Nailə Vəlixanlı: UNESCO-nun siyahısına salına biləcək başqa abidələrimiz də var
Tarix: 10-07-2019 00:50 | Bölmə: Gündəm



Naxçıvan, Qarabağ və Gəncədə də UNESCO-nun siyahısına salına biləcək xeyli abidə var.
Bunu Baku TV-yə açıqlamasında Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, tarix üzrə elmlər doktoru, professor Nailə Vəlixanlı Şəki şəhərinin tarixi mərkəzinin Şəki Xan sarayı ilə birlikdə UNESCO-nun Ümumdünya İrs Siyahısına salınması haqqında qərara münasibət bildirərkən deyib.
N.Vəlixanlı bildirib ki, Şəkiyə aid məlumatlar təqribən altı ildir UNESCO-ya təqdim edilib. Bu illər ərzində Şəki haqqında kifayət qədər informasiya toplanıldıqdan sonra məlum qərar verilib.
Professorun sözlərinə görə, Naxçıvanda, işğal altında olan Qarabağımızda, Gəncədə də UNESCO-nun Ümumdünya İrs Siyahısına salına biləcək kifayət qədər abidəmiz var:
“İddialı ərazilərimiz, mədəniyyət ocaqlarımız, Çıraqqala kimi qalalarımız - mədəni irsimizin nümunələri çoxdur. Hamısını UNESCO-nun siyahısına salmaq, sözsüz ki, çətindir. Amma çalışmalıyıq ki, Azərbaycanın gözəgəlimli yerlərini təqdim edək. Mədəniyyət abidələrimiz yalnız bizim deyil, dünyanındır. Abidələr Azərbaycanın ən qədim yaşayış yerlərindən, azərbaycanlıların da mədəni xalqlardan biri olduğunu sübut edir”.
Qeyd edək ki, hazırda Milli Azərbaycan Tarixi Muzeyində “Şəki: İrsimizi yaşadan ulu diyar” adlı sərgi keçirilir.
Qədim zamanlardan başlayaraq Azərbaycan xanlıqlarına qədər olan dövrə aid müxtəlif geyimlər, silahlar, xəncərlər, bəzək əşyaları, bir sözlə, bir-birindən maraqlı, Şəkinin tarixinə aid heç yerdə görmədiyiniz eksponatları xronoloji ardıcıllıqla bu sərgidə görə, necə deyərlər, tarixə toxuna bilərsiniz.
İyunun 28-dən başlayan sərgi okytabrın 28-dək davam edəcək.
Xatırladaq ki, iyulun 7-də UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında Şəki şəhərinin tarixi mərkəzinin Şəki Xan sarayı ilə birlikdə Ümumdünya İrs Siyahısına salınması haqqında qərar qəbul olunub.


Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər
7-07-2019, 17:59 Putinə açıq məktub...
27-06-2019, 01:35 Gənc alim təltif olundu