14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
ARAZ QIRAĞINDAN XƏZƏR DƏNİZİNƏDƏK YAŞANAN ÖMÜR-İbrahim Yusifoğlu
Tarix: 10-04-2021 15:23 | Bölmə: Ədəbiyyat


Dəyərli ziyalı, gözəl insan, elini, obasını qəlbən sevən, əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, unudulmaz alim Kamran İmranoğlu haqqında kövrək xatirələr.

O vaxtı ömrümüzün bahar çağı idi. Oğuz yurdu Şərur mahalının təbiəti nə qədər al-əlvan,gözoxşayan, qəlb ovsunlayan olubdursa, adamlarının da sinələri söz boxçalı, duyğuları şeiriyyətli, söhbətləri cəlbedici olubdur.
Təbiətin ecazkar bir çağında qəlbləri sözlə dolu, əlləri şagird dəftərli, müxtəlif yaş qrupundan yazarlar, ədəbiyyat həvəskarları Şərur şəhərində (o vaxtkı İliç şəhəri) dərc olunan “İşıqlı yol” (indiki “Şərurun səsi”) qəzetinin redaksiyasına toplaşdılar. Və uzun sürən müzakirələrdən sonra qərara alındı ki, rayonun ərazisində yaşayan söz adamlarını bir yerə toplayan, onların yaradıcılığını istiqamətləndirən ədəbi-birlik yaradılır və adı da “Şərur qönçələri” adlanır. “İşıqlı yol” qəzetinin nəzdində bu ədəbi birliyin fəaliyyət göstərdiyi yarım əsrdən artıq bir dövrdə onlarla tanınmış ədəbiyyat adamlarının ilk müraciət etdiyi ocaq “Şərur qönçələri”nin məşğələləri olmuş və bu ocaqdan müxtəlif guşələrə pərvazlanmışlar.
Azərbaycan ədəbiyyatşünaslığına yeni-yeni sanballı töhfələrini bəxş etmiş, 1970-ci ilin aprel ayından “İşıqlı yol” qəzetinin nəzdində yaradılan “Şərur qönçələri” ədəbi məclisində bir araya gələnlər – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru,akademik Muxtar Kazımoğlu (İmanov), Folklor İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Kamran Əliyev, tarix elmləri doktoru, ömrünün gənclik illərində dünyasını dəyişmiş Vəli Nəbiyev, filologiya elmləri doktorları Akif İmanlı, Əbülfəz Əzimli, Sona Vəliyeva, fəlsəfə doktorları Vaqif Məmmədov, Seyfəddin Eyvazov, Həsənəli Eyvazlı, Vahid Rzayev ilk bədii yazılarını bu ədəbi birliyin məşğələlərində oxumuş, ilk qələm təcrübələri olan bədii yazıları “İşıqlı yol” qəzetinin“Şərur qönçələri” təqdim edir, saylarında vaxtaşırı dərc olunmuşdur.
Gətirdiyim bu nümunələrin hamısı ömrünü ədəbiyyatşünaslıq elminə həsr etmiş, sanballı əsərlərin müəllifi, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, gözəl insan, doğulub boya başa çatdığı elini-obasını qəlbən sevən, bu gün haqq dünyasına qovuşan Kamran İmran oğlu Əliyevin keçdiyi sadə və şərəfli ömür yolu haqqında xatirələr yazmağıma əsas yaradır. Bu mənim üçün nə qədər çətin və məsuliyyətli olsa da, onunla bağlı yaddaşımda yaşayan acılı-şirinli xatirələrdən söz açmaq o qədər də şərəflidir.
... O illərin yaşlı adamları deyərdi ki, Şərilin 72 kəndi var. Bir ucu Sədərəkdən tutmuş Danziyə, bir ucu Xok kəndindən tutmuş, Araz qırağındakı kəndlərə qədər uzanır. Kamran Əliyev də Araz qırağındakı Diyadin kəndində dünyaya göz açmışdı. Hələ uşaq yaşlarından duyub və görübdür ki, boy atdığı Vətənin torpaqları yadellilər tərəfindən tikanlı məftillərlə “həbs” edilibdir.
Anası və ya bacıları ilə Araz çayının sahillərindəki kəndlərinə məxsus ərazilərdən cacıq, quzuqulağı, göbələk yığmağa gedəndə, kənd uşaqları ilə çayın sularında çimmək istəyəndə, özlərinin düzəltikləri qarmaqla balıq tutmaq həvəsinə düşəndə, qoyun-quzunu, mal-qaranı çəmənliyə aparanda üz-gözlərindən vəhşilik yağan əlləri avtomatlı sarıbəniz əsgərlər yollarını kəsər, yüz hektarlarla sahəyə onları buraxmazdılar. Kamran Əliyev uşaqlıq illərindən öyrənmişdi ki, tikanlı məftillərə alınmış torpaqlar da, Araz çayının o biri sahili də çox sevdiyi Vətən torpaqlarıdı.
...Cəmi 4 il oxudu kənd məktəbində. Axı ibtidai məktəb idi məktəbləri. Sonra qonşu Tumaslı kənd orta məktəbində təhsilini davam etdirdi, orta təhsil aldı. Və bu illərdə İliç şəhərində nəşr olunan “İşıqlı yol” qəzetində kənd təsərrüfatı işlərindən bəhs edən məqalələri işıq üzü gördü, imzası tanındı. O illərdə qəzetlərdə “müxbir postları” fəaliyyət göstərir, qəzetin əməkdaşlarından başqa kənar yazarları da öz ətrafında birləşdirirdi. İmzalarımız hər birimizə yaxşı tanış idi, lakin, biri-birimizi görməmişdik. 1966-1968-ci illər ərzində Kamran Əliyevin imzası ilə onlarla müxtəlif mövzulu məqalələri dərc olundu. Bu yazılar arasında kəndlərdə yarımçıq saxlanılan işlər, təmir olmayan elektrik avadanlıqları, texnika, yararsız xidmətlər, iaşə obyektləri haqqında tənqidi yazılar da yer alırdı. Bu da məktəbli qələm sahibinin istedadından və cəsarətli qələm sahibi olacağından soraq verirdi.
Keçən əsrin 60-cı illərin sonunda və 70-ci illərində ali məktəblərə qəbul olunanlar çox diqqət mərkəzində saxlanılırdı. Şərur rayonunun Tumaslı kənd orta məktəbinin məzunu Kamran Əliyev də sənədlərini Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə vermiş və imtahanlardan uğurla çıxaraq, tələbə adını qazanmışdı. Bu xoş xəbər Kamran Əliyevin ailəsi ilə birgə kənd sakinlərinin, təhsil aldığı məktəbin şagird və müəllim kollektivinin, “İşıqlı yol” qəzetinin əməkdaşlarının və qəzetin nəzdində fəaliyyət göstərən “Gənc müxbirlər” postunun üzvlərinin, bütövlükdə Şərur elinin sevincinə səbəb olmuşdur. Yada düşəndə ürəyin tellərini sızladan tələbəlik illərində Kamran Əliyev öz bilik və bacarığı, təşkilatçılığı, tədqiqatçılığı ilə universitetin professor müəllim heyətinin diqqətini özünə cəlb etmişdir. Ali məktəb illərində onun bədii və elmi yazılarını “İşıqlı yol”, “Şərq qapısı”, “Lenin tərbiyəsi uğrunda”, “Ədəbiyyat və incəsənət”  kimi qəzetlərdə oxuyurduq.
1974-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirən Kamran Əliyevin təyinatı Şərur rayon Təhsil Şöbəsi tərəfindən rayonun ən böyük tədris müəssisələrindən olan Xanlıqlar kənd orta məktəbinə verilir. Iki il müddətində bu məktəbdə müəllim kimi çalışır, sevimli şagirdlərinə Azərbaycan dilinin və ədəbiyyatının incəliklərini öyrədir. Məhz Kamran müəllimin təşəbbüsü ilə məktəbin o illərdəki gənc müəllimləri Telman Qəhrəmanov, Bahəddin Rəsulov, Məhəmmədəli Məmmədov və başqaları sinifdənxaric, məktəbdənkənar tədbirlərin keçirilməsinə, şagirdlərə əlavə və hərtərəfli biliklərin verilməsinə daha  çox diqqət yetirirdilər.
Kamran müəllimin fəaliyyətini diqqətlə izləyən, onun dərslərini dinləyib razı qalan Təhsil Şöbəsinin əməkdaşları rayon müəllimlərinin avqust və yanvar müşavirələrinin bölmə iclaslarında məruzələr oxumağa dəvət edirdilər.
O, Şərur rayonunda tanınmış Azərbaycan dili və ədəbiyyatı müəllimləri Əli Babayev, Əli Kərimbəyli, Kamil Qafarov, Maral Hüseynova, Mirəhməd Seyidov, Abbas Hüseynov, Teymur Əliyev kimi pedaqoqlarla birgə seminarlarda, fənn olimpiadalarında, bədii əsərlərin qiraətində, inşa yazı müsabiqələrində münsiflər heyətinin üzvi kimi iştirak edirdi.
Pedaqoji iş stajının az olmasına baxmayaraq, Şərur rayon Təhsil Şöbəsinin rəhbərliyi Kamran müəllimi təhsil şöbəsinin metodkabinetində metodist vəzifəsində işləməyə dəvət edir. Lakin Kamran Əliyev təhsilinin artırılmasına maraq göstərir, iki illik müəllimlik fəaliyyətindən sonra sənədlərini Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aspiranturasına təqdim edir və XX əsr Azərbaycan Ədəbiyyatı şöbəsinin aspiranturasına daxil olur. Beləcə, bir ömrün çətin və şərəfli tədqiqat işləri başlayır.
“XX əsr romantiklərinin ədəbi-nəzəri görüşləri” mövzusundakı dissertasiya işini tamamlayan Kamran müəllim 1980-ci il may ayında akademiyanın akt zalında 3 ildən artıq yuxusuz gecələrin,gərgin əməyin bəhrəsi olan elmi işini müdafiə edir. Bundan sonra gənc alim elmi axtarışlarını inadla, ilhamla davam etdirir...
Mən Kamran müəllimi tanıdığım gündən onun çoxsahəli fəaliyyəti və elmi təfəkkürü, məntiqi düşüncə tərzi, idrak bacarığındakı metamorfozalar  da təsdiq edir ki, o, yaradıcılıq yolunda ehtişamla görünmək üçün yox, gerçəkləri olduğu kimi obyektiv baxış mövqeyində dəyərləndiyi üçün cəsur və iradəli görünür.
Çoxşaxəli yaradıcılığa malik olan alim-yazıçının elmi-bədii və publisistik yaradıcılığında nəzər-diqqəti daha çox cəlb edən özünəməxsusluğudur. Hansısa işlənmiş, yaxud tamamilə yeni olan bir problemi tədqiq edərkən elə məsələyə toxunur ki, elmi-nəzəri baxımından yeni və orijinal görünür. Bunun əsas səbəbi müəllifin məsələlərə geniş prizmadan yanaşması, tədqiqat obyektinə çevirdiyi problemi dərindən öyrənməsi, yalnız milli ədəbiyyatşünaslığımızın deyil, eyni zamanda dünya və ümumtarix ədəbi prosesinin müasir naliyyətləri baxımından təhlil etməsidir.
Kamran Əliyev istər orta məktəb illərində, istər tələbəlik, istərsə də, müəllimlik illərində, Bakıda çalışdığı müddətdə bədii yazılarının ilk əlyazmasını “Şərur qönçələri” (1990-cı ildən “Şərur”) ədəbi birliyində oxuyaraq, dərc olunmaq üçün “İşıqlı yol” (indiki “Şərurun səsi”) qəzetinə təqdim edərdi. O, ədəbi birliyin məşğələlərində bu gün Azərbaycan ədəbiyyatında layqli yer tutan şairlərdən – İnqilab Orxanın, Vaqif Məmmədovun, Rafiq Odayın, Kəmalə Nəsrinin, Telman Ağrıdağın, Budaq Təhməzin, ədəbiyyatşünas alimlərdən Akif İmanlının, Əbülfəz Əzimlinin yaradıcılığına münasibətin  bildirər, oxunmuş əsərlərə düzgün və obyektiv fikirlər söyləyər, iradlar bildirərdi. Sonrakı illərdə Kamran müəllim bu müəlliflərin yaradıcılıqları haqqında ədəbi resenziyalar yazmış, respublika mətbuatında dərc etdirmiş,  kitablarının ön söz müəllifi, redaktoru olmuşdur.
Kamran Əliyev yaradıcılığında vətənpərvərlik mövzusu ön sırada dayanmışdı. Odlar yurdu Azərbaycanın taleyi onun torpaqlarının yadellilər tərəfindən yarı bölünməsi, Təbriz həsrəti, Naxçıvan diyarının doğma anasından ayrı düşməsi, 28 aprelin hər il təntənəylə bayram edilməsi, bir çox iclasların Azərbaycan dilində keçirilməməsi, qərar və göstərişlərin rus dilində verilməsi, tariximizin saxtalaşdırılması onun ruhu kimi əsərlərinə də hopmuşdur. Bəxtiyar Vahabzadənin “Gülüstan”, Xəlil Rzanın “Yaralı məftillər” əsərlərinin əlyazmalarını əldə edərək, əzbər öyrənmiş və bu kimi əsərlərin milli ruhlu gənclər arasınada yayılmasına nail olmuşdur.
“İşıqlı yol” qəzetinin 3 avqust 1978-ci il tarixli sayında “Getdilər” adlı şeiri dərc olunmuşdur. Qəzetin şöbə müdiri Elman Telmanoğlu, Kamran Əliyev və mən redaksiyanın həyətindəki çinar ağacının kölgəsində oturub çay içirdik. Biz Kamran müəllimin çöhrəsindəki tutqunluğu aydınca hiss etdiyimizdən narahat idik... nə olduğunu da soruşmaq istəmirdik... Şeirinin qəzetdə çap olunduğunu təbrik edəndə azca da olsa özünə gəldi, gülümsədi və sonra: “Məni kədərləndirən də elə bu şeirdir. Qəlbimin ağrısı ilə yazmışam bunu” – dedi.
1941-45-ci illər arası nə qədər oğullarımız Böyük Vətən müharibəsi dediyimiz döyüşlərə cəlb edildilər, öz canlarını Vətənə qurban verdilər. Sual olunur “Hansı Vətənə?” Nə vaxtdan SSRİ bizə Vətən olubdur? Niyə bizim qönçə balalarımız pardaxlanıb çiçək açmadan  solmalıydılar; niyə analar oğullarının arxasıca su yerinə gözyaşı səpməliydilər? Biz nə vaxt bütöv və müstəqil dövlət olacağıq? Bütün bu suallardan sonra qəzetdə dərc olunan “Getdilər” şeirini çox kədərli və həyəcanlı bir səslə oxudu:
 
Oğullar gedəndə fikirlər haça,
Oğulları yaladılar, öpdülər.
Oğullar gedəndə arxalarıca
Su yerinə göz yaşını səpdilər.
 
Oğullar gedəndə durnalar kimi
Bacılar yollara gəlib qondular.
Oğullar gedəndə bir vüqar kimi
Analar kandarda qalıb dondular.
 
Getdilər qol-qola, bir halay kimi,
Kənddən toyları da apardı onlar.
Getdilər hay kimi, bir haray kimi,
Kəndin ürəyini qopardı onlar.
 
Getdilər, güllələr insan keyitdi,
Min istək, min ümid, min arzu qaldı.
Analar əzabla oğul böyütdü,
Analar oğula tamarzı qaldı.
 
Hər addımda, hər qarışda, hər səddə,
Onlar qəlpə oldu, al-qan oldular.
Qaldı sevdikləri gözəllər kənddə,
Getdilər Vətənə qurban oldular!
Getdilər Vətənə qurban oldular!

Bu söhbətdən düz 14 il sonra Şərur şəhərindəki çinar ağacının altında yenə üçümüz idik – Elman Telmanoğlu, Kamran İmranoğlu və İbrahim Yusifoğlu. Xalqımızın başına gətirilən bəlalar hər birimizin qəlbinin ağrılarıydı. “Şanlı Qızıl Ordu”muzun əsgər və zabitləri Bakı şəhərində, onların əlaltıları olan erməni vəhşiləri isə Naxçıvan Muxtar Respublikasının ərazilərində, xüsusilə Sədərək kəndində qırğınlar törətmiş, SSRİ –uğrunda həlak olan ata və analarımızın oğul və nəvələrini şəhid etmişdilər. Kamran İmranoğlu da, bu Vətənin övladı kimi şəhidlərimizin xatirəsini əziz tutmuş, “Sədərək səhidləri” adlı publisistik kitabını yazıb, nəşr etdirmiş, oxucularına və şəhid ailələrinə çatdırmışdı...
         2014-cü ilin iyun ayında Azərbaycan Yazıçılar Birliyinin 80 illik yubileyi və Qurultayı keçirildi. Biz Naxçıvan Muxtar Respublikasından gələn 7 nəfər nümayəndə də bu tədbirlərdə iştirak edirdik. Qurultay Milli Dram Teatrının binasında keçirildi. Fasilə müddətində çay içmək həvəsi ilə həyətində təşkil olunmuş yerə gəldik. Gün isti, kölgəlik yox idi. Çay içənlər üçün oturmağa yer, çayı gətirməyə çaynik çatmırdı. Bu çaşqınlıqda Kamran müəllimin səsini eşitdim: “İbrahim Yusifoğlu, “Şərur qönçələri”ni buraya gətir. Doğrusu, hamılıqla Kamran müəllimin etdiklərinə heyrətimiz daha da artdı. Demə, vəziyyətin bu halda olacağını əvvəlcədən hiss etdiyindən o, fasilədən əvvəl buraya gəlir, yeganə ağacın kölgəliyində stol və stulları yerləşdirir, bir neçə çaynik və stəkanları sifariş verir. Çay masası arxasında əyləşəndə xalq şairi Zəlimxan Yaqub bizlərlə salamlaşdı. Kamran müəllim onu çaya dəvət etdi. Zəlimxan müəllim də: “Naxçıvanlılarla çay içmək şərəfdir” – deyib, bizlərlə əyləşdi. Elə bu zaman şair Adil Cəmilin gur səsi eşidildi: “Kamran müəllim, İbrahim Yusifoğlu da buradadır, deyəsən “Şərur qönçələri”nin məşğələsini keçirirsiniz”. Bu sözdən sonra Zəlimxan Yaqubda yaranmış təəccübə Kamran müəllim gülümsəyərək aydınlıq gətirdi: “Şərur rayonunda “Şərur qönçələri”adlı ədəbi birlik fəaliyyət göstərir. Bu gün qurultaya nümayəndə seçilən akademiklərdən İsa Həbibbəyli, Muxtar Kazımoğlu (İmanov), akademiyanın müxbir üzvü Kamran İmranoğlu (Əliyev), şair və yazıçılardan Vaqif Məmmədov, Asim Yadigar, Həsənəli Eyvazlı, Elxan Yurdoğlu, İbrahim Yusifoğlu, Aləmzar Sadıqqızı, Məmməd Tahir, Kəmaləddin Qədim, Aləm Kəngərli “Şərur qönçələri” ədəbi birliyin üzvləri və yetirmələridirlər”. Zəlimxan Yaqub hər birimizlə tanış oldu, ədəbi birliyin üzvlərinə yaradıcılıq yollarında uğurlar arzuladı.
         Kamran müəllim özünəxas təsübkeşliyi nəticəsində Azərbaycan Yazıçılar Birliyinin qurultayının bir saatlıq fasiləsi müddətində imkanı daxilində doğulduğu torpağın və onun qoynunda ətir saçan qönçələrinin adını daşıyan “Şərur qönçələri” ədəbi birliyinə öz dərin məhəbbətini və tükənməz sevgisini nümayiş etdirdi.
         50 ildən artıq bir dövrdə qardaş münasibətində olduğum Kamran İmranoğlu ilə olan acılı-şirinli xatirələrimi bir məqaləyə sığdıra bilməyəcəyimi bilirəm. Onu bilirəm ki, Şərur elinin gen sinəsində aşıb-daşan Arpaçayın hay-harayında, tikanlı məftilə salınmış Xan Arazın sularında, Xanlıqlar kəndinin geniş və işıqlı məktəb binasının sinif otaqlarında “Şərurun səsi” qəzetinin nəzdində fəaliyyət göstərən  “Şərur” ədəbi birliyin məşğələlərində, kitab müzakirələrində, şəhid məzarlarının ziyarətində, igid qazilərlə görüşlərdə Bakı şəhərindəki II Fəxri xiyabanda özünə əbədi məkan seçmiş müqəddəs ocaqda xatırlanacaq Kamran müəllim!
         İrili-xırdalı məqalələri, qalın-nazik kitabları, on cildlik sanballı yaradıcılığı yaşadır Kamran İmranoğlunu.
Araz qırağı kənddən Xəzər dənizinədək şərəfli və ləyaqətli yol seçən, bu yollarda həyatın hər bir acısına dözən, şirinini dadan müqəddəs bir ömür yaşayan Kamran İmran oğlu Əliyev əbədi olaraq qəlblərdə yaşayacaqdır!

İbrahim Yusifoğlu,
AMEA-nın Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun əməkdaşı
Sabaha-inamla.az






Baxış sayı: 1 012


Bölməyə aid digər xəbərlər