14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Mənsum İbrahimov: “Sənətimi pulla heç kəsə öyrətmirəm,bunu Allahıma söz vermişəm”
Tarix: 31-01-2018 22:10 | Bölmə: Mədəniyyət
“Mən Məcnun obrazının çox həsrətini çəkmişdim”

Milli Konservatoriyanın professoru,Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, xalq artisti, “Şöhrət” ordenli Mənsum İbrahimov Azərbaycanda barmaqla sayılan muğam ustalarından biridir. Sadə,səmimi,xeyirxah, yüksək əxlaqa malik olan bu insan  özündən çox tələbələrinin uğuruna sevinir. Bu günlərdə həm də səhnəmizin Məcnunu olan Mənsum İbrahimovla görüşüb bu sənətə necə gəlməyi və bugünə qədər qazandığı uğurları barədə söhbət etdik.
-Mənsum müəllim, bu çətin sənətə gəlməyiniz necə oldu?
-Muğam belədir. Ya yaşadığın,doğulduğun mühit ona uyğun olmalıdır. Ya da ki,kimsə səni bu sənətə həvəsləndirməlidir. Mənim doğulduğum torpaq, yaşadığım yer, mühit bu sənətə gəlməyimə böyük səbəb olubdu. Çünki mən Ağdamda doğulmuşam. Sənətim üçün səs bazasıdı Qarabağ.Təbii ki, bu səslər indi azalıb. Ona görə ki, Qarabağ indi düşmən işğalındadı. Gözümü açandan hər yerdə gözəl səslər eşitmişəm. Həm böyük ustadların səsini konsertlərdə, tədbirlərdə . Bizim kəndimizdə-İmanqulubəyli də Sultanbud meşəsi var idi. Indi o bayraq meydanıdı bizdə. Xanqızı Natavan saldırıb o meşəni. Ora Xanqızı Natavanın oğlu MirCabbar ağanın olub. Orda çoxlu meyvə ağacları,nadir ağaclar var. Kəndimizin üç tərəfi meşə ilə əhatə olunurdu. Kəndimizin yanından bir Xaçın çayı axırdı. Havası suyu gözəl idi. Uşaqlarla o meşədə quzu otarırdıq. Onda hərəmiz bir ağacın üstünə çıxıb  vallardan öyrəndiyimiz “Şuşanın dağları”, “Sarı bülbül”, “Qarabağ şikəstəsi”ni səs- səsə verib oxuyurduq. Mənə elə gəlirdi ki, dünyada hamının səs var. Çünki ətrafımdakı uşaqların hamısı oxuyurdu. Gördüyüm mühit o idi.
İkinci-üçüncü sinifdə məktəb tədbirində uşaqlar müəllimə dedilər ki, Mənsumun da səsi var, qoyun oda oxusun. Bir dəfə oxudum müəllimin xoşu gəldi. Ondan sonra Yeni il şənliyində, Novruz bayramında, kəndimizdə, rayonda oxudum.
O vaxtı toylar üç gün olurdu. Bir xanəndə dözmürdü. Ona görə toyda oxumağa iki-üç xanəndə gəlirdi. Yaxşı yadımdadır. Bir dəfə Arif Babayev Əhsən Dadaşovla kəndimizə -bir qohumumuzun toya gəlmişdi.Onda səsinin də gözəl vaxtı idi. Üç gün Arif müəllim o toyda oxudu. Mən o mağardan qırağa çıxmadım. Elə orda qərar qəbul elədim ki, mən də Arif müəllim kimi xanəndə olacağam.
Mən hərbi xidmətə qədər Ağdamda yaşamışam. Ağdamda müəyyən qədər tanınırdım. Toylara,tədbirlərə gedirdim. O dövrdə biz keçid dövrünü hiss eləməmişik. Çünki onu bizə başa salan yox idi. İndi bütün musiqi məktəblərində xanəndəlik sinfi var. Uşaq bilir ki, 12 yaşındna sonra keçid dövrüdür. Mən o keçid dövrünü bilməmişəm. Görmüşəm səsim işləmir. Demişəm ki, yəqin boğazım ağrıyır. Bir müddət oxuya bilmədim.17 yaşında səsim açıldı. Artıq hərbi xidmətə gedəndə gördüm ki, mənim səsim tam işləyir. Moskvada inşaat batalyonunda xidmət edirdik. Çoxlu Azərbaycan uşaqları var idi. Tar çalan Rasim Talıbov  orda gitara çalırdı,mən də oxuyurdum. Tofiq adlı əsgər yoldaşımız nağara çalırdı. Biri meyxana deyirdi. Klubda özümüzə ansanbl düzəltmişdik. Bayramda hər millət öz musiqisini göstərirdi. Bizdə öz musiqimizi. Mən muğam xalq mahnıları oxuyurdum.
Sonra yenidən Ağdama qayıtdım.Düşündüm ki, artıq təhsil almağın vaxtıdı. O vaxtı artıq mən muğamların bir çoxunu bilirdim. Yaqub Məmmədov, Arif Babayev, Xan Şuşinskinin lent yazılarına qulaq asmışdım,muğamlarımızı ordan öyrənmişdim.Düşünürdüm ki, elə-belə olmaz,bunun təhsilini almalıyam. 1982-ci ildə Bakıya gəldim. Sənədlərini Asəf Zeynallıya verdim. “Çahargah” muğamı hazırlamışdım. O vaxtı Vasif Adıgözəlov Asəf Zeynallının direktoru idi. O imtahanda gəldi girdi içəri.“Çahargah oxuyurdum. Məni dinlədi. Oxumağımı bəyəndilər. Mənə beş verdilər. Məni Vahid müəllimin sinifinə verdilər.
-Vahid müəllimdən nələri öyrəndiniz?
