Bütün xəbərlər
Ərdoğan: "Müxalifət küçə terroru ilə məşğuldur"
Tarix: 22-03-2025 22:38 | Bölmə: Manşet

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şənbə günü müxalifət liderlərindən biri, İstanbul meri Əkrəm İmamoğlunun saxlanması ilə başlayan etirazlar fonunda müxalifətin “küçə terroru” təşkil etməyə çalışdığını bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Ərdoğanın vurğuladığına görə, 4 gündür davam edən etiraz aksiyaları milli birliyi pozmaq və məhkəmə sisteminə təzyiq göstərməkdir.
“Dörd gündür ki, millətin əmin-amanlığını pozmaq, xalqımızı parçalamaq, yolunda olan hər kəsi təhqir etmək, yalnız öz vəzifəsini yerinə yetirən polis əməkdaşlarımıza hücum etmək, korrupsiya iddialarını araşdıran məhkəmə üzvlərimizi qorxutmaq, milli iradəni küçə terroru ilə darmadağın etmək üçün hər şeyi ediblər”, - prezident bildirib.
Etirazlar İstanbul meri Əkrəm İmamoğlunun terror fəaliyyətinə şərait yaradan korrupsiya təşkilatı ilə əlaqədə ittiham olunaraq həbsindən sonra başlayıb. “A Haber” telekanalının məlumatına görə, siyasətçi şənbə günü beş saat ifadə verib, ittihamları rədd edib və həbs üsullarını pisləyib. Bundan əvvəl İmamoğlu ifadə vermək üçün Çağlayan rayonundakı Ədliyyə Sarayına aparılıb.
Etirazları Ərdoğanı rəqibini qanunsuz olaraq təqib etməkdə günahlandıran və vətəndaşları həbsdə olan siyasətçiyə dəstək verməyə çağıran Türkiyənin ana müxalifəti Cümhuriyyət Xalq Partiyası (CHP) təşkil edib. Hakimiyyət də öz növbəsində təhlükəsizlik tədbirlərini gücləndirərək, martın 27-dək İstanbul, Ankara və İzmirdə etiraz aksiyalarını qadağan edib.
Türkiyənin ədliyyə naziri Yılmaz Tunc İmamoğlunun saxlanması ilə bağlı vəziyyətin prezident Ərdoğanla bağlı olmadığını deyib və küçə etirazlarına son qoymağa çağırıb. Prezident administrasiyası Ərdoğana qarşı ittihamları “əsassız böhtan” adlandırıb. Hazırkı dövlət başçısının mümkün növbədənkənar seçkilərdə əsas rəqibi sayılan İmamoğlu bundan əvvəl hakimiyyətin təzyiqi ilə “təslim olmaq fikrində olmadığını” bildirmişdi.



Baxış sayı: 103


Bölməyə aid digər xəbərlər