Bakı Şəhər Baş Polis İdarəsində Heydər Əliyevin xatirəsi anılıb
Tarix: 10-05-2019 13:01 | Bölmə: Reportaj

                              


Bakı Şəhər Baş Polis İdarəsində ümummilli lider, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasətçi Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Bu barədə "Report"a Polis İdarəsindən məlumat verilib. 
Anım mərasimində Bakı Şəhər Baş Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini, polis general-mayoru Elxan Həsənov qeyd edib ki, bütün şüurlu həyatını Vətəninə, canından artıq sevdiyi millətinə həsr edən Heydər Əliyev heyrətamiz xilaskarlıq missiyası nəticəsində Azərbaycan təlatümlərdən, sarsıntılardan uğurla çıxaraq gələcəyə inamla baxan bir dövlətə çevrildi. Müstəqilliyinmizin ilk illərində ölkə daxilində hakimiyyət uğrunda gedən mübarizənin yaratdığı vətəndaş qarşıdurması, xarici qüvvələrin dəstəklədiyi Ermənistanın Azərbaycana qarşı təcavüzü yeni yaranmış respublikanı uçuruma doğru sürükləyirdi. Belə bir zamanda, dövlətçilik, müstəqillik təhlükə altında qalanda ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra xaosdan qurtuluşa keçidin əsası qoyuldu, ölkənin ictimai-siyasi həyatında və kriminogen durumda köklü müsbət dəyişikliklər baş verdi.
Ulu öndərin həyatı və siyasi fəaliyyəti “Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusu və banisidir” mövzusunda Baş İdarə rəsinin şəxsi heyətlə iş üzrə böyük köməkçisi, polis polkovniki Əli Vəliyev geniş məruzə ilə çıxış edib.
Diqqətə çatdırılıb ki, milli dövlətçilik mədəniyyətinin formalaşdırılması dünyanın siyasi arenasında müstəqil subyektə çevrilmiş Azərbaycanda Heydər Əliyev irsinin milli sərvətə çevrilməsi onun tarixi xidmətlərinin məntiqi nəticəsidir.
Ölkəmiz öz dövlət müstəqilliyini əldə etdikdən sonra çox böyük çətinliklərlə üzləşmişdi. Lakin Heydər Əliyev Azərbaycanı dağılmaq, parçalanmaq və məhv olmaq təhlükəsindən xilas etdi. Həmin dövrün çətinliklərinin əsas hissəsi, məhz Azərbaycan polisinin üzərinə düşürdü. Qarabağ müharibəsinin ilk illərində Azərbaycanın nizami ordusu yox idi, ona görə də ön cəbhədə torpaq uğrunda polis vuruşurdu, şəhidlər verirdi. Ulu öndər Azərbaycan polisinin bu dövrdəki xidmətlərini həmişə çox yüksək qiymətləndirib.
Məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi altında hüquq-mühafizə orqanları respublikada tüğyan edən mütəşəkkil cinayətkarlığa, sabitlik üçün təhlükə doğuran zərərli meyillərə qarşı uğurlu mübarizəyə, qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsinə başlandı. Vətəndaşlarımızın dinc, rahat yaşamaları üçün lazım olan şərait yarandı, onların dövlətə, hüquq-mühafizə orqanlarına inamı daha da artdı, ictimai-siyasi, həmçinin kriminogen durum nəzarətə götürüldü. Ümummilli lider Heydər Əliyev tərəfindən daxili işlər orqanlarının fəaliyyəti ilə bilavasitə bağlı olan, vacib qanunlar, hüquqi-aktlar qəbul edildi. O cümlədən insan hüquq və azadlıqlarının həyata keçirilməsi mexanizmlərini tənzimləyən onlarla qanun, 100-dən çox fərman və sərəncam imzalandı.
Polis general-mayoru Elxan Həsənov tədbirin sonunda bildirib ki, uğurla reallaşdırılan Heydər Əliyevin hüquq-mühafizə strategiyasının nəticəsi olaraq ötən illərdə ölkəmizdə tarazlı və davamlı inkişafın təmin edilməsində ictimai-siyasi sabitlik cəmiyyətin həyat tərzinə çevrilib. Heydər Əliyevin layiqli siyasi davamçısı kimi Prezident İlham Əliyev ulu öndərin arzularını reallığa çevirib.

                   











Baxış sayı: 48


Bölməyə aid digər xəbərlər