlarını sadaladığımız kəndlərin  hamısı belə bir landşaftı olan ərazidədir.
Digər tərəfdən, Zəngəzurun təbiəti - qarlı, sərt şaxtalı qışı və kifayət qədər günəşli yayı tələb edir ki, yaşayış məntəqələri dərədə deyil, dağ döşündə, qar uçqunu basmayan, sel, tufan tutmayan yerlərdə, digər kəndlərlə nəqliyat, səs və görüntü əlaqəsi yaratmaq üçün həyati və
strateji baxımdan əlverişli olan yerlərdə salınsın.
    Zəngəzurun adı da, özü də bizə məxsusdur. Min illər öncə bizim ulu babalarımız bu torpaqları əkib-becərmiş, abadlaşdırmış, kəndlər, şəhərlər şalmış, Vətən etmişlər. Son yüzillikdəki qısa fasilələr istisna olmaqla bu torpaqlarda həmişə bizim xalqımız yaşamış və hökm etmişdir.
Sovet hökuməti trəfindən Zəngəzura qarşı törədilmiş qəsd və tarixi ədalətsizlik həmdə Azərbaycanın və türk coğrafiyasının ərazi bütövlüyünü pozmuşdur.
   ...Cənab Ali Baş Komandan İlham Əliyevin iradəsi ilə  tarixi geri dönüş, ədalətin bərpası zamanı başlamışdır.
    ...İndi dünya sularında üzərində cənab İlham Əliyevin imzası olan "Zəngəzur" tankeri üzməkdədir.
    ...İndi  Şərqi Zəngəzur iqtisadi rayonu sürətlə qurulmaqdadır, Zəngəzur dəhlizinin açılması və coğrafi cəhətdən əlaqəsi kəsilmiş böyük türk dünyasının bütövlüyünün bərpası tarxin reallığına çevrilməkdədir.
...Bakıdan çıxan sürət qatarının Zəngəzurdan keçərək Naxçıvana və Qarsa gedəcəyi gün o qədər də uzaqda deyildir!
    ...Biz Şərqi Zəngəzura qayıtmışıq!
    ...Qərbi Zəngəzura da gedəcəyik. Hansı gün və hansı nəqliyyat vasitəsi ilə gedəcəyimizi isə Ali Baş Komandan söyləyəcəkdir!
     Zəngəzur Azərbaycandır!
    MUSA URUD, Millət Vəkili



                  (İkinci məqalə)

İndiki Ermənistan Respublikasının toponimlərinin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Onlar müxtəlif vaxtlarda bu toponimləri dəyişdiriblər

İlham Əliyev, Azərbaycan Respublikasının prezidenti

Zəngəzurda türk mənşəli toponimlər

     Cənubu Qafqazən ən qədim yaşayış məskənlərindən biri Zəngəzurun toponimlərinin 90%-dən çoxu türk-müsəlman mənşəlidir.
Bölgədəki ən qədim yaşayış məntəqələrinin adları hələ Qafqaz Albaniyasının ilk təşəkkül dövründən burada yaşayan türkmənşəli tayfalarla - prototürklərlə bağlıdır. Zəngəzurdakı Qafan, Qoroz qalası, Sisakan, Şəki, Aqvanna, Aqvani, Hot, Şələt kimi yer adları qədim türklərlə birbaşa bağlı olan toponimlərdir.
    Sisakana (eləcə də bütövlükdə Kür - Araz arasına) bu yerlərdə uzun illər bundan öncə həmişəlik möhkəmlənmiş, bu gün də mövcud olan əksər tayfa və törəmələrin (etnosun) təşəkkülündə əhəmiyyətli rol oynayan prototürklərin - sakların və kimmerlərin gəlişi bizim eradan əvvəl VII əsrə təsadüf edir.
     2700 il əvvəl Qara dənizin şimal sahillərindən Cənubi Qafqaza, Ön və Cənubi Asiyaya gələn kimmerlər və saklar burada möhkəmlənərək (digər tayfalarla birlikdə) azərbaycanlı-türk etnosunun formalaşmasında mühüm rol oynayıblar.
     Sakların böyük bir qolu olan Si saklar Qafqaz Albaniyasının Göyçə gölündən Qarabağ yaylasına qədər olan ərazilərində, digər qolu olan Ər saklar isə dağətəyi və düzən bölgədə, indiki Qarabağ ərazisində, Mil və Muğan düzlərində yerləşdilər.
     Saklar və kimmerlərlə bağlı yer-yurd adları Zəngəzurda kifayət qədərdir. Sisyan rayonunda Sisyan, (eləcə də bölgənin qədim adı olan Sisakan termini) Şəki, Şükər, Püsək, Gomur, Qafan rayonunda Gomaran yaşayış məntəqələri məhz sak və kimmerlərlə bağlı tarixi sirləri indiyədək gizləyib saxlamış milli-mənəvi dəyərlərimizdəndir.
     Zonadakı hunlarla bağlı olan toponimlər eranın əvvəllərində Cənubi Qafqaza gəlmiş hunların bölgədə məskunlaşması nəticəsində yaranmışdır. Zəngəzurda hun adı ilə bağllı Hünüt (Qafan r-nu), Xunzirək (Gorus r-nu), Qundanlı (Qubadlı r-nu), hunların quşçu tayfasının adını daşıyan Quşçu (Laçında və Sisyanda), Quşçulu (Qubadlı r-nu) kimi toponimlər bu zonanın aborigen sakinlərinin bir başqası deyil, məhz türk xalqları olduğunu sübut edən inkaredilməz dəlillərdir.
     Qafqazda eradan əvvəl ikinci əsrdən məskunlaşmağa başlayan türkmənşəli bulqarların izləri Zəngəzurda son vaxtlara qədər qalmaqdadır. Bulqarların Qazan tayfasının adını özündə əks etdirən Qazan dağı, Qazan gölü, Qazançı kəndləri bu ərazilərdə türklərin məskunlaşmasının iki min ildən çox tarixə malik olduğunu göstərən dəlillərdir.
     Eranın əvvəllərindən başlayaraq (193-213-cü illər) Qafqaz Albanıyasına nüfuz edən türkdilli xəzərlər də Zəngəzurda öz izlərini qoymuşlar. Xəzərlərin kulas, belencər, tarna tayfalarının adı ilə toponimlər Zəngəzurda bu gün də yaşamaqdadır: Ulaşlı kəndi (Qubadlı r-nu), Nüvədi kəndinin Tətnəvit yaylağı (Meğri r-nu), Beləncər dağı (Zəngilan r-nu).
Zonada digər böyük türk tayfalarının (peçeneq, suvar, sofulu, saral, yaycı, qiqili) adlarını daşıyan Qafan (kapan), Piçənis, Sofulu, Sarallı, Gığı, Göyərcik, Suvarlı, Yaycı və s. yaşayış məntəqələrinin olması da buranın aborigen əhalisinin məhz Azərbaycan türklərinin olduğunu sübut edən danılmaz tarixi faktlardır.
     Tarixdən məlumdur ki, Zəngəzurun ərazisi qədim oğuzların məskənidir. Qalın İç Oğuz tayfaları bu dağlarda məskən salmış, yaşamış, mübarizə aparmışdır. Bütün türk xalqlannın qəhrəmanlıq eposu sayılan “Kitabi Dədə Qorqud”dakı hadisələrin çoxu bu ərazilərdə baş vermiş və tarixin daş yaddaşında, insanların qan və gen yaddaşında bu günə qədər öz əks-sədasını qoruyub saxlamışdır.
    Kitabi Dədə Qorqud kitabında mənfi personaj kimi verilən Şöklü Məlik də özgə birisi deyil, Salur Qazan xanla bir kökdən olan xristianlığı qəbul etmiş qıpçaq - Şəkili, Saklı Məlikdir. Şöklü (saklı) Məliyin kafir kimi verilməsi də başa düşüləndir. Məlum olduğu kimi, xristianlıq III əsrin sonlarında Qafqazda yayılmağa başlamış, IV-V əsrlərdə isə Zəngəzura (Sünikə) gəlib çıxmış, lakin burada yaşayan əhali tərəfindən o qədər də həvəslə qarşılanmamışdır.
    Albaniya əhalisinin bir hissəsi (Şöklü Məlik, Saklı Sumbat) xristianlığı qəbul etmiş, Bizansın maddi, siyasi və hərbi dəstəyini qazanaraq regionda hökmran mövqe tutmağa nail olmuşlar. Xristianlığı qəbul etməyən tayfalar isə VII və VIII əsrlərdə islamı qəbul edərək tədricən müsəlmanlaşmış, öz xristian yurddaşlarını münaqişə zamanı «kafir», sülh, əmin-amanlıq dövründə isə «din ayrı qardaş» adlandırmağa başlamışlar.
Zəngəzurda oğuzların bayandur, qayı, xələc, çəpni tayfaları, xüsusilə qayı türklərin qacar, baharlı, zəngənə, zülqədər, padar, çoban qəbilələrinin adı ilə bağlı yüzlərlə toponim (Bayandur- Gorus rayonunda kənd, Laçında çay, Qayalı və Babalı Qayalı kəndləri- Qubadlı rayonu, Xələc kəndi- Qafan və Qubadlı rayonları, Çəpni kəndi - Qafan rayonu, Avsarlu kəndi - Qafan rayonu) vardır. Sisyan, Qafan və Zəngilan rayonlarının da bir neçə Baharlı kəndinin olmasını məhz eyni adlı tayfanın bu ərazidə geniş yayılması ilə izah etmək mümkündür.
     Qafan rayonundakı Qacaran, Avşarlı, Çəpni, Çullu, Xələc, Çobanlı, Dərzili; Gorus rayonundakı Bayandur, Yaycı; Sisyan rayonundakı Baharlı, Uz, Murxuz, Burcalar Dərzili, Zabazadur; Qubadlı rayonundakı Xələc, Padar, Dondarlı; Zəngilan rayonundakı Baharlı, Bürünlü, Ördəkli kəndlərinin adları məhz 24 oğuz tayfaları ilə əlaqədar olan topomorfantlardır.
    Zəngəzurdakı yer-yurd adlarının bəziləri islamla bağlı və ərəb-fars mənşəli adlardır: Şıxlar, Mollalı, Müsəlləm, Pirdovdan, Səncərli, Şəhərcik, Ərəbxana, Şam, Şamsız, Məzrə, Məliklər və s. Zəngəzurdakı bəzi yaşayış məntəqələrinin tarixi isə çox qədimdir. Eramızın əvvəllərində, hətta, müasir eradan qabaqkı minilliklərdə mövcud olmuş və öz tarixi keçmişini və mənsubluğunu adında yaşadan Urud, Vağudi, Ağudi, Dovrus, Şurnuxu, Şabadin, Qurdqalaq və s. kimi toponimlərin izahını vermək xeyli çətindir.
Zəngəzur ərazisindəki hidronimlərin də demək olar ki, hamısı (Bazarçay, Bərguşad, Oxçu çayı, Çaundur çayı, Oxdar çayı, Bəsitçay, Əyri çay, Dəli çay, Padarçay, Qazangöl, Qaragöl və s. ) azərbaycan dilindədir.
Ümumiyyətlə, demək olar ki, apardığımız ətraflı tarixi, etnoqrafik, linqvistik, toponomik tədqiqatlar tam qətiyyətlə deməyə əsas verir ki, bir neçə kəndi çıxmaqla, Zəngəzurda erməni mənşəli heç bir topomorfant yoxdur.
    Təəssüflər olsun ki, XX əsrdə ermənilər tərəfindən torpaqlarımızın işğalı, xalqımıza qarşı törədilən etnik təmizləmə və soyqırımı cinayətləri toponimlərimizdən də yan keçməmişdir. İyirminci əsrin əvvəllərinə aid olan xəritələrdə bütün yer adları azərbaycan türkcəsində olduğu halda, 1930- cu illərdən başlayaraq bir neçə mərhələdə (1937-40, 1956, 1968, 1991) Qərbi Azərbaycandakı, o cümlədən Qərbi Zəngəzurdakı bütün toponimlər dəyişdirildi, erməniləşdirildi. Bu azmış kimi ermənilər işğal illərində Şərqi Zəngəzurdakı və Qarabağdakı toponimləri də dəyişdirməyə cəhd göstərdilər.

...Tarixin estetikası zorakı müdaxiləni qəbil etmir...
...Özünün olmayanı zorla özününküləşdirə bilməzsən!
...İmperiyalar həm də buna görə dağılır!
...Tarix hər şeyi öz yerinə qoyur!


     Qəhrəman xalqımızın 44 günlük Zəfər Savaşından sonra ədalət bərpa olundu, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında yenilməz Ordumuz, torpaqlarımızı işğaldan azad etdi.
Qarabağa və Şərqi Zəngəzura geri dönüş başlamışdır.
Yolumuz Qərbi Zəngəzura və Bütöv Azərbaycana doğrudur!
Tanrı yolumuzu həmişə açıq eləsin!
Zəngəzur Azərbaycandır!

Musa Urud, Millət vəkili



                  (Üçüncü məqalə)


Zəngəzurun tarixi - coğrafiyası

Zəngəzurun şərqində də,qərbində də əsrlər boyu azərbaycan
xalqı yaşayıb.

İlham Əliyev

    XX əsrin əvvəllərində təxminən 7.892 kv. km ərazini əhatə edən
və sonralar Qafan, Qubadlı, Laçın, Meğri, Gorus, Sisyan və Zəngilan rayonlarına ayrılan Azərbaycanın Zəngəzur bölgəsi dağlıq ərazidir.
Bölgənin tarixi-coğrafiyasından danışarkən qeyd etmək lazımdır ki, Zəngəzur termini yazılı mənbələrdə XIV əsrdən coğrafi ərazi vahidi kimi qeyd olunur.
    Erkən orta əsrlərdə Zəngəzur Qafqaz Albaniyasının Sünik (Sisakan, Sisəcan) vilayətinin bir hissəsini təşkil etmişdir.
VII əsrin ikinci yarısında Albaniya dövləti ərəblər
tərəfindən işğal olunur. Albaniya Arran, Sunik vilayəti isə Sisəcan (Sisakan) adlandırılır.
    Ərəb xilafətinin zəifləməsi dövründə isə Albaniya ərazisində xırda Azərbaycan feodal dövlətlərinin yaranır. IX əsrdə yaranmış Dəbil əmirliyi Zəngəzur da daxil olmaqla Sisakan vilayətinin bütün ərazisini əhatə edirdi.
Məhəmməd bin Əbu-s-Sacın dövründən başlayaraq Dəbilə Sacilər, Salariər,
Şəddadilər və digər Azərbaycan hökmdarlarının nəsillərindən olan əmirlər
hakim idilər.
     1130-cu ildə Bitlis əmiri Kurt Dəbili ələ keçirsə də, Şəmsəddin Eldəniz 1146-1147-ci ildə Şimali Azərbaycanla birlikdə Dəbil əmirliyini də özünün Arrandakı mülklərinə birləşdirir. Dəbil əmirliyinin tərkibinə Naxçıvan, Dəbil və Zəngəzur daxil idi.
    Monqolların ağalığı dövründə Zəngəzur Azərbaycan vilayətinin Naxçıvan
tüməninin tərkibinə daxil idi. Belə vəziyyət Qaraqoyunlu və Ağqoyunlu
dövrlərində, habelə ilk səfəvilər dövründə davam etmişdir.
Son orta əsrlərdə Zəngəzurun böyük hissəsi Azərbaycanın Qapanat və      Naxçıvan əyalətlərinin tərkibinə daxil edilir.
     Qapanat Zəngəzurun Bərgüşad silsiləsinə qədər olan cənub hissəsini əhatə edirdi. Sisyan isə Naxçıvan əyalətinə daxil idi.
      Zəngəzurun Gorus və Keştağ (indiki Laçın rayonunun ərazisi) mahalları isə Qarabağ vilayətinin bir hissəsi idi.
    1578-1590-cı illər Osmanlı-Səfəvi müharibəsi zamanı Azərbaycanın böyük hissəsini ələ keçirən osmanlılar Naxçıvan əyalətini Sisyan və Qapanat mahalları ilə birlikdə Azərbaycan vilayətinin tərkibindən çıxarıb, Çuxursəd vilayətinin tərkibinə keçirdilər. Qapanat mahalı Bərgüşad və Urud livalarına bölündü.
     Qapanat və Zəngəzur əraziləri Çuxursədin Bayazid və Alaşkert vilayətləri ilə birlikdə ayrıca Bayazid livasını təşkil etdilər. Keştağ və Həkəri mahalları Qarabağ (Gəncə) əyalətinin tərkibinə daxil idi .
    I Şah Abbas XVIII əsrin əvvəllərində Azərbaycan torpaqlarını geri aldıqdan sonra Naxçıvan, Qapanat və Bərgüşadı yenidən Azərbaycan vilayətinin tərkibinə daxil etdi. Bazarçay nahiyəsi Sisyana birləşdirildi. Ancaq, XVII əsrin 30-cu illərinin sonuna yaxın Naxçıvan və Sisyan mahalları Çuxursəd bəylərbəyinin tərkibinə qatıldı.
     Məlumdur ki, Səfəvi dövlətinin dağılma mərhələsinə qədəm qoymasından istifadə edən osmanlılar XVIII əsrin 20-ci illərində yenidən Azərbaycanın çox hissəsini ələ keçirmişdilər. Osmanlı hakimiyyəti dövründə Zəngəzur torpaqlarının bir hissəsi – Sisyan və Meğri Çuxursəd vilayətinə, Bərgüşad, Həkəri, Çavundur nahiyyələri Gəncə- Qarabağ əyalətinin tərkibində aid edildi.
    Nadir şah yenidən bütün Zənəzur ərazilərini osmanlılardan geri aldı və öz imperiyasının tərkibinə daxil etdi.
    1747-ci il iyunun 19-dan 20-nə keçən gecə Nadir şah sui-qəsd nəticəsində öldürüldükdən və onun imperiyası çoxsaylı xırda dövlətlərə – xanlıqlara parçalandıqdan sonra Zəngəzurun Qapanat ərazisini Təbriz və Qaradağ xanları öz aralarında bölüşdürdülər. Qapan, Zəngəzur və Bərgüşad Təbriz xanına, Mehri, Güney və Çavundur Qaradağ xanına çatdı.
Lakin, 1750-ci illərdə Pənahəli xan Qarabağlı Mehri və Güney mahallarını Qaradağ xanının əlindən, Tatev və Sisyan mahallarını Naxçıvan xanının əlindən, Zəngəzur və Qapanı isə Təbriz xanının əlindən aldı. Beləliklə, bir neçə əsr əvvəl olduğu kimi, Zəngəzur yenidən bir inzibati vahidin tərkibində birləşdirildi.
     1822-ci ildə ruslar Qarabağ xanlığını ləğv edib, onu Müsəlman əyalətləri hərbi dairəsinin tərkibində bir əyalətə çevirdikdən sonra, 1830-cu illərin əvvəllərində bu əyalətin tərkibində 9 minbaşılığı birləşdirən iri Zəngəzur mahalı təşkil olundu. Bunlar keçmiş Sisyan, Tatev, Zəngəzur, Qaraçorlu, Püsyan, Bərgüşad, Qapan, Meğri-Güney və Çavundur (Çuldur) mahalları idi.
    Zəngəzurun ərazisi XIX əsrin 50-ci illərinə qədər Şamaxı quberniyasının,60-cı illərdə isə Bakı və Irəvan quberniyalarının tabeliyində olmuşdur.
    Cənubi Qafqazda yeni inzibati-ərazi bölgüsünü müəyyənləşdirən layihəyə uyğun olaraq, 1868-ci ilin 25 fevralında Bakı, İrəvan və Tiflis quberniyalarının bir hissəsi hesabına yeni bir quberniya - Yelizavetpol (Gəncə)quberniyası yaradıldı. Bakı quberniyasının Şuşa qəzasından və İrəvan quberniyasının Ordubad qəzasından ayrılan hissələr hesabına indiyə qədər haqqında danışılan Zəngəzur qəzası mərkəzi Gorus şəhəri olmaqla inzibati, məhkəmə, ərazi vahidi olaraq formalaşdırıldı və Gəncə quberniyasının tərkibinə qatıldı.
    Gəncə (Yelizavetpol) quberniyasının ən böyük qəzalarından biri
olan Zəngəzur qəzasının ərazisi 137 kv.mil təşkil edirdi.
Zəngəzur qəzası şərqdən və şimal-şərqdən Cəbrayıl və Şuşa qəzaları ilə, şimaldan Cavanşir qəzası ilə, qərbdən və cənub-qərbdən İrəvan quberniyasının Şərur- Dərələyəz və Naxçıvan qəzaları ilə, cənubdan və cənub-şərqdən isə Araz çayı boyunca İranla həmsərhəd idi.
     Şuşa qəzası ilə Zəngəzur qəzasının sərhəddini dəniz səviyyəsindən 7-9,5 min fut hündürlüyündə dağ və yaylalar silsiləsi müəyyən edir ki, onlardan ən əhəmiyyətliləri bunlardır: Kirs dağı, Sağsağan silsiləsi, Sarıbaba dağı, Qırxqız yaylası və s.

     Şərur-Dərələyəz və Naxçıvan qəzalarını Zəngəzur qəzasından ayıran dağ və yaylalar silsiləsi bunlardır: Qısırdağ, Kəbirli, Ağdaban, Salvartı, İşıqlı, Ərəzin, Dəvəboynu, Qapıcıq, Alagöz.
Alagözdən Kirs dağına qədər uzanan silsilə dağlar və yaylalar Zəngəzur
silsiləsini təşkil edir.
    Zəngəzur silsiləsi Arpa çayından Araz çayı boyunca meridianal istiqamətdə uzanaraq 130 km-lik bir məsafəni tutur. Silsilənin ən hündür zirvəsi dəniz səviyyəsindən 3904 m. yüksəkdə qərar tutan Qapıcıq dağıdır.
...Zəngəzurun sonrakı taleyi də çox keşməkeşli və faciəli olmuşdur. 1918-ci ildə Azərbaycan Demokratik Respublkası quruldu və Zəngzur qəzası bütövlükdə müstəqil Azərbaycan dövlətinin ərazisi olaraq tanındı.
    1918-20-ci illər Zəngəzur əhalisi dəhşətli qırğınlar, talanlar və soyqirimi ilə üzləşdi. Erməni vandalizmi nəticəsində Zəngəzurdakı 115 müsəlman kəndinin hamısı dağıdılıb yandırıldı, 10068 nəfər qətlə yetirildi. 50 min azərbaycanlı qaçqın düşdü. Qaçqıların yarıdan çoxu isə o illərdə Zəngəzurda və Qarabağda yayılmış dəhşətli taun epidemiyası səbəbindən öldü.
    1920-ci ilin aprelində Azərbaycanda, noyabrında isə Ermənistanda
sovetləşmə həyata keçirdikdən sonra Rusiya ərazilərin yenidən bölgüsünü həyata keçirdi. Moskvanın təzyiqi ilə Azərbaycan SSR AK(b)P-nin siyasi və təşkilat bürosunun 30 noybr 1920-ci il tarixli qərarı ilə Zəngəzurun qərb yarısını Ermənistan SSR-ə güzəştə getdi.
    Azərbaycan SSR-in tərkibində qalan Zəngəzurun Şərq hissəsi Qubadlı qəzasına çevrildi. Ermənilərə verilən hissədə isə Zəngəzur və Meğri qəzaları təşkil olundu.
     1930-cu ildə rayonların yaradılması ilə Zəngəzurun Azərbaycanda qalan hissəsində Zəngilan, Qubadlı və Laçın rayonları, Ermənistandan keçən hissədə isə Meğri, Qafan, Gorus və Sisyan rayonları təşkil edildi.
...Tarixi xronologiyadan göründüyü kimi 1920-ci ilə qədər Zəngəzurda erməni idarəçiliyinin izi-tozu belə olmamışdır!
    1988-93-cü illərdə Zəngəzur ərazisi bütövlükdə erməni işğalına məruz qaldı.
    ...Tarixi dəyişmək bizdən asılı deyil, yalnız idarə edə bilərik və idarə edirik.
     ...Amma coğrafiyanı biz dəyişirik !
     ...44 günlük zəfər savaşında qəhrəman oğullarımız Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad etdi.
    ...Şərqi Zəngəzur İqtisadi rayonunu artıq yaratmışıq!
     ...Şərqi Zəngəzur varsa, deməli Qərbi Zəngəzur da vardır!
    Zəngəzur Azərbaycandır!

Musa Urud, Millət vəkili






Baxış sayı: 800


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb