Bütün xəbərlər
Bakıda IV İndoneziya mədəniyyəti festivalının açılışı olub
Tarix: 12-09-2019 11:54 | Bölmə: Reportaj

Əbülfəs Qarayev:"Bu festival İndoneziya və Azərbaycan arasında mövcud olan çox güclü əməkdaşlıq və dostluq münasibətlərinin məntiqi davamıdır"

Sentyabrın 11-də Heydər Əliyev Sarayında İndoneziyanın Azərbaycandakı səfirliyinin təşəbbüsü və Azərbaycanın Mədəniyyət Nazirliyinin dəstəyi ilə IV İndoneziya mədəniyyəti festivalının açılışı olub.
Öncə tədbir iştirakçıları sarayın foyesində İndoneziyanmı milli mədəniyyətini əks etdirən sərgi ilə tanış olublar.
İndoneziyanın ölkəmizdəki səfiri Hüsnan Bəy Fənani çıxışında Azərbaycan ilə İndoneziya arasında mövcud olan mədəni əlaqələrdən danışıb: “Hər iki ölkə tolerantlıq və həmrəyliyin inkişafının vacibliyini anlayır. Müxtəliflik bizi zənginləşdirir. Əminəm ki, festival ölkələrimiz arasında əməkdaşlığın möhkəmləndirilməsi naminə güclərini birləşdirilməsində körpü rolunu oynayacaq”.
Tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, bu festival Bakıda dost, qardaş olan İndoneziyanın mədəniyyəti ilə bağlı sayca dördüncü tədbirdir. Əvvəlki illərdə olduğu kimi, budəfəki festivalda da İndoneziyanın tarixi, mədəniyyəti, milli mətbəxi, adət-ənənələri ilə bağlı ən gözəl nümunələr ölkəmizdə təqdim edilir.
                                  

Ə.Qarayev bildirib ki, son 28 ildə ölkələrimiz arasındakı münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Hər iki ölkə beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir.Bu festival İndoneziya və Azərbaycan arasında mövcud olan çox güclü əməkdaşlıq və dostluq münasibətlərinin məntiqi davamıdır.
İndoneziyanın musiqi, incəsənət və ədəbiyyat sahəsinin tanınmış nümayəndələri də festivalın açılış mərasimində iştirak ediblər.
Festivalın açılışında İndoneziya xalqına məxsus “Ankluq” musiqi alətində ifalar, “Kuda lumpinq” adlanan atlılar dəstəsini əks etdirən ənənəvi “Yava” rəqsi təqdim olunub. Rəqs zamanı milli geyimlər, ağac və al-əlvan parçalardan hazırlanmış bəzəkli maskalar - “Topenq kras” tamaşaçılara xoş təsir bağışlayıb.
Festival sentyabrın 13-dən 15-dək Fəvvarələr meydanında davam edəcək.
 Kamran Orucov
Sabaha-inamla.Az 
                               
Fotolar Etibar Əliyevindir                       





















Baxış sayı: 795


Bölməyə aid digər xəbərlər