Bütün xəbərlər
Gürcüstanın baş naziri: "Prezident imtinaya baxmayaraq istefa verməli olacaq"
Tarix: 01-12-2024 15:07 | Bölmə: Manşet

Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, prezident Salome Zurabişvilinin bütün bəyanatlarına baxmayaraq, o, dekabrın 29-da vəzifəsini tərk etməli və yeni prezidentə yol verməli olacaq.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Zurabişvili şənbə günü televiziya ilə çıxışında istefa verməkdən imtina etdiyini açıqlayıb, çünki onun fikrincə, konstitusiyaya görə dövlət başçısını seçən hazırkı parlament qeyri-legitimdir.
Kobaxidze brifinqdə qeyd edib ki, yeni dövlət başçısının andiçmə mərasimi dekabrın 29-da baş tutacaq və Zurabişvili bununla barışmalı olacaq.
"Mən onun emosional vəziyyətini başa düşürəm, lakin təbii ki, dekabrın 29-da o, öz iqamətgahını tərk etməli və bu binanı qanuni seçilmiş prezidentə verməli olacaq", - Gürcüstanın baş naziri TASS-a istinadən bildirib.
Gürcüstan prezidenti hökumətin Avropaya inteqrasiya prosesini 2028-ci ilə qədər dondurmaq qərarından sonra Tbilisidə etirazçıları dəstəkləyib. O, həmçinin Qərbi “Gürcü arzusu” partiyasının qalib gəldiyi parlament seçkilərinin nəticələrini tanımamağa çağırıb.
Gürcüstan parlamentinin yeni tərkibi prezident seçkilərinin dekabrın 14-də keçirilməsi ilə bağlı qərarı təsdiqləyib. Seçkilərin ikinci turu, lazım gələrsə, həmin gün keçiriləcək. Gürcüstan prezidentini ilk dəfə əhali deyil, Seçicilər Kollegiyası seçəcək. O, Gürcüstan parlamentinin bütün üzvləri və Abxaziya və Acarıstan Muxtar Respublikalarının ali nümayəndəlik orqanları daxil olmaqla 300 üzvdən ibarətdir.



Baxış sayı: 66


Bölməyə aid digər xəbərlər