Bütün xəbərlər
Şəhid Dmitri Solnsevin ailəsinin problemi həll olundu
Tarix: 20-11-2021 12:45 | Bölmə: Sosial

                            Şəhid Dmitri Solnsevin ailəsinin problemi həll olundu


Vətən müharibəsi şəhidi Dmitri Solnsevin ailə üzvlərinin şəhid ailəsi statusu ala bilməməsi ilə bağlı məlumat vermişdik. Şəhidin bacısı Yuliya Solnseva “Qafqazinfo”ya açıqlamasında bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsə də, imtina cavabı aldığını söyləmişdi. 
Onun sözlərinə görə, qardaşının başqa kimsəsi olmayıb, həyat yoldaşının vəfatından sonra Dmitri onu və uşaqlarını himayə edib. İşsiz olan və şəkərli diabet xəstəliyindən əziyyət çəkən Y. Solnseva problemlərinin həlli ilə bağlı Prezidentə müraciət etdiyini, lakin yazdığı məktubların dövlət başçısına çatmadığını söyləmişdi. Prezidentdən kömək istəyən şəhid bacısı qeyd etmişdi ki, əgər məktubu dövlət başçısına çatsa, bilsə ki, belə bir problemi var, ona kömək edər.
Məqalənin saytımızda yayımlanmasından sonra şəhid ailəsinin problemi həll olunub. Y. Solnseva “Qafqazinfo”ya açıqlamasında aidiyyəti dövlət orqanlarının onunla əlaqə saxladığını və artıq bütün problemlərinin həll olunduğunu bildirib. Şəhid bacısı ona göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə minnətdarlıq edib.



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, hazırda ailənin heç bir sosial problemi yoxdur:
“Şəhid ailəsi statusunun verilməsi qanunvericiliklə tənzimlənir. Şəhidimiz Dmitri Solnsevin bacısına qanunvericilik bu statusu verməyə imkan verməsə də, nazirlik tərəfindən digər sosial dəstək tədbirləri həyata keçirilib. Ailənin sosial sahədə problemlərinin həllinə nail olunub”.
Qeyd edək ki, 25 yaşlı Dmitri Solnsev Vətən müharibəsinə könüllü qoşulub. Okytabrın 24-də Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Döyüşlərdə göstərdiyi şücaətə görə “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.


Baxış sayı: 204


Bölməyə aid digər xəbərlər