22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
"Məni bağışlamayan Adil" - Əlabbas
Tarix: 13-12-2017 22:34 | Bölmə: Ədəbiyyat
Yaxın vaxtlarda AMEA Naxçıvan bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu onomalogiya şöbəsinin sabiq müdiri, filologiya elmləri doktoru Adil Bağırovun xatirəsinə həsr olunmuş “Adil Bağırov – 70” kitabı işıq üzü görəcək. Yazıçı Əlabbasın həmin kitabda yer alan  xatirəsini oxucuların diqqətinə çatdırırıq.                                                                                                                                  
                                                               
                            
                                          

     Desəm; adamı ata-anası tərbiyə elər, yəqin ki, təzə bir şey demiş olmanam. Amma desəm ki, içi mən qarışıq yaşı bu gün altmışa çatan hər hansı nursulunun – söhbət Şahbuz rayonunun Nursu kəndindən gedir – bir insan kimi formalaşmasında “adı dünyanın xəritəsində olmayan” (M.Araz) o balaca kəndin gəlib-getmiş kişilərinin quruca adı bir tədris proqramını, daha geniş  anlamda isə  böyük bir məktəbi əvəz eləyib, bunun bir gerçək olduğuna   şübhə yeri qalmasın gərək. Çünki  bu ucqar dağ kəndi ötən əsrin 60-cı illərindən sonra öz say-seçmə və zəki insanlarının sayəsində kimsəyə hiss etdirmədən daim mifik aləmlə real dünyanın sınırlarının bir-birinə qovuşduğu yer,  məkan, və həm də yaşayış məskəni olub.    Gözünü açıb Məmməd İbrahimin özünü gündüz kənddə,  axşam mavi ekranda, ad və şəklini isə bir-birindən maraqlı şeir  kitablarının cild və  səhifələrində görən kəndli babanın  düşüncəsinə başqa nə hakim ola bilərdi? Tanınmış ictimai xadim İbrahim Bağırov, professorlar Firidun Hüseynov, Vəliyəddin Əliyev də eləcə... O illər onlar Nursunun  təfəkkür tərzi, zehniyyət və qismətinə düşən təkcə gur işıq yox, həm də sakral düşüncəsində özünə möhkəm yer eləyən az qala dastan-nağıl qəhrəmanı idilər.
    Bir az sonrakı nəslə mənsub   Adil Bağırovun, biri filoloq, o biri  isə uroloq olan iki Akif Bağırovun və onlarla  digər  məşhur ismin  bu kənddə doğulub böyüməsi mövcud ənənənin davamından da çox, sanki o mifik dumanın  bir az da qatılaşmasına  gətirib çıxardı. Gözünü dünyaya burda açanın evdə evdəkilərdən, məktəbdə müəllimlərdən ilk eşitdiyi  o adlar olub,  elm və sənətin sehri onları  körpəlikdən öz tilsiminə salıb və  dünyanı ilahi dərkə aparan böyük bir məktəb  və ürfan  yolunun təməli  beləcə qoyulub.
     Əgər Adil bu gün sağ olsaydı və barəsində deyilənlərin də bir xatirə yazısından yox, tutalım, hansısa portret-oçerkdən götürülmüş  parça olduğunu bilsəydi,    birinci tələbi, dəqiq bilirəm ki,  haqqında gedən  beş-üç xoş kəlməni mütləq ixtisar etmək barədə olacaqdı. Başdan-binadan tərif sevən olmadı o, diqqətdən kənarda   qalmağı  xoşladı, üstəlik də   elədiklərini bir haqq bildi.  Hərçənd iş gerçəyə qalsa,  Adil ağır zəhmətə qatlaşa-qatlaşa  pedaqoji və elmi fəaliyyəti ilə böyük işlər görməyi bacardı, saysız-hesabsız məqalənin, bir-birindən sanballı dərslik və dərs vəsaitlərinin  müəllifi oldu,  sıravi müəllimlikdən AMEA-nın müxbir üzvü səviyyəsinə qədər  yüksələ bildi.   Amma  elm xadimi olmaqdan  ziyadə, Adil mənimçün  bir insan kimi  daha daha böyük fəzilət yiyəsi idi. Söhbət konkret nədən gedir?     Adil  tələbə olanda mən məktəbli, o, dissertant olanda mən tələbə, o, elmlər namizədi adı alanda  isə mən orta məktəb müəllimi idim və hesab-kitab məqamı yetişəndə  məlum oldu  ki, nə dəyişsə də,  ikicə şey öz əbədi və əzəli yerindədi və heç vaxt da dəyişən deyil: birinci, o, əmim və deməli, həm  böyüyüm,  həm də Bağırovlar nəslinin ağsaqqalı olaraq qaldı. İkinci: hərçənd Adil məndən on yaş böyük idi və  biz  eyni ayda (may)  dünyaya gəlmiş,  eyni ixtisasa yiyələnmiş, eyni kənddə də  əmək fəaliyyətinə başlamışdıq,   amma  onun tələbə, mənimsə şagird olduğum illərdən aramızda öz-özünə yaranan  mehri-ülfətə  o  fərq  əsla kölgə sala bilmədi   və bizi  əmi-qardaşoğlu olmaqdan da çox, bir-birimizə bağlayan  dostluq telləri və birləşdirən ortaq dəyərlər də sonacan necə var, eləcə   qaldı. Mən  bir kiçik kimi  borcum olan nə idi, elədim, Adilin hörmətini  gözlədim,    xətrini uca tutdum, əvəzində o da mənə yaşıdı kimi yanaşdı,  heç vaxt  aşağı nəzərlərlə baxmadı. Əksinə, zəng vurub bəzi məsələlərdə fikrimi öyrənməyi, məsləhətimi almağı belə özünə xəcalət bilmədi.   Nə vaxt ki, ayağım rayona düşərdi, mütləq aeroporta, məni qarşılamağa   gələr, qonaq saxlayıb ağır-əziz elər,  geri qayıdanda isə xüsusi diqqət göstərib,  yarıgerçək-yarızarafat “xalqın şair oğlunu yola salmaq borcumuzdur” deyib nəslin gənc davamçılarını  başına yığmaqla – bu onun həm də bir tərbiyə üsulu idi – yolasalma anlarını təmtəraqlı bir mərasimə döndərərdi. 
    Adillə bağlı  aramızdakı çoxsaylı   hadisədən üçü  məndən ötrü xüsusilə həyati əhəmiyyətli olub. Bu hadisələrin birincisi o, diplom işi yazanda, tam dəqiqi, 1972-ci ildə,  mən  məktəbli ikən   baş verib.  Adilin  üstü daim basırıq, amma səliqə-sahmanlı   olan  iş stolunda o ərəfədə türk dillərinə aid nə cür ədəbiyyat desən tapmaq olardı: dərslik, dərs vəsaiti, roman, povest, hekayə, pyes və s... Onların mənim aləmimdə  bircə adı vardı: kitab. Ali məktəbə hazırlaşdığıma  görə  o stola  yaxınlaşmağa yalnız mən ixtiyarlı idim,  o da hərdən, bilmədiyim  suallara cavab almaq üçün.   Adı dilə yatmayan “Ikbal” əsərini də ilk dəfə onda, o kitabların arasında  gördüm. Tək türkologiya adlı elm  yox, həm də  oğuz-səlcuq dil qrupuna Azərbaycan və türk dilindən başqa, daha iki: qaqauz və türkmən dillərinin daxil olduğunu da  ilk dəfə onda Adildən eşitdim, amma təəccüb və heyrətim ən çox da   Azərbaycan dilindən fərqli olaraq,  “ı” hərfi və səsi ilə başlayan o qəribə sözə görə oldu.  Müəllifini unutduğum “Ikbal”        (yəni iqbal, tale) adlı o bozcildli  qalın romanı o üz-bu üzə çevirib,   yerinə qoyanda  diplomant:
     - Görürsən də, - dedi gülə-gülə, - nələr olur bu dünyada? Elə bilirdin iki bayatı əzbərləməklə iş bitir? 
              
   Sağdan sola: AMEA-nın müxbir üzvü Adil Bağırov, professor Maqsud Nəcəfov, kimya elmləri namizədi Rəsul Cəfərov

    Bir dəfə Adilin – onun olduqca səliqəli xətti vardı – əlilə ağ kağıza yazdığı: “dil özünün ordusu və donanması olan dialektdi” qeydini görməyim isə onun zəhmini gözümdə bir az da artırmaqla bahəm,      ürəyimdəki bütün tərəddüdlərə də bir aydınlıq gətirdi. Əvvəl elə bildim o həm də hərb sənəti ilə məşğuldu: ordu, donanma... Dialektin də nəmənə olduğunu o deyəndən sonra başa düşdüm və onu heyran-heyran süzə-süzə  o gün ürəyimdə qət elədim ki, mütləq Adilin yolu ilə gedəcəm. Ənənə ilə bərabər,  adları yuxarıda çəkilən kişilərin simasında möhtəşəm  məktəb də  varkən     niyə də yox?  Fikrimdən keçənləri atama deyəndə bundan necə sevinib mənə qol-qanad verəcəyini gözlədiyim halda, o,  oğlunun yox,   altı qardaş, iki bacının sonbeşiyi olan  Adilin tərifini göylərə qaldırmaqla aramızdakı məsafəni bir az da uzatdı: “Nə var ki, onun   ayaqqabısını geyməyə, nənəm də geyər, əsas odu,  yerişini yeriyəsən”
    Atamın  o cür nagüman  danışığı məni lap dərdə saldı.  O vaxt ağlıma da gətirməzdim ki,  o bunu bilərəkdən də eləyə bilər. Elə, ya belə, hər halda söz öz işini görmüşdü, mübarizə əzmi bir an da olsun qəlbimi tərk eləmirdi. Nə biləydim ki,  onun da istədiyi elə budu.  O vaxtdan  Adil evdə olmayanda  kitablarını ələk-vələk eləmək az qala gündəlik vərdişə çevrildi və belə-belə, hiss etmədən özümə yaxşı bir tərbiyəçi  tapdım. Bu, Adilin  kitabxanası idi. Hazırda dünya ədəbiyyatının və dilçilik elminin ən nadir inciləri toplanan bu kitabxana  tək Naxçıvanda deyil, bütün respublikada adla deyilir. Adilin hazırda sayı  iyirmi minə çatan şəxsi kitablarından ibarət o nəhəng xəzinədən sonralar o qədər heyrətə gəlmədim ki, nəinki  gözümü açıb,  bəlkə də,  yüzdən çox olmayan və  bir sandığa rahatca sığışa bilən  o balaca məxəzdən  o vaxtlar elə təlatümə gəlmişdim. Nələr yox idi o kitablarda? Sanki  bütün dünya balaca bir masanın  üstə sığışmışdı. Doğrudan da ki, dünya!  Mən o kitablara o vaxt olmasa da, sonralar Adilin həm də tale kitabları kimi baxdım. Bu hadisə xüsusən, bir də ona görə qəribəmə gəlir ki,  Adil bir çətən külfət yiyəsi olanda  belə birotaqlı, darısqal mənzilində üç qızıyla bərabər, o kitablara da yer, hətta az qalıram deyəm ki, gen-bol yer tapıldı, Adil sonacan onlardan bezmədi, cana doymadı, hətta əlifba dəyişiləndə belə kirillə olanları qıyıb kimsəyə bağışlamaq adıyla başından  eləmədi. O da var ki,  Adili Adil eləyən də elə  o kitablar oldu.   Adil onların sayəsində ad-san qazandı, mifik dünyanın sınırları dediyim Nursunun tarixinə  AMEA-nın ilk müxbir üzvü, respublikaca məşhur dilçi-onomast kimi düşdü. İstisnasız deyə bilərəm ki, Naxçıvanın pedagoji və elmi mühitinin təxminən qırx illik   bir dövrünü Adil Bağırovun adı olmadan təsəvvürə gətirmək çox çətindi. Maarif və mədəniyyət yolunda gördüyü çoxsaylı işləri ilə bərabər, xırdadan-böyüyə bütün uğurlarını bir yana qoysam belə tək onun yetirmələrinin və əsərlərinin sayı  bu cəfakeş  və fədakar elm adamının  kimliyinə qədərincə    şahadət vermək gücündədir.  
     Məni 1973-cü ildə qəbul imtahanına Noraşen – Bakı qatarı ilə Adilgətirib  və  bu günün özündə hələ də bulanıq sulu Arazın və tikanlı sərhəd məftillərinin kənarı ilə şütüyüb gedən qatar səsi ilə müşayiət olunan bir unudulmaz, isti  iyul günündə  sənədlərimi  həvəsində olduğum dil-ədəbiyyat yox, filologiya fakültəsinə verməklə aramızda ilk “incikliyin” təməlini də  əli ilə  o özü qoyub. Xatirimdədi ki, o illər bir sıra  fakültələrə  qəbul üçün sənəd vermək  iş stajı olmadığına görə orta məktəbdən birbaşa gələn abituriyentlər üçün bağlı qapı demək idi.  Bəzi fakültələrdə isə orta məktəbdə keçib-keçmədən asılı olmayaraq   xarici dildən mütləq imtahan verməli idin. Əlimi də işdən elə bu  soyutdu. Belə olanda Adil naəlac qalıb sənədlərimi kitabxanaçılıq fakültəsinə verməyi  məsləhət bildi, ona da mən razı olmadım.  İki günlük məşvərətdən və atamla  telefon məsləhətləşməsindən  sonra axır ki, ərizə yazıb xarici dildən imtahan vermək şərtilə ürəyimdə bir niskil qalsa da, filologiyanı seçəsi olduq. Hələ şum-pərşum başlamazdan xışın  bu cür daşa  dirənməyindən elə çaşmışdım ki,  dil-ədəbiyyat fakültəsinin hara qeyb olmağını  soruşmaq bir yana qalsın, o barədə söz salmağa  belə  ar eləyirdim.  Bilirdim, Adil o saat başlayacaq ki, mən nə hayda, sən nə hayda? O günlər onsuz da əsəbi bir vəziyyət yaranmışdı: bir yandan  nəfəskəsən isti, bir yandan amanat uşağı şəhərdə sahibsiz-yiyəsiz qoyub atamın yanına diligödək qayıtmağın xəcaləti, o biri yandan da  iddiaları yerə-göyə sığmayan dəlisov abituriyentin nazıyla oynamaq!  Qorxurdum bircə yersiz hərəkətimlə  Adil   məni  qara  qul kimi qabağına qatıb, təzədən birbaşa Naxçıvana qaytara və atama da deyə: “Demişdim axı bu uşağın axırı yoxdu”       
   ...Tələbə biletini alıb kəndə qayıdanda yolumu həsrətlə gözləyən sinif yoldaşlarıma və tay-tuşa da başa sala bilmədim ki, mən niyə dil-ədəbiyyat fakültəsinə yox,  filologiya fakültəsinə qəbul olmuşam. Bir çoxuna da:
     - O fakültə orda bağlanıb, - dedim, - indi bircə APİ Lenində qalır.   
    Necə inanmaya bilərdilər buna, Həccdən gələn mən, xəbər verən onlar?  Yalnız  sentyabrın ikinci həftəsinin sonunda,  neçə gün dərslərə ayaq döyəndən sonra başa düşdüm ki, deməyəsən, mənzilim elə niyyətim olan yer imiş, özü də daha sanballı adla: filologiya! Kimsəyə deyə bilmədiyim dərdimin və bütün nigaranlıqların yerini doyulmaz bir sevinc hissi əvəz eləmişdi. Fərəhimdən bilmirdim nə edim. Zəng vurub “o ağır dərdi”, axır ki, Adilə açmağımın sonu  onun gülə-gülə dediyi:
   - Bu da mənim filoloqum, - cavabıyla bitdi, - barı orda-burda danışıb, eli özünə güldürmə.   
     Mən də danışmadım, düz qırx dörd il... Birinci adamsınız ki,  Sizə danışıram.    Daha bir hadisə ki, 2007-ci ildə baş verib, o barədə də otuz ilə yaxın susmuşam: o vaxt “Köhnə kişi” ilə bağlı Mövlud Süleymanlıya açıq məktub yazacağımı deyəndə Adilin necə cin atına mindiyi anları xatırlayıram.      İki günün biri Bakıda idi Adil. Həm kitablarınının çapını, xüsusən, cild, tərtibat və korrekturasını ona-buna ümid olmaz, həm cari işləri ilə əlaqədar tez-tez   müxtəlif dövlət tədbirlərinə,  konfrans, simpozium və iclaslara paytaxtdan dəvət alar,   həm də      xeyir-şərdən qalmazdı. Biz burdan-bura gedincə, Adil Naxçıvandan gəlib çıxar və hər dəfə də nisbətən cavan olan bizləri başısoyuqluğa görə danlar və düz də elərdi.
     Məktub barədə  də fikrimi biləndə ilk sözü  o oldu ku, bizi  el içində biabır eləmə, yığışdır bu hoqqalarını!
    Necə deyərlər, tipik ağsaqqal yanaşması! Yüz  faiz əmin idim ki, bu sözü deyəndə  özümdən də çox, Bağırovlar nəslinin adına xələl gətirə biləcəyimdən  ehtiyat eləyir o. Belə baxanda haqlı idi: kim barmağını qatlayıb deyə bilərdi,  nə vaxtsa bizdən, ağır bir nəsildən  mərdimazarlıq görüb? Hamı, bütün Naxçıvan babamı, ata və  əmilərimi qanbağlayan kişilər kimi tanıyırdı, özü də ta bineyi-qədimdən.   
     Bundan da besərən, Adilin   boynumda haqq-sayı vardı və o babətdən bu cür ərk eləyəndə,  tam əminəm ki, sözünü yerə salmayacağıma  qəlbində bir çimdik də  şübhəsi olmayıb: kim, kim, mən    böyük üzünə ağ olan idim?  Amma indi iş  bir ayrı tövr idi. Adil hiss eləmişdi ki,   fikrimdən dönən deyiləm. Məktubu çap elətdirsən, gözümə görükmə, dedi.  Onda peyğəmbərdən misal gətirdim:
    –Bilirsən də onu, haqsızlığa qarşı susana dilsiz şeytan deyiblər. Bəs deyil iyirmi yeddi il susduğum?
    - Mənə qəzəl oxuma, nə deyirəm, onu da elə, vəssalam. O müddəti susa bilən yenə susar.    
    - Hər şeyin hesabını Allaha verməyə hazıram, - deyib bu dəfə peyğəmbər məqamından da  irəli getdim, - günahım varsa, qoy məni zəlil eləsin. Bu işi mən görmədim, Allah rəva gördü. Bilsən ki, Mövlud mənim taleyimi necə alt-üst eləyib, bir xeyir-dua da özün verərsən bu işə.   
     Sadaladıqlarımla bərabər,  dəqiq bilirəm ki, hər şeydə  ehtiyatlı olan və düz də eləyən  Adil Mövludun  həm   də  sonrakı işlərimə pəl vuracağından  çəkindiyinə görə  donu belə  məsləhətli biçir. Bütün ehtiyat variantlar tükənəndə isə ağlımı başıma yığım deyə son xəbərdarlığını da elədi:
   - Səni Bakıdan köçürtdürər o.
  - Narahat olma,  Mavr öz işini görüb.  Özü də tam zamanında. Ona “Köhnə kişi” lazım idi, mən yox. Neynir məni Bakıdan köçürtdürüb?
    Məktub dərc olunandan sonra Adil, böyük Mirzənin sözü olmasın, çox “bidamaq” oldu, məni uzun müddət danışdırmadı, telefon zənglərimə cavab vermədi, sifarişlərimi qulaqardına vurdu, amma görəndə ki, daha Mövluddan da səs çıxmır,   az-maz əvvəlki halına qayıtdı,   amma hiss etdiyim qədər, Adil məni bağışlamadı. Özü də yalnız bircə şeyə – böyük-kiçik yeri bilən olmadığıma görə.
    Desəm Adil taleyi üzünə gülən insanlardanıdı, düz çıxmaz, desəm bəxti gətirməyənlərdən idi, o da insafdan olmaz. Müşahidələrimə görə, onda  hər şey yarı-yarıya idi. Gün-güzəran ağrı-acısı onu uzun illər rahat buraxmadı. Nə qazandı dişiylə-dırnağıyla qazandı, balalarını halallıqla böyüdüb, oxudub, bir tikə çörək yiyəsi elədi. Kimsəyə boyun əymədi, dost-düşmən qarşısında qürurunu sındırıb geri çəkilmədi, hamıdan çox layiq olduğu vəzifələrə rəva görülməsə də,   təmkinini itirmədi. Geyim-kecimində xüsusi səliqə-sahman, danışıq və rəftarında aşırı alicənablıq, hərəkətlərində  bir ağayanalıq,   davranış və ədalarında  isə şəxsiyyətini tamamlayan kübarlıq  vardı Adilin. Qismətdən Tanrı da ondan öz lütfünü əsirgəməmişdi: təndürüst boy-buxun, uca qamət, yaraşıqlı sima, şirin ləfz... Və elə bilirəm, hələ 1972-ci ildə atamın qardaşı  haqda mənə uzaqgörənliklə dediyi “nə var ki, onun   ayaqqabısını geyməyə, nənəm də geyər, əsas odu,  yerişini yeriyəsən” fikrində Allahın səxavətlə əta elədiyi o fəzilətlərin hamısının öz ayrıca yeri, nəm-nişanı vardı və atamın, hələ özü də cavan olan Adilə niyə o cür güvənməyi heç dəlil-sübut da  istəmirdi adamdan: elə şeylər var,  o, fitrətən olur, sonradan qazanılmır. Kübarlıq da Adilin qanında, canında idi. Nədənsə o gümandayam ki, həyatın dolanbac,  yorucu və ağır  yollarından, yaşadığı acılardan, çəkdiyi ağrılardan da çox, məhz xarakterindəki əyilməzlik, ucalarda qalmaq eşqi infarkt dalınca infarkt gətirdi! Təbiətən ötkəm, qürurlu, hər şeyi mərd-mərdanə  qəbul edənlərçün bəyəm  çox gözlənilməzdi bu? O səbəbdən ölüm şərbətinin Adilə olduğu qədər kimsəyə o cür anidən təsirinə  qoca tarixin  zaman-zaman şahidlik  etdiyinə  də bu gün az qala normal bir şey kimi baxıram.  Bəyəm  ölümün qaşla göz arasında olduğunu deyənlər havadan-zaddan danışıblar? Nə edə bilərsən: bütün hallarda fakt həqiqətin anasıdır.
    Mənə elə gəlir, ömrü-günü sözə xidmətdə keçmiş, tək qohum-qardaşın, dost-sirdaşın və həmkarlarının yox, eyni zamanda onu tanıyanların və yetirmələrinin də qürur mənbəyi olan  Adil bu dünyaya  respublikamızın müəyyən bir hissəsində, konkret isə qədim-qayım  Naxçıvan ərazisində “yaşayan” onomastik vahidlərin  linqvistik tədqiqatını aparmaq üçün   gəlmişdi. Gəldi,   öz sözünü   dedi və bu sahənin, adından söz etdirən ən kamil mütəxəssislərindən birinə çevrilməyi bacardı. Tək elə bu fakta görə Adilin xoşbəxt bir ömür sürdüyünü çəkinmədən və cəsarətlə demək olar.  
   Biri üçün savadlı müəllim, bir başqası  üçün xeyirxah dost, digəri üçün dəyərli ziyalı, ümumənsə, hamı üsün müdrik insan olan Adil məndən ötrü  də bunların hamısı ilə bərabər,   bütün varlığımı, içimi, ruhumu  Naxçıvana, dədə-baba yurduna bağlayan  həm də  çox incə tellərdən biri  idi.   Adilsiz o tellərdən daha biri yoxdu bu gün, əvəzində təsəllim nədi? Bu qeydləri sonacan minor notlardan qoruyacağımı əvvəldən qət etdiyimçün, deyim ki,   qapanan, sadəcə, yetmiş illik bir dönəmin qapılarıdı,  ömrü-günü  kitaba dönmək, onlarla və onlarda yaşamaq məgər hər  qələm sahibinə nəsib olan xoşbəxtlikdi ki, o  gəlib Adilin də qismətinə çıxdı?...  Bu, artıq əbədiyyətə açılan qapı deməkdi.
                                                                                                                  16.02.2017
Persona.az




Baxış sayı: 1 082


Bölməyə aid digər xəbərlər