Bütün xəbərlər
“Gömrük sistemində islahatlar: nəticələr, perspektivlər” mövzusunda təlim yekunlaşıb
Tarix: 26-01-2022 00:54 | Bölmə: Sosial


Dövlət Gömrük Komitəsi və Medianın İnkişafı Agentliyinin media nümayəndələri üçün “Gömrük sistemində islahatlar: nəticələr, perspektivlər” mövzusunda Lənkəran şəhərində təşkil etdiyi ikigünlük təlim yanvarın 25-də başa çatıb.
AZƏRTAC xəbər verir ki, təlimin sonuncu günündə DGK Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin birinci müavini Güloğlan Muradlı “Qaçaqmalçılıqla mübarizədə əldə olunan nailiyyətlər” adlı təqdimatla çıxış edib, gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində görülən işlər və nəticələr barədə danışıb.
DGK Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsi rəisinin müavini Əsgər Məmmədov isə “Avtonəqliyyat vasitələrinin rəsmiləşdirilməsi prosesindəki dəyişikliklər” mövzusunda təqdimatla çıxış edib.
Sonra mövzularla bağlı jurnalistlərin sualları cavablandırılıb.
Təlimin bağlanış mərasimində Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov iştirakçıları Komitə rəhbərliyi adından salamlayaraq Medianın İnkişafı Agentliyi ilə Dövlət Gömrük Komitəsinin birgə təşkil etdiyi tədbirə qatılan jurnalistlərə təşəkkürünü bildirib.
Qeyd olunub ki, milli mətbuatın inkişafı, söz və informasiya azadlığının təmin olunması sahəsində təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasəti bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. Məhz dövlətimizin başçısının və birinci vitse-prezident Mehriban Əliyevanın yorulmaz fəaliyyəti, qayğısı sayəsində media qurumlarına, jurnalistlərə hərtərəfli dəstək göstərilir, bu sahənin inkişafı üçün layihələr, xüsusi proqramlar həyata keçirilir.
İsmayıl Hüseynov yaxın günlərdə bir yaşını qeyd edən Medianın İnkişafı Agentliyinin qısa dövr ərzindəki səmərəli fəaliyyətindən danışıb, milli mətbuatın üzərinə düşən çətin və şərəfli missiyanı uğurla yerinə yetirdiyini diqqətə çatdırıb. Vurğulanıb ki, 44 günlük Vətən müharibəsi zamanı informasiya cəbhəsində qazanılan nailiyyətlərdə medianın rolu bunun parlaq örnəyidir.
DGK sədrinin birinci müavini Azərbaycan gömrük xidmətinin də media qurumları və jurnalistlərlə münasibətləri şəffaf, səmərəli və işgüzar müstəvidə qurmağa çalışdığını, xüsusilə də son 4 ildə gömrük-media münasibətlərində yeni dövrün başladığını diqqətə çatdırıb. Prezident İlham Əliyev tərəfindən gömrük sistemində aparılan islahatların mahiyyətinin, gömrük orqanlarının fəaliyyəti haqqında doğru, düzgün məlumatların geniş ictimaiyyətə çatdırılmasında medianın roluna toxunan İsmayıl Hüseynov bu istiqamətdə Komitəyə göstərilən dəstəyə, peşəkar yanaşmaya görə təşəkkürünü ifadə edib.
Sonra Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli bildirib ki, bu tədbir sahəvi jurnalistikanın formalaşmasında mühüm əhəmiyyət kəsb edir və jurnalist araşdırmalarında ilkin mənbədən alınan bu məlumatlardan geniş istifadə olunacaq. Dövlət Gömrük Komitəsinin media savadlılığı istiqamətində fəaliyyətini yüksək qiymətləndirən şöbə müdiri bunu nümunəvi fəaliyyət kimi xarakterizə edib.
Daha sonra təlimdə iştirakçıların əldə etdikləri biliklərin qiymətləndirilməsi aparılıb və fərqlənən jurnalistlər mükafatlandırılıb.
Təlimdə iştirak edən media nümayəndələrinə sertifikatlar da təqdim olunub.








Baxış sayı: 315


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu