Bütün xəbərlər
Şəhriyar Məmmədyarov: "Bəlkə də son aylar belə üstünlüklü partiyam olmayıb" - MÜSAHİBƏ
Tarix: 04-04-2019 01:08 | Bölmə: Müsahibə

                             


Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess2019"superturnirində 4-cü tura yekun vurulub.
"Report" xəbər verir ki, bu turda Çexiya şahmatçısı David Navarayla heç-heçə oynayan Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarovturnirin rəsmi saytına müsahibə verib.
- IV turda yenidən çətin oyun izlədik. David Navarayla partiyadan hiss olunurdu ki, III turda Vişvanatan Ananda məğlubiyyəti unutmamısınız.
- Ananda qarşı ideal oynamışdım. Bəlkə də son aylar belə üstünlüklü partiyam olmayıb. Kompyuter aşkar qələbə göstərirdi. Lazımsız vaxt itkisinə yol verdiyimə görə təəssüflənirəm. Səhvlər etdim. Çox fikirləşməklə vaxt itirdim, sonda heç-heçəyə razılaşmağa məcbur olurdum. Artıq heç-heçəyə razılaşa bilərdim, amma qələbəyə oynamağı üstün tutdum. Sonda belə partiyada uduzmaq adama təsir edir. Qələbə qazanmaqla liderlər sırasında olmaq əvəzinə indi aşağı yerlərdəyəm. Sözsüz, bu mənə çox pis təsir edir.
- David Navarayla partiyada nə baş verdi?
- Demək olar, eyni oyun təkrarlandı. Debütdən riskli oynadım, üstünlük qazandım. Bir gedişlə üstünlüyü itirərək pis vəziyyət aldım. Hətta uduza bilərdim. İstəmədiyim sonluq oldu. Oyuna yaxşı başlayıram, lakin sona qədər davam etdirə bilmirəm. Çox riskli oyun idi. Vəziyyətin pis olduğunu görəndə çox məyus oldum. Uduzsaydım, əşyalarımı yığıb Şəmkirdən evə qayıtmağı düşünürdüm. Oyun alınmırdı, ona görə qəribə fikirlər gəlirdi.
- Sabiq dünya çempionu Vişvanatan Anandı sizə görə uğursuz rəqib adlandırmaq olar?
- Ananda qarşı hər oyunda qalib gəlmək istəyirəm. Bəlkə bu amil mane olur. Onunla partiyada yaxşı üstünlüklərim olub, istifadə etməmişəm. Başqa şahmatçılarla görüşdə həmin üstünlüyü qələbəyə çevirirəm. Anandla partiyalarda alınmır. Bəzən şahmatçılarda belə hallar olur. Sanki Anand turnirdə bizdən xalları götürərək Maqnusa verir. Gənclərlə - bizim yaşıdlarla yaxşı oynayır. İki dəfə İddiaçılar Turnirini qazanan şahmatçıdır. Çətin rəqib deyil. Sadəcə psixoloji cəhətdən ona hazır olmalısan.
- Qarşıda daha bir çətin sınaq var. Növbəti tur qara fiqurlarla dünya çempionu Maqnus Karlsenə qarşı oynayacaqsınız.
- Turnirdəki mövqeyim pisdir. Demək olar, çox itkilərim oldu. Maqnusla oyuna gəldikdə maraqlı mübarizə gözləyirəm. Qələbə uğrunda rahat mübarizə aparmaq olar. Onsuz liderlərdən çox uzaq düşdüm. Hər şey yaxşı olanda qorxursan korlayarsan. İndiki vəziyyətdə isə turnir mənim üçün düzələ bilər.
- FİDE reytinqini izləyirsiniz? Çünki bəzən uğursuz partiyalardan sonra mövqeyiniz dəyişir...
- Əvvəllər reytinqi səbrsizliklə gözləyirdik. İndi həmin həyəcanla gözləmirik. Daha çox müxtəlif saytlardan baxırıq. Reytinq önəmlidir. Hamı yüksək pillələrdə olmaq üçün oynayır. Əsas turnirdə uğur qazanmaqdı. Razıyam iki turnirdə reytinq itirim, amma sonra güclü yarışda qalib adını qazanım.
- "ShamkirChess2019" turnirində kimin çempionluq şansı daha çoxdur?
- Maqnus Karlsen favoritdir. Teymurun ilk turda yaxşı üstünlüyü var idi. Üstünlüyü artırmaq olardı. Təəssüf, Rəcəbov üstünlüyü əldən verdi. Maqnus bundan sonra daha inamlı oynamağa başladı. Ardıcıl iki qələbə qazandı. Maqnusla yanaşı, Dinq Lireni də qeyd etmək istərdim. Bununla belə qarşıdakı turlarda lider dəyişə bilər.
- Bəziləri düşünür ki, Maqnus Karlsenlə görüşdə rəqiblər çəkinir, həyəcan keçirir. Bu fikirlə razısınız?
- Maqnusun digər şahmatçılardan üstün olması hamıya məlumdur. Rəqibləri fiziki cəhətdən də üstələyir. Oyunu dəyişməyi bacarır. Şahmatçıların Maqnusdan qorxmasına inanmıram. Bu sadəcə oyundur. Özüm haqqında danışa bilərəm. Maqnusla oyun ikiqat maraqlıdır. Bilirəm ki, qarşımdakı məndən üstündür. Daha güclüyə qalib gəlmək böyük sevinc bəxş edir.













Baxış sayı: 664


Bölməyə aid digər xəbərlər