Bütün xəbərlər
Deputat ittihamlara cavab verdi: “Şəhidin dəfnində iştirak etməməyimə səbəb...”
Tarix: 02-06-2019 21:38 | Bölmə: Müsahibə
              

ATƏT-in Minsk qrupunun həmsədrlərinin respublikamızda səfərdə olduğu bir vaxtda, mayın 30-da səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Omarov Aqil Akif oğlunun mayın 31-də dəfn mərasimi keçirilib.
 Aqil Omarov Qax rayonu Lələpaşa kəndində yaylım atəşinin müşayiəti ilə torpağa tapşırılıb. Qax rayonundan deputat seçilmiş Azər Kərimlinin şəhidin yas mərasimində iştirak etməməsi müzakirələrə səbəb olub.
 İddialara görə, Azər Kərimli nəinki şəhidin dəfnində iştirak etməyib, hətta mərhumun yas mərasiminə gəlməyib və bu barədə ümumiyyətlə, mətbuata hər hansı bir açıqlama verməyib.
 A.Kərimli məsələ ilə bağlı Modern.az-a bildirib ki, mayın 29-dan etibarən Baltik Assambleyası Şərq Tərəfdaşlığı üzrə konfransda iştirak etmək üçün Litvanın paytaxtı Vilnüsdə səfərdə olub:
 “Konransa mayın 29-u yola düşmüşük. Ayın 30-u və 31-i Baltik Assambleyası Şərq Tərəfdaşlığının10 illiyinə həsr olunmuş konfras keçirilib. Konfransda Gürcüstan, Ukrayna, Moldova, Ermənistan və Azərbaycan nümayəndə heyəti iştirak edirdi. Həmçinin, tədbirdə müxtəlif Avropa ölkələrinin – Çexiya, Litva, Latviya, Estoniya, Fransa parlamentindən olan deputatlar  iştirak ediblər. Şəhidimizin dəfni günü konfrans keçirilib və mən də orada iştirak etmişəm. Yəni Şəhidimiz dəfn olunan gün mən ölkədə olmamışam. Azərbaycana dünən gecə saat 11-də qayıtmışam”.
 Hazırda Qaxda olduğunu bildirən, parlamentari Şəhidin üç mərasimində iştirak etdiyini deyib:
 “Bu gün Aqil Omarovun üç mərasimi idi. Həm Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, həm Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev də mərasimdə iştirak edirdi. Birlikdə Aqil Omarovun məzarını ziyarət etdik. Eyni zamanda, Şəhidimiz ölümündən sonra cənab Prezident tərəfindən Şücaət ordeni ilə təltif olundu. Mən ezamiyyətdən dünən gecə saat 11-də qayıtmışam. Bu gün səhər 11-də isə Qaxda Şəhidimizin üç mərasimində iştirak etmişəm”.
 Deputat konfransda iştirakı zamanı erməni təxribatının qarşısını aldığını qeyd edib:
 “Tədbir ona görə vacib idi ki, Ermənistandan da iki deputat tədbirdə iştirak edirdi. Çox gərgin çıxışlar, müzakirələr aparıldı. Ermənistan tərəfindən Azərbaycana qarşı bəzi ittihamlar səsləndirildi, hansı ki, mən onların cavabını yerindəcə verdim”.
 Konfransda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxış edən deputat Ermənistanın işğalçılıq və azərbaycanlılara qarşı etnik təmizləmə siyasətindən danışıb, torpaqlarımızın 20 faizinin  bədnam qonşularımız tərəfindən zəbt olunduğunu, 1 milyondan çox vətəndaşımızın qaçqın və məcburi köçkün həyatı sürməyə məhkum olduğunu diqqətə çatdırıb.
 Deputat bildirib ki, problemin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur: “Ermənistan münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinə məhəl qoymur. Biz problemin ölkələrin ərazi bütövlüyü prinsipi əsasında, beynəlxalq hüquq normalarına uyğun həllinə tərəfdarıq”.
Tədbirdə erməni nümayəndəsi çıxış edərək, münaqişənin Azərbaycan, Dağlıq Qarabağ və Ermənistan xalqlarının iradəsi ilə həll olunmasının vacibliyini vurğulayıb.
 Buna cavab olaraq Azər Kərimli söz alaraq bildirib ki, “Dağlıq Qarabağ xalqı” adlı məfhum yoxdur: “Dağlıq Qarabağın Azərbaycan və erməni icmaları var. ATƏT-in Minsk qrupu çərçivəsində bu məsələ ilə əlaqədar biz təşəbbüs irəli sürsək də, erməni tərəfi təklifi qəbul etmədi. Bu problem beynəlxalq müstəvidə öz ədalətli həllini tapmalıdır. “Dağlıq Qarabağ xalqından” söhbət gedə bilməz. Orada yaşayan Azərbaycan və erməni əhalisidir”.
 Ermənistanlı deputat öz çıxışında Bakıda keçirilən “Arsenal” – “Çelsi”  oyununda futbolçu Mxitaryanın iştirak etməməsi məsələsinə də toxunub.
 Deputat Azər Kərimli bu məsələ ilə əlaqədar bildirib ki, erməni əsilli oyunçunun təhlükəsizliyinə Bakıda ən yüksək səviyyədə təminat verilmişdi:
 “Bu gün Azərbaycanda minlərlə erməni əsilli Azərbaycan vətəndaşı yaşayır. Onlar digər ölkə vətəndaşları kimi Konstitusiyada verilən bütün hüquqlardan istifadə edirlər. Ermənistan özü monoetnik bir dövlətdir. Azərbaycanda isə müxtəlif xalqların nümayəndələri yaşayır və normal fəaliyyət göstərirlər”.
 İdman yarışlarına gəldikdə isə deputat bir daha vurğulayıb ki, Azərbaycan müxtəlif səviyyəli beynəlxalq tədbirlərə, o cümlədən idman yarışlarına ev sahibliyi edir. Bu tədbirlərdə dünyanın ayrı-ayrı ölkələrindən erməni əsilli insanlar da iştirak edirlər. Digərləri kimi onların da təhlükəsizliyi yüksək səviyyədə təmin olunur.


Baxış sayı: 700


Bölməyə aid digər xəbərlər