Bütün xəbərlər
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı
Tarix: 28-10-2026 15:41 | Bölmə: Gündəm
ramiz-mehdiyev-amea-uzvluyunden-cixarildi


Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında Ramiz Mehdiyevin Akademiya üzvlüyündən çıxarılması məsələsinə baxılıb.
 Sabaha-inamla.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, iclasda dövlət idarəçiliyində uzun bir yol keçmiş, dövlətin yaratdığı imkanlardan gen-bol istifadə etmiş Ramiz Mehdiyevin dövlətə xəyanət yolunu tutmasının bağışlanmaz olduğu bildirilib.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli çıxışında deyib ki, Ramiz Mehdiyev ölkənin adına ləkə gətirən və Akademiya üzvünün Nizamnamə ilə müəyyən olunmuş tələblərini pozan cinayətlərə yol verib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onun barəsində 14 il müddətinə azadlıqdan məhrumetmə haqqında qərar çıxarılıb:
“Müstəqil dövlətimizin konstitusiya quruluşunun dəyişdirilməsi üçün planlar quran Ramiz Mehdiyevin törətdiyi cinayət əməlləri müstəqil dövlətçiliyimizə xəyanətdir, Akademiyanın üzvü adına yaraşmayan, alim adını hörmətdən və nüfuzdan salan bağışlanmaz hərəkətlərdir. Dövlətə xəyanət etmiş, məhkəmə tərəfindən ağır cəzaya məhkum edilmiş Ramiz Mehdiyev AMEA-nın üzvlüyündə qala bilməz.
Bütün bunlara görə Ramiz Mehdiyevin törətdiyi ölkə vətəndaşına və Akademiya üzvünə yaraşmayan cinayət əməlləri və Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı 14 il müddətinə azadlıqdan məhrumetmə haqqındakı hökmü nəzərə alınaraq, onun AMEA üzvlüyündən çıxarılması məqsədəuyğun hesab edilib və AMEA Rəyasət Heyəti üzvlərinin müzakirəsinə verilib”.
AMEA Rəyasət Heyətinin üzvləri müstəqil dövlətimizə xəyanət edən, konstitusiya quruluşunun dəyişdirilməsinə cəhd göstərən, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qeyri-qanuni sərvətlər əldə edən Ramiz Mehdiyevin alim adına yaraşmayan cinayət əməllərini qətiyyətlə pisləyib, məhkəmə ilə sübut olunmuş həmin hərəkətlərin qəbuledilməz olduğunu nəzərə çatdırıb, ona akademiya üzvləri arasında yer olmadığını deyiblər.
Qeyd edilib ki, dövlət idarəçiliyində uzun bir yol keçmiş, dövlətin yaratdığı imkanlardan gen-bol istifadə etmiş Ramiz Mehdiyevin dövlətə xəyanət yolunu tutması bağışlanmazdır.
Yekunda Ramiz Mehdiyevin Akademiya üzvlüyündən çıxarılması məsələsi səsə qoyularaq qəbul edilib.




Baxış sayı: 96


Bölməyə aid digər xəbərlər