Bütün xəbərlər
Azərbaycan qadını: mənəvi dəyərlərimizin qoruyucusu -TƏBRİK EDİRİK!
Tarix: 26-08-2019 12:10 | Bölmə: Gündəm

Tarix boyu mədəni irsə və böyük milli dəyərlərə malik olan Azərbaycan xalqı cəmiyyətdə, xüsusən də ailədə qadının roluna daim hörmətlə yanaşmış, onu yüksək qiymətləndirmişdir. Qadın yaşadığı tarixi zamandan, coğrafi məkandan, cəmiyyətdə tutduğu sosial-iqtisadi vəziyyətindən, etiqad etdiyi dinindən, dilindən və s. amillərdən asılı olmayaraq bəşəriyyətin inkişafının bütün mərhələlərində özünəməxsus aparıcı qüvvə olmuşdur.
Əgər tarixə nəzər salsaq, görərik ki,mənəvi dəyərlərimizin qoruyucusu olan Azərbaycan qadını da çətin, keşməkeşli bir inkişaf yolu keçmiş və nəticədə cəmiyyətin inkişafının bütün mərhələlərində kişilərlə bərabər dövlət quruculuğunda, siyasi qərarların verilməsində fəal iştirak etmişlər.
         Bunun da təbii ki, öz məntiqli əsası vardır. Belə ki, Müsəlman Şərqində və türk dünyasında ilk Demokratik Respublikanı yaratmaqla xalqımız sahib olduğu dövlətçilik ənənələrini bir daha təsdiq etdi. Burada insan hüquq və azadlıqlarının bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi də önəmli amillərdən biri idi.
         Bu gün artıq əminliklə vurğulamaq olar ki, cəmiyyətin ictimai-siyasi həyatında və idarəetmə sistemində fəal mövqe tutan Azərbaycan qadını, müstəqil respublikamızın daha da inkişafı, dövlətçilik ənənələrinin möhkəmlənməsi naminə əzmlə çalışır. Bu fəallıq Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən - qadınlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir.
Hazırda Müstəqil Azərbaycan qadınları ailə institutunun təməlini möhkəmləndirməklə cəmiyyətimizə, dövlətimizə vətənpərvərlik, azərbaycançılıq ruhunda gənclərin tərbiyə olunmasını təmin edərək milli mənəvi dəyərlərimizin qoruyucusu olduğunu sübut edirlər. Bununla yanaşı onlar parlamentdə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, yerli özünüidarəetmə orqanlarında, təhsil, elm, səhiyyə, idman, ölkə iqtisadiyyatının inkişafı, sahibkarlıq, kənd təsərrüfatı sahəsində, milli təhlükəsizlik və hüquq-mühafizə orqanlarında, eləcə də digər sahələrdə kişilərlə bərabər rəhbər vəzifələrdə təmsil olunurlar.
         Heç şübhəsiz qeyd etmək olar ki, məhz dövlətimizin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli, uğurlu və səmərəli fəaliyyəti nəticəsində Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi həyatında aktiv iştiraka marağı daha da artdı. Mehriban xanımın cəmiyyətimizdə xeyirxahlıq, insanlara əl tutmaq, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyi xarici dövlətlər tərəfindən də yüksək qiymətləndirilir. Çoxlu sayda beynəlxalq mükafatlara layiq görülməsi, xarici səfərləri zamanı respublikamızın maraqlarını əzmkarcasına qoruması dünya səviyyəsində Azərbaycan qadınının müsbət obrazının formalaşmasına da əvəzsiz təsir göstərmişdir.
         Mehriban xanım Əliyevanın yüksək mədəni dəyərlərə söykənən müsahibələri və çıxışları, muğam sənətinə qayğısı, bu qeyri-maddi irsimizin xarici ölkələrdə təbliği, bir sıra beynəlxalq musiqi festivallarının keçirilməsi ilə bağlı təşəbbüsləri, həmçinin Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü işlər də olduqca təqdirəlayiqdir.
         Mənəvi dəyərlərimizin qoruyucusu olan Azərbaycan qadını timsalında gördüyü bu mötəbər işlərdə Respublikamızın birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya bol uğurlar arzulayır və milli mənəvi dəyərlərimizin cəmiyyətimizdə təbliği istiqamətində onunla birgə olduğumuzu bir daha qeyd edirik. Doğum gününüz mübarək əziz və dəyərli Mehriban xanım!
Elvin Talışınski
Milli Mənəvi Dəyərlərimizə Dəstək İctimai Birliyinin sədri,
Siyasi elmlər üzrə fəlsəfə doktoru
Nərminə Quliyeva
Milli Mənəvi Dəyərlərimizə Dəstək İctimai Birliyinin Qadınlar Şurasının sədri




Baxış sayı: 2 531


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı