Bütün xəbərlər
ŞƏHİDİMIZ SADİQ AZƏRBAYCANIN SADİQ ƏSGƏRİDİR
Tarix: 01-12-2017 21:57 | Bölmə: Cəmiyyət

                                          Süleymanov Sadiq Baladadaş oğlu (1974 - 08.09.1994)
          Süleymanov Sadiq Baladadaş oğlu İsmayıllı rayonun Sulut kəndində dünyaya gəlib. Doğma yurdunun gözəl adət və ənənələri ilə fəxr edib.
          İsmayıllı rayon Sulut kənd orta məktəbini 1991-ci ildə bitirdikdən sonra kənddə qalaraq, kənd təsərrüfatında qalıb işləməyi üstün tutmuşdu. - Əgər biz hərəmiz bir yana getsək, bəs onda Sulutu kim yaşadar? – deyə düşünmüşdü bu gənc. Kənd yoldaşlarının çoxu onun səsinə səs verdi. Kənd cavanlarının bu təşəbbüsü alqışlandı. Onlar özlərini həqiqətən zəhmətsevər, Sulutun qayğıları ilə yaşayan gənclər kimi göstərdilər.
         Qeyd edim ki, Sulut gənclərini daha çox narahat edən Müstəqil Azərbaycanımızın ərazisinə, xalqına qarşı erməni təcavüzkarlığının davam etməsi idi. Müqəddəs torpağımızı düşməndən təmizləməyincə azad nəfəs almaq, rahat qalmaq olmazdı. Sulutun onlarla gənc övladı Qarabağ cəbhəsinə getmişdi. Şəhidlər də vermişdi bu kənd.
Kəndin gənc övladları Daşqın Nəbiyev, Eldar Huriyev, Zakir Babayev, Coşqun Muradəliyev döyüşlərdə böyük rəşadət göstərib, qəhrəmanlıqla vətənimizin torpaqlarının müdafiəsi uğrunda gedən döyüşlərdə həlak olmuşdular.
     1994-cü il  yanvarın 14-də Sadiq də bir qrup həmyaşıdı ilə Azərbaycan Ordusu sıralarına daxil olub, düşmənlə savaşa yollandı. Pöhrəng ömrünün səkkiz ayını cəbhənin qaynar meydanlarında yaşadı.
Vətən, torpaq qeyrəti ona cəsarət verdi. Dəfələrlə Düşmənlə üz-üzə gəldi və ona qəhrəmanlıqla sinə gərdi. 1994-cü il sentyabrın 8-də Ağdərə uğrunda şiddətli döyüşdə gənc qəhrəmanımız bir daha sübut etdi ki, Sadiq Azərbaycanın sadiq əsgəridir.
        Torpağımıza atılan güllələri öz köksünə qəbul etməyi üstün tutdu və iyirmi yaşlı Sadiq Süleymanov Vətən yolunda şəhidlik zirvəsinə qalxdı. Öz doğma kəndində dəfn edildi. Belə mərd, vətəninə sadiq övlad böyütmüş Anaya eşq olsun!
     Bildirim ki, Şəhidimizin atası Baladadaş kişi də 2015-ci ildə dünyasını dəyişmiş, kənd qəbirəstanlığında dəfn olunmuşdur.
   Allah hər birinə rəhmət eləsin! 
        Süleymanov Sadiq Baladadaş oğlu Azərbaycanın sadiq əsgəri olaraq vətənin yolunda əbədiyyətə, Şəhidlik zirvəsinə uçalmışdır.
    Bundan əlavə bildirim ki, şəhid Sadiqin qardaşı Samir və onu tanıyan kənd sakinləri onun barəsində təqdirə layiq ağızdolusu sözlər danışaraq onun cəsarətli, mərd, igid bir əsgər olması və vətən uğrunda qorxmadan, çəkinmədən döyüşərək qəhrəmancasına Şəhid olması barədə danışdılar.
Allah rəhmət eləsin!
Ədalət Qafarov,hüquqşünas




Baxış sayı: 2 911


Bölməyə aid digər xəbərlər