14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
İLAHƏ QƏHRƏMAN-HEKAYƏLƏR-SABAHA-İNAMLA.AZ-DA
Tarix: 16-02-2021 21:50 | Bölmə: Ədəbiyyat

       Hörmətli qələm dostum, Namiq müəllim!  İlahə Qəhrəman (Qəhrəmanova İlahə Həsən qızı) 1978-ci ildə Bakı şəhərində doğulub. Azərbaycan Texniki Universitetinin İnformasiya Texnologiyaları fakultəsini həm bakalavr, həm də magistr pillələri üzrə bitirib. Bir vaxtlar məzunu olduğu ali məktəbdə işləyir. Universitetdə oxuduğu illərdən ədəbi yaradıcılıqla məşğuldur. Uşaqlar üçün yazdığı hekayə, nağıl və əfsanələrin bir qismi mətbuatda işıq üzü görüb. 2018-ci ildə “Adiloğlu” nəşriyyatında “Əlahəzrət Zaman” adlı hekayələr kitabı oxucuların marağına səbəb olub. Xanım yazarın hal-hazırda uşaqlar üçün qələmə aldığı yeni kitabı çap prosesindədir.
    İlahə xanımın özünün də dediyi kimi o, uşaq ədəbiyyatının inkişafı üçün çalışır və texniki mövzularda qələmə aldığı yeni nağıl, rəvayət və hekayələrin  uşaqların riyaziyyat və informatika fənnlərində çətinlik çəkə biləcəkləri mövzuları daha rahat qavramalarına kömək edəcəyini düşünür. 
    Çox istərdim ki, sadə-səmimi və balaca oxucuları sevindirmək istəyi ilə yazıb yaradan İlahə xanımın baş redaktoru olduğunuz “Sabaha-inama”ünvanladığım hekayələrini dərc etməklə Siz də ona unudulmaz anlar bəxş edəsiniz.

Sizə yaradıcılıq uğurları arzusu ilə: İsmayıl Mərcanlı  İmanzadə,
AYB-nin Mingəçevir bölməsinin sədri
      
                    DƏNİZ VƏ KÜLƏK

   Külək özünə dost axtarırdı. Ağacların, çiçəklərin, otların üzərindən xəfif əsərək ətrafa gözəl ətir yayırdı. Binanın tinindən həyətə döndü. Qarşıdan balaca oğlan velosiped sürərək ona tərəf gəlirdi.O, beş yaşlı Camal idi. Külək ”Bəlkə elə bu oğlanla dost olum” deyə düşündü. Sürətini artırıb ona tərəf şığıdı. Saçlarını qarışdırdı, üzünə elə üfürdü ki, uşağın nəfəsi kəsildi. Küləkdən canını qurtarmaq üçün velosipedi möhkəm sürməyə başladı. Bu dəfə özünə yeni əyləncə tapan külək , təkərləri nişan aldı. Təkərləri elə möhkəm fırlatdı ki, sürətə tab gətirməyən Camalın əlləri sükandan ayrıldı. Dərənin kənarındakı yola yıxılan uşaq, velosipedinin necə şaqqıltı ilə dərədən aşağı yumallandığını gördü. Camalın dizləri daşa dəyib qanamışdı. Yanaqlarından damcı-damcı isti  göz yaşları axırdı. Bunu görən külək elə bildi ki, Camal velosipedə görə ağlayır. Daha bərk əsməyı başladı. Küləyin şiddətini görən Camal qalxıb, dizlərinin ağrısına məhəl qoymadan yolun digər tərəfindəki binaya tərəf qaçdı. Zirzəmiyə girib arakəsmədənbütün bunların nə ilə qurtaracağını izləməyə başladı.
Külək, Getdikcə daha çox sürət toplayaraq dərəyə atdığı velisipedi cənginə aldı. Fırlada –


fırlada gətirib Camalın daldalandığı zirzəminin qarşısında yerə elə möhkəm çaxdı ki, velosiped ən xırda detallarına qədər ayrılıb ətrafa səpələndi. Külək zirzəminin qarşısında nə qədər əsib-coşdusa da Camal zirzəmidən çıxmadı, axı o ağıllı oğlan idi. Bilirdi ki, külək sakitləşməmiş gizləndiyi yeri tərk eləsə daha böyük bəlalara düçar ola bilər. Külək xeyli əsdikdən sonra anladı ki, Camal onunla dost olmaq istəmir. Məyus halda oranı tərk edib yenə yavaş əsməyə başladı.
Camal küləyin uzaqlaşdığını hiss edib zirzəmidən çıxdı. Velosipedinin bütün hissələrini yığışdırıb evə sarı yollandı.
Şəhərdə dost tapmayan  külək dənizə üz tutdu. Sahildən biraz qumu qaldırıb dənizə səpələdi. Qum dənələri suya qarışıb dibə çökdü. Süyün üstü ilə xəfif əsdi. Dənizin ətrini ətrafa yayaraq üzaqlara, üfüqə doğru uçdu. Birdən, uzaqda ağ yelkənli balıqçı gəmisi diqqətini cəlb elədi. “Yaxşı əyləncə tapdım. Elə bu balıqçılarla bir az əylənim. Bəlkə mənimlə dost olallar” deyə düşündü. Sürətini getdikcə daha çox artıraraq gəmiyə doğru şığıdı. Dənizi elə dalğalandırdı ki, gəmi  gah beşmərtəbə hündürlüyündə dalgalarin arasında yoxa cıxır, gah da


dalğaların üstünə qalxırdı. Gəmi tərpəndikcə  balıqçilar top kimi göyərtə boyu saga-sola yumallanırdılar. Külək gəmini üç dəfə yerində fırlatdıqdan sonra suya elə möhkəm çırpdı ki, göyərtəsi qırıq-qırıq oldu. Dəniz dilə gəldi:
-Balıqçılara niyə zülm edirsən?
-Mən onlarla zarafat eliyirəm ki, dost olum.
-Belə zarafat olar? Yazıqları öldürürsən.
-Bəs neyləyim?
-Tez onları xilas elə.
    Külək gəminin iri taxta hissələırini balıqçılara sarı yönəltdi. Onlar taxtalara sarıldılar.Külək isə dənizi sahilə dogru dalğalandırdı. Balıqçılar xilas oldular.
              Balıqçılar bilirdilər ki, onları xilas edən küləkdir. Lakin fırtınanı törədənin də külək olduğu onlara məlum idi. Külək bu gün şimala əsirsə, sabah cənuba əsəcək. Onun dəyişkən xasiyyəti insanı yenə dara sala bilərdi. Dost gərək vəfalı ola. Küləklə insanın dostluğu tutmaz.
       Tək qalan külək çox məyus oldu.
       Əslində hər kəs özünə uyğun dost tapmalıdır. Xasiyyəti, gücü,  hətta yaşadığı mühit belə uyğun gəlməlidir.
         Külək əsrlər boyu bütün dünyanı, səmanı gəzib-dolaşır . İnsan ayağı dəməyənzirvələri fəth edir, mağaraları görür, qartalların yuvasinda balalarını oxşayır, keçilməz meşələrdə aslanların yuvalarına iznsiz girib-çıxa bilirdi. Ona özü qədər əzəmətli, qorxmaz lakin özündən daha müdrik bir dost lazım idi.

Dəniz öz damlaları ilə gah buxar, gah yağış gah da qar cildində bütün dünyanı səyahətə çıxırdı. Havanın, topağın, ocağın, çiçəklərin hətta insanın ətrini, görünüşünü yaddaşına əbədi olaraq həkk edirdi.
Dənizin Küləyə yaxşı məsləhətçi olması yeni və gözəl bir fikrin yaranmasına səbəb oldu. Külək  gücü, qüdrəti, əzəmətli və müdrikliyi ilə qəlbinə yol tapmış Dənizlə əbədi dost oldu
 
                        ÜÇ QARDAŞ
        
    Biri var idi, biri yox idi. Üç qardaş var idi. Bu üç qardaş o qədər mehriban idilər ki, vaxtlarını həmişə birlikdə keçirirdilər. Onlar gözəgörünməz idilər və qaçmağı çox sevirdilər. Insanlar bu qardaşları gözlə görməsələr də varlıqlarından xəbərdar idilər. Söhbət zamanı “ Hiss elədin, kiçik qardaş qaçdı?” , “İndi isə böyük qardaş keçdi.” deyirdilər.
         İnsanlar onların hərəkətini gözlə izləyə bilmək üçün dairəvi meydança düzəltdilər.Bu, kənarları  cizgilənmiş, hər beş cizgidən bir rəqəmlər yazılmış səliqəli meydança idi. Qardaşları isə tilsimləyib üç qızılı qəngdə əqrəbə çevirdilər. Hər üçünü ayaqlarından meydançanın mərkızinə bərkitdilər ki, yalnız bu dairə üzrə qaça bilsinlər.
Onlar çox sürətli qaçmağı bacarırdılar. Amma ən sürətli qaçan kiçik qardaş olsa da nə o, nə də ortancıl qardaş böyüyə çata bilmirdilər.
Kiçik qardaş durmadan qaçırdı. O, qaçmağa başlayanda ortancıl qardaş hələ uzaqda idi. Düşündü: “ Bu dəfə mən onlara qalib gələcəm. Çünki uzun müddətdir məşq edirəm. Əzələlərim möhkəmlənib, daha əvvəlki tək tez  yorulmuram. Ortancıl qardaşım az bir məsafəni qət edənə qədər mən bütün meydançanı beş  dəfə dairə vururam.”
Ortancıl qardaş fikirləşdi: “Bizim balaca bərk qaçsa da az nəticə əldə edir. Mənim məqsədim boyük qardaşımın getdiyi yolu qət etməkdir. O bir rəqəminə çatana qədər mən bütün meydançanı altmış dəfə dövr edirəm. İdmançılar illərlə sürən aramsız məşqlərdən sonra istədikləri nəticəni əldə edə bilirlər. Mən isə əsrlər boyu yorulmadan qaçıram, lakin o həmişə məndən irəlidədir. ”
Böyük qardaş səbirli, təmkinli, müdrik idi. Qardaşları ondan hündür, cüssəli, cəld olsalar da səylərinin əbəs olduğunu bilirdi. Buna baxmayaraq qardaşlarının çalışqanlığını bəyənir, qələbəyə ruhlandırırdı, çünki onlar qaçmadan özü bir addım belə ata bilməzdi. O bilirdi ki, əsrlər, qərinələr ötsə də qardaşları onu heç vaxt ötə bilməyəcəklər...
         Bu üç qardaş dünyaya insandan, heyvanlardan, okeanlardan, daglardan, Yer kürəsindən, hətta kainatdan əvvəl gəlmişdilər. Onlar dünyanı, insan həyatını, idarə edir, əvvəlini və sonunu müəyyənləşdirirlər.
Hökmdarların belə qarşısında baş əyib aciz qaldığı məvhum əlahəzrət zamandır. Bu üç qardaş isə onun sadiq qulları - Saaat, Dəqiqə və Saniyədir.
                                 
                     BÖYÜK ADAM
                        (hekayə)
     
      Nərmingilin ailəsi böyük deyildi. Bacısı Nuranədən yeddi yaş, qardaşı Fikrətdən isə dörd yaş kiçik idi. Sonbeşik olduğu üçün evdə hamı onun nazını çəkir, qeydinə qalırdı. Amma Nərmin balaca olduğunu qəbul etmək istəmirdi. Fikirləri, arzuları o qədər böyük idi ki, ona balaca deyəndə əsəbləşirdi.
     Nərmin ağ bənizli, sarışın, gur saçlı idi. Güləndə al dodaqlarının arasından cərgə ilə düzülən mirvari dişlərinin parıltısı yaşılımtıl gözlərindəki işıltıya qarışıb üzünü nura boyayırdı. Zərif qaməti, incə səsi ilə nağıllardakı pəricikləri xatırladırdı. Qardaşı Fikrət Nərmini çox istəyirdi, amma zarafatından da qalmırdı. İmkan tapan kimi “balaca” deyə qızı cırnadırdı. Anası Fikrətə dediyi sözə görə acıqlananda uzaqdan işarə barmağı ilə baş barmağını üç santimetrlik məsafədə tutub pıçıltı ilə “Bu boydasan” deyib, qızı özündən çıxarırdı. Hərdən bacısına uzaqdan baxıb altdan-altdan güləndə də “O mənə ürəyində “balacasan” deyir” qışqıran Nərmin böyükləri güldürürdü.
    Uşaqların üçü də çalışqan idilər. Nərmin həkim olmaq istəyirdi., amma nə həkimi olacağına qərar verə bilmirdi. Hüquqşünas olmağı arzulayan bacısının da həkim olmasını istəyirdi.
    İllər ötdü. Uşaqlar böyüyüb təhsil aldılar. Nüranə arzuladığı kimi hüquqşünas olmuşdu. Şəxsi hüquq məsləhətxanasını yaratmış, əsasən qadınların haqlarının qorunması uğrunda mübarizə aparırdı. Ailədə, cəmiyyətdə qadın zorakılığına qarşı çıxır, bütün qadınları xoşbəxt görmək istəyirdi. Çünki bilirdi, yalnız qadını təhsilli, azad, xoşbəxt olan xalq inkişaf edə bilər.
         Fikrət jurnalist olmuşdu. Bütün dünyanı gəzir, məhşur insanlarla görüşür, məqalələr yazır, televiziya verilişləri hazırlayırdı. Müxtəlif sahələrdə çalışan xeyli sayda dostları var idi. Məktəb yaşlarından indiyə qədər dostluqları davam edən Eldar ilə bir kanalda çalışırdılar. Hər səhər görüşüb ya Fikrətin, ya da onun maşınında işə gəlirdilər.
         Həftənin cümə günü idi. Fikrət saat 8:00-da efirə gedəcək verilişi hazırlamaq üçün sübh tezdən işə gəlmişdi. Dəhlizdəki səs-küyü eşidib, nə baş verdiyini öyrənmək üçün qapını açar-açmaz xəbərlərin aparıcısı qonur gözlü, sarışın qız olan Sevda:
         -Eldarı maşın vurub-deyərək pilləkənlər tərəfə qaçdı. Bir anlıq donub qalan Fikrət Sevdanın arxasınca qaçıb çölə çıxdı. Eldar asfaltın üstündə huşsuz vəziyyərdə uzanmışdı. Gicgahından zədə aldığı aydın görünür, yaradan qan axırdı. Təcili yardım maşını gəldi. Eldarı ehtiyyatla xərəyə uzadıb, maşına qoydular. Fikrət veriliş üçün hazırladığı materialların yerini Sevdaya söyləyib maşına, Eldarın yanına qalxdı. Həkimin sözlərinə məhəl qoymayıb: “Neyrocərrahiyyəyə gedirik”-dedi. Yolda Fikrət mobil telefonla kiməsə zəng edib vəziyyəti danışdı. Xəstəxananın dəhlizində onları zərif, yaşıl gözlü, ağ bənizli gənc bir həkim qarşıladı. Xəstəni yerindəcə müayinə edib:

-Əməliyyata hazırlayın-deyə, qətiyyətlə söylədi. Fikrət həkimi qolundan tutub saxladı:
-Nərmin, yaşayacaq?Qardaşının ümüd dolu gözlərinə baxıb heç nə söyləmədən əməliyyat otağına yollandı.
         Altı saatdan sonra xəstəni reanimasiyaya aparanda əməliyyatın uğurlu keçdiyini, xəstənin vəziyyətinin normal olduğunu tibb bacısı Fikrətə söylədi.

-Bəs Nərmin hanı?
-Həkim dincəlir. Bir saatdan sonra növbəti əməliyyata girəcək.  
    Bu gün Nərminlə görüşə bilməyəcəyini anladı. Birdən Fikrətin yadına düşdü ki, Eldarın ailəsinə xəbər verməyib. Onlar işdə olduğunu,  axşam isə həmişəki vaxtda evə gələcəyini düşünürlər. Eldarın qardaşına zəng etmək qərarına gəldi, çünki anasına bu xəbəri qəfil söyləyə bilməzdi. Mobil telefonda Rasimin nömrəsini tapıb yığdı:
  -  Salam.
  - Əleykə salam. Səsini eşidək. Xeyir ola, Eldar olan yerdə məni yada salmısan?
Bir az ara verib:
-Kaş xeyir olaydı. Xəstəxanadayam. Gələ bilərsən?
-Nə olub ki?
-Olmuşdu. Şükür, ötdü, amma gəlsən yaxşıdı.
     İyirmi dəqiqədən sonra Rasimin hündür qaməti dəhlizin o başında göründü. Fikrət hadisəni danışanda oğlanın rəngi ağardı.
    -Özüm görmədim. İş yoldaşlarım söylədilər. Maşını dayanacaqda saxlayıb işə gələndə əlindəki buraxılış kartı yerində dayanmış bir “cip”in arxasında asfaltın üstünə düşüb. Əyilib kartı götürmək istəyəndə “cip” yerindən tərpənib. Sən demə, gecə növbəsindən çıxan Cavad müəllim maşının içində imiş. Arxada yerə əyilmiş Eldarı görməyib maşını üstünə sürüb. Gicgahına zərblə toxunan maşını yaxşı ki, anında saxlayıb. Yoxsa, Allah eləməsin, üstünə çıxa bilərdi. Bu böyük maşınların mənfi tərəfi budur da... Arxada kamera olmayanda yaxın məsafədə yerə əyilmiş adamı görmək olmur. Lap tank kimi. İçəridən qarşıdakı bir metrlik məsafəni görmək olmur. Müharibə vaxtı düşmən tankını partlatmaq üçün puskuda yaxınlaşmağını gözləyib məhz bu məsafədən içinə bomba ataraq məhv edə bilirdilər.
ikrət bütün bunları Rasimi sakitləşdirib vəziyyətdən çıxarmaq üçün uzun- uzadı söyləyirdi.
   - Sən ürəyini sıxma! Bizim Nərmin heç kimə boşuna ümid verməz. “Yaşayacaq” dediyi adama zaval yoxdur. Rasim:
   - Allah Nərmin bacının canını sağ eləsin.
Deyib, gözünün yaşını sildi.
         Səhəri gün işdən imkan tapan kimi xəstəxanya gələn Fikrət birbaşa Nərminin otağına yollandı. Üstündə iri hərflərlə “neyrocərrah N. Mehdiyeva” yazılan qapını döyüb içəri keçdi. Üzəri kağız-kuğuzla dolu böyük masanın arxasında oturan Nərmin nə isə yazırdı. Fikrəti görən kimi gülümsədi.
         -Dostun narkozdan ayılan kimi xaş istəyib. Deyəsən xaşın eşqinə düşündüyümdən də tez ayağa qalxacaq.
Bacı-qardaş xeyli güldülər. Sonra otağa sükut çökdü. Fikrət iri pəncərəyə yaxınlaşıb, Nərmini işarə ilə yanına çağırdı.
         -Nərmin, bilirsən də nə boydasan?
         -Fikrət, yenə başladın?
-O göydələni görürsən? Bax sən mənim üçün o boydasan. Deyib, bacısına sarıldı...
                 

                          QIRMIZI SARAY
                              (Əfsanə)
    Biri var idi, biri yox idi. Qırmızı sehirli saray var idi. Bu sarayda heç vaxt işıq yanmazdı. Yalnız geniş qapıları açılanda günəş içərini işıqlandırar, divarlar al qırmızı rənglə bərq vurardı.  Saraya qırmızı əjdaha gecə-gündüz keşik çəkərdi. Onun başı, gözü, ağzı, əl-ayağı yox idi. Lakin çox güclü idi və saraya  bir milçəyi belə uçmağa qoymazdı. Qırmızı divarlardan həmişə şəlalələr axar, əjdahanın sağında, solunda çaylar əmələ gətirərdi. Çaylar axıb sarayın dərinliklərində yerləşən qaranlıq sehirli mağaraya tökülərdi. İnsanlar bu mağaraya üç saatdan bir süd, su tökməli idilər. Vaxtından bir dəqiqə belə keçsə mağaradan elə bir nərilti səsi gəlirdi ki, insanlar qorxudan təşvişə düşürdülər.
     
   
Bir gün sarayda möcüzə baş verdi. Qapının düz qarşısında döşəmədə kiçik bir ağartı göründü. Günlər, həftələr keçdikcə ağartı  böyüdü, mirvari kimi bərq vurdu. Bu, balaca gözəl ağ qız idi. Ağqızın yeganə yoldaşı əjdaha idi. O, balacanı hər gün çimdirir, sığallayır, əzizləyirdi.Lakin bir gün qəribə bir hadisə baş verdi. Ağqızın yanında, döşəmədə kiçik ağartı göründü. Ağartı zaman keçdikcə böyüyüb Ağqız boyda oldu. Sən demə bu Ağqızın əkiz bacısı idi. Bacılar bir-birindən ayrı qalmaq istəmirdilər. Birgə yeyir, yatır, şənlənirdilər. Ən çox sevdikləri əyləncə şəlalənin, çayın suyunda çimmək idi. Əjdaha isə suyu üstlərinə çiləyib şənliyi daha da coşdururdu.
    
    
Mağaradan sevincli səslər gələndə sarayın qapıları açılır və bacılar işıqlı dünyanı görürdülər. Burada gözəl bir qadın gülümsəyərək bacılara baxırdı. Əlindəki yabanı bacılara tərəf uzadanda qorxdular. Elə bildilər ki, yaba ilə onları öldürəcək. Qışqırıb əjdahanı köməyə çağırdılar. Əjdaha əzələli bədəni ilə yabanı itələməyə başladı. Yabanın üstündəki qarışığın ətrini hiss edib duruxdu. Qarışıq saraya  tökülən kimi yaba geri şəkildi. Sarayın qapıları bağlandı. Bu ləzzətli yemək idi. Bacılar bu yeməkdən daddıqdan sonra əjdaha onu şəlalənin suyuna qatıb mağaraya yönəltdi. Beləcə gündə bir neçə dəfə baş verən bu maraqlı və dadlı hadisə Ağqızların xoşuna gəlirdi.
         Artıq döşəmədə peyda olan ağartılar sarayda heç kimi təəccübləndirmir, əksinə “Bir bacımız da olacaq!” deyə sevindirirdi. Bacılar fırça ilə tanış olmuşdular. İlk dəfə fırça saraya daxil olanda aralarına vəlvələ düşdü. Fırça onlara yaxınlaşıb bədənlərini sürtməyə başlayanda bunun heç də qorxulu olmadığını, əksinə əyləncəli olduğunu anladılar. Fırça səhər , axşam gəlib bacıları parıldayana qədər təmizləyirdi.
         Günlər, aylar bir-birini əvəz etdi. Bacıların sayı iyirmi dörd oldu. Onlar artıq böyüyüb işləməyə başlamışdılar. Gündə bir neçə dəfə mağaraya gələn yeməkləri yaxşıca əzirdilər. Lakin onların düşməni peyda olmuşdu. Bu vahiməli, öldürücü Şəkərxox idi. Şəkərxox bütün sirin yeməklərin tərkibində mağaraya daxil olurdu. Bacılar bu şirniyyatları əzəndən sonra xəstələnirdilər. Şəkərxox qızlara yapışır, fırça təmizləməyə gələnə qədər onları xəstəliyə yoluxdururdu. Ağqızlardan biri bu xəstəliyə düçar oldu. Üstünə qəhvəyi ləkə düşdü. Fırça nə qədər sürtsə də bu ləkə təmizlənmədi. Ləkə günü-gündən böyüyür, ağqızı ağrıdır, dözülməz işgəncələr verirdi. Bir neçə aydan sonra Ağqız rəngini dəyişib qaraqız oldu və bir gün bacılar onu əbədi olaraq itirdilər.
         Sarayda hamı qəm dəryasına qərq olmuşdu. İtirilmiş bacının xiffətini çəkirdilər. Şənliyə, işləməyə həvəs qalmamışdı. Əjdaha nə qədər çalışsa da bacıların üzünü güldürə bilmirdi. Ağqızların Şəkərxoxa olan nifrəti artırdı. Bacılar müşavirə keçirib qərara aldılar ki, bir daha düşməni saraya yaxın qoymasınlar. Elə ki, yeməkdə şirin dad hiss edirdilər, əjdaha ilə birləşib onu saraydan kənara atıb, “Sən bizi daha xəstələndirə bilməyəcəksən” deyirdilər. Amma bir gün maraqlı hadisə onların əhvalını düzəltdi. Boş qalmış yerdə ağartı göründü. Bu ağartı onlara tanış idi. Yeni bacıları dünyaya gəlirdi. Bu xəbər hamıya yayıldı. Sarayda bayram oldu. Bacılar bir-birini təbrik edir, əjdaha sevindiyindən rəqs edirdi.
         İllər ötdü. Ağqızların sayı otuz iki oldu. Hamısı bir boyda, cərgə ilə düzülmüş bacılar mirvari kimi bərq vururdular.Ağqızlar qatı düşmənləri olan Şəkərxoxa qalib gəlmişdilər. Saraya girişinə qadağa qoyulan gündən bacılar sağlam və çox güclü olmuşdular. Ən yaxın dostları isə su və təmizlik idi.
        
 
 



Baxış sayı: 1 005


Bölməyə aid digər xəbərlər