Bütün xəbərlər
Ceyhun Məmmədov: Ermənistanın ekosid törətməsinin qarşısı alınmalıdır
Tarix: 10-07-2021 12:10 | Bölmə: Sosial
                 Ceyhun Məmmədov: Ermənistanın ekosid törətməsinin qarşısı alınmalıdır


Ermənilər davamlı olaraq Azərbaycanın ekologiyasına, faunasına qarşı vəhşilik törədiblər. Onlar Qarabağ və ətraf rayonlarda neçə yüz il yaşı olan nadir çinar ağaclarını məhv edib, meşələri qırıb, yandırıblar.

Onu da qeyd edək ki, Oxçuçayın çirkləndirilməsi ermənilərin ilk vəhşiliyi deyil. Ermənilər uzun illərdir ekosidlə məşğul olublar, dünya ekologiyasını vəhşicəsinə məhv ediblər. İndi də əməllərindən vaz keçmirlər. Azərbaycan tərəfi dəfələrlə beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Oxçuçayın videolarını çəkərək qurumlara təqdim edib. Göstərmişik ki, Ermənistan tərəfi çayı dəhşətli dərəcədə çirkləndirir. Təəssüf doğuran məqamlardan biri də odur ki, ermənilərin ekologiya terrorunda Almaniya şirkəti də iştirak edir. Özünü “demokratiyanın mərkəzi” sayan, tez-tez insan hüquqları və s. mövzularda Azərbaycanı ittiham edən Almaniya erməni terroruna laqeyd yanaşır. Dəfələrlə müraciət olunsa da, reaksiya vermir. Əslində Avropa ölkələri bu məsələyə çox həssas reaksiya verməliydi. Çünki burada söhbət sadəcə Azərbaycandan deyil, dünya ekologiyasının çirklənməsindən gedir. Düşünürəm ki, bu cür yanaşma riyakarlığın və ikili standartların növbəti təzahürüdür.

Bu baxımdan Ermənistanla yanaşı, alman şirkətinin də ekosid törətməsi qəti şəkildə pislənməli və qarşısı alınmalıdır. Əgər ekologiya terroruna laqeyd yanaşılarsa, qarşısı alınmazsa, ortaya qətiyyətli mövqe qoyulmazsa, Ermənistan təxribatçı əməllərinə, düşmənçilik siyasətinə davam edəcək. Ermənistanın işğalçılıq və təcavüzü, cinayətləri 30 il ərzində ona görə davam etdi ki, ermənilərə “dur” deyən olmadı. Onların qanunsuz hərəkətləri, terrorları Qərb ölkələri tərəfindən qınanılmadı, sanksiya tətbiq edilmədi.

Nəzərə alsınlar ki, hazırda dünyada ciddi içməli su problemi yaşanır, şirin sular tükənir. Bir çox ölkələr su qıtlığından əziyyət çəkir. İnsanların və əkin sahələrinin su ilə təmin olunmasında çətinliklər ortaya çıxır. Ona görə də ekoloji terror dayandırılmalı və Oxçuçayın çirkləndirilməsinə son verilməlidir.

Ceyhun MƏMMƏDOV,
millət vəkili



Baxış sayı: 324


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu