14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
NURLU ŞƏXSİYYƏT, ƏSL ZİYALI- MÖVSÜM ƏHMƏD-65-Dilbər Rzayeva
Tarix: 13-12-2021 20:34 | Bölmə: Ədəbiyyat

    İnsan öz ömrünün kamillik dövrünə qədəm qoyur, onu peşəsindən və tutduğu vəzifəsindən asılı olmayaraq hər şeydən öncə belə suallar düşündürür: xoşbəxtliyi nədə axtarmaq, necə axtarmaq? Yaşamaqda məqsəd nədir? İnsanlığın ən böyük amalı nədir? Müdrik insan o suallara birmənalı cavab verib - insan insanın qayğısını çəkməli, Vətənini və xalqını sevməli, onların xoşbəxtliyi uğrunda mübarizə aparmalı, haqqı-ədaləti uca tutmalı, bu yolda heç bir çətinlikdən qorxmamalıdı. Bütün bu duyğular, bu hisslər ana südülə, ana laylası, ata öyüd-nəsihəti ilə doğulur və bütün ömrü boyu insanın ruhuna, qəlbinə hakim kəsilir.
    Elə insanlar mənsub olduğu xalqın ləyaqətli övladları olur, insanlığın bəzəyi və yaraşığı sayılırlar. Onların həyatı işığa, nura bələnmiş olur, heç vaxt çətinliklərdən qorxmurlar. Böyük inamla daha mübariz olub, daha qürurlu yaşayıb, xalqın, el-obanm hörmətini qazanaraq hər yerdə, hər zaman ağsaqqallıq kürsüsündə olub, adı ehtiramla çəkilir, müdrikanə sözləri dəyərli sayılır.
    Doğma Azərbaycanımızın qədim yaşayış məskənlərindən biri də Abşerondur. Ulu Tanrının bütün gözəllikləri bəxş edilmiş Abşeron məkanı ərazisində yaşayışın mövcud olduğu zamandan əvəzsiz və misilsiz mədəniyyət nümunələri ilə daim zəngin olmuşdur. Şirin sulu və şoran göllər diyarı! Qədim və həmişəcavan, uzaq əcdadlarımızın beşiyi-müqəddəs yurdu, məkanı, Abşeron!
     Əsrarəngiz gözəl təbiətə malik olan Abşeron Xəzər dənizinin qərb sahilində yerləşir. Bu diyarın keçmişi haqqında məlumatlar tarixin lap qədimliklərinə gedib söykənir. Abşeron möhtəşəm əhəngdaşı, zəfəranı, duzu, üzüm bağları, nadir balıqların rast gəlindiyi və çox qədim zamanlardan Avropa və Asiyada çox tanınan neft ehtiyatları ilə zəngindir. Bu zəngin təbiət xəzinəsində, Abşeron memarlığı xüsusi yer tutur. Qədimdən Bakı-Abşeron şeir, muğam, sənət diyarı kimi şöhrət tapib. Abşeron yarımadasında doğulub boya-başa çatan, yetişən bir çox elm, ədəbiyyat, musiqi və rəssamlıq nümayəndələrinin, eləcə də ictimai xadimlərin adı təkcə vətənimizdə deyil, dünya miqyasında Azərbaycanımıza şöhrət gətirir.
      Bakı- Abşeronun yetirdiyi parlaq simalardan biri də Mövsüm Mikayıl oğlu Əhməddir. Mövsüm Əhməd çox hörmətli bir ailədə dünyaya göz açıb.
     Atası Mikayıl Soltan oğlu Əhməd  Böyük Vətən müharibəsi veteranı idi. 1920-ci ilin may ayının 13-də Bakıda ziyalı ailəsində anadan olmuşdur.Atası Soltanəhməd həkim və ilahiyyatçı olmuşdur. Soykökü Sultan Əhməd xanədanına mənsubdur. Ulu babası doktor Kərbəlayi Mahmud bəy Pirşağıda, babası həm həkim, həm də ilhiyyatçı Məşədi Soltan Əhməd Bakıda, ana babası ictimai xadim Kərbəlayi Əzim Binəqədidə nüfuzlu şəxsiyyətlər olmuşlar.
     Mikayıl Əhməd 30-cu illərdə Bakı Teatr Texnikumunda oxuyur. Görkəmli aktrisa Nəsibə Zeynalova ilə tələbə yoldaşı olan M.Əhməd burada böyük rejissor Aleksandr Tuqanovdan dərs alır və Dram teatrında müxtəlif rollarda çıxış edir. Lakin amansız müharibələr Mikayılı yaradıcılıqdan uzaq salır. O, əvvəlcə Sovet-Fin müharibəsinə, sonra isə Böyük Vətən müharibəsinə yollanır. Berlinə qədər döyüş yolu keçən Mikayıl Qələbə günü ağır yaralanır. Dörd qabırğası sıradan çıxır və ona süni qabırğa qoyulur. Müharibə illərində ondan heç bir xəbər-ətər bilməyən ailəsinə onun ölüm xəbəri gəlir. İl yarım Avstriyada hərbi hospitalda müalicə alan igid döyüşçü ancaq 1947-ci ildə doğma Bakıya qayıda bilir. Dəfələrlə ağır zədə alan, bədəni qəlpələrlə dolu olan qəhrəman döyüşçü, baş leytenant Mikayıl Əhməd şücaətinə görə “Qırmızı Bayraq”, “Qızıl Ulduz” ordenləri və medallarla təltif edilir. Müharibədən sonra Bakıda hərbi zavodların mühafizə idarəsinin rəisi işləyən Mikayıl Əhməd az sonra bu işindən ayrılır və  taleyini “Xəzər Dəniz Gəmiçiliyi” ilə bağlayır. O, “Sovet Özbəkistanı”, “Həmid Sultanov” gəmi bərələrində müxtəlif vəzifələrdə işləyərək kapitanın baş köməkçisi vəzifəsinə qədər yüksəlir. 55 yaşında pensiyaya çıxan dənizçi doğma Xəzərdən ayrıla bilmir və 65 yaşına qədər gəmiçilikdə çalışır.
        Mikayıl Əhməd “Fərdi təqaüdçü”, “Əmək veteranı” kimi, çoxsaylı orden-medallarla təltif olunur. Cənab Heydər Əliyevlə mütəmadi görüşləri onu Vətəninə xidmət etməyə daha da ruhlandırır. Mikayıl Əhməd 1995-ci ildə 75 yaşında insult keçirərək dünyasını dəyişmişdir. 
Mövsüm müəllim həmçinin Azərbaycan Milli Dram Teatrının ilk direktoru və baş rejissoru — repressiya qurbanı Bilal Əhmədin qardaşı nəvəsi, ixtiraçı alim-fizik Əhməd Əhmədin ortancıl, eləcə də Özbəkistan Respublikası "Turan" Elmlər Akademiyasının akademiki və Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının üzvü, professor,  şair Vüqar Əhmədin böyük qardaşıdır. VI Televiziya Muğam Müsabiqəsinin qalibi- "Qran-Pri" mükafatçısı, Beynəlxalq Muğam Mərkəzinin solisti Almaxanım Əhmədlinin əmisidir.
    Əqidəsinə, amalına sadiq, sözübütöv, mərd insan olan Mövsüm Mikayıl oğlu Əhməd son dərəcə pozitiv enerjiyə malik bir insandi. Tanınmış ziyalı ətrafındakı insanlarla xoş rəftarı, ünsiyyət bacarığı, yüksək mədəniyyəti, prinsipiallığı, gələcəyə yüksək inam hissi ilə diqqəti cəlb edir. Yaxından tanıyanlar Mövsüm müəllimə böyük hörmət və rəğbət hissi ilə yanaşır, onu təşəbbüskar, qayğıkeş və yaradıcı şəxsiyyət kimi qəbul edirlər. Azərbaycan xalqı belə nəcib, xeyirxah, mərd şəxsiyyətləri ilə daim qürur duyub, onları özünün milli sərvəti sayıb.
***
     Mövsüm Mikayıl oğlu Əhməd 1956-cı ildə dekabr ayının 30-da Bakı şəhərində hərbçi-dənizçi, ziyalı ailəsində anadan olmuşdur.
1973-cü ildə 31 saylı orta ümumtəhsil məktəbini bitirmişdir. 1975-1977-ci illərdə hərbi xidmətdə olmuş, 1990-cı ildə indiki Ə.Hüseynzadə adına İncəsənət və Mədəniyyət Universitetinin kütləvi tamaşalar rejissorluğu fakültəsini bitirmişdir.   Mədəniyyət evində 1977-ci ildən 1991-ci ilə kimi ansambl rəhbəri və metodist, 1991-ci ildən 2009-cu ilə qədər xalq teatrının rejissoru işləmişdir. “Qara atın sahibi”, “İttiham”, “İlan ovçuları”, “Dağ   aslanı” romanlarının, “Mayor Sübhan”, “Kimsəsizlər”, “Zülmət və Nur”,“Təcliliyardım maşının sürücüsü” teleserial ssenarilərinin,“Bataqlıq”,“Bir hilaldan ötrü”, “Molla Nəsrəddinin   sərgüszəştləri”, “Kəbin” adlı bədii film ssenarilərinin, “Güzgü”, “Çirkablın qurbanı”, “Gözəllər gözəli”, “Oxuyun”, “İman” adlı pyeslərin, bir neçə şeirin, eyni zamanda “İmtahan” və Azərbaycanın igid oğlu Mübariz İbrahimova həsr etdiyi “Misilsiz qəhrəman”, el atası Hacı Zeynalabdin Tağıyevə həsr etdiyi “Salehlər sultanı”, Azərbaycanın klassik şairlərinə həsr etdiyi “Azərbaycanın sərvətləri”  poemalarının və bir neçə istiqlal şeirlərinin müəllifidir.  “Vaxtsız kəsilmiş kəbin” və “Hipnozçu” komediyaları Ağdam Dövlət teatrında, “Dişi şeytan” (rejissoru  Lütfi Məmmədbəyov) dramı isə “Səbael” teatr studiyasında tamaşaya qoyulmuş və uğur qazanmışdır. 1991-ci ildə dahi şalirimiz Nizami Gəncəvinin 850 illiyinə həsr edilmiş radio-pyeslər müsabiqəsində “Haray” adlı pyesi laureat olmuş, mükafata layiq görülmüşdür. İlk dəfə  2002-ci ildə Alim Nəbioğlu ilə birlikdə yazdığı Azərbaycanın xalq artisti, aktrisa Firəngiz Mütəllibovaya həsr olunan “Səndən doymadım Şuşam” adlı kitabı, bundan əlavə “Ana mənə laylay de” mahnılar kitabı çap olunmuşdur. Bədii əsərləri “Müəllim” nəşriyyatında çap olunmuşdur. Tərcümə sahəsində də qələmini sınamış, istedadlı gənc yazıçı Nisə Şahinin “Həyat qurtaran söz” adlı olduqca dəyərli romanını Türkiyə türkcəsindən, azəri türkcəsinə böyük peşəkarlıqla tərcümə etmişdir. “Dağ Aslanı” sənətkarın dördüncü romanıdır.
     Azad Qələmlər Cəmiyyətinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Mətbuatda vaxtaşırı elmi-publilistik, eyni zamanda musiqi ifaçıları haqqında məqalələri dərc edilir.
    Ailəlidir. Üç övladı, iki nəvəsi var.      
***
     Mövsüm Əhməd Vüsalın sənəti və yaradıcılığı haqqında düşünərkən fikrimizin fövqündə əzəmətli və məğrur bir sima, incə, həssas, həm də son dərəcə qüdfrətli bir istedad canlanır.
     Əgər belə bir sual verilsə ki, Mövsüm Əhməd Vüsal yaradıcılığının başlıca poetik mənası və fəlsəfi-estetik məzmunu nədən ibarətdir? Həmin suala daha dəqiq və doğru cavab bu ola bilər: insanları birləşdirən, yaxın və doğma edən mənəvi amillərin təsdiqi və onları bir-birindən ayıran, yadlaşdıran qorxunc ehtirasların inkarı.
     Mövsüm Əhməd Vüsal yaradıcılığında bəşəriyyətin mənəvi fikir həyatı, real və ideal yaşayış arzuları ilə bağlı olan məsələlərlə əlaqədar  daima axtarışlar aparır. Bu axtarışlar fikir, mənəviyyat, insanların qəlb həyatı, yeni bədii formalar ətrafında gedir. İlk qələm təcrübəsindən başlayaraq, Mövsüm müəllim axtarıcı sənətkar olaraq bu cür əsrarlı suallar qarşısında qətiyyən aciz qalmadığını görürük. “Təcili yardım maşınının sürücüsü”, “Kimsəsizlər”, “Zülmət və nur” əsərlərində Mövsüm müəllim kainatı nə şəkildə dərk etdiyindən, imanla küfr, həqiqətlə yalan arasında yaranmış təzadların mahiyyətini nə şəkildə qəbul etdiyindən, cəmiyyətdəki üzüntülü, zillətli, eyni zamanda ümidverici hadisələrdən ətraflı bəhz etmişdir. Bu əsərlərdəki  Tələt, Arif, Mövlud kimi surətlər əsasən haqsızlığa məruz qalmış, böhtana düşmüş insanlardır. Lakin onlar mənfi, yaramaz qüvvələrdən daha güclüdür. Onların həyatı daim mübarizə içində keçir və nəticədə riyakar, dələduz, əxlaqsız, mənsəb, şöhrət, para düşgünlərinə qalib gəlirlər. Ancaq “İttiham”da bütün fənalıqların baisi Mehparənin toruna düşən şəhvət düşgünləri, “Batağlıq”da Qarabağ müharibəsində qəddar düşmənlə üz-üzə dayanan, gecələr səngərdə soyuqdan əsən, hər an ölümün gözünə dik baxan, hərbi xidmətdən qayıdandan sonra saymazyanalıqla, biganəliklə qarşılaşan və bütün bunlara görə həyatı 180 dərəcə dönənRüstəm, mübarizə aparmaqda, qara qüvvələrlə vuruşmaqda acizdilər. Məhz buna görə də onların həyatı faciə ilə bitir. Bu əsərlərdəki faciəvi taleyi insanların həyat yolunun istiqaməti müxtəlif olsa da, faciələri doğuran amillər eyni mənbədən qida almışdır; Nəfs.. İnsanın bədbəxtliyinə, bəlalara düçar olmağına, fəlakətlərlə üzləşməsinə səbəb olan nəfs.. Mövsüm Əhmədin bütün əsərlərindən qırmızı bir xətt kimi keçən nəfs.. Əsas çarə, vasitə olaraq Mövsüm müəllim bu qənaəti irəli sürür ki, nəfsi və mənfi ehtirasları qəlblərdən hökmən silib atmaq lazımdır. İnsan yalnız Uca Yaradanın göstərdiyi, qoyduğu yolla gedərsə nicat tapar. Nəfsinin ardınca getmək, lənətə gəlmiş kor şeytana uymaq sözsüz ki, ilk növbədə mənəvi uçurumun başlanğıcıdır. İnsan nəfsini artırdıqca bu uçurum daha da dərinləşir və nəticədəonun həyatı dəhşətli bir faciə ilə bitir.
     Mövsüm müəllimin ən möhtəşəm romanlarından biri də inanılmaz dərəcədə oxucu sevgisi qazanmış "Qara atın sahibi" adlı tariixi romanıdır. Bu əsərdə 20-ci əsrin əvvəllərində Azərbaycanda baş verən təlatümlü hadisələr, Azərbaycan xalqının ermənilərdən ibarət daşnak-bolşevik neo-faşist hərbi qüvvələri tərəfindən necə soyqırıma məruz qalmağından, eyni zamanda başda əsərin qəhrəmanı igid Qoçəli olmaqla, Azərbaycanın qəhrəman övladlarından, əsasən türk əsgərlərindən, iyirmi faiz isə Azərbaycan əsgərlərindən ibarət olan Qafqaz İslam Ordusunun misilsiz şücaətindən söhbət açılır. Əsərdə həmçinin ülvi sevgi, dostluq, mərdlik, comərdlik, xeyirxahlıq, bir sözlə əsl insani keyfiyyətlər öz əksini tapmışdır. Bundan əlavə əsərdə el ağsaqqalı, böyük maarifçi, xeyriyyəçi Hacı Zeynalabidin Tağıyevin parlaq obrazı, Azərbaycan Xalq Demokratik Cumhuriyyətinin banilərinin müstəqqilik uğrunda mübarizəsini göstərən səhnələr var. Burda eyni zamanda iyrənc erməni surətləri və onlara satılmış vətən xainlərinin mənfi obrazları yer tutub. Bir sözlə əsər iyirminci əsrin əvvəllərinin tarixini müəzzəm bir şəkildə göz önündə canlandırır.
     Mövsüm müəllim “Bir hilal uğrunda” bədii film ssenarində ismətlərinə, namuslarına xələl gəlməsin, onlara iyrənc erməni əli toxunmasın deyə özlərini dağdan atıb öldürən, kəlbəcərli qızlara ithaf etmişdir. Mövsüm Əhməd Vüsal bu ssenaridə sənətkarın Mübariz İbrahimova həısr etdiyi “Misilsiz qəhrəman” adlı poemasında deyildiyi kimi kəlbəcərli qızları ismət mücəssəməsi olaraq xarakterizə etmiş, onların cəsarətli, qeyrətli, namuslu, şəhid olmağı bişərəf yaşamaqdan qat-qat üstün tutan obrazlarını əsil Azərbaycan qızının siması kimi yüksək sənətkarlıqla təsvirə gətirmişdir.
     Bu ssenarini oxuyarkən bu qızların yığın-yığın erməni quldurları ilə savaşa-savaşa şəhid olmalarına bir tərəfdən kövrəlib ağlayırsansa, digər tərəfdən onların fövqaladə isməti, ləyaqəti qarşısında baş əyirsən, qəlbini fərəh hissi bürüyür, bu zaman bu qızlarla bir millətdən olduğuna görə sonsuz bir qurur duyursan. Düşünürsən ki, əgər Azərbaycanın qüdrətli kinorejissorlarından hansısa bu möhtəşəm sənət əsərini ekranlaşdırarsa, bu həm Azərbaycanın hərbi tarixi üçün çox qiymətli bir səlnamə ola bilər, həm də Azərbaycan kino xəzinəsinə olduqca dəyərli bir gövhər kimi bəxşiş olar.
     Mövsüm Əhməd dünya və rus klassiklərinin, eyni zamanda bir neçə Azərbaycan ədibinin əsərlərini çox mütaliə eləyib. Heminquey, Cek London, Viktor Hüqo, Aleksandr Düma, Konan Doyl, Dostayevski, Tolstoy. Eyni zamanda roman, povest, hekayə, dramaturgiya janrlarında möhtəşəm əsərlər yaradan Azərbaycan ədiblərinin əsərləri daim stolüstü kitabları olub. Həsən Seyidbəyli, İmran Qasımov, Cəmşid Əmirov, Salam Qədirzadə, İsmayıl Şıxlı, İsi Məlikzadə, Əzizə Cəfərzadə, Əzizə Əhmədova, Fərman Kərimzadə, Əlibala Hacızadə, Süleyman Vəliyev və sair. Bundan əlavə Mövsüm müəllim Hüseyn Cavidin pərəstişkarıdır. Özünün söylədiyinə görə dahi Cavidin qiyməti heç bir şeylə ölçülməyən, bir-birindən dəyərli əsərləri, onun yaradıcılığının qaynamasına səbəb olub. Şübhəsiz ki, bütün bunlar Mövsüm müəllimin yaradıcılığına inanılmaz dərəcədə öz müsbət təsirini göstərib. Lakin Mövsüm müəllim nağılçıdır. Hələ gənc vaxtlarından özündən nağıllar düzəltməyi çox sevib. Məhşur dünya klassiklərindən biri də deyib ki, əgər yazıçı nağılçı deyilsə, ondan heç vaxt yazıçı olmaz və onun yazdığı əsərlər oxucuda heç bir zaman maraq doğura bilməz. Lakin bunu da unutmaq olmaz ki, insanda hökmən güclü təxəyyül olmalıdır ki, özündən maraqlı nağıllar uydura bilsin. Bu təxəyyül isə Uca Yaradan tərəfindən insana verilmiş fitri-istedaddan qaynaqlanır. Məhz Mövsüm müəllimə də aləmləri yoxdan xəlq eləyən və hər şeyə qadir olan Allah olduqca güclü istedad vermişdir ki, o, məhz bu istedadın fəhmi altında yorulmaq bilmədən yazıb-yaradır.
     Mövsüm müəllimin yaradıcılığında “İmtahan” əsəri yeni bir səhifə açmışdır. Çünki o, yaradıcılığını əsasən nəsr əsərlərində üzərində qurmuş, tarixi romanlar, dram əsərləri və sinema ssenariləri yazmışdır. İmtahan isə nəzmlə yazılmış böyük bir əsərdir. Bu da onu göstərir ki, Mövsüm müəllimin istedadının başqa bir tərəfi də açılmışdır və müəllif burda da, Uca Allah tərəfindən ona verilən qələminin qüdrətini olduqca peşəkarcasına göstərə bilmişdir.
     Mövsüm müəllim özünü şair hesab eləmir, çox nadir hallarda şeir yazır, lakin yazdığı şeirlər hökmən oxucusunu dərin duyğulara qərq edir, təsirləndirir, kövrəldir, eyni zamanda qəlbinə bir rahatlıq, sakitlik bəxş edir. Çünki onun şeirləri də romanları, ssenariləri, pyesləri kimi heyrətamiz bir vətənpərvərlik ruhunda cilalanmışdır. Onun böyük xeyriyyəçi, millət atası Hacı Zeynalabdin Tağıyevə, fövqəladə qəhrəmanımız Mübariz İbrahimova aid etdiyi poemalar, Məmməd Əmin Rəsulzadəyə həsr etdiyi əsər, o cümlədən “Azərbaycan bayrağı”, “Azərbaycan”şeirləri və şəhidlərə aid etdiyi silsilə şeirlər buna parlaq bir subutdur.
    Yeri gəlmişkən, Mövsüm müəllimin bir həvəskar bəstəkar və mahnı mətnlərinin müəllifi kimi də yaradıcılığını yada salmaq yerinə düşər. O, bir sıra xalq arasında çox sevilən mahnılar müəllifidir. Bu mahnıları İlkağa Şahbazov, Simarə İmanova, Eldar Ələkbərov, Tacir Şahmalı oğlu, Fədaə Laçın, Sabir Əliyev, Gülüstan Əliyeva, Zöhrə Abdullayeva, Sakif Məmmədov, Bilqeyis Mehdiqızı, Zarina, Rəhilə, Xalidə, Şahnaz Əliyeva və başqa müğənnilər ifa etmişlər.  Bunlardan sözləri Vüqar Əhmədə aid, Sabir Əliyevin ifasında səslənən “Oğuldir İlham”, əvvəlcə Bilqeyis Mehdi qızının,  yaxın zamanlarda isə Lalə Məmmədovanın oxuduğu  “Söylə-söylə”, Fədayə Laçının sədalandırdıqı “Getmə”, Zahidə Günəşin ifa etdiyi, musiqisi Hikmət Aslanova aid “Ayrılmarıq biz” mahnıları xalq arasında  etdiyi həddindən artıq sevilmişdir.
     Mövsüm Əhmədin taleyində ağır gün də olub. Beş il öncə vaxtsız itirdiyi oğlu Vüsalın adını özünə ədəbi təxəllüs götürüb. Ən yanğılı, təsirli şeirləri oğlunun ruhuna ithaf etdiyi poetik nümunələrdir.
      Mövsüm Mikayıl oğlu Əhməd  əsl ziyalı, layiqli Azərbaycan övladıdır.Hörmətli Mövsüm müəllim, Sizi 65 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, can sağlığı, xoşbəxtlik və firavanlıq arzu edirəm. Keşməkeşli həyat yolunuz gənc nəslə nümunə, dostlara baş ucalığıdir. Var olun!

Dilbər Rzayeva,
Azərbaycan Milli Elmlər Akademiyası
 NizamiGəncəvi adına Ədəbiyyat İnstitutunun
Mətbuat tarixi və publisistika şöbəsi, elmi işçi



Baxış sayı: 1 212


Bölməyə aid digər xəbərlər