22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
İtaliyanın Baş naziri qaz tədarükündə Azərbaycanın əhəmiyyətindən danışdı
Tarix: 24-08-2022 23:06 | Bölmə: Sosial

                    İtaliyanın Baş naziri qaz tədarükündə Azərbaycanın əhəmiyyətindən danışdı



İtaliyanın Baş naziri Mario Draqi ölkəsinin təbii qazla təchizatında Azərbaycanın əhəmiyyətindən danışıb.
"Qafqazinfo" "Azərtac"a istinadən xəbər verir ki, M.Draqi Azərbaycandan əlavə qaz həcmlərinin tədarükünü qeyd edərkən deyib:
“Əlcəzairdən tutmuş Azərbaycana qədər qaz tədarükünün artırılması üçün yeni razılaşmalar imzalamışıq. Ötən il idxalımızın 40 faizini Rusiya təbii qazı təşkil edirdi. Cari ildə bu göstərici yarıya qədər azaldılıb. Bərpaolunan enerji mənbələrinin inkişafını sürətləndiririk. Bu ilin 8 ayında bərpaolunan enerjiyə tələbat 2020-ci və 2021-ci illərin göstəricisinin cəmindən təxminən 4 dəfə çoxdur”.
İtaliyanın Baş naziri ölkəsinin 2024-cü ilin payızına qədər Rusiya təbii qazından asılılığı tamamilə aradan qaldıracağını bildirib, bunun milli təhlükəsizlik üçün əsas hədəf olduğunu vurğulayıb. O qeyd edib ki, bunun üçün İtaliyanın yeni təbii qaz təchizatı layihələrinin nəzərdə tutulan müddətdə tamamlanması vacibdir.
M.Draqi İtaliyanın təbii qaz anbarlarının doluluq nisbətinin hazırda 80 faiz səviyyəsində olduğunu və oktyabrda bu göstəricinin 90 faizə çatdırılmasının qarşıya hədəf kimi qoyulduğunu deyib. Baş nazir qaz təchizatı həcmlərinin qorunmasının qeyri-davamlı həddə çatan xərclərin artmasının qarşısını ala bilməyəcəyini də bildirib.
Qeyd edək ki, iyulun 21-də İtaliyanın Baş naziri postundan istefa verən M.Draqi sentyabrın 25-də keçiriləcək seçkilərə kimi səlahiyyətlərinin icrasını davam etdirir.



Baxış sayı: 253


Bölməyə aid digər xəbərlər
Dünən, 22:26 Bu da xatirə - Fotosu