-Allah rəhmət eləsin. Vahid müəllim çox gözəl müəllim,gözəl ifaçı idi. Mən beş il bütün muğamları yenidən-əlifbasından Vahid müəllimdən öyrəndim.Onunla dostluq münasibətləri yarandı. Məni özü ilə konsertlərə aparırdı. Mən məktəblər üzrə müsabiqədə birinci yeri tutdum. Artıq tələbələr arasında seçilirdim. Üçüncü kursda oxuyanda Üzeyir Hacıbəyovun 100 illik yubileyi ilə bağlı “V Musiqi Müsabiqəsi” oldu.Mən birinci yeri qazandım.
-Yeri gəlmişkən, Şövkət Ələkbərova tərəfindən bu müsabiqədə qalib gəldiyinizə görə "Opera"ya dəvət almısınız...
-Şövkət Ələkbərova, Gülağa Məmmədov,Nəriman Əliyevlə bərabər sözügedən müsabiqədə münsiflər heyətinin üzvü idi. “Bayatı şiraz” dəsgahı,”Mənsuriyyə” və Üzeyir Hacıbəyovun “Qara göz mahnısını oxudum. Şövkət xanımın ifamdan xoşu gəldiyi üçün məni öz sinifinə dəvət elədi. O vaxt qızlara dərs keçirdi:Aygün Bayramova, Firuzə İbadova,Aybəniz Haşımova,Almaz Orucovaya.O, çox gözəl bir insan idi. Mənim səsimdən çox xoşu gəlirdi. Çox vaxt dərsi evində keçirdi. Bir az səhhətində problemlər var idi. Mən Asəf Zeynallıda birinci kursda üçüncü kursun proqramını keçirdim. Bəzən Şövkət xanımın səhhətində problem olanda onun qızlarına proqramı keçirdim. Bir dəfə mənə dedi ki, sən “Opera”da oxumaq istərsən?Bu mənim üçün gözlənilməz oldu. Dedim ki, eşitmişəm ki, “Opera”da oxuyanda adamın səsi batır. Dedi ki, onu sənə kim deyir? Bu boş söhbətdir. Dedi ki, əslində orda oxumaq səsi daha da açır.Çünki təbii, mikrafonsuz səsinlə oxuyursan. Dedi ki, sən öz üzərində çalışsan yaxşı Məcnun  olarsan. Sənin səsin,görkəmin Məcnuna uyğundur. O deyəndən sonra məndə həvəs yarandı.Səhəri gün gəlib dedim ki, Şövkət xanım siz məsləhət görürsünüzsə, onda “Opera”da oxumaq istəyirəm. O, “Opera”nın o vaxtkı deirektoru, bəstəkar Azər Rzayevə zəng etdi. Dedi ki, yaxşı tələbəmiz var, laureatdı. Ona qulaq assanız yaxşı olar. O, “Opera” üçün yaxşı kadrdı. Bir həftəfən sonra görüşməyə vaxt təyin elədilər. Mənə də dedi ki, bir az səsinə diqqət elə.
Şövkət xanımın evi “Opera Teatrı”na yaxındı. Həmin günü birlikdə “Opera Teatrı”na getdik.Bu onun böyüklüyüdü da. Mən kənddən, rayondan gəlmiş bir uşaq idim...
Bədii Şuranın üzvüləri drijorun otağına yığışmışdı...Mənim həyacandan dizlərim əsirdi. Qavalımı da götürmüşdüm. Dedilər buyur. Şövkət xanım özü də oturdu. Mənə dedi ki,  həyəcanlanma,rahat oxu. “Mahur”muğamını oxudum bir az. Dedilər ki, qavalı qoy ora dur ayağa. Boy-buxunuma baxdılar. Yenidən “Heyratı” oxudum...Dedilər ki, çıx çöldə gözlə. Yarım saatdan sonra çağırdılar ki, gəl ərizə yaz. Məni təcrübə qrupuna işə qəbul etdilər.Ayda 80 rubl maaşım oldu. İlk rolum da Zeyd oldu. Şövkət xanım gəldi orda məni işə qəbul elətdirdi, getdi. Bizi onun evinə dərsə gedirdik. Bilirdi ki, biz tələbəyik. O bizə yemək veməmiş dərsi oxutmazdı. Çox gözəl əl qabiliyyəti var idi. Gözəl yeməklər bişirirdi. Hindüşkanı, dolmanı elə gözəl bişirirdi...Deyirdi ki, uşaqlar gəlin oturun, nahar vaxtıdı, yeməyimizi yeyək, sonra dərsimizə başlayacağıq. Biz ondan analıq qayğısı görmüşük. Soruşurdu ki, kəsiriniz, maddi çətinliyiniz yoxdu ki?Hər şeylə maraqlanırdı. Mən o vaxt Bakı kəndlərinə,rayonlara,muğam oxunan yerə- toylara gedirdim, imkanım yaxşı idi. Pul qazanırdım. Tələbənin həyatından belə maraqlanırdı,məsləhətlərini əsirgəmirdi. Öz konsertlərinə bizi aparırdı, gedib baxırdıq. Oğlu Bəşirlə bu gün də dostluq edirəm...     Yaxşı sənətkar olmaq olur, eyni zamanda yaxşı insan olmaq bu Allahın bir lütfüdü.Bunu hər kəsə qismət eləmir. Gənclərin dostu olmağı Allah hər kəsə qismət eləmir.Çünki içində paxıllıq hissi varsa onu eliyə bilmirsən. Bu günləri “Opera Teatrı”nda oxuyanların doxsan faizi mənim tələbələrimdi. Bu il “VI Muğam Müsabiqəsi”nin nəticəsində qalibləriniz oldu. Beş nəfər qalibi mən “Opera Teatrı”na apardım. Sağ olsun “Opera Teatrı”nın rəhbərlyi ki, onları işə götürdü. Artıq onlar baş rolları oxuyurlar.

