QDİƏT PM-in komitə iclasında Azərbaycanda vergi sistemində aparılan islahatlardan danışılıb
Tarix: 18-09-2019 23:32 | Bölmə: Gündəm





Türkiyənin Giresun şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri üzrə komitəsinin 53-cü iclası keçirilir.
AZƏRTAC xəbər verir ki, iclasda iştirak edən Milli Məclisin deputatı Əflatun Amaşov çıxışı zamanı Azərbaycanda aparılan vergi siyasətinin xüsusiyyətləri, bu sahədə islahatların müxtəlif detalları barədə danışıb. O, müvafiq sahədəki beynəlxalq əməkdaşlığın perspektivlərinə də diqqət çəkib.
Deputat, həmçinin Ermənistan parlamenti sədrinin müavini Vahe Enfiajyanın çıxışında səsləndirdiyi fikirlərə də münasibət bildirib: “Ermənistan nümayəndəsi siyasi məsələdən söz açdı. Azərbaycan torpaqlarının 20 faizi işğal olunub. On minlərlə insanımız öz yurd-yuvasından qovulub, minlərlə insanımız qətlə yetirilib. Azərbaycan hazırda Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməyə çalışır. Əgər bu alınmasa, torpaqlarımızı güc yolu ilə geri qaytarmaq haqqını özümüzdə saxlayırıq”.
Qeyd edək ki, Ermənistan parlamenti sədrinin müavini V.Enfiajyan çıxışında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin bir neçə ay öncə Bakıda keçirilmiş sessiyasında Qarabağın Azərbaycan torpağı olmasına dair fikirlərin səslənməsini yolverilməz adlandırmışdı.



Baxış sayı: 57


Bölməyə aid digər xəbərlər