Bütün xəbərlər
AMEA prezidenti: “Alimlərimizin aylıq məvacibləri yüksək olmalıdır”
Tarix: 15-05-2018 10:49 | Bölmə: Sosial

                    


“Alimlərimizin aylıq məvacibləri yüksək olmalıdır”. 
“Report” xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə “Xalq qəzeti”nə müsahibəsində deyib.
O bildirib ki, akademiyaya rəhbərlik etməyə başladığı ilk günlərindən büdcə hesabına maaş artımına, investisiyaya arxayın olmağın bir o qədər doğru olmadığını əsas götürüb: “Dövlət onsuz da himayə edir, diqqət göstərir. Amma akademiya özü əlavə maliyyə qazanmağa çalışmalıdır. Baxın, Qərbdə, Amerikada bütün akademiyalar, demək olar ki, büdcədən yalnız 40 faiz maliyyələşir, qalan 60 faizini mütləq bizneslə əlaqəli işlərlə, elmi tədqiqatlar, müxtəlif mövzular üzrə sifarişlərin icrası yolu ilə əldə edirlər. Ümid edirəm ki, Azərbaycan biznesi də yaxın zamanlarda üzünü elmə tərəf çevirəcək”.
AMEA prezidenti Azərbaycanda aparılan geoloji tədqiqatlara da toxunub. A.Əlizadə vurğulayıb ki, alimlər 5-8 km dərinliyə qədər geoloji quruluşu artıq tam təsəvvür edirlər: “İndi başlıca vəzifə, ilk növbədə, Azərbaycanın dərinlik geoloji quruluşunu öyrənmək, sonra ölkə ərazisindən kənarda müqayisəli tədqiqatlar aparıb geologiya elmini Qafqaz regionu istiqamətinə yönəldərək bu ərazinin geologiyasının inkişafına töhvələrimizi verməkdir. Üçüncü istiqamət Xəzər dənizinin öyrənilməsidir. Xəzər bu gün geoloqların böyük tədqiqat arzusu olan istiqamətdir. Dəniz təkinin geologiyası, neft-qaz yataqlarının inkişafı, onların quruluşu, sistemləşdirilməsi, axtarışı, kəşfi kimi məsələlər olduqca aktualdır. Əvvəlki dövrlərdən fərqli olaraq indi geoloqlarımız digər sahələrdəki həmkarları ilə - bioloqlarla, botaniklərlə, zooloqlarla təmasda işləyəcəklər. Yalnız bu halda alimlərimiz mühüm nəticələr əldə edə biləcəklər”.



Baxış sayı: 912


Bölməyə aid digər xəbərlər