-Yeri gəmişkən, “Opera Teatrı”nda çəkdiyiniz əzab-əziyyətdən danışaq...
-O dövrdə gənclərə münasibət belə deyildi. Ona görə Şövkət xanımın hərəkəti qeyri-adi hərəkət idi. Daha çox gənclərə mane olurdular. Qısqanclıq,inamsızlıq var idi. Əşi bura uşaq-muşaq yeri deyil deyirdilər. Mən beş il Operada kiçik rollar oxumuşam. İmkan vermirdilər. Tək mən deyildim. Başqa gənclər də var idi. Sonra rəhbərlik dəyişdi. Akif müəllim direktor oldu. O gələn gündən dedi ki, yaşlı, orta nəslin öz yeri, amma bizə gənc nəsil də lazımdı, biz gənc nəsilə də şərait yaratmalıyıq. O dedi ki, baxaq görək ki, bizim gənc nəsil niyə ancaq kiçik rollar oxuyurlar?Məni də dinlədi. Dedi ki, Mənsum İbrahimova nə yaxşı böyük rolları vermirsiniz oxusun?. Dedilər ki, özü də tələb eləmir, biz də vermirik. Ondan sonra mən İbn Səlam oxudum. Arxasınca da Məcnun. O təşəbbüs də Akif müəllimin idi. Akif müəllim deyirdi ki, gənclərə meydan verməliyik, qabiliyyəti çatırsa böyük rollar oxusun. Çatmırsa çıxıb gedib kiçik rollar oxusunlar.
Mən tələbələrimə deyirəm ki, siz “Opera Teatrı”na gəlmisinizsə, bilməlisiniz ki, hara gəlmisiniz. Bura bir məbəddir. Bundan yuxarısı yoxdur. Bura bir zirvədir. Məcnun, Leyli oxumaq Allah hər kəsə qismət eləmir. Altı aydan çox rejissor köməkçisi Hafiz Quliyevlə məşq elədik. Hafizlə bir dövrdə gəlmişik o teatra. Həm də dostluq münasibətimiz var idi. Altı ayda 3-4 dəst paltar orda cırıldı,dağıldı. Təsəvvür edin ki, deyirdilər ta bur a süpürgəçi lazım deyil Mənsum sürünə-sürünə buranı süpürür. Mən Məcnun obrazının çox həsrətini çəkmişdim. Ona görə canımı qoydum...Sarabskidən tutmuş bu obrazı böyük sənətkarlar oynayıb. Mən də böyük sənətkarlardan öyrəndiyimi öyrənirdim, amma çalışırdım ki, öz Məcnunumu yaradım. Qoy baxan desinlər ki, Bu Mənsum İbrahimovdur. O vaxt geniş tamaşaçı kütləsi məni o qədər də tanımırdı.O vaxt tanınmış ifaçılara Məcnunu oxutdururlar ki, tamaşaçı gəlsin. Mən Məcnunla tanınmışam.Gülyaz Məmmədova ilə bir səhnəyə gəlmişik. İlk Leyli Gülyaz olub. Biz Gülyazla,Hafizlə çox işlədik. 1993-cü il iyunun 25-də primeriyamız oldu. Polad Bülbüloğlu o vaxt tamaşamıza gəldi. Teatrın rəhbərliyi bunu yaxşı mənada təşkil elədi ki, qoy gənclərimiz tanınsınlar. Dalbadal dörd tamaşa verdik. Tamaşa da anşlaqla keçdi. Tamaşaçı bizi qəbul elədi. O vaxtı Arif Hüseynov adlı məşhur jurnalst vardı, teatrdan yazırdı. Xoşu gəlməyənləri tənqid edirdi. Onun yazılarından hamı çəkinirdi. Bizim üçün də maraqlı idi ki, görək o, nə yazacaq. Üç gün sonra “Xalq” qəzetində böyük bir yazı çıxdı: Leyli Məcnun qoca, Leyli Məcnun gənc”. Yəni Leyli Məcnunun yaşı çox, ifası da gənc. O yazıda müxtəlif tamaşaçılardan fikir soruşmuşdu. Akademik Azad Mircəcanzadə opera sevən idi. O dəvət olunmuşdu, tamaşaya baxmışdı. Ondan fikir soruşmuşdular. Demişdi ki, Mənsum İbrahimovu görəndə elə bildim ki, Sarabskini gördüm səhnədə. Sevincimin həddi-hüdudu yox idi. Sevinirdim ki, yaxşı oxumuşam. Bir neçə tamaşadan sonra mən Azad müəllimə yaxınlaşaraq dedim ki, haqqımda belə bir böyük söz demisiniz. Dedi ki,mən Sarabskini və başqa sənətkarları səhnədə görmüşəm. Təbii ki, sənin çatışan, çatışmayan cəhətlərin də var. Tamaşadan-tamaşaya öz üzərində işləsən daha da püxtələşəcəksən. Amma mən səni mənfi-müsbətlərinlə bir yerdə Məcnun kimi qəbul eləmişəm. Çox sevinirdim ki, tamaşa yaxşı alındı. Amma çox illər sonra o tamaşanın lentini gizlədirdim ki, heç kəs görməsin. Çünki o vatı mən onu mexaniki əzbərləyib oxumuşdum. İllər keçdikcə mən onu hiss elədim. Amma belə baxıram tamaşaçı üçün hər şey qaydasındadı...Aktyor əgər öz sənəti üzərində çalışırsa tamaşadan-tamaşaya inkişaf edir.
-Leylilərdən biri ən yaxşı Məncnun kimi sizin adınıız çəkib.Bəs siz Leylilərdən hansını bəyənirsiniz?
-Burda zövq məsələsi də var. Bu günü qədər mənim səhnədə 10 tərəf müqabilim olub.On sənətkarımıznan Məcnunu oxumuşam. Onun biri Selva Erdener-türkdü. Leyli və Məcnun 2016-cı ildə tamaşaya qoyuldu-Ankarada.Əflatun Nemətzadənin quruluşunda. Drijoru Fəxrəddin Kərimov. Müşayətçilər Elçin Həşimov Elnurr Əhmədov oldu. Qalan hamısı Ankara Opera Teatrının türkiyəli sənətçiləri. Mən üç ay öncə ora nazirimiz tərəfindən ezam olundum . Onlara bütün rolları öyrətdim.Məcnundan başqa bütün rolları türkiyəli sənətkarlar oxudu. Hətta tərəddüd var idi ki, Leylini türkiyəli sənətçi nə cür oxuyacaq. Bizimkilərin çoxu oxuyanda çətinlik çəkir.İnanın o qədər məhəbbətlə oxudu. Artıq DVD-sini buraxıb bizə də göndəriblər. 
Yanaşma tərzi fərqlidir. Bu Leyli və Məcnun rolu hər kəsə qismət olmur. Hər kəs onu oxuya bilməz. Qəndab Quliyeva, Səkinə İsmayılova, Nəzakət Teymurova,Aygün Bayramova, Gülüstan Əliyeva, Simarə İmanova,Gülyaz Məmmədova,Gülyanaq Məmmədova,Arzu Əliyeva və Selva Erdener.Bunlar hamısı adlarını tamaşaçıya deyir də mən kiməm. Necə ki, hər gülün öz ətri,gözəlliyi var. Hər Leyli ifaaçısının da öz nəfəsi,öz gözəlliyi,öz tamaşaçısı var. Sadəcə ən çox tamaşada qismət olub ki, Nəzakət Teymurova ilə oxumuşam. Həm xarici ölkələrdə Leyli və Məcnunun 100 illiyində,YUNESCO-da Parisdə,Tacikstanda, Türkiyədə.
-Sizin üçün bu yaşda çətin olmur  ki, gənc Məcnun rolunu oynamaq?
-Mən real insanam. Bilirsiniz hər bir sənətkarın dövrü var.Mən hətta iki il bundan öncə dedim ki, Məcnunu oxumaq istəmirəm. Qoy gənclərimiz oxusunlar. Teatrın rəhbərliyi də mənə etiraz elədi, dedi ki, axı sən tamaşaçılar üçün oxuyursan.Sən üç ay tamaşa oxumayanda tamaşaçılar teatra zəng edirlər ki, Mənsum İbrahimov niyə tasmaşa oxumur?Elə şey var ki, yaşla deyil.Səs yerindədirsə, görkəmin, aktyorluğun yerindədirsə tamaşaçı səni qəbul edəcək. Mən ildə iki-üç dəfə tamaşa oxuyuram. Özüm də daha çox tərəfdarıyam ki, gənclər oxusun. Özüm də onları hazırlayıram, dəstəkləyirəm, tamaşalarına gedirəm, məsləhətlərimi verirəm. Özüm də onları alqışlayıram. Fəal səhnədən mən Məcnun kimi çəkilirəm qırağa, daha çox gəncləri qabağa verirəm.

- Atanız bu sənətə gəlməyinizə razı idi?
-Atam sənətə gəlməyimə razı idi. Deyirdi ki, çox şərəfli və gözəl sənətdi. Sənətdə olmağının şərtləri var: səbirli, əxlaqlı, tərbiyəli, insanlarla mehriban və çalışqan olacaqsan. Əgər bunlara dözəcəksənsə, özündə güc tapacaqsansa get bu sənətə. Atamın ruhuna dua oxuyuram ki, nə yaxşı mənə gözəl tərbiyə verib, bu günləri o tərbiyəyə görə cəmiyyətdə bu hörməti qazanmışam.
-O vaxt müğənnilərə qız vemirdilər. Siz də belə hallar yaşadınızmı?
-Onu demək istəyirəm ki, o dövr var idi,qızları sənətə qoymurdular.Deyirdilər ki, bu sənətkarların ailəsi olmur. Onlar ciddi adam olmurlar. Orda-burda gəzirlər. Evdə tapılmırlar. Mən o vaxt dedim ki, biz subut edəcəyik ki, ən əxlaqlı adam sənət adamıdır. Sonra elə oldu ki, elə ailədə də -yoldfaşımın valideynləri ən çox etimadı mənə göstərdilər. Çünki biz insnaların gözünün qarşısındayıq. Mən həmişə deyirəm ki, efirdən yaxşı danışa bilərsən, yaxşı pafoslu sözlər deyə bilərsən. Amma ən azından səni arxada tanıyan kollektivin,ailən, qohumların var.Əgər sənin danışmağınla xasiyyətin üst-üstə düşmürsə, əksinə hörmətdən düşərsən. Ona görə də olduğun kimi olmalısan. Efirdə də, evdə də, məktəbdə də.
-  Cavan vaxtı Məcnun rolunu Leylilərlə oynamaq ailənizdə söz-söhbətə səbəb olmurdu ki?
-Mənim sənət yoldaşlarımın hamısı ilə mənim həyat yoldaşımın münasibəti vardı. Bütün tamaşalarımıza,məşqlərimizə gəlirdi hətta.Bu şəraiti özüm yaratmışam. Nə üşün? Çünki insan işin içində olanda,o admları tanıyanda artıq o söhbət keçir arxa plana. Çünki “Opera Teatrı” ciddi bir yerdir. O səhnədə ancaq sənət göstərirlər. İnsanların neqativ fikirləşdikləri şeylər bağlı yerlərdə olur.
-Evdə hansı yeməkləri sifariş verirsiniz. Axı hər yeməyi də yemək olmaz.
-Sənət adamlarının xanımları fədəkar insnalar olurlar. Çünki daha çox evin ağırlığı onların üzərinə düşür. Ona görə də o bu gün artıq coğrafiya müəlliməsidirdir. Özdə əməkdar müəllimədir. Şox savadlı müəllimədir. Yetirdiyi uşaqlar müxtəlif vəzifələrdə işləyirlər. O vaxtı onu Universitetdə müəllimə saxlamaq istəyirdilər. Mən dedim ki, belə ola bilməz. İkimiz də çöldə ola bilmərik. O, orta məktəbdə öz yaşadığımız yetrdə işə düzəldi. Həm övladlarımıza nəzarət elədi.Birimiz çöldə, birimiz evdə. Və həmişə mənim uğurlarımı dəstəklədi. Arxanda bir güclü qadın olmasa təbii ki,sən inkişaf eləyə bilməzsən. Şükür Allaha ki, bizim dörd övladımız var. Onun üçü ali məktəbi qırmızı diplomla bitirib. Bu daha çox xanımımın xidmətidir.
Artıq o əzbər bilir ki, mənə nə olar, olmaz. Azərbaycanın milli yeməklərinin mən hamısını sevirəm. Duzlu,turşulu,acılı yeməklər yemək, qazlı sular içmək olmaz. Tamaşam olanda məndə daha çox yoldaşım on gün qabaq yeməklərimə diqqət edir. Sulu yeməklər bişirir...O yeməyin də oxumağa müəyyən qədər təsiri var. Mən “Opera”da işləyirəm, dövlətə bağlı adamam.Tədbirin vaxtı təyin olunur. Məcbursan ki, səsin işləsin. Səsisni ona görə quracaqsan.Peşəkarsan,səsin yerində olmalıdır, formada olmalısan. Səndən soruşmurlar ki, flan vaxtı vaxtın var?Deyirlər ki, flan vaxtı tamaşan var. Bir tamaşa oxuyanda üçü gün özünə gələ bilmirsən, həm arkestrin arxasından səsin getməlidir, həm də aktyorluq eləməlisən. Ona görədə bizim sənətimiz həqiqətən çətin sənətdir. Formada olmaq üçün də gərək həyatına diqqət eləyəsən.
-Hansı arzularla yaşayırsınız?
-Arzular o qədərdir. Daha çox övladların gələcəyi ilə bağlıdır. Nəvələrin gələcəyini fikirləşirsən. Konsertlər, tamaşalar, səfərlər barədə düşünürəm. 2017-ci il mənim üçün uğulu olub. Amerikaya, Vyetnama, İsveçrəyə səfərlərim olub. Dekabrda sonuncu səfərim Tehrana oldu. Bu gün mənim yaxşı tələbələrim var. Şükür olsun Allaha ki, muğam müsabiqəsinin qaliblərinin böyük əksəriyyəti mənim tələbələrimdi. Artıq onlar mənim sənət dostlarımdı. Tələbəm Milli Konsevatoriyanın baş müəllimi Təyyar Bayramov özü artıq tələbə yetişdirir. 2017-ci ildə “Muğam müsabiqəsi”ndə birinci yerləri onun tələbələri tutdu.
-Xobbiniz nədi?
-Səyahəti,mütaliəni,təbiəti sevirəm. Həyatı,insanları,vətənimi ç Azərbaycanın bölgələrini gəzməyi çox sevirəm. Kiçik yaşlarından övladlarımın hamıısnı gəzdirmişəm. Qoy Azərbaycanı tanısınlar.
-Hansı kitabları oxuyursunuz?
-Dünya ədəbiyyatını,Azərbaycan klassik ədəbiyyatını oxumuşam.Mənim özümün evdə bu gün də kitabxanam var. Övladlarım həmişə yay tətilində povestləri,romanları oxuyurlar. Özüm istəyirəm oxusunlar. Bədii ədəbiyyat çox zaman insanın formalaşmasında böyük rol oynayır. Eyni zamanda bizim sənətimizə çox kömək edir. Qəzəliyyat,poeziya üzrə bütün şairlərin məndə kitabları var.

-Oğlunuzla bağlı istərdim danışasınız.Sənətinizi davam etdirəcəkmi?
-Üç qızım,bir oğlum var. Oğlum sonbeşiyimizdir. Artıq 14 yaşın içindərir. Bir azda fəal uşaqdı. Mən onu karateyə qoymuşam. Sabahın əsgəridi də. Qoy fiziki cəhətdən sağlam olsun. Yğımanın məşqçisi Rəşad Hüseynov onunla məşğul olur. Elçin Həşimovun oğlu Məhəmmədlə bir yerdə məşqə gedirlər. Arada ölkə çempionatında 3-cü yeri tutdu. Oğlan uşağı,oğlan kimi, kişi kimi böyüməlidi. İndiki bəzi oğlanlar görürəm ki, fiziki hazırlıqsızdırlar,qızuşağı kimi böyüyürlər. Bundan xoşum gəlmir. Mən Qarabağda böyümüşəm. Bütün fiziki işlərin hamısınəı görmüşəm. Atamla gedib ot da biçmişəm, heyvan da otarmışam. Evdə kənd uşaqları nə iş görə bilərsə hamısını görmüşəm.
Uşaqlarımın hamısının musiqiyə həvəsi var. Onlar mənim yanımda böyüyüblər.Səsləri də var. Yaxşını pisdən də seçirlər. Amma bu sənətə demişəm ki, yox. Qeyri-adi istedadları olsaydı, təbii ki, mane olmazdım. İstəmirəm ki, oğlum Mənsum İbrahimovun oğlu kimi getsin oxusun, yarı yolda qalsın. Əgər özünün qeyri-adi istedadı olsaydı mən ona kömək edərdim. İstəmirəm oğlum idmançı da olsun. Bəlkə zaman göstərəcək tanınmış idmançı olacaq. Hələki gedir də. Dərslərini yaxşı oxuyur, hazırlıqlara gedir. Bizdə sisem elədir ki, o oxumaya bilməz.Müəllim ailəsidi.Ümidimiz var ki, İbrahim vətənimizə layiqli bir övlad olar. Fərqi yoxdur hansı sənətdə olur olsun,əsas odur yerində olsun,bacardığı sənətin dalınca getsin. Orda uğur qazansın.

-Siz hansı kanallara baxırsınız?
-Yaxşı verliş olanda demək olar ki, hamısına baxıran.Baxıram ki, o verlişdə kim var. Daha çox milli-mənəvi dəyərlərə üstünlük verən verlişlərə baxıram.Və orda hansı qonaq var?Təbii ki, qonağa görə baxıram.Qonq görürəm ki, sanballı qonaqdır,ondan nəsə götürə bilərəm,ondan zövq ala bilərəm.O verlişə gedirəm ki, orda milli- mənəvi dəyərlərə,sənətimizə ,Azərbaycançılığa qiymət verilir.Elə verliş var ki, təbii ki,getmirəm. Bu hörməti illərlə yığmışam onu gedib bir verlişdə ata bilmərəm çölə.
-Alın yazısına inanırsınızmı?
-Müəyyən qədər inanıram ona. Elə şey var ki,doğrudan alın yazısı rol oynayır. Amma 100 faiz onun üstünə atmaq ki, bu qismətdi belə olacaq. Bu artıq acizlik əlamətidir. Təbii ki, bizi yaradan Tanrımız var,dünyanı mükəmməl idarə edir. Eyni zanada o bizi yaradıb, şüur və ağıl verib. Hər bir kəs öz taleyin-yaşadığı yeri,sənətini,çalışmağı,insanlarla münasibəti və hər bir şeyi özü müəyyənləşdirməlidir. Əgər insana hər bir şeyi qismətin üstünə atıb gedib evdə yatsa təbii ki, bu olacaq acizlik əlaməti. Müəyyən qədər şans,tale,alın yazısı var.Onun daha çoxu insanın,zəhməti,ağılı,öz yolunu müəyyənləşdirməkdir. İnsan bəzən özünü tapa bilmir. Gündə bir xəyala düşür. Amma insan biləndə ki, nə istəyir, kim olmaq istəyir onda onun üçün rahat olur. Mən bunu tələbələrimə də söhbət edirəm. Mən tələbələrimlə valideyn kimi söhbət edirəm. Deyirəm ki, otur düşün,sən nə olmaq,kim olmaq istəyirsən?
-Namaz qılırsınız?
-Mən Məşhəddə,Kərbəlada,Həcdə də olmuşam.Mən Ümrə ziyarətində olmuşam. Biz mədəniyyət günlərində- 2007-ci ildə Səudiyyə Ərəbistanına getmişik. Onda xüsusi gün ayrılıb. Və hamımız ehramlarla Məkkəni,Mədinəni düzgün Ümrə ziyarəti etmişik.
Biz hamımız Allahın bəndələriyik.Və mən Allahı çox sevirəm. Və Allahımla danışıram. Mən heç vaxt bu günə qədər sənətimi pulla öyrətməmişəm. Yodan keçən adam gəlir sinifimə qapını açır,deyir mənə qulaq as. Qulaq asıram. Görürəm ki,səsi var ona kömək edirəm. Heç bilmirəm ki, o kimdi,hardan gəlib,hansı rayondandı,valideyni kimdi.Bunlar mənim üçün önəmli deyil. Onları eləyirəm,Allaha xoş gedir. Bir dəfə bir toy müğənnisi müraciət elədi ki,muğam öyrənmək istəyirəm. Dedim ki,buyur gəl. Üç ay gəldi. Sonra dedi ki, müəllim sənə sözüm var. Dedim ki, buyur. Dedi ki, axı sən mənə təmənnasız kömək edirsən,mənim də imkanım var,özümü narahat hiss edirəm. Zəhmət çəkirsiniz,niyə məndən haqq almırsınız?Ona dedim ki,sənətimi pulla heç kəsə öyrətmirəm,bunu Allahıma söz vermişəm. Bunu sənə görə eləsəm,sənə minnət vura bilərəm. Kimin istedadı varsa mən ona kömək edirəm,bu Allaha xoş gedir. Özbəkstanın tanınmş müğənnisi Ulduz Turduyeva bu yaxınlarda mənə Milli Konservatoriya vasitəsilə müraciət elədi ki, ustad dərslərinə gəlmək istəyir,haqqımı deyim. Mən dedim ki,burda heç bir manatdan da söhbət gedə bilməz. Əgər Özbəkistanın müğənnisi gəlib mənim muğamımı öyrənirsə mən ancaq onu alqışlaya bilərəm. O gedib Özbəkstanda Azərbaycan muğamını təbliğ eləyəcək. Biz ona kömək eləməliyik.
-Baba kimi nəvənizin şirinliyini hiss edirsinizmi?
-Belə bir atalar misalı var: “Dövlətdə dəvə,övladda nəvə”.Nəvə niyə bizə şirindir,çünki övladımızın övladıdır?Bəlkədə biz bir az gənc olanda başımız o qədər qayğılara qarışır ki,bir az uşaqlara vaxt ayıra bilmirik. Bir az yaş artır sonra nəvəmiz olanda başlayırıq ona daha çox qayğı göstərməyə. Övladın öz yeri var. Mənim 2-5 yaşlarında iki nəvəm var. Onlar bizim həyat stimulumuzdu,enerjimizdi.Nəvələr bizim həyatımızı rəngləndirir,bəlkədə həyatda daha çox yaşamağımıza bzi həvəsləndirir.

-Siyasətlə aranız necədir?
-Mən siyasətdən uzağ adamam.Hesab edirəm ki,hər kəs öz işi ilə məşğul olmalıdır. Bizim ən gözəl siyasətimiz elə mədəniyyətimizdi,muğamımızdı. Biz “Qarabağ muğam üçlüyü” yaratmışıq. Bunla biz bütün ölkələrə gedirik. Afişalarda “Qarabağ muğam triyosu-Azərbaycan” yazılır.Bu bir musiqiçi siyasətidir. Yəni Qarabağ bizimdi.Axırda da “Qarabağ şikəstəsi” oxuyuruq. Siyasətə qarışmaq,bu işlər bizlik deyil.Mən ölkəmi,dövlətimi çox sevirəm.Bu dövlətin sənətkarıyam.Dövlətimlə fəxr edirəm.Bu gün Azərbaycanımızın əmin-amanlığı ilə fəxr edirəm. Qoşu ölkələrə gedib terroru görürük. Bu gün Azərbaycanda olan əmin-amanlıq mən deyərdim ki,heç bir ölkədə yoxdu. Biz bunun qədrini bilməliyik. Ona görə də biz dövlətimizə borclu olmalıyıq.


-Ağdamı necə xatırlayırsınız?
-Biz kəndimiz ermənilərlə sərhəddir. Mən 55 illiyimi əsgərlərlə bir yerə Ağdamda qeyd elədim. Tez-tez gedib əhali,əsgərlər ilə görüşürük. O insanlara mənəvi dəstək lazımdır.Bu gün o balaca Ağdamda 90 min ağdamlı yaşayır.Orda dövlətimiz 18 qəsəbə salıb. İnanıram ki,biz tezliklə o tarpaqları qaytaracağıq. Çünki o torpaq bizim taorpağımızdır.
Biz Ulu öndərimizin yaratdığı Yeni Azərbaycanda yaşayırıq.Allah onun ruhunu şad eləsin. Əməkdar artist adını da o mənə verib. Prezident mükafatı verib.Özü ilə səfərdə olmuşam.Tamaşama gəlib baxıb. Bu gün cənab Prezident İlham Əliyev o yolu çox uğurla davam etdirir. Bölgələrimizdə abadlıq davam edir, iş yerləri açılır,yollar çəkilir. Bunlar çox çətin məsələlərdi.Ən böyükdə əmin-amanlığımızdı. Ona görə yox ki, mənə ad verib. Görülən işlər hamının gözünün qarşısındadı. Bir Azərbaycan vətəndaşı kimi İlham Əliyevə səs verəcəyəm. Niyə verməyim ki?
Təkcə muğamın inkişafına görə biz ölkəmizin birinci vitse-prezidenti Mehriban Əliyevaya borcluyuq. Bu gün dünyada muğamın tanınmasında Mehriban xanımın rolu əvəzsizdi.
-Hazırda hansı layihələr üzərində işləyirsiniz?
-Həm respublikada muğam müsabiqəsi keçiriləcək. Həm də
2018-ci ilin mart ayında baş tutacaq “V Beynəlxalq Muğam Festivalı”na hazırlaşırıq.
Layihələriniz,arzularımız,səfərlərimiz var. İnşallah bu il bizim sənətinmiz,ölkəmiz üçün uğurlu il gözlənilir.
-Bir müəllim kimi tələbələrinizlə necə işləyirsiniz?
-Artıq “Opera”da çalışan gəncləriniz sübut edir ki, gələcəyin Leyli və Məcnunlarını,Əslivə Kərəmlərini Aşıq Qəriblərin,Şah İsmayıllarını hazırlayırıq. Onların hamısına mən yaxşı ifaçı kimi baxıram. Çox yaxşı tələbələriniz,gənclərimiz var. Dövlətimizin qayğısı hesabına onlar daha da həvəsli oxuyurlar. Keçirilən muğam müsabiqəsi nəticəsində sənətimizə axınla gəlirlər. Nəticədə sənətimiz inkişaf edir,muğamımız qazanır. Azərbaycan muğamıan heç vaxt bu qədər gənc ifaçı gəlməyib.
-Siz şox səmimi insnasınız.Hər adamda bu cür səmimiyyt olmur.Bu nədən irəli gəlir?
-Ona görə Yaradanımıza və valideynlərimizə təşəkkür edirəm. Elə xasiyyət var ki,anadangəlmədi.İnsanın içində paxıllıq varsa o yaxşı müəllim ola bilmir. Bizim məhsulumuz ifaçıdı da. Yaxşı müəllim odu ki,öz yerinə Leyli,Məcnun,Şah ismayl hazırlasın. Əgər insanın,sənətkarın xasiyyəti o sənətinə uyğun olmasa o hörmət qazanmayacaq. Yaxşı sənətkar kimi tanına bilərsən, şəxsiyyətin yoxdursa, hörmət qazanmazsan cəmiyyətin içində.  Amma mən istəyirəm ki,mənim tələbəm məndən daha yaxşı hazırlaşsın,məndən daha yaxşı oxusun. Tələbəm Təyyar Bayramovun uğuruna özümdən çox sevinirəm.Baxıram ki, tələbəsi qalibdi, deyirəm ki, məndən iki addım qabağa gedir. Əgər müəllimin tələbəsi özündən qabağa getmirsə, o müəllim yaxşı müəllim deyil.

-Həyatda paxıllığınızı çəkənlər çoxdu?
-Məni bəyənən də var,bəyənməyən də. Bəzən görürsən ki,sənətdə uğur qazana bilməyən adam günahını onda-bunda axtarır. Çünki özü tənbəldi,çalışmır...Mənim hamı ilə münasibətim yaxşıdı.Həyatda mənim düşmənim yoxdu. Çünki mən sənət adamıyam. Çalışıarm ki,hamı ilə mehriban olam. İstəyirəm ki, sənət adamları sənətləri ilə gündəmə gəlsinlər,nəinki dedi-qodu,söz-söhbətlə.Dedi-qodunu sevmirəm.
-Çox gülərüz adamsınız,əsəbi vaxtlarınız da olur?
-Haqsızlığa,saxtalığa əsəbiləşirəm. Insan niyə saxta olmalıdı ki?Nə təhər varsan elə yaşa, elədə ol da. Mənim mədəniyyətim yol vermir ki, insnalarla hay-küylə,qışqırıqla danışım. Görürəm ki, insna yalan danışır,gülüb keçirəm.Bir də o adamla rastlaşmıram. Öz yolumdayam mən...Allah onu da belə yaradıb da.Biz nə edək?
Mən xoşbəxtəm ki,müstəqil Azərbaycanın vətəndaşıyam,sənətkarıyam.İnsan əbədi xoşbəxt ola bilməz. Həyat varsa,həyatında itki də olur. Çətin gün də, yaxşı gün də olur. Amma ümumi götürəndə mən həyatımdan razıyam. Mən düzgün yerdəyəm. Allah nə missiya veribsə onu edirəm. Mən bilirəm ki,mənim işimdən insanlar zərər çəkmir...Bacardığım qədər də çalışıram yaxşı işlər görüm. Gördüyüm bütün işlərdə Allahıma hesabat verirəm.
-Hansı  musiqiyə qulaq asırsınız?
-Bəzən elə estrada müğənnisi olur ki,mən ondan zövq alıram. Fərqi yoxdu, tanınmış, tanınmamış olsun. Yaxud gənc muğam ifaçısı olsun. Yaxşı ifa nə varsa ondan zövq alıram. Təki qulağa xoş gəlsin,sənətkar olsun.Yaxşı bir saz musiqisi olsun,sevirəm.
-Bu yaxınlarda İran səfərindən qayıtmısınız.Səfər təəssüratlarınıız bilmək maraqlı olardı?
-İran konsertim həqiqətən çox gözəl keçdi?Konsert İranın Dövlət Sarayında oldu.850 nəfərlik zal idi,anşlaqla keçdi. Təbriz,Zəncan,Urmiya ,Kərəz və bir çox şəhərlərdən tamaşaçılar gəlmişdi Tehrana...Azərbaycanın qədim xalq mahnısı “Ay bəri bax” mahnısını mən oxuyanda, tamaşaçılara əlimi göstərəndə bütün zal mənimlə axıra kimi duet oxudu. Bu ifaçı üçün əlbəttə ki,müsbət haldı. Bu yaxınlarda Təbrizə gedəcəyəm Allah qoysa. Orda özəl musiqi məktəbləri var,ustad dərsi keçəcəyəm. Nə yaxşı ki,yanımda Elçin Həşimov və Elnur Əhmədov kimi sənətkarlar var.  Bir komanda kimi 20 ildi birlikdə fəaliyyət göstəririk.
-Xarici ölkələrdə də Azərbaycanımızı təmsil edirsiniz.Xaricilər ifanıız necə qarşılayırlar?
-İki il öncə Brazilyaya- Braziliyanın Rio-de-Janeyro şəhərinə getmişdik.Azərbaycanın mədəniyyət günləri keçirilirdi. Orda bizim dörd konsertimiz oldu. Tələbəm Arzu Əliyeva da mənimlə bərabər idi. Rio-da 2500 nəfərlik möhtəşəm konsert zalı var. Zal ağzına kimi dolu idi. Konserti verdik. Və sonda tələbəm Arzu Əliyeva ilə Vasif Adıgözəlovun “Qarabağ şikəstəsini oxuduq. Zal bizi alqışladı biz baş əydik və səhnədən çıxdıq. Bizi yenə səhnəyə dəvət elədilər,alqışladılar. Səfirliyin nümayəndəsi səhnəyə çıxdı,qulağımıza dedi ki, bu ifanı tamaşaçılar birdə istəyirlər. Hamı ayaqüstə dayanıb heç kim getmir...Həmin orkestrlə dilimizi bilməyən uzaq Braziliyada “Qarabağ şikəstəsi”ni bizə iki dəfə oxutdular.Budu bizim musiqimizin gücü.Azərbaycan musiqisini bax belə qarşılayırlar.
-O vaxtı sizdən də səsi güclü olan tələbə yoldaşlarınız olub. Bu həqiqətdirmi?
-Mən Asəf Zeynallıda oxuyanda gənclərin gözəl səsləri var idi. Mən deyirdim ki, səsim bunların yanında nədi ki?O ifaçların bu gün çoxu sənətdə yoxdu. Çünki hər adam bunun zəhmətinə dözmür.O vaxtı senzura,gənclərə qısqanclıq var idi. Tanınmaq sevilmək,qəbul olunmaq çox çətin məsələ idi. Gərək o qədə r fanat olaydın, gecə-günüz yatmayaydın. Səs hələ materialdı,xanəndə olmaq demək deyil. Bunun arxasında yuxusuz gecələr ,güclü zəhmət,əzab-əziyyət,daşlı-kəsəkli yol,yıxılıb-durmaq,sürünmək var. Hər adam buna dözə bilmir. İndi özümüz gedib,axtarıb rayondan uşaqlar tapırıq ki, gəl oxu camaat səni tanısın. Indi internet, çoxlu televiziya kanalları var. O vaxtı elə şeylər yox idi. O vaxtı qabağımızı kəsirdilər.
 Hətta valideynlər rayonlardan zəng edirlər ki, uşağımın səsi var, amma yiyəsi yoxdur. Mən deyirəm ki, yiyəsi biz,göndərin gəlsin.

Namiq MƏMMƏDLİ



Baxış sayı: 2 261


Bölməyə aid digər xəbərlər