Bütün xəbərlər
Təhsilə yanaşmamız necə olmalıdır: reallıqlar və perspektivlər – DEPUTAT
Tarix: 03-02-2021 11:26 | Bölmə: Sosial

 
Bir dövlətin inkişafı, intellektual səviyyəsi onun təhsil sistemi ilə bilavasitə bağlıdır. Son illər ölkəmizdə təhsilin inkişafı, gənc nəslin savadlı, sağlam ruhda yetişməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər görülür. Bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dövlət siyasətində xüsusi önəm verdiyi məsələlərdən biri də təhsildir. Bu da reallıqdır ki, son illər Azərbaycanın təhsil sistemində mühüm dəyişikliklər müşahidə etməkdəyik.
Azərbaycan cəmiyyəti təhsil ilə bağlı məsələlərə hər zaman həssas yanaşıb. Bu gün  cəmiyyətimizdə təhsildə baş verən dəyişikliklərlə bağlı geniş müzakirələr aparılır. 
İctimaiyyəti “Təhsilimizin səviyyəsini necə artıraq?  Necə güclü təhsil sistemi quraq?” kimi suallar ciddi düşündürür. Qeyd olunanları nəzərə alaraq təhsil sahəsində hansı addımların atılması ilə bağlı fikirlərimi aşağıda bölüşürəm:
Məsələnin aktuallığını nəzərə alaraq əvvəlcə distant təhsil məsələsinə toxunacağam. Pandemiya  dövründə dünya ölkələri distant təhsil sisteminin daha da intensiv  inkişaf  etdirilməsinin zəruriliyinə bir daha  əmin oldu. Əslində bir sıra ölkələr 15-20 il öncə distant təhsil sisteminin qurulması istiqamətində müəyyən layihələrə başlamışdılar. Ancaq buna baxmayaraq bu ölkələrdə də  problemlər yarandı. 
Bütün dünyada olduğu kimi Azərbaycan da pandemiya ilə  əlaqədar  distant təhsilə  keçdi. Ciddi hazırlıq olmadan onlayn təhsilə keçid, təbii ki, bir sıra çətinliklər yaratdı. Proseslərin əvvəlində TN universitetlərə Teams MS proqramından istifadə edərək tədrisi qurmağa dair  tövsiyə  məktubu  yolladı. Universitetlər Teams MS proqramından, qismən də ZOOM, Votsap və digər sosial şəbəkələr vasitəsi ilə distant tədrisi qurmağa çalışdılar. 
Tədrisin təşkilinə nail olunsa da, bir sıra çətinliklər də müşahidə olundu. İnternetlə bağlı yaranmış çətinliklər, bütün ailələrdə distant təhsilə qoşulmaq üçün kifayət qədər avadanlıqların olmaması, sistemin çox yüklənməsi bu prosesə öz mənfi təsirini göstərdi. Bu reallıqlar nəzərə alınaraq, distant təhsil prosesini  daha mükəmməl qurmaq, hüquqi-normativ baza yaratmaq istiqamətində səylərimizi daha da gücləndirməliyik. Çünki heç birimiz növbəti illərdə bizi hansı “sürpriz”lərin gözlədiyini bilmirik. Bu gün hələ də pandemiyanın bir neçə il çəkəcəyi ilə bağlı bədbin proqnozlar verilməkdədir.    
Yəqin ki, əksəriyyətimiz yaxşı xatırlayır ki, bir neçə ay bundan əvvəl Microsoft şirkətinin rəhbərliyi ilə görüşdə Prezident İlham Əliyev bu məsələyə xüsusi toxunaraq bir sıra mühüm tapşırıqlar vermişdi. Burada Prezident İlham Əliyevin çıxışına istinad etmək istəyirəm: “Həmçinin pandemiya ilə əlaqədar bu vəziyyət bizi məcbur edir ki, təhsil, distant təhsil məsələlərinə yeni bucaqdan baxaq. Baxmayaraq ki, mövcud vəziyyətə özümüzü uyğunlaşdırmaq üçün bizim çox vaxtımız olmadı, lakin müəyyən addımlar atılmışdır. Çünki bizim məktəb və universitetlərimiz mart ayından bəri bağlanıb. Biz sentyabrın 15-dən başlayacaq yeni tədris ilinə hazırlaşmalıyıq. Həmin zaman pandemiya ilə bağlı vəziyyətin necə olacağını bilmirik, məktəb və universitetləri aça biləcəyimizi bilmirik, ona görə də biz ən pis ssenariyə hazırlıqlı olmalıyıq. Əgər problem davam edirsə və getdikcə pisləşirsə, o zaman biz bu barədə düşünməli olacağıq. Lakin indi bu barədə düşünmək lazımdır. Həmçinin distant işlə bağlı məsələlər… Bu da ölkə üçün olduqca vacibdir. Təxminən bunlar bizim planlarımızda diqqətimizi cəmlədiyimiz sahələrdir”.
Digər bir mühüm məsələ universitetlərin Tədqiqatyönümlü fəaliyyətinin gücləndirilməsi, ali təhsil müəssisələrində elmi tədqiqatların aparılmasına xüsusi diqqətin ayrılması və ya yeni tədqiqat universitetlərin yaradılmasıdır. Bu gün universitetlərin qarşısında duran ən mühüm məsələlərdən biri elmi potensialın gücləndirilməsi və yeni elmi tədqiqatlara üstünlük verilməsidir. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, tədqiqatların və elmi məqalələrin böyük əksəriyyəti arzuolunan səviyyədə deyil və müasir dövrlə ayaqlaşmır. Ümumiyyətlə, bir sıra hallarda bu məqalələrin səviyyəsi çox aşağı olur.
Digər xüsusi diqqət tələb edən məsələlərdən biri də kolleclərin fəaliyyətidir. Məlum olduğu kimi, idarəçiliyin təkmilləşdirilməsi məqsədi ilə kolleclər universitetlərin idarəçiliyinə verilib. Bu gün bir sıra universitetlər tərəfindən kolleclərə nəzarət yoxdur və bir sıra kolleclərdə neqativ hallar davam etməkdədir. Bəzi kolleclərdə idarəçilik təkmilləşmək əvəzinə, daha da zəifləyib. 
Digər bir mühüm məsələ təhsil haqqları ilə bağlıdır. Son günlər cəmiyyətdə geniş müzakirə olunan məsələlərdən biri də təhsil haqqlarıdır. Bu gün bir sıra universitetlərdə təhsil haqqları yüksək, bəzilərində isə aşağıdır. Ancaq reallıq ondan ibarətdir ki, bir sıra hallarda yüksək təhsil haqqları ilə təhsilin keyfiyyəti mütənasib olmur.   
Universitetlərdə yeni ixtisasların yaradılması cəmiyyətdə son illər geniş müzakirə olunan məsələlərdəndir. Ümumiyyətlə, biz universitetlərdə ixtisas və proqramları yenidən nəzərdən keçirməli, müasir tələblərlə ayaqlaşan ixtisaslar yaratmalıyıq. Bir sıra hallarda bəzi ixtisaslar müasir dövrün tələbləri ilə ayaqlaşmır.   
Digər bir mühüm məsələ ali təhsil müəssisələrində ixtisasların təkrarlanması və bazarın tələbindən artıq tələbənin universitetlərdən məzun olmasıdır. Sonrakı dövrdə bu onlara iş tapmaqda müəyyən çətinliklər yaradır. Bu məsələ də ciddi təhlil olunmalı və müvafiq qərarlar qəbul edilməlidir. 
Ali təhsil müəssisələrində elektron təhsil sisteminin qurulması istiqamətində işlər sürətləndirilməlidir. Son illər bu sahədə müəyyən addımlar atılsa da, proses axıra çatdırılmayıb. Hələ də universitetlər əksər işləri elektron qaydada yox, əvvəlki formada yerinə yetirirlər. Bu da təhsil sahəsində müəyyən problemlərin yaranmasına gətirib çıxarır.  
Digər bir mühüm məsələ tələbələrin istehsalat müəssisələrində təcrübə və praktika keçməyi ilə bağlıdır. Bu proses ali təhsil müəssisələrində daha çox formal icra olunur. Əslində, bu gün ölkəmizdə əksər ixtisaslar üçün geniş təcrübə keçmək imkanları var. Adətən universiteti yeni bitirmiş tələbələr iş tapmaqda çətinlik çəkirlər. İşəgötürənlər yeni məzunların təcrübəsi olmadığına görə onları işə götürməkdən imtina edirlər. İxtisasları üzrə təcrübə keçməklə həmin məzunlar müəyyən təcrübə qazannıb gələcəkdə asanlıqla iş tapa bilərlər.




Baxış sayı: 342


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu