Bütün xəbərlər
Əliyev: "Qazaxıstanda təyyarə qəzasının səbəbləri barədə danışmaq hələ tezdir"
Tarix: 25-12-2024 17:30 | Bölmə: Manşet

Azərbaycan prezidenti İlham Əliyev hesab edir ki, AZAL-a məxsus təyyarənin Qazaxıstanda qəzaya uğramasının səbəblərini açıqlamaq hələ tezdir. O, bu barədə hadisə ilə bağlı keçirilən iclasda bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Azərbaycan liderinin sözlərinə görə, qəza ilə bağlı bir neçə versiya var və onların hər biri təhqiqat tələb edir.
“Müxtəlif versiyalar var, məncə, bu barədə danışmaq hələ tezdir”, - Əliyev deyib.
Əliyev hazırda məlum olan faktları, xüsusən də hava şəraiti ilə əlaqədar təyyarənin marşrutunu dəyişdirməsi ilə bağlı məlumatları bölüşüb.
“Mənə verilən məlumata görə, AZAL-ın Bakıdan Qroznıya uçan təyyarəsi hava şəraitinin pisləşməsi ilə əlaqədar olaraq Aktau hava limanına doğru uçuş istiqamətini dəyişib və eniş zamanı faciə baş verib”, - Əliyev deyib.
Bundan əvvəl Azərbaycan Hava Yollarına məxsus "Embraer 190" təyyarəsinin pilotlarının həlak olduğu məlum olub.
Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin açıqladığı son məlumatlara görə, təyyarə qəzasında 32 nəfər sağ qalıb, onlardan 25-i xəstəxanalara çatdırılıb. Qəza zamanı təyyarədə 5-i ekipaj üzvü olmaqla 69 nəfər olub.



Baxış sayı: 54


Bölməyə aid digər xəbərlər