Bütün xəbərlər
NDU-nun tələbəsinin zərgərlik məmulatlarına dair fərdi sərgisi təşkil edilib
Tarix: 18-12-2021 23:03 | Bölmə: Sosial


Naxçıvan Dövlət Universitetində muxtar respublikada ilk dəfə olaraq ali təhsil ocağının Rəngkarlıq ixtisasının IV kurs tələbəsi Eldar Hüseynovun qızıl aksesuarları və zərgərlik məmulatlarından ibarət fərdi sərgisi təşkil edilib.
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, universitetin İncəsənət fakültəsinin sərgi salonunda keçirilən tədbirdə çıxış edən ali təhsil ocağının rektoru Elbrus İsayev fakültədə müxtəlif səpkidə sərgilərin keçirilməsinin ənənə halı aldığını qeyd edib. Bildirib ki, müəllimlər artıq öz tələbələri ilə birgə hazırladıqları əl işlərini sərgilərdə nümayiş etdirirlər. Tələbələrin fərdi sərgilərinin keçirilməsinin onların gələcək fəaliyyətlərində xüsusi önəm kəsb etdiyini vurğulayan rektor gənc istedadlara uğurlar arzulayıb. Elbrus İsayev müəllimlərə əl işləri, rəsm əsərləri və digər sənət nümunələrinin toplanaraq gələcəkdə kataloq şəklində nəşr edilməsini tövsiyə edib.
Azərbaycanın Xalq rəssamı, professor Hüseynqulu Əliyev rəssamlığın qədim zərgərlik sənət sahəsinə təsirindən danışaraq tələbənin bu istiqamətdəki fəaliyyətini qeyd edib. Vurğulanıb ki, Eldar Hüseynov istedadı ilə seçilməklə yanaşı, həm də dərslərdə intizamı və çalışqanlığı ilə də fərqlənir.
İncəsənət fakültəsinin dekanı, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Cavid İsmayılov qeyd edib ki, Eldar Hüseynov 12 yaşından etibarən bu sənətlə məşğul olur.
Eldar Hüseynov sərginin təşkil olunmasına görə minnətdarlığını bildirib. Gənc zərgər Qarabağ Zəfəri ilə bağlı sevincini xarıbülbül sancağı düzəltməklə ifadə etdiyini vurğulayıb. Gənc istedadın valideyni sərginin təşkilatçılarına minnətdarlığını ifadə edib.
Sonra sərgiyə baxış olub. Qeyd edək ki, sərgidə 27 dəst gümüş və qızıl məmulatları olmaqla, ümumilikdə, 40-a yaxın zinət əşyaları nümayiş olunub. Sərgiyə qədim sırğa növü olan nacağı, sep, sırğa və üzük dəstləri ilə yanaşı xarıbülbül sancağı, Ulu Öndərimizin imzasının qızılla işlənmiş variantı da təqdim edilib.








Baxış sayı: 289


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu