Bütün xəbərlər
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının nümayəndələri məcburi köçkünlərlə görüşüb
Tarix: 27-11-2017 18:18 | Bölmə: Cəmiyyət
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının nümayəndələri məcburi köçkünlərlə görüşüb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, ölkəmizdə bir günlük səfərdə olan BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının Ofisinin sahə missiyaları və Texniki Əməkdaşlıq Departamentinin rəhbəri Corcet Qaqnonun başçılıq etdiyi nümayəndə heyəti Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynovun müşayiəti ilə Yasamal rayonunda Azərbaycan Texniki Universitetinin yataqxanasında məskunlaşan məcburi köçkünlərin həyat şəraiti ilə tanış olub.
Bu təbəqədən olan soydaşlarımızın real həyat şəraiti ilə tanışlıq məqsədi daşıyan görüşdə F.Hüseynov nümayəndə heyətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində uzun illərdir ki, məcburi köçkün vəziyyətində yaşayan soydaşlarımız haqqında haqqında ətraflı məlumat verib. Bildirilib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan Ermənistanın hərbi təcavüzünə məruz qalıb. Nəticədə, ərazimizin 20 faizi - tarixi torpaqlarımız olan Dağlıq Qarabağ və ətrafdakı 7 rayon işğal olunub, bu ərazilərdə etnik təmizləmə siyasəti aparılıb və bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Bu baxımdan Ermənistan tərəfindən torpaqlarımızın işğalı nəticəsində qaçqın və məcburi köçkün düşmüş soydaşlarımızın pozulmuş insan hüquqlarının təmin olunmasına beynəlxalq təşkilatlar tərəfindən diqqətin artırılaraq bərpasının vacibliyi xüsusi qeyd edilib.
O da qeyd edilib ki, nüfuzlu beynəlxalq qurumların, o cümlədən BMT Təhlükəsizlik Şurasının, ATƏT-in, AŞPA-nın, İƏT-nın, Avropa Parlamentinin və digər qurumların Ermənistanın işğalçılıq siyasətini pisləyən, işğalçı qoşunların dərhal və qeyd-şərtsiz işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən qərar və qətnamələrinin olmasına baxmayaraq işğalçı ölkə bunların heç birinə əməl etmir. Diqqətə çatdırılıb ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu uğurlu neft strategiyasından əldə olunan ilk vəsait bu kateqoriyadan olan insanların həyat şəraitinin yaxşılaşdırılmasına yönəldildi. Bu gün Azərbaycanda qaçqın və məcburi köçkünlərə dövlət tərəfindən ayrılmış vəsait dünyanın ən yaxşı göstəriciləri sırasındadır. Azərbaycan dövlətinin bu sahədə əldə etdiyi nailiyyətlər, bizim təcrübəmiz artıq dünyada bir model kimi qəbul olunur və bütün beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymətləndirilir.
Məlumat verilib ki, doğma yurdlarını zor gücünə qovulmuş bu insanların bütün problemlərinin həllini Azərbaycan hökuməti öz üzərinə götürüb. Qaçqınların və məcburi köçkünlərin məşğulluq, təhsil, yaşayış, tibbi, sosial təminatı ilə əlaqədar hərtərəfli tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Prezidentinin sərəncamı ilə Dövlət Proqramı və ona əlavələr təsdiq edilib. Bütün bunların nəticəsidir ki, Azərbaycan hökuməti tərəfindən indiyədək məcburi köçkünlər üçün bütün sosial-texniki infrastruktura malik 96 yaşayış kompleksi salınıb, 50 min ailənin və ya 250 min nəfərdən çox məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli üçün son 23 ildə təxminən 6 milyard ABŞ dollarından çox vəsait sərf olunub.
Qonaqlar daha sonra Füzuli rayonundan məcburi köçkün Xatirə Adıgözəlovanın məskunlaşdığı otaqda olub və ailə ilə söhbət ediblər. Görüşdə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının nümayəndələri ətraflı məlumat üçün təşəkkürünü bildirərək, münaqişənin tezliklə həllini tapmasının, məcburi köçkünlərin hüquqlarının bərpasının vacibliyini bildiriblər. Azərbaycanın qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı gördüyü işləri yüksək qiymətləndiriblər.



Baxış sayı: 843


Bölməyə aid digər xəbərlər