Bütün xəbərlər
Həmişə bizimləsən, Əyyub müəllim!
Tarix: 22-07-2020 12:59 | Bölmə: Ədəbiyyat
Cənub bölgəsində jurnalist deyəndə yaşlı və orta nəslin gözləri önünə Əyyub Rzayev gəlir. Cavan nəsil isə bu şəxsi tanımır. Milli Mətbuatımızın 145 illiyi münasibətilə Əyyub müəllim haqqında yazı yazmaq istədim. Nədənsə sonraya saxladım. Ötən yazılarımı vərəqləyib oxudum. Bu gün yazılıbmış kimi bütün yazılarda hər şey yerli-yerində idi. 14 il öncə xatirə işığına toplaşıb onun yoxluğunu paylaşmışdıq. Mətbuatımızın patriarxlarından olan Əyyub Rzayev haqqında yazılarımdan birini yenidən oxuculara təqdim edirəm.
Gözləriniz nurdan əskilməsin. Amin.
Jurnalist həmkarım Esmira İsmayılovanın bəlkə də, ən xeyirxah işlərindəndir Əyyub müəllim haqqında çəkdiyi veriliş. 1995-ci ilin sentyabr günləriydi. Lənkəranda idim. Həyətimizdən Esmiranın səsi gəldi. Ev adamlarıyla elə həyətdə səmimi görüşdii:
- Sevdanı aparmasam, getmərəm! - dedi.
Təəccüblə həyətə düşdüm.
- Əyyub müəllim barədə veriliş çəkirik. Gəlməsən, gedən deyilik! - amiranə tərzdə bildirdi.
Veriliş çəkilişinə çox sevindim. Xəbərsiz gəlişinə bərk əsəbiləşdim.
- Əyyub müəllim maşındadır, gəlməsən, çəkiliş qalacaq - dedi.
Doğrudan da, Əyyub müəllim maşında gozləyirmiş. Düşüb hamıyla görüşdü.
Başqa əlacım qalmadı...
Bu gün Esmiraya minnətdarlıq etməyə söz tapmıram. Çünki həmin günü məni məcburi aparmasaydı, veriliş sonraya qalsaydı, yəqin ki, alınmayacaq, çəkilməyəcəkdi. Və bunun vicdan əzabı məni ömrüm boyu rahat buraxmayacaqdı. İndi Əyyub müəllimin xatirə günündə qonaqlarla birgə həmin verilişin lent yazısına baxırıq. Mən də, Esmira da 11 il cavanıq o lentdə. Əyyub müəllim isə ömrünün sonuncu payızını yaşayırmış. Həmin ilin – 1995-ci ilin Milli Mətbuat günündə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Dilruba xanım Camalova təbrik üçün jurnalistləri qəbul eimişdi. Həmin qəbulda Əyyub müəllim də danışdı. Çox kövrək idi. Ümumiyyətlə, o yaşda, o ağırlıqda kişi çox tez kövrələndi. Qəzetin maliyyə çətinliyi ilə əlaqədar bir neçə ay əvvəl ərizə verib işdən getmişdi. Amma hər sayda imzası göründüyündən Dilruba müəllimə onun işdən getməsindən xəbər tutmayıbmış. Etiraf edir ki, Cənub bölgəsində Əyyub müəllimə tay ikinci jurnalist tanımır və arzu edir ki, 70 yaşıyla birgə jurnalistlik fəaliyyətinin 50 illiyini təntənə ilə qeyd edək.
Çəkiliş zamanı Əyyub müəllim də, Esmira xanım da Dilruba müəllimənin diqqətini minnətdarlıqla yad edirlər.
Təəssüf ki, bu da elə arzu olaraq qaldı. Əyyub müəllimə o yaşa çatmağa ömür möhlət vermədi.
Çəkiliş zamanı Esmira İsmayılova ağrıyla qeyd edir ki, hamıya diqqət, qayğı göstərən jurnalistlərin özləri diqqətdən kənarda qalırlar çox vaxt. Eləcə də hamıdan yazan Əyyub müəllimdən bir sətir də yazılmayıb.
Doğru deyirdi həmkarım! Sağlığında yazmadığım ağsaqqalımız haqqında yalnız vəfatından bir il sonra “Yerin görünür, Əyyub müəllim” adlı ağrılı xatirələrim “Söz” jurnalında dərc olundu.
Lent yazısında Əyyub müəllim etiraf edir ki, qəzetin maliyyə çətinlikləriylə əlaqədar ərizə verib işdən getmişdir.
Doğrudanmı, bunu ürəkdən etmişdi?
Əvvəla, Əyyub müəllimin qəzetin maliyyə yardımına ehliyacı yox idi. Çörəyi şəxsi təsərrüfatından çıxırdı. İkincisi də ki, heç kim 50 il ömrünü, gözünün nurunu əritdiyi doğma qəzetdən, kollektivdən könüllü ayrılmazdı. Xüsusilə, Əyyub müəllim kimi enerjili, peşəkar insanlar.
Çətinliklə əlaqədar redaktordan başqa hamı müvəqqəti azad olunmuşdu işdən. Vəziyyət düzələn kimi hamı qayıtdı. Təkcə Əyyub müəllim qayıtmadı.
Bəlkə, hansımızınsa diqqətinə ehtiyacı vardı. Bəlkə, kiminsə zəngini gözləyirdi onu işə çağırsın?..
İliyimizə qədər işləyən soyuqqanlılıqdan yaxa qurtara bilmirik ki, bilmirik.
Həmin Mətbuat günündə Dilruba müəllimə Əyyub müəllimə qiymətli bir qol saatı da bağışladı. Bu, onun son Mətbuat bayramı, son hədiyyəsi oldu.
...Çəkiliş ürəyimizcə olmadığından baharda - sitrus çiçəkləyəndə bir də gələcəyimizə söz verdik. Təəssüf ki... Təəssüf ki, düz 11 il sonra, Əyyub müəllimin vəfatının 10 ilində gəlmişik bu çəkilişə.
Çəkilişin lent yazısına dəfə-dəfə baxırıq. O çəkilişə bu gün baxanda ayrı cür təsir bağışlayır mənə. O zaman fərqinə varmadığım məqamlar bu gün ağrılı duyğular oyadır qəlbimdə.
Əyyub müəllimin evindəyik. Hər şey yerindədir. Həmin qonaqpərvərlik, həmin mehribanlıq. Təkcə Əyyub müəllim yoxdur aramızda. Yoxdurmu? Yoxdursa, bəs bu qədər söhbətlər kimin haqqındadır. Deməli, cismani yoxluq hələ yoxluq deyil. Bir dahinin dediyi kimi: “Ölüm qorxulu deyil. Sağ olub yaşamamaq qorxuludur”. Elə Əyyub müəllimin yoxluğunu dəf etmək üçün bir araya gəlmişik. Həmin gün bir anlığa da olsa, qoparmışdıq onu əbədiyyət dünyasından. O da bizimləydi. İsti, kövrək xatirələriylə, şən, şux zarafatlarıyla.
Hadi Rəcəbli (Milli Məclisin Əmək və Sosial Siyasət Daimi Komitəsinin sədri):
- Bu məclisin leytmotivi bir fıkri təsdiqləyir: “Unutsaq unudularıq. Ər kişiləri unutsaq, kişisizləşərik”. Əyyub müəllim də daim xatırlanmalı, anılmalı kişilərimizdəndir. Bütün fikri-zikri iş, yazıb-yaratmaq idi. Pula hərislik, var-dövlət ehtirası ona yad idi. Dostluqda çox sədaqətliydi. Zahirən ciddi görkəminə baxmayaraq, çox zarafatcıl insan idi. Günlərin birində redaksiyanın kollektiviylə toya gedirlər. Şəkər Aslan redaktor olsa da, Əyyub müəllim ağsaqqallıq edir. Sifariş verir ki, kababın yağlısından, pendirin duzlusundan və s. gətirin. “Filan araqdan gətirin” deyəndə Şəkər müəllim dözmür. Axı, hamı bilirdi ki. Şəkər müəllim yanında oturanlar üçün hər cür şərait yaratsa da, özü pəhriz gözləyər, içki içməzdi. Həmin toyun yeyib-içmək sərgüzəştlərini uzun müddət xatırlayıb gülərdilər.
Yədulla Səfərov (“Leninçi” qəzetinin uzıın illər redaktor müavini, hazırda YAP-ın Lənkəran təşkilatının əməkdaşı):
- Hadi müəllim, dəqiqliklə xatırlayıram. Bu zarafat olub Yardımlıda İltifat Verdiyevin qardaşının toyunda. Bizə onsuz da əla qulluq edirdilər. Əyyub isə sifarişi sifariş dalıyca göndərirdi. Özü də Şəkərin adından. “Filan arağın yaxşısından” deyəndə Şəkər dedi: Əyyub müəllim, daha “ağ” oldu.
