Bütün xəbərlər
Deputatlar: “Kadr dəyişiklikləri islahatların davamıdır” - RƏYLƏR
Tarix: 21-06-2019 17:47 | Bölmə: Gündəm

                                 

“Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkədə bütün sahələrdə çox ciddi islahatlar aparılacaq. Buraya istər siyasi idarəçilik, istərsə də sosial siyasət məsələləri daxildir. Dövlət başçısının iyunun 20-də etdiyi kadr dəyişiklikləri də həmin islahatların davamıdır”.
Bunu “Report” açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Məlahət İbrahimqızı deyib.
O bildirib ki, ictimaiyyət bu təyinatları çox yüksək dəyərləndirir: “Vəzifəyə təyin olunan şəxslər Heydər Əliyev siyasi kursuna, o cümlədən Prezident İlham Əliyevin yürütdüyü siyasətə sadiqdirlər. Bu şəxslər xalqın etimadını doğuldublar. Düşünürəm ki, həmin insanlar bundan sonra da dövlətin güclənməsi naminə əllərindən gələni edəcəklər. İnanıram ki, onlar Prezident İlham Əliyevin tapşırıqlarını ləyaqətlə yerinə yetirəcəklər. Bu islahatlara görə Prezident İlham Əliyevə öz adımdan və seçicilərim adından təşəkkür edirəm”.
Deputat Məlahət İbrahimqızı
"Düşünürəm ki, həmin insanlar bundan sonra da dövlətin güclənməsi naminə əllərindən gələni edəcəklər. İnanıram ki, onlar Prezident İlham Əliyevin tapşırıqlarını ləyaqətlə yerinə yetirəcəklər".
Deputat bəzi müxalifyönlü qüvvələrin münasibətini də şərh edib: “Həmin insanların özləri təsadüfi kadrlardır. Onlar peşəkar dövlət idarəçiliyində zəngin təcrübələri olan insanları qiymətləndirə bilməzlər. 1992-1993-cü illərdə hakimiyyətdə səriştəsiz, qeyri-peşəkar insanlar idi. Nəticəsini də gördük. Ona görə onlar bu işləri dəyərləndirə bilməzlər. Təyinat alan şəxslərin zəngin dövlətçilik təcrübələri var”.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Vəhdət Partiyasının sədri Tahir Kərimli də kadr təyinatlarını müsbət dəyərləndirib: “Prezident İlham Əliyevin kadr dəyişiklikləri ilə bağlı sərəncamları vacib amili əks etdirir. Bu, ölkədə sabitlik və təhlükəsizlik istiqamətində atılan addımların tərkib hissəsidir. Hamımız yaxşı bilirik ki, ölkənin inkişafı sabitliklə bağlıdır. Liviyada sabitlik pozulduqdan sonra ölkənin hansı vəziyyətə düşməsinin şahidi oldunuz. Prezident İlham Əliyevin kadr dəyişikliyi ilə bağlı addımı həm də psixoloji məsələdir, çünki cəmiyyət yenilik gözləyirdi. Təbii ki, kadrlar özlərini doğruldurlarsa, onların işləməsi heç də mənfi qarşılanmamalıdır. Çünki onlar dövlətin möhkəmləndirilməsinə xidmət edirlər. Bötüvlükdə kadr dəyişikliyi – yerdəyişmələr müsbət xarakterlidir. Xalq bu yeniliyi alqışlayır”.
T.Kərimli qeyd edib ki, Azərbaycan hökumətinin əleyhdarları bu islahatları bəyənməyə bilər: “Ümumiyyətlə, minimum əməkhaqqının, pensiyanın artımından sonra əks qüvvələr şoka düşdülər, çünki onların arqumentləri əllərindən alındı. Ona görə də müəyyən bəhanələr axtarırdılar, yəni yaxşı bir əməlin içində neqativ bir şey axtarışındadırlar. Onlar heç vaxt bu islahatlarda nəsə yaxşı bir şey axtarmırlar... Məsələn, hesab edirəm ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsinə təyin edilən Əli Nağıyev peşəkar kadrdır, onu irəli şəkilməsi müsbət haldır.
Deputat Tahir Kərimli
"Xalq bu yeniliyi alqışlayır".
Digərləri haqqında da bu sözləri demək olar. Daxili İşlər naziri vəzifəsinə təyin olunan Vilayət Eyvazov uzun illərdir daxili işlər orqanlarında çalışır, rəhbər vəzifələrdə təmsil olunub, kifayət qədər təcrübəsi var. Bundan başqa, görünür, Prezident İlham Əliyev bilir ki, Mədət Quliyev Müdafiə Sənayesi Nazirliyində hansı müsbət işlər görə bilər, ona görə onu nazir vəzifəsinə təyin edib. Bilirsiniz ki, Prezident yanında Təhlükəsizlik Şurasının katibi vəzifəsi boş idi, Ramil Uusbovun həmin vəzifəyə təyin edilməsi siyasi cəhətdən fayda verə bilər. Usubov kifayət qədər təcrübəli kadrdır. Kadr təyinatı, dəyişikliyi dövlətin, hökumətin işidir. Partiyamız bu təyinatları yüksək dəyərləndirir, həmin şəxsləri təbrik edir. Bizim üçün mühüm məsələ ölkədə sabitliyin və təhlükəsizliyin təmin edilməsidir”.
Deputat Aydın Hüseynov "Report"a açıqlamasında deyib ki, yeni vəzifələrə təyin olunan kadrların hər biri cəmiyyətdə nüfuzu olan şəxslərdir: "Onların peşəkarlıqları ilə yanaşı, təyin olunduqları sahələrdə böyük ximətləri və təcrübələri var.
Həmçinin bu şəxslər hər zaman dövlətə və dövlətçiliyə xidmətləri ilə seçiliblər. Onların cəmiyyətdə böyük nüfuza sahib olması, öz sahələrində peşəkarlıqları və xidmətləri ilə əlaqədar olaraq, ölkə başçısının son təyinatları cəmiyyət tərəfindən də yüksək qiymətləndirilir".
Deputat Aydın Hüseynov
"Bu şəxslər hər zaman dövlətə və dövlətçiliyə xidmətləri ilə seçiliblər". 
Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 20-də kadr dəyişiklikləri ilə bağlı bir sıra sərəncamlar imzalayıb. Belə ki, Ramil Usubov Daxili İşlər naziri vəzifəsindən azad edilərək, Prezident yanında Təhlükəsizlik Şurasının katibi təyin olunub. Daxili İşlər naziri vəzifəsinə isə Vilayət Eyvazov təyin edilib. Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad olunaraq, Müdafiə Sənayesi naziri vəzifəsinə təyin edilib. Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsinə isə Əli Nağıyev təyin olunub.


Baxış sayı: 574


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı