Bütün xəbərlər
Layla kimi həzin... -Sevda ƏLİBƏYLİ
Tarix: 19-07-2020 12:22 | Bölmə: Ədəbiyyat
(Elegiya)

“Sevgi də istedad kimidir. Hər adama verilmir”.


 
Yazıçı-dramaturq, publisist, professor Aqşin Babayevin vəfatından artıq 40 gün ötdü. Layla kimi həzin, sadə, səmimi, kövrək Aqşin müəllim... Eh, Aqşin müəllim... Ömrün sonu nə tez gəlib çatdı...
Düz bir  aydır kağızlarımı tökür, göz yaşlarım imkan vermədiyindən yenə yığışdırıram (dədə-baba üsuluyla hələ də əlyazma edirəm). Bir ayı gəlişi gözəl söz kimi dedim. Demə, elə düz bir ay imiş... İyunun 10-u, iyulun 10-u... Həmin gün oğlu Gündüzə başsağlığı yazsam da, statusuma 10 gün sonra bu sözləri yazdım: “Çooox sevimli Aqşin müəllim! 10 gündür ayrı-ayrı dünyalardayıq. İnanmaq istəmirəm. Onsuz da yeriniz ürəyimizdədir...”
Yoldaşım bəd xəbəri eşidən kimi Aqşin Babayevin kitablarından ibarət bir sərgi düzəltdi. Kitabları düzdü – ortada Nazim Hikmətə həsr etdiyi “Nazim Hikmət qalaktikası.” Və ağrıyla söylədi ki, Aqşin müəllim bizləri tərk etdi. Nazim Hikmətə qovuşdu.

Yazıçı-dramaturq, publisist, jurnalist, filologiya elmləri doktoru, professor Aqşin Babayev özünə qıbləgah, səcdəgah saydığı Nazim Hikmət haqqında çox yazılar, xatirələr, kitablar yazmışdı. Yaxın illərdə nəşr etdirdiyi “Nazim Hikmət qalaktikası” ilə elə bil ki, bütün yazdıqlarını yekünlaşdırdı.
Ustadına sanki son borcunu verirdi. Aqşin müəllim söz adamı, yaradıcı adam olsa da, uzun illər vəzifə kreslolarında da əyləşmişdi. Hər hansı sahədə saysız-hesabsız dostu-tanışı vardı. Kitabına istədiyi adamı redaktor seçə bilərdi. Amma məni seçdi. Bundan böyük alilik olardımı?! Kitab haqqında “Kaspi” qəzetində çox gözəl bir məqalə dərc olundu. Aqşin müəllim özü mənə zəng vurub məqalə barədə məlumat verdi. Əlavə etdi ki, yazıda korrektora kimi hamının adı gedib, təkcə redaktordan başqa. “Belə şeylərə öyrəncəliyəm,” dedim. Hər ikimiz gülüb sağollaşdiq.
Xatırələrlə baş-başayam. Vaxtı ilə deyə-gülə söhbətlərimiz indi ağrılı xatirələrdir. 75 yaşının tamamına az qalmış zəng vurdu ki, haqqında kitab hazırlanır (ümümiyyətlə, tez-tez zəngləşirdik), orda mənim də sözüm olsa, fəxarət düyar. Bu sözləri az qala utanırmış kimi söylədi. Allah, Allah! Sözün deyilişinə bax... fikrin ifadəsinə bax... təvazokarlığa bax... “Canlı tarix, canlı ensiklopediya” adlı böyük bir yazı yazdım. Kitabı avtoqrafla mənə verəndə o qədər də sevinmədim – yazım yarıbayarı ixtisar olunmuşdu. Yazını özüm üçün saxlamadığıma görə indi çox təəsüflənirəm.
“Söz” jurnalının ən operativ, ən məhsuldar əməkdaşlarından idi Aqşin müəllim. Yazını axşam sifariş versəydim, sabahı, ən uzağı o biri gün hazır olmalı idi. İndi haqq dünyasında olan, unudulmaz xatirələrilə könül dünyamda əbədiləşən professorlar, elmlər doktorları  Zeydulla Ağayev də, Əjdər Ağayev də Aqşin müəllim qəbildən olan insanlar idilər.
“Söz”də dərc olunan yazılarına baxıram: “Leylanın Gülçöhrəsı” (Leyla Bədirbəyli), “Ürəyimdə yaşadıram” (Nəsir İmanquliyev) “Neyləyim, ürəkdir də...” (Əhsən Dadaşov), “Dəryada gəmim qaldı” (Davud Əhmədov) “Fəxr edirik” (Sudeyf İmamverdiyev) və başqa yazıları indi ayrı cür ovqat yaratdı məndə. Bütün yazılarda ürəyinin hərarəti, xarakterinin cizgiləri vardı...
Tədbirlərimizin canı, yaraşığı idi. Sonuncu görüşümüz (çox təəssüf) Beynəlxalq Mətbuat Mərkəzində “Söz” jurnalının 25 illiyində oldu. Yazıçılar Birliyində başqa tədbirə gedəcəyinə görə aparıcı – Mətbuat Şurasının sədri Əflatın Amaşov sözü tez ona verdi. Hər zaman olduğu kimi məni xeyli təriflədi. Çıxışından sonra icazə alıb getdi. Həmin tədbirdən gedən bütün xəbərlərdə Aqşin müəllimin çıxış elədiyi şəkli vermişdilər. Axşam bızə zəng vurdu. Yarımçıq çıxdığı üçün təəssüfünü bildirdi. Ora da çata bilmədiyini söylədi.
Telefonla məni diqqətdən kənarda qoymazdı. Bəzən söhbətlərimizə Müzəyyən xanım da qoşulardı... Son iki ildə səhhətindənki problemlə əlaqədar əziyyət çəkirdi. Lakin bürüzə verməməyə çalışırdı. Aprelin axırları idi. Zəngimə telefonu açdı. Gileyimi və narahatlığımı bildirdim. Dedi ki, telefonu əlimdə çox saxlayanda yoruluram. Və onu da dedi ki, “mayın 4-də, karantindən sonra işə gedəcəyimi söyləsəm də, bugünkü vəziyyətimlə gedə bilməyəcəyəm. Hər gün geri gedirəm”...
Xeyli təsəlli verdim... Gündüzlə hərdən danışırdım. Söyləyirdi, dualarınızı Allah eşitsin, atama da çatdıracam...
Aqşin müəllim dünyasını dəyişəndən sonra onu sevənlərin çoxuyla dərd ortağı oldum. Amma bacısı qızı Aysel Fikrətlə (şair Fikrət Sadığın qızı) kədərimiz üst-üstə düşdü. Axı Aqşin müəllim mənə də dayı qədər əziz idi. İnsanı dərd qədər birləşdirən ikinci bir güvvə yoxdur.
Muzıkalnı (ifadəni işlətdiyimiz kimi yazıram) adamları çox sevirəm. Xüsusilə tar və piano çalmağı bacaranları. Aqşin müəllimin tar çaldığını bilirdim. İlk təhsilini atası Əlisəttar müəllimdən almışdı. Sonra isə Əhsən Dadaşovdan. Universitetdə ansamblda çalmışdı. Pianonu dilləndirməyi isə özü öyrənib. Nə yaxşı ki, Gündüz bəzi çalğıları lentə alıb. Dünyada olmadığı günlərdə statusa qoymuşdu. Aqşin müəllim çalır. Pianonun şirmayı dillərindən həzin bir musiqi süzülür.
Əvvəldə dediyim kimi, sevgi də istedad kimidir, hər adama verilmir. Tanrı Aqşin Babayevə istedad da vermişdi, sevgi də. Bakıdakı I saylı orta məktəbdə təhsil almışdı. Yuxarı siniflərdə siniflər birləşdiriləndə Müzəyyən Ağabəyova Aqşingilin sinifinə düşür. Ömrünün son gününə kimi yaşadığı sevgi elə həmin gündən, ilk baxışdan yaranır. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində də birgə təhsil alırlar. Müəllimləri Abbas Zamanov “Müzəyyən Aqşindən savadlıdır” desə də, Müzəyyən xanım “savadını” uzun illər ailəsinə həsr eləyir. Sonralar Sabir adına Məktəbəqədər Pedaqoji Məktəbdə dərs deyib. Aqşin müəllimlə düz 61 il birgə ömür sürdülər. “Ömür dostu” – sevgilərini belə izhar etdilər bir-birinə. Gündüzlə Aytənin, nəvələrinin uğurlarına sevindilər. “Brilyant toy”larını birgə qeyd etdilər. Mənalı, maraqlı birgə ömür yolu Müzəyyən xanıma bəzən bir göz qırpımı qədər gəlir. Bir də, əhd eləmişdi ki, bu dünyadan Aqşinının çiynində köçsün. Ona görə də sevgilisinin etibarsızlığına inana bilmir...
Aqşin Babayevin 84 yaşı noyabrda tamam olacaqdı. Normal insan ömrü üçün pis yaş deyil. Amma Aqşin müəllim dünyasını nə vaxt dəyişsəydi, gedişi vaxtsız olacaqdı.
Sevda  ƏLİBƏYLİ
 
       

Sözardı: Aqşin Babayevin 80 illik yubileyində yazdığım yazını da oxucuların ixtiyarına verirəm.


CANLI TARİX, CANLI ENSİKLOPEDİYA
Çox hörmətli Aqşin müəllim!
Səksən yaşın Sizi səksəndirdiyi bir vaxtda təbrikimi məktub formasında ünvanlamağı qərara aldım.
Qələm adamı şəxsiyyət olanda daha çox sevilir, yazdıqları inandırıcı olur. Bu baxımdan Siz sayılıb-seçilən, sevilən qələm sahiblərindənsiniz. Həm də böyük həyat yolu keçmiş bir insansınız, Mənsə böyük həyat yolunuzun yalnız özümlə bağlı bəzi məqamlarına aydınlıq gətirməyə çalışacağam.
Xəyal məni xeyli uzaqlara, ibtidai siniflərdə oxuduğum illərə apardı. O zaman evlərimizdə radiolar vardı. Televiziyaların, videoların, kompüterlərin olmadığı dövrdə radio insanların ən yaxın dostu, qulaq yoldaşı idi. Saat 6-dan 24-dək təmənnasız səslənirdi. Bütün verilişləri izləyirdim. Şənbə günləri verilən “Radio teatrı”nı isə intizarla gözləyirdim. Hətta saatı da yadımdadır: 17:10. Günlərin birində Aqşin Babayevin “Bir parça həyat” adlı radiotamaşası verildi. Aktyorların səsi bu gün də qulaqlarımdadır. Elə duyğulanmışdım ki... İlk dəfə onda bildim ki, hər kəsin bir ulduzu var. Göydən ulduz axırsa, demək kiminsə ömrü bitir. Ömrü başa çatan Qulam dayı... İndi haqq dünyasında olan mənim sevimli Qulam dayım o illərdə çox cavan idi.
Bir tələbəyə “iki” qiymət verdiyi üçün aldığı zərbə Nəriman müəllimin qəlbində, xatirində acı, heç zaman unuda bilməyəcəyi bir iz qoysa da, onu öz peşəsindən ayıra bilmir. Məhz buna görə də o, mənim gözümdə ideala çevrildi.
Sonra “Bır parça həyat” povestini kitabdan oxudum: “Nəriman Əlizadə mənəm. İstəyirəm öz həyatımı sizə danışım. Əlbəttə, bütün həyatımı yox, onun bir parçasını. Oxuyun, baxın. Bəlkə burada sizin də həyatınızdan bir parça var”.
Bəli, belədir. Povesti hər oxuyan düşünür ki, burada mənim də həyatımdan da bir parça var. Əsəri oxuduqca, Nərimanla Sənubərin görüşləri, müharibə illərinin ağrılı xatirələri, unudulmaz xeyirxah insanlar – Güllü müəllimə, Fizzə xala insanın gözləri önündə canlanır.
Bunlarla yanaşı, ərköyün, əmi-dayı hesabına təhsil alan, böhtançı Solmino, satqın müəllimlər, bütün bunlar da həyatın bir parçasıdır...
Aqşin müəllim!
Oxucu məhəbbətini hər şeydən yüksək qiymətləndirirsiniz. Danışırlar ki, günlərin birində öz kitablarınızdan almaq istəyirsiniz. Kitab mağazasına gedib satıcıdan kitab soruşursunuz. Satıcı təəssüflə bildirir ki, həmin kitabdan yalnız bircəsi qalıb, onu da özünə saxlayıb. “Alıcı”nın pərt olduğunu görən satıcı söz verir ki, ona bir kitab alıb gətirəcək.
Bu həmin zamanlar idi ki, kitablar on min, yüz min tirajla buraxılırdı. Əksəriyyətinin mağazalarda toz basdığının da şahidi idik. Bir qadın danışırdı ki, qardaşımgilin sinfındə 20 qız oxuyurdu. Qardaşım sinifdə yeganə oğlan idi. Sovet dönəmində bayram edilən 23 fevralda qardaşım evə əlidolu bağlama ilə gəldi. Çantada Aqşin Babayevin 19 ədəd “Kişilər az yaşadı” kitabı. Bir-birindən xəbərsiz qızlar sevdikləri yazıçı olaraq yalnız Sizin kitablarınızı almışdılar.
Həmin kitabı mən də oxumuşam. Saf, pak insanlar qalereyası və qərəzli, təmənnalı, hiyləgər tiplər...
Azərbaycan radiosunda 32 illik fəaliyyətiniz bir ömrə bərabərdir. Mədəniyyətimizin yaxın dostu Ulu Öndər Heydər Əliyev də radio fəaliyyətinizi bəyənirdi. Daşıdığınız fəxri ad - Əməkdar jurnalist adı da radiodakı uzunmüddətli xidmətinizin nəticəsidir.
Aqşin müəllim!
Azərbaycan radiosunda yaratdığınız ənənələr bu gün də yaşayır. Sizin xeyixahlığınızdan faydalanmışların sağ qalanları o illəri minnətdarlıqla anırlar. Radionun səs xəzinəsində müxtəlif sənətkarların ifalarını yaşadan yüzlərlə lent yadigarı var ki, bunlar məhz Sizin sədr müavini işlədiyiniz dövrdə, məhz Sizin təşəbbüsünüz, qayğı və diqqətinizin hesabına yaranıb. Sizdən yazmaq, həm də Azərbaycan radiosunun tarixindən yazmaq deməkdir. Bizlər üçün canlı tarix, canlı salnaməsiniz.
Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, professoru olsanız da, radio bir müddət yenə də fəaliyyətinizin ayrılmaz bir hissəsinə çevrildi. ANS ÇM-də apardığınız “Biri var, biri yox...” müəllif verilişiniz zərurətdən yarandı. Gəncliyinizin qaynar gücü ilə ömrün müdrikliyi bu verilişdə qovuşurdu. Bir zamanlar Azərbaycan radiosunda həmsöhbət olduğunuz ədəbiyyat, incəsənət adamları barədə xatirə verilişləri hazırladınız. Verilişlərə onları şəxsən tanıyanları, ailə üzvlərini dəvət edir, yaradıcılıqlarından nümunələr səsləndirirsiniz. Mən də bir neçə dəfə qonağınız olmuşam. Hər dəfə də böyük ürək genişliyilə qeyd edirdiniz ki, sizin “Söz” jurnalı ilə bizim veriliş arasında ruh doğmalığı, ruh yaxınlığı mövcuddur. “Söz” jurnalı da həyatda izi, sözü, sənəti olanları unutmağa qoymur. “'Biri var, biri yox...” verilişi də. Hər ikisi hər cür sevgiyə layiq olan insanları yada salmaqla xeyirxah bir iş görür. Mənin yazı qəhrəmanlarıma – şair-dramaturq Şəkər Aslana, sənət fədaisi İmamverdi Bağırova, adi dəniz matrosluğundan daxili işlər nazirinədək yüksələn general-mayor Aydın Məmmədova, yaşadıqları zamanın ən çox sevilən xanəndələri Xanəli Əkbərov və Əlyar Əmirova həsr etdiyiniz verilişlər necə rəğbətlə qarşılandı. Uzun illər Bakı şəhər Partiya Komitəsinin I katibi, Rabitə naziri, Yüngül Sənaye naziri və s. vəzifələrdə ləyaqətlə işləmiş, böyük azərbaycanlı Nəsrulla Nəsrullayev haqqında hazırladığınız veriliş də çox böyük məhəbbətlə qarşılandı. Bu da yaddan çıxan deyil ki, veriliş efirə gedəndən dərhal sonra Sizə də, mənə də minnətdarlıq bildirən nə qədər zənglər oldu.
Verilişlərdə bir “ev yiyəsi” olaraq mənə elə şərait yaradırdınız, az qala aparıcıya dönürdüm. Və hər dəfə də qəhrəmanlarım haqqında böyük ürəklə qeyd edirdiniz: “...haqqında çox oxumuşam. Amma ürəyimə ən çox yatan, ürəyimi riqqətə gətirən Sevda Əlibəylinin yazısıdır”.
Sayılıb-seçilən, təcrübəli qələm adamı olaraq mənə verdiyiniz yüksək qiymət məsuliyyət hissimi artırırdı.
Xalq artisti Canəli Əkbərovun filarmoniyada yubileyi idi. Sizi çıxışa dəvət etdilər. Xanəndə haqqında yazdığım yazıya istinad edərək danışdınız və yazımı çox təriflədiniz. O yazını təklikdə mənə tərifləyən çox olmuşdu. Amma heç kəs fıkirlərini tribunadan söyləməmişdi.
Adətən insanlar gənc yaşlarında şeir yazırlar. Sonra nəsrə, dramaturgiyaya keçirlər. Gəncliyinizdən şeir yazdığınızı bilirəm. “Bir içim su istədim” adlı şeirlər kitabınızı mənə avtoqrafla bağışlayanda artıq Aqşin Baba idiniz.
Aqşin müəllim, yaşınızın indiki müdrik çağında da operativliyinizi saxlamısınız. Bütün tədbirlərə vaxt tapırsınız. Azərbaycanda ilk və yeganə poliqrafçı alim Şəddat Cəfərov haqqında kitab yazırdım. Bu barədə Sizə danışdım və istədim ki, həmin kitabda Sizin də ürək sözləriniz olsun. Bir neçə gündən sonra Şəddat müəllimlə bağlı yazını mənə təqdim etdiniz. “Bəyaz gecənin qızları” adlı ilk hekayələr kitabımı çapa hazırlayırdım. Utana-utana fikir söyləmənizi, ön söz yazmağınızı xahiş etdim. Aradan iki gün keçməmiş fikirlərinizi “Sözlə yüksələn qələm sahibi” başlığı ilə mənə təqdim etdiniz. Yazırdınız: “Xəzərin general oğlu” (Aydın Məmmədov), “Tanrısı haqq olan aşiq” (İmamverdı Bağırov), “İlk poliqrafçı alim” (Şəddat Cəfərov) kitabları kimi bu kitabı da maraqla oxudum. Sevda xanımın yazı tərzini, obrazlı ifadələrini, təsvirlərini, söz duyumunu çox bəyəndim. Yumoristik hekayələri də oxunaqlı, ürəyəyatımlıdır”.
Ən yüksək qiymətlərinizdən biri də Nazim Hikmət haqqındakı kitabınızın redaktorluğunu mənə tapşırmağınızdır.
Aqşin müəllim, çox sağ olun. Buna ürək genişliyinızin hüdudsuzluğu deyərdim.
Ömür-gün dostunuz Müzəyyən xanımla telefonda illərin dostu kimi danışırdıq. Amma, üzdən bir-birimizi tanımırdıq. Dram Teatrında hansısa tədbir var idi. Qapıda dayanıb rəfiqələrimi gözləyirdim. Uzaqdan Sizin gözəl, cavan bir xanımla qol-qola gəldiyinizi görəndə, doğrusu, birtəhər oldum. Düşündüm evə çatan kimi zəng vurub Müzəyyən xanıma deyəcəm. Yaxınlaşanda bizi tanış etdiniz. Demə, qol-qola gəldiyiniz gözəllər gözəli elə Müzəyyən xanım imiş.
Allah sizi bir-birinizə çox görməsin!
Aqşin müəllim!
Son illər heç bir tədbirimiz Sizsiz keçmir. Haqqımda ən gözəl söz deyənlərdən biri Siz olursunuz. Ərəbşünas alim Malik Qarazadə haqqında kitabımın təqdimatı olacaqdı. Həmişəki kimi Sizi də dəvət edəndə dişlərinizi çəkdirdiyinizi söylədiniz. Ani sükutdan sonra:
Sizin məğər dişləriniz də var? - təəccüblə soruşdum.
Hər ikimiz güldük.
Bu telefon söhbətimiz zamanı Siz 78 yaşda idiniz. Müzəyyən xanımla tədbirə gəldiniz. Gözəl çıxış etdiniz. Və diş söhbətimizi söyləməklə məclisdə xoş ovqat yaratdınız.
İndi bu diş söhbəti bizim zarafat obyektimizdir. Hər telefon söhbətimiz zamanı tapşırırsınız ki, tədbirin olsa, çağır ha, dişlərim çağbaçağ yerindədir.
“Xalq” Mətbuat Mərkəzində jurnalist İsaq Əmənullayevin Azərbaycanın ilk poliqrafçı alimi Şəddad Cəfərov haqqında kitabının təqdimatına Sizi də dəvət etmişdik. Gəlib orijinal fıkirlərinizlə çıxış etdiniz. Sonda şəkil çəkdirəndə Müzəyyən xanımla Sizin aranıza “girmişdim”. Nə qədər təkid etsəm də, Müzəyyən xanımla yerimi dəyişə bilmədim. Dedi, mən bacıyla qardaşın arasına girə bilmərəm. Siz məni kiminləsə tanış edəndə - yaş etibarı ilə mənə bacı düşməsə də, onu bacım kimi qəbul edirəm, - söyləyirsiniz. Müzəyyən xanım isə söyləyir ki, Sevda ilə kaş çoxdan tanış olaydıq.
Səmimi münasibətinizə, yüksək qiymətinizə görə hər ikiniz var olun. Mən isə elə bilirəm, həyatı anlayandan sizi tanıyır, sizinlə dostluq edirəm.
Sevimli Aqşin müəllim!
2011-ci ildə əziz qardaşım Yusifi itirmişdik. Hüzn məclisi Lənkəranda idi. Gələn gəldi, gəlməyənlər zəng vurub başsağlığı verdilər. Sizdən zəng olmadı. Bildim ki, xəbərsizsiniz. Bakıya gələn kimi ilk zəngi Siz vurdunuz. Sanatoriyada olduğunuzdan “Ədəbiyyat qəzeti”ndəki başsağlığını gec oxuduğunuzu dediniz. Həmin zamanlarda mənə çox təsəlli oldunuz. Qardaşınız Elxan Babayevi vaxtsız itirdiyinizdən bu dərd Sizə də yaxın idi.
Aqşin müəllim!
Hər hansı musiqi alətində çalmağı bacaranlara qibtə ilə baxıram. Tarı isə musiqi alətlərinin şahı sayıram. Evimizdə tar, piano olsa da, dilləndirən yoxdur. Tar söhbətini atanızla bağlamaq istəyirəm. Ensiklopedik biliyə malik olan, dövrünün tanınmış ziyalılarından sayılan Əlisəttar Babayevi görmədiyimə görə təəssüflənirəm. Tarı təkcə özü üçün dilləndirməyib. Neçə-neçə sənətçi – Leyla Bədirbəyli, Şövkət Ələkbərova, Gülağa Məmmədov... ilk sənət imtahanını məhz onun qarşısında veriblər. Belə teatral mühitdə böyüdüyünüzdən Siz də tara biganə qala bilməzdiniz. İlk tar dərsinizi də Əhsən Dadaşovdan, Məmmədağa Muradovdan qabaq atanızdan almısınız. Hər hansı ailənin səviyyəsini uşaqlara verilən adlarla qiymətləndirmək çoxdankı şakərimdir. Atanızın Çəfər Cabbarlıya, bütövlükdə dramaturgiyaya sevgisi övladlarının adlarında da öz əksini tapıb - Aqşin, Elxan, Sevil, Ofeliya...
Hörmətli Aqşin müəllim!
Böyük Nazim Hikmətə sonsuz sevginiz hamıya bəllidir. Onun şeirlərini Sizin dilinizdən eşidəndə elə bilirəm Nazimlə üz-üzəyəm. Türk ədəbiyyatına sevginiz təkcə Nazim Hikmətlə bitmir. Başqa sənətçilərin əsərlərini də dilimizə çevirmisiniz. Ötən əsrin 80-ci illərinin sonunda Əziz Nesinin “Hekayələr” kitabı buraxılmışdı. “Sərt adam” hekayəsinin tərcüməsi Sizin idi. Etiraf edirəm ki, heç bir əsəri oxuyanda o qədər gülməmişəm. Əlbəttə, hekayəyə Sizin öz yumorunuz da qatılmışdı.
İstəyirəm təbrik məktubumu elə gülüş notlarıyla bitirim. Ürəyimdə qalan təbriklərin, söhbətlərin ardını 90-da gözləyin. İnşallah!
Sevda Əlibəyli
“Söz” jurnalı, oktyabr, 2016


Baxış sayı: 1 367


Bölməyə aid digər xəbərlər