Bütün xəbərlər
“Sabahın tədqiqatçıları” layihəsinin iştirakçıları Bioresurslar İnstitutunda olub
Tarix: 12-03-2021 22:06 | Bölmə: Sosial


AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “Sabahın tədqiqatçıları” layihəsinin iştirakçıları bölmənin Bioresurslar İnstitutunda olub.
AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən Sabaha-inamla.az-a verilən məlumata görə əvvəlcə Təbiət muzeyində İnstitutun elmi işlər üzrə direktor müavini, biologiya elmləri doktoru, dosent İsmayıl Məmmədov muzeyin fəaliyyəti, burada qorunub saxlanan flora və fauna nümunələri, çoxsaylı ekspedisiyalar zamanı toplanılmış, xüsusi məhlullarda saxlanılan heyvan növləri haqqında məktəblilərə məlumat verib. Tədqiqatçı bildirib ki, muxtar respublikanın torpaq-iqlim şəraitində yüksək məhsuldarlığı ilə seçilən 50-dən çox buğda hibridi, seleksiya sortları, əldə olunan cövhər və təbii yağlar da muzeydə sərgilənir.
Muzeyin ekspozisiyasına daxil olan bəzi canlıların daşlaşmış qalıqları, skeletləri, muxtar respublika ərazisində yayılmış balıq, ilan, kərtənkələ növləri və digər eksponatlar məktəblilərin marağına səbəb olub. Ekskursiyanın sonunda gələcək tədqiqatçıları maraqlandıran suallar cavablandırılıb.
Bitki sistematikası şöbəsinin Herbari fondunda olan şagirdlərə İnstitutun şöbə müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Namiq Abbasov nadir və nəsli kəsilməkdə olan bitki növlərinin toplanması və herbariləşdirilməsi haqqında geniş məlumat verərək onları herbarilərin hazırlanması və istifadə qaydaları ilə tanış edib.
Sonra Bioresurslar İnstitutunun Biokimyəvi tədqiqatlar laboratoriyasının rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Surə Rəhimova sabahın tədqiqatçılarına “Bitkilərdən təbii boyaqların alınması” mövzusunda elmi-praktiki məşğələ keçib. Məşğələ zamanı laboratoriyada aparılan tədqiqatlardan, bitkilərin fitokimyəvi tərkibinin öyrənilməsindən və təbii ekstraktların alınmasından bəhs edən gənc alim şagirdlərə istifadə olunan metodları laboratoriya şəraitində göstərib.

Sabaha-inamla.az







Baxış sayı: 571


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu