Bütün xəbərlər
"Pais": Makron və Merkelə qarşı Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) miqrant ölümləri ilə bağlı şikayət edilib
Tarix: 16-10-2025 18:37 | Bölmə: Dünya

Fransa prezidenti Emmanuel Makron və Almaniyanın keçmiş kansleri Angela Merkel də daxil olmaqla 122 Avropa İttifaqı siyasətçisi və rəsmisinə qarşı Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) miqrantların ölümündə mümkün şəriklik ittihamı ilə şikayət edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “Pais” qəzetinin yazdığına görə, siyasətçilər arasında Polşanın baş naziri Donald Tusk və İtaliyanın keçmiş daxili işlər naziri Matteo Salvini də var.
“Beynəlxalq hüquqşünaslar konsorsiumu cümə axşamı günü Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) şikayət edərək onları (Aİ-nin 122 siyasətçisini) insanlığa qarşı cinayətlərdə ittiham edib”, - nəşr qeyd edir.
Şikayətdə sözügedən miqrantların Liviyadan Avropaya getməyə cəhd edərkən Aralıq dənizinin mərkəzi hissəsində öldüyü aydınlaşdırılır. Bundan əlavə, siyasətçilər Liviya həbsxanalarında sağ qalanların məruz qaldıqları digər insan haqları pozuntularında ittiham olunurlar.
Şikayət altı illik araşdırmaya əsaslanır. Vəkillərin hesabatı 700 səhifədən ibarət olub və 77 şahidin, o cümlədən keçmiş dövlət başçılarının və Aİ-nin yüksək rütbəli məmurlarının ifadələrini əhatə edib. Sənədə əsasən, 2014-cü ildən bəri Aralıq dənizində 30 mindən çox insan həlak olub, təxminən 150 min nəfər isə Liviyaya “məcburi olaraq geri qaytarılıb” və orada “konslagerlərlə müqayisə oluna biləcək” şəraitə dözüblər.
Sentyabrın 17-də Liviyanın Tobruk şəhəri sahillərində içərisində 74 miqrantın olduğu qayıq batıb. Sərnişinlərin əksəriyyəti sudanlı olub. Hadisə nəticəsində təxminən 13 nəfər xilas edilib, lakin onlarla insan itkin düşüb.




Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər
4-10-2025, 20:09 Partlayış baş verib