Bütün xəbərlər
Şəmkirli fermerlər dənli bitkilər əkilən sahələrdən yüksək məhsuldarlıq gözləyirlər
Tarix: 26-11-2017 13:49 | Bölmə: Sosial
Payızlıq əkin kampaniyasında Şəmkirdə 23 min hektarda şum aparılıb. Səpin rayonun dağətəyi kəndlərində başa çatsa da, aran hissəsində davam etdirilir. 5895 hektarda yekunlaşan səpin havanın yağmursuz keçməsi səbəbindən bəzi ərazilərdə gecikir. Fermerlər yüksək məhsuldarlığı ilə seçilən toxum növlərindən istifadə edirlər.
Fermer Əbülfəz Balayev AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Səpin kampaniyası sentyabr ayının 25-dən sonra başlayıb. İndi isə yekunlaşmaq üzrədir. Təxminən 5-6 günə başa çatacaq”.
Digər fermer Səməd İsgəndərov isə bildirib ki, bu il 12 hektar sahədə taxıl əkib. Hazırda sahələrdə aqrotexniki işlər aparılır. Səpin zamanı yüksək reproduksiyalı toxumlardan istifadə olunub, zərərvericilərə qarşı mübarizə aparılıb. O, gələn il taxıl sahələrinin hektarından 30-40 sentner məhsul götürməyi planlaşdırır.
Fermerlərin səpin kampaniyası zamanı texnikaya və gübrələrə olan tələbatını ödəmək isə “Aqrolizinq” ASC-nin Şəmkir regional nümayəndəliyinin üzərinə düşür. Bu məqsədlə nümayəndəlikdə müxtəlif adda gübrələr anbarlara tədarük olunub və mövcud texnikalar müqavilə əsasında fermerlərin ixtiyarına verilib.
Qeyd edək ki, ötən il Şəmkirdə taxıl əkilən 14 min 129 hektardan 43152 ton məhsul əldə olunub. Məhsuldarlıq hər hektardan 31 sentner təşkil edib.



Baxış sayı: 871


Bölməyə aid digər xəbərlər