Bütün xəbərlər
Nail Allahverdiyevə hökm oxunub
Tarix: 18-12-2017 13:01 | Bölmə: Manşet


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin növbəti məhkəmə prosesi başa çatıb.
Sabaha-inamla.az-ın əməkdaşının izlədiyi məhkəmə prosesində işə hakim Əhməd Quliyevin sədrliyi ilə baxılıb.
Məhkəmədə dövlət ittihamçısı Nail Allahverdiyevin Cinayət Məcəlləsinin 263.3 və 264-cü maddələri ilə təqsirləndirildiyini bildirib. O qeyd edib ki, şahidlərin ifadəsini nəzərə alaraq hadisə zamanı Nailin ona verilən suallara cavab verməməsi, özündə olmamasına görə 264-cü maddədən imtina edir. Dövlət ittihamçısı 263.3-cü maddənin tələblərini nəzərə alaraq, Nail Allahverdiyevə 3 il müddətinə nəqliyyat vasitələrinin idarə edilməməsi və 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasının verilməsini xahiş edib.
Qəza zamanı dünyasını dəyişmiş Mehdi Əliyevin xanımı Ülviyyə Əliyeva da məhkəmədə çıxış edib. O bildirib ki, bu, qəsdən adam öldürmə hadisəsi deyil. Ona görə də Nailə yüngül cəzanın verilməsini xahiş edir.
Zərərçəkmiş Adil Ocaqverdiyev isə çıxışında heç bir şikayəti olmadığını qeyd edib.
"Nailin cəzasının yüngülləşdirilməsini istəyərdim".
Prosesin sonunda Nail Allahverdiyev son söz deyib:
"Bu gün mən hələ də bilmirəm ki, rəhmətlik Mehdi ürəktutmasından vəfat edib, ya qəza zamanı aldığı xəsarətdən. Möhtərəm hakim, sizdən xahiş edirəm ki, qərar verərkən mənim gənc olmağımı, zərərçəkmişlərə dəymiş ziyanın tam ödənilməsini, zərərçəkmişlərin şikayətlərinin olmamasını və barışığın olduğunu nəzərə alasınız. Bir daha Allah ölən şəxslərin hər birinə rəhmet eləsin, yaxınlarına isə səbr versin".
Məhkəmənin qərarı ilə 264-cü maddəyə xitam verilməklə, Nail Allahverdiyev 2 il müddətinə sürücülük hüqüqundan məhrum edilməklə, 6 il müddətinə azadlıqdan məhrum edilib.



Baxış sayı: 775


Bölməyə aid digər xəbərlər