Sevda Əlibəyli (“Söz” jurnalının baş redaktoru):
- Hadi müəllim, siz Əyyub müəllimlə bağlı anım günü keçirəcəyimizi eşidib minnətdarlıq bildirmək üçün dünən mənə Bakıdan zəng vurdunuz. Bir-iki dəqiqəlik telefon danışığımız zamanı üç-dörd telefona cavab verməli olurdunuz. İşinizin həmişəki kimi gərginliyinə baxmayaraq, vaxt tapıb tədbirə gəldiyinizə, görə biz də sizə minnətdarlığımızı bildiririk. Bir də ki, dünənki telefon danışığımızda Əyyub müəllimin bir sıra xüsusiyyətlərini xatırlamaqla yanaşı onun zarafatcıllığını da xüsusi vurğuladınız. Bu gün bura biz əslində anım gününə - Əyyub müəllimin 10 illik xatirə gününə yığışmışıq. Amma nə qədər kövrək adam olsam da, burda ağlamağım gəlmir. Əyyub müəllimlə bağlı xatirələr gözlərim önündə canlandıqca üzümə təbəssüm qonur. Zarafat ən ali nemətlərdəndi onun üçün. Zarafatı ucuzlaşdırıb dəyərdən salanları sevməzdi. Günlərin birində işdə oturmuşdum. Telefon zəng çaldı. Qaldırdım. Əyyub müəllimi istəyirdilər. “Fasilədən qayıtmayıb” dedim. Telefonda amiranə səslə “Qoy gəlsin, o biri ayağını da sındırmasam, atamın oğlu deyiləm (Əyyub müəllimin bir ayağı axsaq idi. Özünün və dostlarının zarafat obyekti idi-S.Ə.). Onda bilər, yerində oturmamaq nə deməkdir” - deyib dəstəyi qoydular. Çaşıb qalmışdım. Dəstək tutan əlim isə həyəcandan əsirdi. Fasilədən qayıdan iş yoldaşlarım tez məni əhatəyə aldılar.
- Qorxma, Əyyub müəllimi heç kəs hədələyə bilməz. Yəqin dostlarındandır, zarafat edir, - dedilər.
Həmin şəxs rayonda uzun illər rəhbər vəzifələrdə çalışan Kamal Kələntərli idi.
Kamal Kələntərli (rayon Ağsaqqallar Şurasının sədri):
- (gülür). Çox kiçik bir küçədə - Bala Məmməd küçəsində dörd idarə yerləşirdi. Bizim Dəmiryol restoranı. Milli Təhlükəsizlik Komitəsinin Lənkəran şöbəsi. Meşə idarəsi və yerli qəzetin redaksiyası. Elə küçəyə çıxan kimi bir-birimizlə rastlaşar, salamlaşıb kef-əhval tutardıq. Bir dəfə Əyyubdan təzə ayrılmışdım, yadıma düşdü ki, ona nəsə deməliyəm. Və zəng vurub zarafatla onu hədələdim. Bütün bu zarafatlarla yanaşı, sözübütöv kişi, qələmi kəsərli, sözü sərrast deyən jurnalist idi. Dostluqda təmənnasız idi. Lənkəranın say-seçmə kişilərindən olan rəhmətlik Şamməd Əsgərovla, Əsgər Ağayevlə, Zəki Abbasovla ömürlərinin sonuna kimi mehriban münasibətdə oldu.
Təyyub Rzayev (böyük oğlu, Regional Aqrar Elm Mərkəzinin direktoru):
- Onun zarafatcıllığından söhbət düşmüşkən deyim ki, bu zarafatların, yumorların ruhu felyetonlarına da hopmuşdu. Bir dəfə axsamüstü evə birgə qayıdırdıq. Qonşuyla rastlaşdıq. Gözünü tutmuşdu. Dedi, çöpçüdən gəlirəm. Çöpçü gözümdən düz bir ovuc qum çıxardı. İki gün sonra atamın “Gözdə karxana” felyetonu dərc olunan qəzet əldən-ələ gəzdı.
Sərhad Məmmədov (dövlət qulluqçusu təqaüdçüsü):
- Felyetonları çıxan qəzetlərin əl-əl gəzməsinin hamımız şahidiyik. Mövzu axtarmazdı, mövzular özü onu tapardı. Uzaq illərin söhbətidir. Xəstə yatırdı. Axşamüstü ona baş çəkməyə getdim. Bir qədər sonra Təyyub da gəldi. Həmin dövrdə Tofıq Əsədullayev sovxozumuzun direktoru, Təyyub isə baş aqronomu idi. Təyyub dedi ki, yoldakı ağacların kəsilməsindən şikayət yazıblar. Respublika prokurorluğundan da yoxlama gəlib. Direktor haqqında cinayət işi qaldırıblar. Prokurorluq məsləhət bilib ki, kənddən bir veteran tapsınlar. Bu işi yıxsınlar onun boynuna ki, oduna ehtiyacı olub, ağacları kəsib. Və bununla da iş qurtarsın. Təyyub bu hadisəni danışıb qurtaranda xəstə yatan Əyyub müəllimin üzünə təbəssüm qondu. Mütəkkəyə dirsəklənib əlini əlinə vurub dedi: - Təyyub, dediklərin nə felyetonluqdur.
Ramiz Hüseynov (publisist):
- 1962-ci ildə rayon qəzetləri bağlananda “Leninçi” Mərkəzi Komitənin rayonlararası qəzeti kimi fəaliyyətə başladı. Məni də ən aşağı ştata - mətbəədə buraxıcı işinə götürdülər. Bu, Əyyub müəllimə xoş gəlmədi. Dedi ki, səni mütləq gətirib öz kabinetimdə oturdacağam. Fikrini qəzetin redaktoru Tofıq Həsənova da bildiribmiş. Bir gün Tofiq Həsənov məni çağırıb soylədi ki, həmin ştatda qalmaqla bu gündən Əyyub müəllimlə bir otaqda oturursan. Kabinetə bir stol da qoyuldu. Həmin gündən Əyyub müəllim mənə jurnalistika sahəsində konkret tapşırıqlar verməyə başladı. Tapşırdı ki, yazıları quru faktlarla doldurma. Belə yazılar oxucunu yorur. Tənqidi material yazanda faktlar dəqiq olsun və s. Bir də ki, atamı jurnalistikada öz ustadlarından saydığından böyük ürək genişliyiylə deyərdi: “Sən mənim müəllimimin oğlusan”. Mən də öz növbəmdə deyərdim ki, fəxr edirəm ki, atamın şagirdinin şagirdiyəm. Ruhu şad olsun!
Hadi Rəcəbli: - Onun tənqidi yazıları, felyetonları çıxan qəzetləri hamımızın yadındadır. Kimlərdən yazmazdı?! Prokuror, sovxoz direktoru, digər müəssisə rəhbərləri.... Onun jurnalist qələmi nöqsanlara qarşı barışmaz, amansızdı. Bütün bu prinsipiallığı, inadkarlığı çox zaman özünə baha başa gəlirdi.
Yədulla Səfərov: - Hadi müəilim, prokuror dedinız, mənim yadıma Əyyubun “İstintaq hələ qurtarmamışdır” felyetonu düşdü. 1952-ci ilin sentyabr ayı idi. Qəzetimizin redaktoru rəhmətlik Şükufə Qasımovaydı. Felyetonda söhbət o zamankı Andreyev adına kolxozdakı hərc-mərclikdən, kolxoz sədriylə hesabdarın birləşib kolxoz malını mənimsədiklərindən, rayon prokurorunun isə bu işə göz yummasından gedirdi. Felyeton hər tərəfə səs salmışdı. Həmin prokuroru qısa müddətdə işdən azad etdilər.
“Əsəbiləşməyin, Valentina Babayeva” adlı felyetonu 1970-ci ildə yazılıb dərc olunsa da, yaşlı və orta nəsil oxucularının yaxşı yadındadır. Valentina Babayeva İstehlak Cəmiyyətinin sədriydi. Ona söz demək hər oğulun işi deyildi. Amma işində nöqsanlar, narazılıqlar vardı. Bunları bilən Əyyub qələmini işə saldı. Nə qədər yalvardıq, xeyri olmadı. Öz inadında qalıb yazını yazıb dərc etdirdi. Əlbəttə, özü də zərbəsiz qalmadı. Redaktor getməliydi. V.Babayevanın adamları lazımi ünvanlara imzalı-imzasız o qədər böhtan dolu məktublar yazdılar, redaktorluq da alınmadı.
Təyyub Rzayev: - O günlər mənim də yaxşı yadımdadır. Tələbəydim, həmin vaxt kəndə gəlmişdim. Axşamüstü qapımızda iki maşın dayandı. Əksərini tanıdım, rayonun vəzifəli şəxsləriydi. Xahişə gəlmişdilər ki, felyetonu verməsin. Atam isə inadından dönmədi. Atamın işinə heç vaxt qarışmayan anam da yalvardı ki, bəlkə inadından dönəsən, gör biz nə vəziyyətdə yaşayırıq, tələbə oğlunun ayaqqabısından barmaqları görünür... Xeyri olmadı. Nə onların xahişini qəbul etdi, nə də diplomat çantada gətirdiklərini. Ertəsi gün öz ayaqqabılarını mənə verib, məni instituta yola saldı.
Müxtəlif kadrlara baxırıq. Lent yazısında öz dedikləri:
- Mənim jurnalistikaya gəlişim inanın ki, tam təsadüfı olub. Yaxşı çəkməçi idim. Pis dolanmırdım. Bir gün baramaçılığın inkişafıyla bağlı məqalə yazıb redaksiyaya göndərdim. Xeyli keçəndən sonra məni redaksiyaya çağırdılar. Təhlilim xoşlarına gəldiyi üçün demə, məni mütəxəssis kimi çağırıbmışlar. Heç bir ali təhsilim olmadığını biləndə inanmaq istəmədilər. Bir neçə mövzuda yazılar tapşırdılar. Yazıb verdim. Yazdıqlarım onları qane etdiyindən məni işə götürdülər. Beləliklə, ən kiçik texniki işçidən redaktorluğa qədər yüksəldim.
Bu hadisə olub 1947-ci ildə. Heç bir ali təhsili, jurnalist diplomu olmayan Əyyub Rzayev 1952-ci ildə “İstintaq hələ qurtarmamışdır” sərlövhəli felyetonuyla rayon prokurorunun, kolxoz sədrinin... işdən götürülməsinə nail olub. Bakı Ali Partiya Məktəbində isə 1954-58-ci illərdə təhsil alacaqdı.
Xudaverdi Cavadov (“Lənkəran” qəzetində məktublar şöbəsinin müdiri):
- Əyyub müəllim ən başlıcası jurnalistin nüfuzunu, şərəf və ləyaqətini uca tutmağı sevirdi. Təsadüfi deyil ki, qəzetimizin 75 illik yubiley sayında ağsaqqalımıza həsr etdiyim yazını “Redaksiyanın atası” adlandırmışam. Mən qəzetdə işə başlayanda Əyyub müəllim redaktor müaviniydi. Lap təzə işlədiyim vaxtlar idi. Redaksiyaya bir məktub daxil olmuşdu. Məktub Rusiyadan idi. Vaxtilə Lənkəranda yaşayan bu adam indi qohumlarını axtarır, onların sağ olduqlarını və ya dünyadan köçdüklərini bilmək istəyirdi. Əlaqədar təşkilata zəng vurdum. Məni saymazyana qarşıladılar. Açığı, çox pərt oldum. Bu barədə Əyyub müəllimə məlumat verdim. Dedi, narahat olma, mən məşğul olaram. Ertəsi gün işə gələndə qəribə mənzərəylə rastlaşdım. Məni saymazyana qarşılayan rəis Əyyub müəllimin qarşısında az qala diz çöküb yalvarırdı. Əyyub müəllim dedi ki, məndən yox, bu yoldaşdan üzr istə, - deyə məni göstərdi.
Bəli, jurnalistin şərəf və ləyaqətini belə qoruyurdu. Onun tənqidi yazıları, felyetonları birmənalı qəbul olunurdu, biz isə hədə və təhqirlərə məruz qalırdıq. Bir dəfə bunun sirrini, səbəbini soruşanda dedi ki, çalış faktların dəqiq olsun. Bir də ki, əldə etdiyiniz tənqidi faktların hamısını yazmayın, özünüzü müdafiə etməyə bir şey saxlayın. Əyyub müəllimlə bağlı bir kövrək məqama da toxunmaq istəyirəm. Qəzetimizin 50 illik yubileyində Əyyub müəllimə aid olan Ali Sovetin Fəxri Fərmanı ona yox, başqasına verildi, ömrü boyu təltiflərin, mükafatların fərqinə varmayan Əyyub müəllimə bu hadisə nədənsə bərk toxundu. Bu inciklik o vaxt Şəhər Partiya Komitəsinin I katibi işləyən Dilruba xanım Camalovaya da çatdı. Dilruba xanım qəzetin bütün kollektivini qəbul elədi. Dedi, Əyyub müəllim, söz verirəm ki, qəzetin 60 illik yubileyində sizi daha layiqli təltiflə mükafatlandıracağam. Əyyub müəllim də yarıciddi, yarızarafat bildirdi ki, bundan sonra yaşamağıma on il zəmanət verirsinizsə, bu mənim üçün ən böyük mükafat və təltifdən də üstündür.
Əyyub müəllim həmin yubileydən sonra düz 15 il yaşadı. Yaş etibarı ilə o “mükafatı” aldı. Qəzetin 60 illiyi təntənə ilə qeyd olunanda işə Dilruba müəllimə artıq hakimiyyətdə deyildi. Bir də ki, 1991-ci ildə respublikada hərc-mərclik dövrüydü. Artıq belə təltiflər də, mükafatlar da dəbdən düşmüşdü.
İltifat Əhmədov (“Lənkəran” qəzetinin redaktoru):
- Məşhur felyeton ustası, zarafatcıl insan kimi tanıdığımız ağsaqqalımız həm də çox kövrək bir insan idi. Aramızdakı yaş fərqinə baxmayaraq, hamımızın dostuydu. Xeyir-şər məclislərində birgə olardıq. Ötən yüzilliyin 90-cı illəriydi. N.B.Vəzirov adına Lənkəran Dövtət Dram Teatrında yazıçı-dramaturq Əlimərdan Nəsirovun “Yeddi şam” pyesinin tamaşası gedirdi. Şəhidlərə həsr olunmuş tamaşada təsirli səhnələr çox idi. Biz yanaşı oturmuşduq. Bir də gördüm, Əyyub müəllim hönkürtüylə ağlayır. Nə qədər təsəlli, ürək-dirək versəm də, xeyri olmadı. Axırda mən də qoşulub ona ağladım. Allah Əyyub müəllimə rəhmət eləsin.
Təyyub Rzayev: - İltifat müəllim, doğru deyirsiniz. Atam çox kövrək insan idi. Heç yadımdan çıxmaz. Ulu öndərimiz Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtmışdı. Atam hadisələri televiziya vasitəsilə izləyirdi. Heydər Əliyevin adamlarla görüşünə baxanda bir də gördüm ki, hönkür-hönkür ağlayır. Təəccüblə soruşdum ki, axı nə olub, niyə ağlayırsan? Dedi, ay bala, sən müharibəni, aclığı görməmisən. Belə getsə, aləm dəyəcək bir-birinə, vətəndaş müharibəsi olacaq. Allah xilaskarı, deyəsən, vaxtında göndərib.
Əyyub müəllimin kövrəkliyinə mən də bələd idim. Azan səsinə dözə bilməzdi. Yanğılı muğamlara tab gətirməzdi. Belə anlarda başını masanın üstünə qoyub yuxulayırmış kimi öz aləminə çəkilərdi. Dərdini bilirdik. Ata-anasız böyüyən Əyyub müəllim 5 oğul, 3 qız atasıydı. Həkim oğlu Qalib (bütün kənd onu Adil kimi tanıyırdı. Sənədlərində adı Qalib idi) körpəsinin üzünü görmədən bu dünyayla vidalaşmışdı. Özündən sonra dünyaya gələn yeganə yadigarına Adil adını vermişdilər. Amma heç kim cürət edib onu öz adıyla çağırmırdı. “Bilə” (talışca qardaş) deyib müraciət edirdilər. Əyyub müəllimin çəkilişinə gedəndə Adil evdə deyildi. Neft Akademiyasına qəbul olunan Adil tələbə biletini almağa nənəsi Zəri xalayla Bakıya getmişdi. Əyyub müəllim sevincdən sanki qanad taxmışdı. Dilruba müəllimənin ona bağışladığı qol saatını da ali məktəbə qəbul olunması münasibətilə Adilə bağışlamışdı. Həmin gün onu görməsəm də, bu gün ali təhsilli mütəxəssis kimi Adil Rzayev əmisi Təyyub, əmisi oğlu Tofiq Rzavevlər kimi anım gününün təşkilatçısıdır...
Həmin Tofiq ki, BDU-nun coğrafıya fakültəsinə yüksək balla qəbul olunanda Əyyub müəllim şokalad da paylamışdı bizə. İndi Tofiq də çoxdan vidalaşıb ali məktəblə. Xeyli müddət müxtəlif vəzifələrdə çalışıb. Hazırda rayonda rəhbər vəzifələrdən birini icra edir.
Tələbə biletini almağa gedən Adili görə bilməmişdik həmin gün. Amma bu dəfə gördük. Özü də kamil bir gənc kimi, Milli Məclisin aparıcı mütəxəssısi kimi işinin çoxluğuna baxmayaraq, babasının xatirəsiylə bağlı tədbirdə bilavasitə təşkilatçı olmaq üçün hətta iki gün də tez gəlib. Və bu gün əziz Adili bağrıma basdım.
Ağaddin Babayev (“Bakinski raboçi” qəzetinin və APA-nın Cənub bölgəsinin xüsusi müxbiri):
- İlk dəfə redaksiyaya yazı aparanda 14 yaşım var idi. Dolu bədənli, lopa bığlı Əyyub müəllim ilk baxışdan zəhmli təsir bağışlayırdı adama. Elə felyetonların, tənqidi yazıların müəllifi məncə bu görkəmdə olmalıydı.
Sonra tale elə gətirdi ki, mən də qəzetdə işləyəsi oldum. Düz 6 il bir otaqda oturduq. Bu müddətdə Əyyub müəllimin necə sadə, səmimi bir insan olduğunun şahidi oldum. Uşaqla uşaqdı, böyüklə böyük. Qayğısını heç kəsdən əsirgəməzdi. Talış dilində səhifə aparan tərcüməçi müxbir kimi işə götürülmüşdüm. Talış dilində elə arxaik sözlər vardı, tərcüməsini, izahını yalnız Əyyub müəllimdən soruşub öyrənirdim. Mən də başqa həmkarlarım kimi jurnalistikada Əyyub müəllimin yetirməsi olmağımla fəxr edirəm.
Əlisəfa Həsənov (“Respublika” qəzetinin bölgə müxbiri):
- Əyyub müəllimdən söhbət düşəndə onun adı ötən əsrin 50-60-cı illərinin qüdrətli qələm sahiblərindən Sadıq Qarayevlə, Kazım Ələkbərovla, Rafail Nağıyevlə qoşa çəkilir. Mən də yaxşı xatırlayıram, imzası olan qəzet əl-əl gəzər, mütləq oxunardı. Hansı kəndə, təsərrüfata gedişindən xəbər yayılardı ki, müxbir gəlib. Məclisdəkilərimizin dedikləri kimi mən də onun məsləhətlərini çox dinləyib bəhrələnmişəm. Hamımızın müəllimi idi, öyüd-nəsihətlərindən hamımız dərs almışıq. Arzu edirəm, Əyyub Rzayevin məktəbi həmişə yaşasın.
Arif İsmayılov (Gərmətük qəsəbə orta məktəbinin direktoru, pedaqoji elmlər namizədi):
- Əyyub müəllim dostluqda çox sədaqətliydi. İnsanlara yarınmaqdan zövq alardı. “Jiquli” markalı maşınıyla hamıya xidmət etməyə çalışardı. Liman şəhərində müəllim işləyirdim. Əyyub müəllim işə gedəndə məni də götürərdi. Bir dəfə bərk yağış yağmışdı. Necə gedəcəyimi bilmirdim. Dayanacağa çatanda gördüm ki, Əyyub müəllim maşını saxlayıb məni gözləyir. Açığı, çox sevindim. Dedi, bu yağışda avtobus çətin işləyə, gözlədim ki, işdən qalmayasan. O ki qaldı yazdıqlarına, elə başlıqları adamın diqqətini cəlb edirdi: “Şir ürəkli Şirməmməd”, “Gözdə karxana”...
Son vaxtlar tanınmış ləyaqətli insanlar barədə kitabların yazılması təqdirəlayiqdir. Elə bilirəm, Əyyub müəllim haqqında kitab yazmağın da vaxtıdır.
Fəyaz Vəliyev (kənd sakini):
- 1990-cı illərin ortalarında kənddə çayxana işlədirdim. Əyyub müəllim qəzetdən ayrılandan sonra tez-tez çayxanaya gələr, vaxtının çoxunu kənd adamlarıyla birgə keçirərdi. Belə anlarda Əyyub müəllimi yaxından tanıdım. Sərt yazıların müəllifi kimi tanınan bu şəxs çox sadə bir insan idi. Bilirdik tanınmış dostları var, amma özünü çəkmir, bizimlə də oturub-dururdu.
Nadir Rzayev (oğlu, Bakı şəhərində həkim):
- Atamın iş yerinə uşaqlardan ən yaxını mən idim. Dərsdən sonra hər gün redaksiyaya getmək həyat normama çevrilmişdi. Redaksiyanın əsl ziyalı, işgüzar, mehriban kollektivini bu gün də unuda bilmirəm. Şəkər Aslanın gənclik dövrüydü. “Qızlar baharı” adlı poeziya dərnəyi yaratmışdı. Tez-tez müxtəlif yerlərdə görüşlər keçirirdi. Atamı ciddi, kəskin yazıların müəllifı kimi tanısalar da, xoşxasiyyət, zarafatcıl insan idi. Rəhmətlik Vaqif Hüseynovla zarafatları yaxşı tutardı. Amma atam ömrünün son illərində çox kövrəlmişdi. Səbəbini soruşdum. Dedi, oğul, sözün ucuzlaşmasına, qəzetlərin qiymətdən düşməsinə dözə bilmirəm. Dedim, sən sözünü de də... Onun maaşa, qonorara ehtiyacı yox idi. Ömrü boyu bağlandığı nüfuzlu peşənin ucuzlaşmasına dözə bilmirdi. Bir də ki, doğma qəzetdən ayrılmaq ona çətin oldu. Bir ildən artıq dözmədi, həyatla vidalaşdı. Bu dəqiqə çox kövrəyəm...
(İlahi, nə dəhşətlı səs bənzəyişi. Uzun illər Bakıda yaşamasına baxmayaraq, eyni səs, eyni ləhcə, eyni kövrəklik. Üzbəüz oturmasaydıq, elə bilərdim ki, kövrələrək danışan Əyyub müəllim özüdür).
Hadi Rəcəbli: - Əyyub müəllimə həsr olunmuş tədbirdə iştirakımla əlaqədar fürsətdən istifadə edib ailənin iki böyük sevincinə mən də qoşuluram. Bu sevinc Əyyub müəllimin nəvələriylə bağlıdır. Birincisi, Tofiq Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı hörmətli Süleyman müəllimin müavini təyin olunmuşdur. Tofiq o yerə layiq olduğu üçün bu işi ədalətli təyinat sayıram. İkinci sevincimiz Adillə bağlıdır. Adil dörd il Milli Məclisdə ştatsız fəaliyyət göstərdi. Daha doğrusu, Hadi Rəcəblinin şəxsi ştatında fəaliyyət göstərdi. Lakin bu müddətdə Adil özünəməxsus keyfiyyətləriylə nüfuz qazandı. Və yaxşı keyfiyyətləriylə təkcə özünün yox, Cənub bölgəsinin imicini qaldırdı. Onun qabiliyyət və işgüzarlığı diqqətdən kənarda qalmadı. Adil artıq MM-in vitse-spikeri, Ekologiya və Təbii Sərvətlər Daimi Komissiyasının sədri Valeh Ələsgərovun şöbəsində tam ştata işə götürülmüşdür.
                                                                                 ***
1996-cı ilin Novruz bayramıydı. Lənkərana getmişdim. Qəzetimizin kollektivini təbrik etmək üçün redaksiyaya zəng vurdum. Dəstəyi redaktor rəhmətlik Həzi Əliyev götürdü. Dedi, Əyyub müəllim də burdadır və dəstəyi ona verdi. Doğrusu, çox sevindim, elə bildim ki, işə qayıdıb. Soruşanda söylədi ki, işə yox, yoldaşlarla görüşməyə gəlmişəm. (Yəqin ürəyinə nəsə damıbmış. Bu redaksiyaya son gəlişi oldu). Söhbət əsnasında əlavə etdi ki, bir xahişim var: oğlumun başdaşındakı şeiri Şəkər Aslan yazıb. Onu deyərəm, xatirələrində yazarsan. Tez sözünü kəsdim:
- Əyyub müəllim, şeiri də, xatirəni də özünüz yazın.
Nə yazıq ki, o xatirəni yazmağa ömür möhlət vermədi.
***
Son mənzilə yığışmışıq. Oğluyla qoşa uyuyur. Həmin şeiri sinə daşından oxuyuram:
Bu matəm heç kəsə qismət olmasın,
Gözümüz, könlümüz qəmlə dolubdur.
Hansı bir ömürdə toy ilə yasın,
Arası bu qədər yaxın olubdur?
Əritdik səninçin ürəyimizi,
Düşündük oxuyub həkim olarsan.
Vaxtsız ölümünlə bilmədik bizi,
Dərmansız, əlacsız dərdə salarsan.
Qalib, əzizimiz, zülm etdin kimə?
Bu böyük dünyadan de nə apardın?
Həkim olmasaydın, sən bir həkimə
İnanıb, bəlkə də, şəfa tapardın.
Son mənzil, başdaşıyla bağlı bir məqam da düşür yadıma, çöhrəmə kədər qarışıq təbəssüm qonur. Ağrılı təbəssümün də maraqlı tarixçəsi var.
1989-cu ilin son günləriydi. Fotomüxbirimiz Gülağa Cəfərov tez-tez şəkillərimizi çəkib əbədiləşdirirdi. Həmin gün Əyyub müəllim bir mənimlə, bir də tək şəkil çəkdirdi. Şəkilləri alanda çox sevindi. Tək şəkildə nurani düşmüşdü, əlində də qələm. Şəklə baxıb yarıciddi, yarızarafat dedi:
- Əla! Bu oldu başdaşımın şəkli.
Zarafatımı saxlaya bilmədim:
- Əyyub müəllim, ver baxım, birdən birgə çəkdirdiyimiz olar ha?
Son mənzilində həmin şəkillə üzbəüz dayananda aramızdakı o dünya - bu dünya məsafəsi, səddi itmişdi. Mən o zamanın içindəydim. Xəyalımda 1989-cu ilin sonuydu. O zamanın içində Əyyub müəllim də sağdır.
Həmin şəkillə bağlı yenə zarafatla dolu ağrılı məqam:
Bakıdan gələn kimi münasib adamlarla zəngləşirəm. Uzun illər qəzetimizdə Şəkər Aslanın sürücüsü işləmiş Samid Zülfüqarova da zəng vurdum.
- Vəfatını gec bildim. Maşınla onların kəndlərindən keçirdim. Bir qəbir üstə başdaşı qoyulurdu. Boylandım, Əyyub müəllimin şəklini gördü, - dedi.
Kədərli xəbərə yumorum qarışdı.
- Samid, yaxşı baxaydın, mənimlə birgə çəkdirdiyi şəkil deyildi ki?..
                                                                                       ***
Lənkəran bölgəsində jurnalist deyəndə bu gün də yaşlı və orta nəslin gözləri önünə ilk növbədə Əyyub Rzayev gəlir.
Əyyub Rzayev bütün yaradıcılığı boyu bir amala sadiq qaldı: “Qəzeti oxunaqlı edən tənqidi yazılardır. Amma dəqiq və vaxtında yazılsın”.
İmzası gedən hər hansı yazıda kiminsə tapdanmış hüququ bərpa olunur, kimi cəzalandırılır, kiminsə problemi həll edilir, kimi irəli çəkilir, kimi işdən götürülürdü.
Onun jurnalist qələminin kəsəri, qüdrəti belə idi.Bir jurnalist kimi isə layiq olduğu qiymətləri heç vaxt ala bilmədi. Fəxri adlar, mükafatlar o zaman da, indi də dəbdə olan əlamətlərdir. Mətbuata 50 illik xidməti bu adların ən yüksəyini almağa tam haqq verirdi ona. Amma öz işindəydi Əyyub müəllim. Öz yazı- pozusundaydı, nə üstünü vururdu, nə tələb edirdi. Vəfatından sonra da xatirəsi diqqətdən kənardadır. Nə adının əbədiləşdirilməsi, nə yaşadığı ünvana xatirə lövhəsi vurmaq yada düşür. Lənkəran Şəhər İcra Hakimiyyəti rəsmilərinin və kənd bələdiyyə sədrinin iştirak etdikləri məclisdə bu məsələylə bağlı arzutəkliflər dəfələrlə vurğulandı. Axı, ruhlar, xatirələr qayğıya, diqqətə daha çox möhtacdırlar.
Sevda ƏLİBƏYLİ
“Söz” jurnalı,
03.2006-cı il







Baxış sayı: 839


Bölməyə aid digər xəbərlər