Bütün xəbərlər
“Yulğun kolları “Qırmızı kitab”dakı bitki növləri ilə səhv salınır” - Direktor
Tarix: 12-04-2021 22:25 | Bölmə: Sosial

                    “Yulğun kolları “Qırmızı kitab”dakı bitki növləri ilə səhv salınır”



“Azərbaycanda yayılmış bəzi bitki növlərinin təsnifatı və xarakteristikasında yanlış şərhlərə yol verildiyindən, konkret fikir bildirmək üçün  mütəxəssis rəylərinə diqqət yetirilməlidir. Ölkəmizdə yeddi növünə rast gəlinən yulğun bitkisi, əsasən, düzənlik və dağətəyi ərazilərdə, yarımsəhra  və bozqır tipli çəmənliklərdə, çaysahili Tuqay meşəliklərində yayılıb və bu yeddi növdən heç biri Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil edilməyib”.
Bunu “Qafqazinfo”ya açıqlamasında Nəbatat Bağının direktoru, biologiya elmləri doktoru Vahid Fərzəliyev bildirib.
Onun sözlərinə görə, yulğun kolları əksər hallarda Azərbaycan Respublikasının “Qırmızı kitab”ına salınmış Cuzqun cinsinə aid bitki növləri ilə səhv salınır, mütəxəssis olmayan şəxslər bitkilərin ümumi görünüşlərinin oxşar olması səbəbindən “Qırmızı Kitab”da təmsil olunan Cuzqun (Callygonum L.) cinsinə aid növlərlə (C.bakuense və C. aphyllum) səhv salırlar ki, bu cins və növlər də tamamilə başqa bir fəsiləyə - Qırxbuğumkimilər (Polygonaceae Juss.) fəsiləsinə aiddir.
Mütəxəssis qeyd edib ki, Cuzqun cinsinə aid olan və Azərbaycan Respublikasının “Qırmızı Kitab” ına salınan növlər yalnız Abşeron yarımadasında və Xəzər dənizinin sahil boyu ərazilərində rast gəlinir:
“Məlumat üçün onu da deyim ki, yulğun cinsi isə (Tamarix L.) Yulğunkimilər (Tamarixaceae Link) fəsiləsinə aid olub, Azərbaycanda yeddi növlə (Florida yulğunu, Hohenekker yulğunu, Koç yulğunu, Meyer yulğunu, Dörderkəkcikli yulğun, Səkkizerkəkcikli yulğun və Budaqlanan yulğun) təmsil olunur.
Budaqlanan yulğun, Florida yulğunu və Meyer yulğunu daha geniş areala malik növlər olub, ölkəmizin, demək olar ki, bütün ərazisini əhatə edir”.



Baxış sayı: 352


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu