Bütün xəbərlər
Keçmiş gömrük əməkdaşı məhkəmədə dindirilib: "Onu Mədəni-Maarif Texnikumuna direktor təyin etdirəcəkdim"
Tarix: 18-12-2017 21:46 | Bölmə: Reportaj

                        Möhübbət Əhmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib              

 Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Möhübbət Əhmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
"Report"un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
O, elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildiyini deyib.
M.Əhmədov ifadəsində söyləyib ki, zərərçəkmiş Nizaməddin Məmmədovu Mədəni-Maarif Texnikumunun direktoru vəzifəsinə düzəltdirəcəyi vədini verib: "Bizi Nadir adlı şəxs tanış etmişdi. Sonra Eldar adlı şəxslə bu işi həll edəcəkdik. Pulu da Eldara vermişəm. Eldar da intihar edərək öldü, iş də düzəlmədi. Həmin dövrdə Eldarın bizi aldatdığını bildik".
Təqsirləndirilən şəxs bildirib ki, zərərçəkmiş N.Məmmədovdan 113 min manat pul alıb: "İttihamda qeyd edilib ki, 120 min manat məbləğində dələduzluq etmişəm. Amma bununla razı deyiləm. Ziyandan 31 min manatı isə ödəmişəm. Zərərçəkmişin evinə getmişəm, pulu orada verdim. O, xəstədir".
M.Əhmədov ifadəsində qeyd edib ki, Dövlət Gömrük Komitəsinin sabiq əməkdaşıdır.
Məhkəmənin növbəti iclası dekabrın 25-nə təyin edilib.
İttiham aktına əsasən, M.Əhmədov vətəndaş Nizaməddin Məmmədova qarşı dələduzluq edib. O, N.Məmmədovu Mədəni-Maarif Texnikumuna direktor düzəldəcəyi vədi verərk onun 120 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
M.Əhmədov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.


Baxış sayı: 734


Bölməyə aid digər xəbərlər