Bütün xəbərlər
İsrailli qadın vəfat etmiş ərinin gözlərini qazi Arifə verib - Video
Tarix: 05-03-2021 12:56 | Bölmə: Sosial

                    İsrailli qadın vəfat etmiş ərinin gözlərini qazi Arifə verib


İki gün əvvəl Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində əməliyyat olunan Vətən müharibəsi qazisi Arif Hacıyevə israilli qadın vəfat etmiş 55 yaşlı həyat yoldaşının gözünü bağışlayıb.
Bu barədə “Qafqazinfo”ya israilli həkim Yişay Falik məlumat verib. O qeyd edib ki, qazinin gözünün içərisinə okulyar linza yerləşdirilib və  həmin donordan təzə bir kornea (transplantasiya edilmiş göz bəbəyi) köçürülüb. Bir gözünün görmə qabiliyyəti tamamilə itən qazi üzərində keçirilən uğurlu əməliyyatdan sonra həmin gözün görmə qabiliyyəti bərpa edilib:
“Bu o deməkdir ki, transplantasiya olunmuş göz bəbəyi sayəsində qazinin gözü hazırda 20 faiz görə bilir. Mən deyərdim ki, o gözlə sükan arxasında oturub maşın da idarə etmək olar. Qazinin sağalma prosesi getdikcə daha da yaxşılaşacaq”, - deyə Y. Falik bildirib.
Qeyd edək ki, Vətən müharibəsi iştirakçısı Arif Hacıyev müharibə zamanı aldığı zədədən huşunu itirib, eyni zamanda sağ gözündən yaralanıb. İsrailli həkim tərəfindən onun üçqat prosedur əməliyyatı gerçəkləşib.
Xatırladaq ki, "YAŞAT” Fondunun təşəbbüsü, İsrailin Azərbaycandakı səfirliyinin və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşkilati dəstəyi ilə İsraildən Azərbaycana tibbi-humanitar yardım məqsədi ilə oftalmoloqlardan ibarət nümayəndə heyəti gəlib. Bir həftə ərzində ölkədə olacaq oftalmoloqlar indiyə qədər 132 qazimizi müayinə ediblər. Onlardan 22-si əməliyyat edilib, 28 nəfərinə protez göz taxılıb, digərlərinin əməliyyatı isə növbəti günlərdə baş tutacaq.

            



Baxış sayı: 359


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu