Bütün xəbərlər
Azərbaycanın milli maraqlarını hər zaman uca tutan dahi şəxsiyyət, görkəmli dövlət xadimi
Tarix: 14-07-2022 21:20 | Bölmə: Siyasət



“60-70-ci illərdə erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan
ayırıb Ermənistana birləşdirmək cəhdlərindən əl çəkməmişdilər.
Onlar dəfələrlə çox qızğın fəaliyyətə başlamışdılar. Ancaq onların
qarşısı alınmışdır. Mən bunların şəxsən şahidiyəm və bir çox hallarda
həmin cəhdlərin qarşısının alınmasının təşkilatçısıyam”.
 
Heydər Əliyev,
ümummilli lider
 
1969-cu il iyulun 14-də ümummilli lider Heydər Əliyevin respublika rəhbəri seçilməsi ilə Azərbaycanın taleyində və tarixində dönüş başlandı. Bu şərəfli tarixdə, 1969-1982-ci illərdə bütün sahələrdə əldə edilən tərəqqi və yüksəlişdə Azərbaycan KP MK-nın 1969-cu il 5 avqust tarixli Plenumu böyük bir proqram sənədi olmaqla mühüm əhəmiyyətə malik olmuşdur. Bu proqram sənədi əsasında həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanda tənəzzüldən tərəqqiyə dönüş başlandı. Heydər Əliyevin hakimiyyətə gəlməsi və bu proqram sənədini irəli sürməsi ilə Azərbaycanda dirçəliş, inkişaf, cəmiyyətin keyfiyyətcə irəliyə, milli özünüdərkə dönüş mərhələsinin başlanğıcı qoyulmuşdur.
1969-1982-ci illər Azərbaycanın ictimai-siyasi, o cümlədən sosial-iqtisadi və mədəni həyatında milli intibah dövrü kimi dəyərləndirilir. Heydər Əliyevin rəhbərliyi ilə qısa müddətdə respublikanın iqtisadi inkişafının konsepsiyası hazırlanmış, iqtisadiyyatda, o cümlədən kənd təsərrüfatında ixtisaslaşma, maddi-texniki və müasir istehsal sahələrinin yaradılması ilə kompleks tədbirlər həyata keçirilmişdir. Bununla yanaşı, ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi ilk dövrdə elm, təhsil və mədəniyyətin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması istiqamətində görülən işlər milli ruhun oyanmasına, azərbaycançılıq məfkurəsinin zənginləşməsinə güclü təsir göstərmiş və gələcəkdə müstəqil dövlətçiliyin bərpası üçün əsaslı zəmin hazırlamışdır.
AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədovun “Azərbaycanın milli maraqlarını hər zaman uca tutan dahi şəxsiyyət, görkəmli dövlət xadimi” adlı məqaləsini təqdim edir.
Heydər Əliyevin ermənilərın əsassız ərazi iddialarına
qarşı mübarizəsi
1969-cu il iyulun 14-də Heydər Əliyevin respublika rəhbəri seçilməsi ilə xalqımızın mənəvi-əxlaqi dəyərlərinə söykənən genişmiqyaslı tədbirlərin həyata keçirilməsi insanlarda milli ruhun oyanışını şərtləndirdi. Bu baxımdan ümummilli lider Heydər Əliyevin Azərbaycana sovet dövründə rəhbərliyi zamanı (1969-1982) Qarabağa çox böyük diqqət və qayğı göstərmiş, Azərbaycan milli maraqlarını hər zaman uca tutmuşdur. Bu dövrdə onun qətiyyəti sayəsində erməni iddiaları hər zaman iflasa uğramışdır.
XX əsrin 60-cı illərinin ortalarında Ermənistan SSR-də növbəti dəfə antiazərbaycan təbliğatı geniş miqyas almağa başladı. 1965-ci il aprelin 23-də İrəvanda qondarma “erməni soyqırımı”nın 50 illiyi, quldur Andranikin isə anadan olmasının 100 illiyi Ermənistan SSR-də təntənəli sürətdə qeyd edildi. Hələ Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) sədri olarkən erməni millətçilərinin əsassız ərazi iddialarının qarşısı dəfələrlə alınmış, onların fitnəkar niyyətlərinə qarşı mübarizəni daha da gücləndirmiş və bu istiqamətdə həyata keçirilən tədbirlərə şəxsən nəzarət etmişdir. Həmin dövrdə ermənilərin təbliğatının bir hissəsini də tarixin saxtalaşdırılaraq uydurma erməni tarixinin yaradılması, azərbaycanlıların vəhşi bir millət kimi təqdim edilməsi istiqamətində müxtəlif məzmunlu əsərlərin yazılması, bu yalanların reallıq kimi bilərəkdən dərsliklərə salınmasının təşkili, bununla da planlarının növbəti mərhələsini həyata keçirmək məqsədilə erməni gəncləri arasında ifrat millətçiliyin və düşmənçiliyin təbliğ edilməsi idi.
Sovet dövründə erməni millətçiləri imkan düşdükcə Azərbaycan torpaqlarına əsassız iddialar irəli sürürdülər. Ancaq Heydər Əliyev Dağlıq Qarabağın tarixini, coğrafiyasını, iqtisadiyyatını, orada yaşayanların düşüncələrini gözəl bilirdi. Hələ Azərbaycan SSR DTK-nın sədri olarkən erməni millətçilərinin əsassız ərazi iddialarının qarşısı qətiyyətlə alınmışdı. Belə ki, Heydər Əliyev 1967-ci il iyun ayının 26-da Azərbaycan KP MK-nın birinci katibi V.Axundova məktubunda yazırdı ki, iyun ayının 23-dən 24-nə keçən gecə Xankəndidə bəzi küçələrdə erməni dilində 8 x 9 santimetr ölçüdə 300 vərəqə yayılmışdır. Həmin vərəqələrdə ermənilər tərəfindən Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi tələb edilir və millətçi fikirlər irəli sürülürdü. Məktubda qeyd edilirdi ki, vərəqənin müəlliflərini axtarıb tapmaq, eləcə də digər lazımi tədbirləri görmək üçün Xankəndiyə əməliyyat qrupu göndərilmiş və təqsirkarlar ciddi cəzalandırılmışlar. Həmin ildə təkcə Dağlıq Qarabağda 1200-dən artıq belə vərəqə hazırlanıb yayılmışdı. Qısa müddət ərzində belə vərəqələri hazırlayanlardan 13 nəfər, yayanlardan isə 17 nəfər saxlanılmışdı.
1967-ci ilin əvvəllərində erməni millətçiləri tərəfindən əvvəlcədən hazırlanan plana əsasən Dağlıq Qarabağda milliyyətcə erməni olan şəxs qətlə yetirilmişdi. Planın ikinci mərhələsinə uyğun olaraq xüsusi erməni təhrikçilərinin rəhbərliyi altında kütlə bu ölüm hadisəsi ilə bağlı məhkəmə iclasının keçirildiyi kinoteatrın zalına girərək şübhəli şəxs kimi həmin prosesdə dindirilən iki azərbaycanlını zorla mühafizəçilərin əlindən alıb xüsusi amansızlıqla öldürmüşdülər. Təqsirləndirilən, lakin sonradan bəraət almış digər azərbaycanlı isə dustaq maşını ilə birlikdə yandırılmışdı. Burada əsas məqsəd hadisələri qızışdırıb milli zəmində qarşıdurma törətmək, nəticədə azərbaycanlıların bütün Qarabağ ərazisindən köçürülməsini və ərazinin Ermənistana birləşdirilməsinin təməlini qoymaq idi. Lakin Azərbaycan təhlükəsizlik orqanlarının, xüsusilə Ümummilli Liderin çevik müdaxiləsi nəticəsində bu hadisələrin qarşısı qısa müddətdə alınmışdı. İşin istintaqını Heydər Əliyev şəxsən öz nəzarətinə götürmüşdü. Həmin məsələni dərindən araşdırmaq üçün Xankəndiyə getmiş, cinayətkarlar haqqında istintaq işi açılmış və onlar layiqli cəzalarını almışdılar. O vaxt Heydər Əliyev 15 gün Qarabağda olmuş, eləcə də, Şuşaya getmişdi. Şuşada olarkən 1905-1906, 1918-1920-ci illərdə ermənilərin təcavüzü nəticəsində dağıdılmış və yandırılmış evlərin hələ də bərpa edilmədiyini görmüşdü. O, Şuşa şəhərinin Azərbaycan xalqının böyük bir tarixi abidəsi, incisi kimi bərpa etdirilməsinin zəruriliyi qənaətinə gəlmiş və Bakıya qayıtdıqdan sonra şəhərin belə vəziyyətdə saxlanılmasının mümkünsüzlüyü barədə mülahizələrini Azərbaycan rəhbərlərinə söyləmişdi.
Hələ 1969-cu ildən, yəni ümummilli lider Heydər Əliyev hakimiyyətə gəlməmişdən əvvəl Ermənistan Azərbaycanla sərhəd olan bəzi əraziləri ələ keçirmək istəyirdi. Erməni rəsmi dairələri və alimləri hətta XX əsrin 20-ci illərinin saxtalaşdırılmış xəritələrini ortaya çıxarmışdılar. Ərazi məsələsinə dair danışıqlar artıq müzakirə obyektinə çevrilmişdi. 1967-ci ildə Ermənistan SSR-in millətçi dairələri Azərbaycan SSR-in daxili işlərinə qarışaraq Dağlıq Qarabağın azərbaycanlı əhalisinin tarixən yaşadığı məntəqələrin inkişafı üçün ayrılan vəsaitin bölünüb təsdiq olunmasına hər vəchlə mane olmağa çalışırdılar. Mərkəzi SSRİ hökumətinin təzyiqi ilə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti 1969-cu il mayın 7-də Ermənistan SSR-lə sərhəd rayonlarının ərazilərindən 2 min hektardan çox torpağın Ermənistan SSR-ə verilməsi haqqında hələ 1938-ci il mayın 5-də qəbul etdiyi qərarı təsdiq etdi.
Heydər Əliyev 1969-cu il iyulun 14-də Azərbaycan SSR-in rəhbəri seçilən kimi bu məsələni ön plana çəkdi və bu qərarın icrasını dayandırdı. Azərbaycan xalqının mənafeyini hər şeydən üstün tutan Heydər Əliyev nə qədər təhlükəli olsa da, təzyiqləri rədd edərək prinsipial mövqe göstərdi, erməni millətçilərinin qarşısını qətiyyətlə aldı. Moskvadakı bəzi qüvvələrin və Ermənistan rəhbərlərinin cəhdlərinə baxmayaraq, Heydər Əliyev həmin qərarın həyata keçirilməsinə imkan vermədi.
Lakin ermənilər öz çirkin niyyətlərindən əl çəkmirdilər. 1970-ci illərdə də ermənilər Qarabağ məsələsini yenidən ortaya atsalar da, onların bu istəklərinin qarşısı qətiyyətlə alınmışdı. 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul edilərkən Ermənistan SSR rəhbərliyi erməni millətçilərinin təhriki ilə yenidən Azərbaycan SSR-in DQMV-nin ərazisinin Ermənistan SSR-ə birləşdirilməsi ilə bağlı SSRİ mərkəzi hökumətinə müraciət etmişdi. 1977-ci il noyabrın 23-də keçmiş SSRİ Nazirlər Soveti Rəyasət Heyətinin iclasında Ermənistan SSR rəhbərliyinin təkidi ilə Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisinin Ermənistan SSR-ə birləşdirilməsi məsələsi müzakirə olunmuş və bununla bağlı təklif irəli sürülmüşdü. Məsələdən xəbər tutan Heydər Əliyev ermənilərin bu cəhdlərinin qarşısını almaq üçün qəti addımlar atmışdır. Bu məqsədlə Heydər Əliyevin tapşırığı ilə elmi arayış hazırlanmış, sonra bu sənəd Azərbaycan KP MK Siyasi Bürosunda müzakirə edilərək Ermənistan SSR rəhbərliyinin iddialarının əsassız olması haqqında qərar qəbul edilmiş və həmin qərar keçmiş SSRİ rəhbəri L.Brejnevə təqdim olunmuşdur. Heydər Əliyevin atdığı qəti addımlar nəticəsində ermənilərin bu niyyəti baş tutmamışdır. Ümumiyyətlə, Heydər Əliyevin qətiyyətli mövqeyi hər zaman SSRİ rəhbərliyində olan erməni millətçilərini çox narahat etmiş və onların öz çirkin niyyətlərini həyata keçirmələri üçün ciddi bir maneə olmuşdur.
Heydər Əliyevin Qarabağda milli ruhun
yüksəlməsi istiqamətində qətiyyətli addımları
Bu dövrdə Heydər Əliyevin fəaliyyətinin mühüm əhəmiyyət daşıyan istiqamətlərindən biri Qarabağda milli ruhun oyadılması olmuşdur. Ümummilli Lider bu istiqamətdə sistemli və məqsədyönlü şəkildə fəaliyyət göstərirdi. Hər şeydən əvvəl Qarabağ tarixini, mədəniyyətini, incəsənətini, iqtisadi inkişafını mükəmməl bilən Heydər Əliyev bu məsələyə çox həssaslıqla yanaşmışdır. Azərbaycanın qədim mədəniyyət mərkəzi kimi Şuşanın tarixi keçmişini yaxşı bilən Heydər Əliyev bu şəhərin inkişafına çox böyük qayğı göstərirdi. Ümummilli Lider Şuşaya zəngin tarixi abidə, Azərbaycan xalqının qəhrəmanlıq rəmzi kimi baxırdı. Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Şuşa şəhərinin inkişaf etdirilməsi məqsədilə 1970-ci illərin ikinci yarısında bir neçə xüsusi qərar qəbul edildi. Həmin il qərarlara uyğun olaraq şəhərin keçmişdə tikilmiş binaları, tarixi abidələri bərpa edildi, yeni çoxmərtəbəli yaşayış binaları, böyük mehmanxana kompleksləri, ayrı-ayrı inzibati binalar tikildi. Bununla yanaşı, Şuşanın statusu qaldırılaraq ümumittifaq səviyyəli kurort şəhərinə çevrildi. Həmin qərarların yerinə yetirilməsinin böyük tarixi əhəmiyyəti var idi. Şəhərdə azərbaycanlılar üçün əlavə iş yerləri açılır, həyat səviyyəsi yaxşılaşır, Azərbaycanlıların milli ruhu güclənirdi. Ölkənin müxtəlif yerlərindən Şuşaya istirahətə gələnlər eyni zamanda Azərbaycanın tarixi, mədəniyyəti və incəsənəti ilə yaxından tanış olurdular.
Ümummilli Lider Qarabağın dağlıq və aran hissələrinin təsərrüfat, iqtisadi cəhətdən daha sıx birləşdirilməsinə çalışırdı. Bu, səbəbsiz deyildi. Erməni millətçiləri Dağlıq Qarabağın Azərbaycanın digər rayonları ilə guya iqtisadi və təsərrüfat əlaqələrinin olmadığını, əhalinin ümumi sayında ermənilərin çoxluğunu əsas gətirərək vilayətin Ermənistana birləşdirilməsini tələb edirdilər. Onların bu niyyətlərinin qarşısını almaqda, Yuxarı Qarabağın Aran Qarabağla və digər rayonlarla əlaqəsini daha da sıxlaşdırmaq, strateji əhəmiyyətli kommunikasiyaların sayını artırmaq böyük rol oynaya bilərdi. Ağdam-Xankəndi dəmiryolu çəkildi. 1979-cu il yanvarın 12-də həmin yol Ümummilli Liderin iştirakı ilə istifadəyə verildi. Həmin dəmir yolu xətti ilə muxtar vilayətin respublikanın digər rayonları ilə daha sıx iqtisadi əlaqəsi yaradıldı. Bu, Heydər Əliyevin Qarabağın dağlıq və aran hissələrinin, Azərbaycanın digər rayonlarının təsərrüfat və iqtisadi cəhətdən daha çox birləşdirilməsi sahəsində strateji addımı və böyük tarixi xidməti idi.
Dəmiryolu xəttinin açıldığı gün Şuşaya gedən Ümummilli Lider şəhərdə Azərbaycan xalqının tarixi abidələrinin qorunmasına xüsusi qayğı göstərilməsi barədə xüsusi göstəriş verdi. Ulu Öndər, eyni zamanda, Şuşada aparılan tikinti-quruculuq işləri ilə də yaxından maraqlanmış, Azərbaycan poeziyasının klassikləri M.P.Vaqifin və Xurşidbanu Natəvanın yaşayıb yaratdığı yerlərlə tanış olmuşdu. Şuşa rayonunun rəhbərləri ilə keçirdiyi görüşdə Ümummilli Lider tövsiyə edərək demişdi: “Şuşa abidələr şəhəridir. Diyarın zəngin tarixi ilə bağlı olan hər şeyi qorumaq, qədim tikintiləri bərpa etmək lazımdır”. Heydər Əliyevin bilavasitə səyləri nəticəsində, az sonra Şuşa şəhərini tarix-memarlıq qoruğu elan edən qərar qəbul olundu.
Həmin illərdə ümummilli lider Heydər Əliyevin Qarabağa göstərdiyi diqqət və qayğı daha da artmış və geniş quruculuq işləri vüsət almışdı. Belə ki, görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin məzarı üstündə 1980-1981-ci illərdə abidə, məqbərə tikilmiş və 1982-ci il yanvarın 14-də yağan güclü qarın altında Ümummilli Lider Şuşada şairin məqbərəsini böyük təntənə ilə açmışdı. Onun M.P.Vaqifə bu münasibəti bir tərəfdən, milli ədəbiyyata sevgisindən irəli gəlirdisə, digər tərəfdən, diyarın tarixini, əhalisinin etnik mənsubiyyətini bir daha göstərməklə bağlı idi. Əslində, bu məqbərə, eyni zamanda, gözəl memarlıq abidəsi idi. Heydər Əliyev abidənin tikintisini böyük, əlamətdar hadisə hesab edirdi. Ona görə də açılışa gedərkən ailəsi ilə birlikdə yanında elm, mədəniyyət və incəsənət adamlarının böyük bir qrupunu da aparmışdı. Bu addımı ilə Ümummilli Lider ziyalıları Dağlıq Qarabağa xüsusi diqqət yetirməyə istiqamətləndirir, vilayətə tez-tez səfərə gəlmələrini tövsiyə edirdi.
Ümummilli Liderin M.P.Vaqifin məqbərəsinin açılışında söylədiyi nitq, onun Qarabağa qayğısının göstəricisi idi. Bununla yanaşı, səfər zamanı Heydər Əliyev Şuşada “Poeziya evi”ni açaraq, Vaqif poeziya günlərində iştirak etdi. Bununla yanaşı, Ulu öndər Heydər Əliyev Üzeyir Hacıbəylinin və Bülbülün Şuşadakı ev-muzeylərindəki eksponatlarla tanış olmuş və onların qorunmasına dair tövsiyələrini vermişdi.
Bu tarixi səfər zamanı Şuşadakı abidələrin bərpa işləri ilə maraqlanan Heydər Əliyev müvafiq göstərişlər verərək işlərin davam etdirilməsinə dair bir sıra təkliflərini də söyləmişdi. Ümummilli Liderin, eyni zamanda, Şuşa məscidinə getməsi bir tərəfdən, onun dini dəyərlərə olan ehtiramının və dərin bağlılığının göstəricisi idisə, digər tərəfdən azərbaycanlı əhalinin milli və dini dəyərlərə sahib çıxmalarının vacibliyinə olan nümunə idi. Ulu Öndər erməni millətçilərinin ona müxtəlif böhtanlar atdığı bir zamanda məscidə getməklə yerli əhaliyə dini inanclarını qorumağı da tövsiyə etmişdi. Ümummilli Liderin həmin gün Şuşada şəhər ictimaiyyəti ilə keçirilən görüşləri hər bir şuşalının yaddaşında unudulmaz iz qoymuş və bu gün də xatirələrdə yaşayır.
1982-ci il iyulun 29-dan - avqustun 2-dək Qarabağa bir il içərisində ikinci dəfə səfər edən Heydər Əliyevin bilavasitə iştirakı ilə Şuşada şairə Xurşidbanu Natəvanın abidəsinin açılışı oldu. Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi illərdə Şuşa şəhərinin və Dağlıq Qarabağın azərbaycanlılar yaşayan digər məntəqələrinin siması xeyli dəyişdi. Heydər Əliyevin göstərişi ilə Xankəndidə Pedaqoji İnstitut açıldı və orada Azərbaycan bölməsi yaradıldı. Bu, azərbaycanlı ziyalıların daimi iş yeri ilə təmin olunmasına, Qarabağda yeni elmi-mədəni mühitin formalaşmasına, azərbaycanlı əhalinin ali təhsil almasına və doğma yerlərə daha sıx bağlanmasına əlverişli şərait yaratmışdı.
XX əsrin sonunda Ermənistanın Azərbaycana hərbi təcavüzü,
Şuşanın işğalı və mədəni soyqırımı siyasəti
XX əsrin 80-ci illərinin ortalarından etibarən keçmiş SSRİ məkanında və ilk növbədə, Ermənistan SSR ərazisində anti-Azərbaycan, antitürk təbliğatı daha da güclənməyə başladı. Bu proses M.Qorbaçovun SSRİ rəhbəri seçilməsindən sonra daha geniş miqyas aldı. 1985-ci ilin əvvəlində Ermənistan KP MK-nın birinci katibi K.Dəmirçiyan Sov.İKP MK-nın Siyasi Bürosuna qondarma “erməni soyqırımı”nın 60 illiyi ilə bağlı 24 aprel tarixinin hər il SSRİ-də anım günü kimi qeyd olunması təklifi ilə müraciət etmiş, Siyasi Büronun iclasını aparan M.S.Qorbaçov buna razılıq versə də, Heydər Əliyevin, N.Tixonovun və A.Qromıkonun sərt və prinsipial mövqeyi ilə qarşılaşmışdır.
Qeyd etmək lazımdır ki, 1985-ci ilədək Heydər Əliyevin iştirakı ilə keçirilən Sov.İKP MK Siyasi bürosunun və SSRİ Nazirlər Sovetinin iclaslarında Azərbaycan əleyhinə olaraq heç bir qərar qəbul edilməyib. XX əsrin 80-ci illərinin ortalarından etibarən erməni dairələri öz fəaliyyətlərini bir neçə istiqamətdə daha da genişləndirdilər. İlk növbədə, Ermənistanın millətçi-alim, yazıçı, şair və jurnalistlərinin Azərbaycan, Türkiyə əleyhinə yazdıqları kitabların nəşri çoxaldı.
Həmin dövrdə Ermənistanda da Azərbaycan əleyhinə geniş təbliğat-təşviqat işləri aparılırdı. Qondarma erməni tarixçiləri tərəfindən Qarabağın tarixi saxtalaşdırılaraq “erməni torpaqları” olması barədə dərsliklər və məqalələr, qədim Azərbaycan ərazilərinin Ermənistana birləşdirilməsi barədə Moskvaya ardı-arası kəsilməyən məktublar, müraciətlər yazılırdı. Azərbaycan xalqının əleyhinə və erməni millətçiliyi ruhunda yazılmış Z.Balayanın Yerevanda “Sovetakan qrox” nəşriyyatında 100 min tirajla çap olunan və SSRİ məkanında geniş yayılan “Oçaq” (Yurd) kitabı Ermənistanda Dağlıq Qarabağı ələ keçirmək üçün aparılan təbliğat işini daha da gücləndirdi.
1985-ci il fevralın 21-də Ermənistan KP MK-nın sovet rəhbərliyinə 24 aprel gününün “Soyqırımı qurbanlarının xatirə günü” kimi qeyd edilməsi haqqında müraciəti Sov.İKP MK Siyasi Bürosunun iclasının gündəliyinə daxil edildi. Həmin il iyunun 20-də SSRİ Nazirlər Soveti “1985-1986-cı illərdə xarici ölkələrdən ermənilərin SSRİ-yə repatriasiyasının davam etdirilməsi haqqında” qərar qəbul etdi. Həmin qərarın yerinə yetirilməsi nəticəsində Ermənistana xarici ölkələrdən çoxlu sayda erməni köçürüldü. Onlar özləri ilə qatı erməni millətçiliyi gətirərək azərbaycanlılara qarşı düşmənçiliyi qızışdırır və bu istiqamətdə təbliğat aparırdılar.
1986-cı ilin fevral ayında ermənilər SSRİ-də irəli sürülən “aşkarlıq” və “demokratiya” ideyalarından istifadə edərək Xankəndidə guya tarix və mədəniyyət abidələrini qoruyan “Krunk” adlı təşkilat yaratdılar. 1987-ci ilin iyun-iyul aylarında ermənilər Xankəndinin küçələrində Dağlıq Qarabağı Ermənistana birləşdirmək üçün təbliğat apararaq bu istiqamətdə vərəqələr yayırdılar. Ayrı-ayrı adamların Moskvaya yazdıqları məktublar artıq bu dövrdə müxtəlif kollektivlərdən imzalar toplanması kompaniyasına çevrildi və ərazi iddialarının yeni mərhələsinin təməli qoyuldu. İlin ikinci yarısında Yerevandan müntəzəm olaraq Xankəndinə gələn emissarlar ermənilər arasında fəal iş apararaq xüsusi imzalar toplamaqla Dağlıq Qarabağın Azərbaycandan ayrılaraq Ermənistana birləşmək ideyasını təbliğ edirdilər.
1987-ci il oktyabrın 21-də Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev Sov.İKP plenumunda vəzifəsindən istefa verdikdən bir neçə gün sonra Sov.İKP MK-nın baş katibi M.Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri A.Aqanbekyan Parisdə “İnterkontinental” hotelində müsahibəsində Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin iqtisadi cəhətdən daha sərfəli olmasını və bu məsələ üzərində xüsusi komissiyanın işlədiyini bəyan edərək Azərbaycanın bu ayrılmaz hissəsinin Ermənistana birləşdirilməsi ideyasını əsassız olaraq irəli sürdü. Bunun ardınca noyabrın 18-də A.Aqanbekyanın Parisdə verdiyi müsahibə “L’Humanite” qəzetində çap olundu. Bu müsahibə ermənilərin Dağlıq Qarabağa dair ərazi iddialarının başlanması üçün bir siqnal rolunu oynadı.
XX əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəllərində SSRİ rəhbərliyinin ermənilərə himayədarlığı sayəsində hadisələr getdikcə daha da mürəkkəbləşdi və Ermənistan Respublikası Azərbaycan ərazilərinə hərbi qüvvə göndərərək açıq təcavüzə başladı. 1992-ci ilin əvvəllərindən başlayaraq Ermənistan silahlı qüvvələri bir-birinin ardınca Dağlıq Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal etdi.
1992-ci il mayın 8-də Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində Şuşada memarlıq abidəsi sayılan 850-dən çox yaşayış binası və 300-dək mədəniyyət və tarixi abidə var idi. Bunların içərisində son tunc və ilk dəmir dövrü abidəsi sayılan Şuşa və Şuşakənd daş qutusu qəbirləri, daş dövrü abidəsi olan Şuşa mağara düşərgəsi, XVIII əsrə dair Şuşa qalasının divarları, Gəncə qapısı, Pənah xanın sarayı və kitabxanası, İbrahim xanın bürcü və qəsri, Xan sarayı və karvansaray, M.P.Vaqifin mədrəsəsi və türbəsi, Yuxarı məscid mədrəsəsi, Hacıqulların malikanəsi, Mehmandarovların malikanə kompleksi, Gövhərağa, Xocamircanlı, Hacı Abbas, Merdinli, Saatlı, Köçərli məscidləri, Xurşidbanu Natəvanın evi və bulağı, Ə.B.Haqverdiyevin, Q.B.Zakirin, M.M.Nəvvabın, S.S.Axundovun, N.B.Vəzirovun, Y.V.Çəmənzəminlinin evləri, Mamay bəyin evi, məscidi və bulağı, Behbudovların, Fərəməzovların, Zöhrabbəyovun, Bəhmən Mirzənin evləri, Üzeyir bəy Hacıbəylinin, Bülbülün ev-muzeyləri, Xan Şuşinskinin, tarzən Sadıqcanın evləri, Realnı məktəbinin binası, Şirin su hamamı, Meydan bulağı, İsa bulağı və s. tarixi mədəniyyət nümunəsi erməni işğalçıları tərəfindən talan edilmiş, dağıdılmış, erməniləşdirilməyə cəhd göstərilmiş və ya məhv edilmişdir.
Azərbaycan Prezidentinin prinsipial mövqeyi hərbi-diplomatik uğurlarımızı təmin etdi
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın işğalı altında olan torpaqlarımızı azad etmək üçün rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı genişmiqyaslı və uğurlu əks-hücum əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. 44 gün ərzində Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olundu.
2020-ci il noyabrın 8-i isə tariximizə ən şanlı bir gün kimi yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın baş tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, 44 gün içərisində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi Qələbə oldu. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə ciddi təsir göstərdi.
Prezident İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarımızı şərtləndirirdi. Vətən müharibəsinin 44 günü ərzində dövlətimiz, beynəlxalq hüquq prinsiplərini, xüsusilə BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutub öz ərazilərini azad etmək hüququndan istifadə edərək uğurlu və genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirdi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarımızı şərtləndirdi. Azərbaycan dövləti oktyabrın 4-də Cəbrayıl şəhərini, 17-də Füzuli şəhərini, 22-də Zəngilan şəhərinin işğalçılardan azad olunması ilə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan 874 və 884 saylı qətnaməni özü icra etdi.
Azərbaycanın hərbi-diplomatik qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsinin nəticəsində noyabrın 20-də Ağdamın və 25-də isə Kəlbəcərin işğaldan azad edilməsi noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müvafiq maddəsinin yerinə yetirilməsini, eləcə də münaqişənin hərbi-siyasi həllini müəyyənləşdirdi. Bununla yanaşı, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi nəticəsində BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan, eləcə də işğalçı qüvvələrin Azərbaycan Respublikasının Kəlbəcər və Ağdam rayonlarından çıxmasını nəzərdə tutan 822 və 853 saylı qətnamələr də məhz Azərbaycanın şərtləri ilə icra edildi. Bunun davamı olaraq üçtərəfli Bəyanatın müvafiq maddəsinə əsasən Ermənistan silahlı qüvvələrinin 2020-ci il dekabrın 1-dən Laçın rayonundan çıxması Azərbaycanın hərbi-diplomatik uğurlarının nəticəsi kimi qiymətləndirilməlidir.
Şuşanın işğaldan azad edilməsi Zəfər günü kimi tarixə yazıldı
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğalçılardan azad etdi. Bu, 44 gün içərisində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi Qələbə oldu. Şuşa şəhərinin işğaldan azad edilməsi müharibənin sonrakı gedişinə, eləcə də taleyinə ciddi təsir göstərdi, hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarını şərtləndirdi və Zəfər günü kimi Azərbaycan tarixinə yazıldı.
Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında Prezident İlham Əliyevin 2021-ci il mayın 7-də imzaladığı Sərəncamında vurğulanır ki, şəhərin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, bu mühüm sənəddə göstərilir ki, tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir.
2021-ci il mayın 12-13-də hər bir azərbaycanlı üçün müqəddəs məkanda, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada, bənzərsiz və füsunkar Cıdır düzündə 29 ildən sonra yenidən “Xarıbülbül” musiqi festivalı keçirildi. Nəticədə, Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı, Xarıbülbül Qarabağın azadlıq rəmzinə çevrildi. 2021-ci il avqustun 29-30-da Şuşada bir sıra tədbirlər keçirildi və Şuşa şəhərinin baş planı təqdim olundu.
Şuşanın əsl tarixi simasının, ənənələrinin və qədim mədəni abidələrinin bərpası mühüm əhəmiyyət kəsb edir. Qeyd etmək vacibdir ki, 1982-ci il yanvarın 14-də Heydər Əliyevin iştirakı ilə böyük təntənə ilə açılmış dahi Azərbaycan şairi və ictimai xadimi Molla Pənah Vaqifin məqbərəsi, Şuşa şəhəri 1992-ci il mayın 8-də işğal edildikdən sonra dağıdılmışdı. Avqustun 29-da Şuşada muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışı oldu və şairin öz evinin yerindəki büstü də yenidən ucaldıldı. Eyni zamanda, Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional musiqi sənətinin banisi, görkəmli bəstəkar, ictimai xadim Üzeyir Hacıbəylinin Şuşa şəhərindəki ev-muzeyində aparılacaq işlərlə tanışlıq, həmçinin dağıdılmış heykəlinin, eləcə də vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış dahi Bülbülün Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı oldu.
2021-ci il iyunun 15-də işğaldan azad edilmiş Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan müttəfiqlik haqqında birgə Şuşa Bəyannaməsi iki qardaş və dost dövlətin gələcək çoxşaxəli, birgə fəaliyyət istiqamətlərini göstərir. Bu tarixi sənəddə bir çox mühüm məsələlər, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, xüsusilə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapdı.
Şuşa Bəyannaməsinin imzalanmasından sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata birgə bəyanatlarla çıxışlarında bildirdilər ki, Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaqdır.
2021-ci il avqustun 30-da isə 1982-ci ildə ilk dəfə keçirilmiş Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra ilk dəfə yenidən təşkil olundu. Həmin gün Şuşada keçirilən Vaqif Poeziya Günləri çərçivəsində “Qarabağ Azərbaycan mədəniyyətinin incisidir”, eləcə də bərpa və təmir olunaraq yaradılan Şuşadakı Xalçaçılıq Qalereyasında “Yenidən doğma diyarda. Qarabağın sənət inciləri” sərgiləri keçirildi. Bununla yanaşı, Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini, gözəl təbiətini, ənənələrini təcəssüm etdirən “Yaddaş. Fotoqrafik tarix” adlı fotosərgi nümayiş olundu.
2021-ci il sentyabrın 18-də ilk dəfə Şuşada Milli Musiqi Günü çərçivəsində Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının konserti keçirildi. Xatırladaq ki, 1985-ci ildə Üzeyir Hacıbəylinin 100 illik yubileyi münasibətilə Şuşada ucaldılmış bəstəkarın heykəli 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı tamamilə məhv edilmişdi. Artıq işğaldan azad edilmiş Şuşa şəhərində görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəli Azərbaycanın mədəniyyət paytaxtında öz əvvəlki yerində ucaldılmışdır.
Bununla yanaşı, 2022-ci il martın 31-də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının Türkiyənin Bursa şəhərində keçirilən iclasında Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçildi.
Qeyd etmək lazımdır ki, 2022-ci il aprelin 22-23-də dünyanın 65 ölkəsindən 400-dən çox soydaşımızı bir araya gətirən Dünya Azərbaycanlılarının Zəfər Qurultayının məhz Qarabağın tacı, mədəniyyət paytaxtı Şuşada keçirilməsi böyük rəmzi, həmçinin siyasi məna daşıyır. Qeyd etmək lazımdır ki, Zəfər Qurultayında 230-a yaxın xarici ölkə vətəndaşı olan azərbaycanlı, o cümlədən 36 alim və 36 iş adamı iştirak etmişdir.
Artıq işğaldan azad edilmiş Şuşada keçirilən mühüm tədbirlər - “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı, Vaqif Poeziya Günləri, Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantı, Dünya Azərbaycanlılarının V Zəfər Qurultayı, “Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq” adlı beynəlxalq forum, Beynəlxalq Kulinariya Festivalı, “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfrans və digər tədbirlər dünya ictimaiyyəti tərəfindən də böyük maraqla izlənilir.
2022-ci il martın 18-də Şuşa şəhərində keçirilən Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantıda postmünaqişə reallıqlarında Azərbaycanın yeni prioritetləri və imkanları müzakirə obyekti oldu. Bununla yanaşı, aprelin 28-də Şuşada keçirilən “Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq” adlı beynəlxalq forumda dünyanın 20-dən çox ölkəsindən 50-yə yaxın xarici beyin mərkəzlərinin ekspertləri, tədqiqatçı-alimləri və media nümayəndələri iştirak etdilər.
2022-ci il mayın 12-15-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının “Şuşa İli”ndə keçirilən, eləcə də Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən təşkil olunmuş, həmçinin üç gün davam edən və xarici ölkələrdən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilərin, rəqs kollektivlərinin, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivlərinin qatılması Şuşa şəhərinin işğaldan azad ediləndən sonra festivalın beynəlxalq səviyyədə keçirildiyinin əsas göstəricisi idi.
2022-ci il mayın 19-21-də Şuşa şəhərlərində “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfrans, iyulun 9-da isə Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının rəhbərlərinin müşavirəsi keçirildi.
Qeyd etmək lazımdır ki, Şuşa - Qarabağın tacı, Qafqazın sənət məbədi, Şərqin konservatoriyası, Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm xidmətləri olan görkəmli xadimlərin vətəni, doğma şəhər, əziz bir torpaq, hərbi-strateji əhəmiyyətli qala və müqəddəs abidədir. 2022-ci ildə keçirilən tədbirlər bir daha onu təsdiq edir ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa artıq siyasi fikir, ictimai düşüncə və diplomatik mərkəzə çevrilməkdədir.
Bu baxımdan, Ermənistanda revanş haqqında düşünənlər Azərbaycanın dünyaya nümayiş etdirdiyi XXI əsrin müharibə nümunəsini unutmasınlar. Dövlətimizin başçısı İlham Əliyev birmənalı olaraq bildirib ki, Azərbaycanın işi haqq işidir və Qarabağ Azərbaycandır!





Baxış sayı: 261


Bölməyə aid digər xəbərlər